Ulduzlu dünyam

 

Faşizm üzərində Qələbənin 70 illiyi qarşısında

 

Moskva şəhərindəki “Qələbə” park-muzeyindən ailəmizə bir məktub göndərilib. Daha dəqiq desək, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Yusif Mədəd oğlu Sadıqovun həmin yüksək ada layiq görülməsi üçün 1945-ci ilin əvvəllərində verilmiş zəmanətlərin surəti. Doğrusu, Yusif Sadıqovun döyüş yolunu əks etdirən geniş məlumata malik ailə arxivimizdə indiyədək belə bir sənəd yox idi.

Atam haqqında yazmağa həmişə çətinlik çəkirəm. Sanki haqqında bildiklərimi, eşitdiklərimi, öyrəndiklərimi, bir sözlə, onunla bağlı nə varsa hamısını özümdə, qəlbimdə saxlamaq istəyirəm. Yazanda, danışanda elə bilirəm o ulduzlu dünyamdan nə isə azalır, yoxsullaşıram...

Bəlkə atama layiq bir söz deyə bilməyəcəyimdən də qorxuram. Bəzən də fikirləşirəm ki, bunu qeyri-təvazökarlıq sayanlar olar. Amma hər halda yazmalı və deməliyəm. Bu, təkcə atam qarşısında övladlıq borcum deyil, həm də Azərbaycan xalqı qarşısında məsuliyyətimdir! Çünki atam İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuş Azərbaycan oğullarının çoxminli ordusunun azsaylı o dəstəsinin nümayəndələrindən biridir ki, onlar Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüblər.

Yusif Sadıqov Tovuz rayonunun Ağdam kəndində 1918-ci ildə anadan olmuşdu. Yeddi oğlu, bir qızı olan ailədə qardaşların ortancılı idi. Ata-anası kolxozda işləyirdi. Özü də yeniyetmə vaxtından onlara qoşulmuşdu. Ortaboylu, qaraşın, arıq bir oğlan idi. Yusif əsgərliyə gedəndə qonşu qadınlar pıçıldaşırmış ki, bu uşaq gedib rusun ayaqları altında qalacaq. Tərslikdən rus dilində bir söz də bilmirmiş. Özündən böyük qardaşları mükəmməl təhsil alsalar da, Yusif heç orta məktəbi də tamam-kamal bitirməmişdi.

Onilliklər keçəcək və Rusiyanın Tula vilayətindən Tovuza döyüş dostunun məzarını ziyarət etməyə gələn keçmiş divizion komandiri Aleksey Dobrov Yusif Sadıqovun adını daşıyan orta məktəbin müəllimləri və şagirdləri qarşısında çıxış edərək deyəcək: “Yusif mahir topçu idi. Mən komandirlik etdiyim divizionda bütün müharibə boyu ikinci beləsini görmədim. Onun topdan açdığı hər 10 atəşdən olsa-olsa bəlkə biri boşa çıxa bilərdi. Bir andaca məsafəni müəyyən edir, hər şeyi ölçüb-biçirdi...”

Mən isə Dobrova deyəcəyəm: “Axı, o, yalnız ibtidai məktəb bitirmişdi”. Dobrov belə cavab verəcək: “Yusif anadangəlmə riyaziyyatçı idi, fitri istedada malik insan idi”.

O, əsgərliyə 1938-ci ilin sentyabr ayında getmişdi. Moskvada xidmət edirdi. 1941-ci ilin yayında artıq ordu sıralarında borcunu yerinə yetirib geriyə dönməyə hazırlaşırdı. O axşam yenə də Qızıl meydanda, V.İ.Leninin mavzoleyi qarşısında keşik çəkirdi (burada keşikdə dayanmaq o zaman hər əsgərə etibar edilməzdi, bu, ən nümunəvi, ən hazırlıqlı olanlara tapşırılardı). Müharibənin başlanmasını, Levitanın tükürpədən səsini də elə burada eşidir. Keşik çəkdiyi yerdən də birbaşa döyüşə göndərilir.

İlk qəhrəmanlığını Moskva uğrunda döyüşlərdə göstərir. Elə ilk yarasını da burada alır. Bir neçə ay davam edən odlu döyüşlərdən sonra Moskva yaxınlığındakı kəndlərin birində yenə də düşmənlə əlbəyaxa olurlar. Yer-göy bir-birinə qarışır. Yusif yaralanır və ağır bir torpaq layının altında qalır. Döyüşdüyü hissə isə irəliyə gedir. Onu bir neçə gündən sonra təsadüfən buradan keçən iki kəndli tapır və hospitala gətirir.

Cərrah Yusifin ayağına işarə edərək dərhal qərarını bildirir: “Qafqazlısan? Sizlər dözümlü olursunuz. Kəsəcəyəm”.

Əməliyyata hazırlaşmağa gedən cərrahı baxışları ilə yola salan Yusif həmin an “iş”ə başlayır. O, əlləri ilə ayağının şişini aralayaraq sarğını açır. Sarğı deyəndə ki, yaralandığı vaxt köynəyini cırıb ayağına bağlayıbmış... Palataya qayıdan cərrah yaralı əsgərin çarpayısı yanında donub qalır.

Bir müddət sonra Yusif hospitalı tərk edərkən həmin cərrah ona: “Öz aramızdır, o sarğını açmasaydın, ömürlük şikəst olacaqdın - deyir və birdən Yusifi geriyə çağırır. Əlindəki “Pravda” qəzetini ona uzadır: “Oxuyarsan. İsrafil Məmmədov adlı həmyerlin haqqındadır, Qəhrəman adı alıb. Sənə də qismət olsun...”

Yusif bu müjdənin sevincindənmi (İsrafil Məmmədov ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı idi), ayaqlarının ağrımadığına əmin olduğundanmı, yoxsa cərrahın böyük diləyinin oyatdığı xoş duyğudanmı gülümsəyir və hospitaldan uzaqlaşır. Amma onun alnına doğrudan da, bir qəhrəmanlıq yolu keçmək yazılıbmış.

Bu vaxt general (sonralar marşal oldu) M.E.Katukovun komandanlıq etdiyi 1-ci tank korpusu əlavə texnika və canlı qüvvə almaqla yenidən formalaşdırılırdı. Yusifi də bu korpusun 19-cu qvardiya mexanikləşdirilmiş briqadasının 461-ci artilleriya divizonuna göndərirlər.

Beləliklə, Yusif Sadıqov 1942-ci ildə Voronej cəbhəsində, 1943-cü ildə Kursk qövsündə, daha sonra Praqada, Varşavada, Berlində igidlik göstərmişdi. “Qızıl Ulduz”a və Lenin ordeninə layiq görülənədək o dövrün yüksək mükafatları sayılan “Qırmızı Bayraq” (döyüş), “Böyük Vətən müharibəsi” (ikinci dərəcəli) ordenləri ilə, “Moskvanın müdafiəsinə görə”, “Varşavanın azad edilməsinə görə”, “Berlinin alınmasına görə” və digər medallarla təltif olunmuşdu. Təkcə Kursk vilayətindəki döyüşlərin nəticələrinə görə dalbadal üç dəfə “İgidliyə görə” medalı almışdı.

Kursk demişkən, bu döyüşlərədək Yusifin artilleriyaçı peşəkarlığı artıq öz zirvəsinə çatmışdı. O, topçular dəstəsinə komandirlik edirdi.

1943-cü ilin yayında vilayətdə çox ağır döyüşlər getmişdi. Kəndlər yerlə-yeksan edilmiş, döyüş texnikası torpağın sinəsində yarğan-yarğan şırımlar açmışdı. Ətrafı barıt qoxusu, toz-duman elə bürümüşdü ki, göz-gözü görmürdü. Camaat pərən-pərən düşmüşdü. Novenkoye və Verxopenye kəndləri azad ediləndən sonra 1-ci tank ordusunun komandanı, general Katukov döyüşün nəticələri ilə tanış olarkən topçu Yusif Sadıqovun kim olduğu ilə maraqlanmış, onunla şəxsən görüşərək əlini sıxmışdı.

1945-ci il martın 6-da Almaniya ərazisindəki Şlenvits kəndində gedən ölüm-dirim döyüşlərində Yusifin göstərdiyi igidlik isə 8-ci qvardiya mexanikləşdirilmiş artilleriya korpusunun komandiri, general-mayor İvan Fyodoroviç Dremovun diqqətini cəlb edir. O, divizion komandiri Dobrovdan soruşur: “Bu oğlan mükafatlandırılıbmı?” Dobrov isə cavab verir ki, Kurskdan sonra “İgidliyə görə” alıb.

General acı-acı gülümsəyir: “Kişinin oğlu möcüzə törədir. Siz isə ona medal verirsiniz.” Bu, o demək idi ki, Yusifi daha yüksək mükafatlara təqdim etmək lazımdır...

1945-ci ilin yazında sovet qoşunları Oderin sahillərinə gəlib çıxmış, son inadkarlıqlarını göstərməyə çalışan faşistləri məğlub edə-edə bir çox yaşayış məntəqələrindən keçmiş və artıq Berlinə çatmışdılar.

Döyüşlərə rəhbərlik edən polkovnik-leytenant A.Boykov Almaniya paytaxtının xəritəsinə baxa-baxa son vuruşları bir daha gözünün önünə gətirir, fikrində elə hey topçu Sadıqovun təkcə bu son döyüşlərdə göstərdiyi hünər və mətanəti haqqında düşünürdü. Axı, indi onun döyüşçülərinə Berlinin açarı sayılan Zeyelov qalasını atəşə tutmaq tapşırılmışdı. Topçular marşal G.K.Jukovun komandanı olduğu 1-ci Belarus cəbhəsinin hücumu üçün yol açmalı idilər. Polkovnik-leytenant qərargahda o baş-bu başa addımlayaraq öz-özünə deyirdi: “Ən məsuliyyətli sahəni ona tapşırmaq lazımdır, Yusifə...”

Tapşırıq təzəcə verilmişdi ki, düşmən bir rota piyada və iki zirehli maşınla hücuma keçdi. Bir saatdan sonra onlara daha üç tank və iki zirehli maşın qoşuldu. Qarşı tərəf sanki məsələdən duyuq düşüb əsas zərbəni Yusifin topunun üzərinə yönəltmişdi. Komandanlıq təcili tədbir görmək barədə qərar qəbul etdi. Sadıqovun mövqeyindən 300 metr şərqdə dayanmış həmkarı Kolomiytsev toplarını onun yaxınlığına çəkdi. Qüvvələr əlaqələndirilərək faşistlərin zirehli maşınlarını və tanklarını bir-bir sıradan çıxarırdı.

Toplar irəlilədikcə Zeyelov qalasının ətrafına yaxınlaşırdı. Buradan qalanı atəşə tutmaq asanlaşırdı. Təkcə bu döyüşdə topçu Sadıqov 30-dan çox faşisti məhv edir, özü də yaralanır. Döyüş meydanını yalnız divizion həkiminin təkidi ilə tərk edir. Qələbə xəbərini artıq hospitalda eşidir.

Bu zaman Moskvada, SSRİ Ali Sovetində onun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi haqqında sənədlər imzalanırdı. Əsas kimi isə Berlinin, Reystaqın alınmasındakı igidliyi göstərilirdi.

Müharibənin bitdiyi gündən 70 il keçir. Dinlədiyimiz xatirələrdən, oxuduğumuz kitablardan, baxdığımız filmlərdən sonra bəzən bizə elə gəlir ki, o müharibə, orada göstərilən igidliklər haqqında hər şeyi bilirik. Demə, hələ bilmədiyimiz məqamlar, açılmamış səhifələr də çoxdur. Bu da bir neçə gün əvvəl Moskvadan aldığım sənəd. Yusif Sadıqovun Sovet İttifaqı Qəhrəmanı adı almasına zəmanət verən həmin sənədi mərhələ-mərhələ instansiyalardan keçərək 461-ci artilleriya divizionunun komandiri, qvardiya kapitanı Dobrov, 19-cu qvardiya mexanikləşdirilmiş briqadasının komandiri, qvardiya polkovniki Qavrilov, 8-ci qvardiya mexanikləşdirilmiş korpusunun komandiri general-mayor Dremov, qoşun komandiri, general-polkovnik Katukov və qoşun hərbi şurasının üzvü, general-leytenant Popel imzalamışlar. Sənədin Yusif Sadıqova aid anket göstəricilərindən sonrakı hissəsini olduğu kimi təqdim edirik:

“1945-ci il yanvarın 15-də Sadıqov Yusif Mədəd oğlunun dəstəsi Novo Myasto rayonunda qurşağadək buzlu suda top, minaatanlar və pulemyot atəşi altında Pilitsa çayının sol sahilinə keçərək plastdarmı (döyüş meydanını) tuta bilmişdir. Həmin vaxt Sadıqovun dəstəsi düşmənin piyadalarla dolu altı avtomaşınını və 2 zenit qurğusunu məhv etmişdir.

1945-ci il yanvarın 19-da Sadıqovun dəstəsi Zgej rayonunda pusquda olmuşdur. Almanlar bizim hərbçilərə qarşı əks-hücuma keçməyə cəhd etmişlər. Düşmən tanklarını yaxın məsafəyə buraxan Sadıqov üzbəüz döyüşdə almanların 1 tankını, 2 zirehli maşınını, habelə 25 nəfərədək hərbçi və zabitini məhv etmişdir.

1945-ci il yanvarın 21-də Sadıqov Konin şəhəri rayonunda öz döyüş yoldaşları ilə tankların arxasınca şəhərə daxil olmuşdur. Faustlar və pulemyotlarla silahlanmış alman əsgərləri maşına və hərbçilərimizə hücum etmişlər. Sadıqov üzərinə gələn hitlerçiləri güllələmiş, şəxsi silahında patronları qurtardıqdan sonra isə almanları qumbaralarla zərərsizləşdirməkdə davam etmişdir. Həmin döyüşdə Sadıqov 30 alman döyüşçünü silahla, 3-nü isə süngü ilə məhv etmişdir.

Neydorf rayonunda çay üzərindən keçid uğrunda döyüşlərdə Sadıqov birinci olaraq öz dəstəsi ilə qərb sahilinə keçərək orada müdafiə qurmuşdur. Tanklar və piyadalarla əks-hücuma keçən almanlar döyüşçülərimizi şərq sahilinə sıxışdırmağa cəhd etmişlər. Ağır döyüş zamanı dəstənin bütün döyüşçüləri sıradan çıxmış, Sadıqov özü də yaralanmışdır. Lakin buna baxmayaraq, o, tuşlayıcının yerini tutmuş və üzbəüz döyüşdə üzərinə gələn düşmən tanklarını və piyadalarını güllələmişdir. Həmin döyüşdə Sadıqov faşistlərin 1 tankını və 2 zirehli maşınını yandırmışdır. Bundan sonra digər tanklar geri dönmüşdür. Bununla da piyadalarımız və divizionun digər döyüşçüləri qərb sahilinə keçmək imkanı qazanmışlar.

1945-ci il yanvarın 22-də Qolino şəhərində Sadıqovun dəstəsi küçə döyüşündə hər tərəfdən alman hərbçilərinin hücumuna məruz qalmışdır. Əlbəyaxa döyüşdə Sadıqov avtomat atəşi ilə və qumbaralarla 16 nəfəri məhv etmiş, düşmənin tank əleyhinə iki qurğusunu sıradan çıxarmışdır.

1945-ci il martın 6-da Sadıqov Şlenvits kəndinin cənubunda müdafiə qurmuşdur. 300 nəfər alman mühasirə halqasını yarmağa və Sadıqovun dəstəsinə hücum etməyə cəhd göstərmişdir. Lakin dəstə üzvləri avtomat atəşi və qumbaralarla düşmənin 70 əsgər və zabitini məhv etmiş, 40 hərbçini əsir götürmüşlər.

Göstərdiyi şəxsi igidlik və şücaət nümunələrinə görə qvardiya starşinası Sadıqov ona Sovet İttifaqı Qəhrəmanı adının verilməsinə layiqdir”.

Deməli, Yusif Sadıqov Qəhrəman adını almağa hələ 1945-ci ilin əvvəlində təqdim olunmuşdu. Bundan sonra da bir sıra döyüşlərdə, o cümlədən Berlinin alınmasında göstərdiyi igidliklə həmin ada layiq olduğunu bir daha təsdiqləmişdir.

O, şan-şöhrətini odların-alovların içindən gətirmişdi. Çox təəssüf ki, gətirdiyi təkcə bu deyildi. Bədənində çoxlu qəlpələr, yaddaşında müharibənin silinməz izləri, qəlbində ağır itkilərin acısı da vardı. Bəlkə buna görə də ömrü uzun olmadı.

Müharibədən sonra təhsilini davam etdirən, Gədəbəy və Tovuz rayonlarında bir sıra rəhbər vəzifələrdə çalışan, ev-eşik quran, oğul-uşaq sahibi olan atam dünyasını 1971-ci ildə 53 yaşında dəyişdi. Onu Bakıda, Fəxri xiyabanda dəfn etmək üçün respublika hökuməti Tovuza vertolyot göndərmək istəyirdi. Anası Minəxanım bu fikri yaxına belə buraxmadı. Heç Tovuzun mərkəzində dəfn olunmağına da razılıq vermədi. Atamı o vaxtkı Zaqafqaziya Hərbi Qarnizonunun hərbi orkestrinin, qarnizondan gətirilmiş toplardan açılan atəş səslərinin müşayiəti, dövlət nümayəndələrinin və yüksək rütbəli zabitlərin iştirakı ilə özünün doğulub-böyüdüyü Ağdam kəndində dəfn etdilər. O kənd ki, indi faşistdən də betər bir düşmənlə üz-üzə dayanıb. Ata-baba qəbiristanlığı kəndin qurtaracağında, sərhədə lap yaxın yerdə olduğundan (indi bura monitorinq zonasıdır) camaat oranı ziyarət edə bilmir. Amma kəndi, kəndin dinc sakinlərini qoruyan əsgərlər deyirlər ki, qəhrəmanımızın ruhu hər an bizimlədir. Qoy bütün erməni vandalları unutmasınlar ki, Azərbaycanın belə qəhrəmanlarının törəmələri ilə döyüşdə yalnız məğlubiyyətə məhkumdurlar!

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 16 aprel.- S.7.