Azərbaycan ilə İran
arasında ikitərəfli
faydalı əməkdaşlıq
üçün geniş imkanlar var
Aprelin 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açılıb, hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin inkişafında müsbət rol oynadığı vurğulanıb. Eyni zamanda, ikitərəfli faydalı əməkdaşlıq üçün müxtəlif sahələrdə geniş imkanların olduğu qeyd edilib və ticarət, nəqliyyat, enerji, habelə sosial xidmətlər, dərman istehsalı, əməyin mühafizəsi, əlillərin reabilitasiyası, peşə təhsili və digər istiqamətlərdə birgə layihələrin səmərəli olacağı bildirilib.
Daha sonra beynəlxalq və regional əməkdaşlıq, terrorçuluq və ekstremizmlə mübarizə mövzusuna toxunan Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xatırladaraq, problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Baş
nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov görüşdə iştirak
edib.
Azərbaycan.-2015.- 17 aprel.- S. 2.