Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət

 

Hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma Vətənlərinin tarixini zənginləşdirməklə bərabər onun dünya arenasında tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Bu baxımdan Azərbaycan xalqının əbədiyaşar lideri Heydər Əliyevin gördüyü işləri heç bir dövlət rəhbərinin gördüyü işlərlə müqayisə etmək olmaz.

Heydər Əliyev Azərbaycanın o tarixi şəxsiyyətlərindəndir ki, daim xatırlanır, heç vaxt unudulmur və unudulmayacaqdır. Ona görə ki, o, öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görmüş, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən etmiş və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilmişdir. Heydər Əliyevin xidmətləri yalnız öz xalqlarının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, o, öz xalqının müdrik rəhbəri kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir.

Həyatının bütün mənasını Azərbaycan xalqına və dövlətinə xidmətdə görən, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyəndə öz sevinci ilə qürur duyan və bu sevinci hər bir azərbaycanlıya bəxş edən ulu öndər hələ sovet imperiyası dövründə hər bir addımı, sözü, hərəkəti ilə bunu təsdiq etmişdir. Sovet rejiminin ciddi nəzarəti altında olduğu halda, Azərbaycanın mənafelərini göz bəbəyi kimi qoruyan bu böyük insan Azərbaycanın müstəqilliyini dünyanın ən böyük neməti hesab etmiş, bu müstəqilliyin əbədi olması, gündən-günə möhkəmlənməsi və Azərbaycanın dünyaya tanıdılması üçün bütün varlığı ilə çalışmışdır.

Sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə o, keçmiş Sovetlər İttifaqının xammal və aqrar respublikalarından biri kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirmiş, onun təkcə Bakı nefti ilə deyil, o dövrün ən müasir texnologiyaları əsasında buraxılan məhsulları ilə də tanınmasına nail olmuşdu. Heydər Əliyev Azərbaycanı ittifaq büdcəsinin dotasiyasından asılı olmayan, özünü tam təchiz edə bilən bir respublika kimi tanıda bilmişdi.

Böyük rəhbərin səyləri ilə Azərbaycanın iqtisadi potensialı dəfələrlə güclənmiş, keçmiş ittifaq respublikalarının arasında aparıcı mövqelərə çıxmışdır. Heydər Əliyev bütün sahələrdə əldə edilmiş nailiyyətlərə görə Azərbaycanın o dövrün ən yüksək dövlət mükafatlarının qazanmasında, zəngin enerji istehsalçısına çevrilməsində, respublikaya ən yeni texnologiyaların gətirilməsində, bütün sahələrdə inkişafın əldə edilməsində böyük xidmətlər göstərmişdir.

Uzun illər ərzində nəinki xarici ölkələrdə, Sovet İttifaqının özündə belə yalnız neftə görə adı çəkilən Azərbaycan ulu öndərin rəhbərliyi dövründə həm də böyük mədəniyyət ölkəsinə çevrilmişdir.

Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi gündən azərbaycanlı gənclərin respublikadan kənarda təhsil almasına çox böyük diqqət yetirmişdir. Digər respublikalardan fərqli olaraq böyük çətinliklə də olsa hər il 800-900 tələbəni dövlət hesabına oxumağa göndərirdi. Bununla o, bu gün dünyanın müxtəlif ölkələrində, o cümlədən keçmiş SSRİ məkanında yaranmış yeni dövlətlərdə uğurla fəaliyyət göstərən, yaşayan və Azərbaycanı tanıdan güclü diasporun da əsasını qoymuşdur.

Ölkənin güc və qüdrətinin onun elm və təhsil səviyyəsindən, yüksək savadlı mütəxəssislərindən, hər bir sahədə fəaliyyət göstərən peşəkar insanlarından asılı olduğunu aydın bilən və bunu təmin etmək üçün müdrik qərarlar qəbul edən Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən dünyanın altıda birini əhatə edən bir ərazidə Azərbaycanın tanıdılması üçün böyük işlər görürdü. Bunlardan biri də Azərbaycandan keçmiş SSRİ-nin tanınmış ali məktəblərində, xüsusilə müasir dövrün tələb etdiyi ixtisaslar üzrə kadrlar hazırlayan elm ocaqlarında azərbaycanlı gənclərin oxumağa göndərilməsi idi. Azərbaycan gənclərinin Sovet İttifaqının ən qabaqcıl ali məktəblərində geniş təhsil almasına şərait yaradan Heydər Əliyev bununla respublikanın gələcək müstəqilliyinin bünövrəsini daha da möhkəmləndirirdi.

Heydər Əliyev 1998-ci il avqustun 31-də “Respublika” sarayında 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali məktəblərdə təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında bu məsələləri çox geniş təhlil etmişdir. 1982-ci ilin avqustunda olmuş sonuncu belə görüşdən 16 il sonra keçirilən həmin toplantının materialları ilə tanış olduqda ümummilli liderin böyük uzaqgörənliklə həyata keçirdiyi bu təhsil proqramlarının nə qədər səmərəli və Azərbaycanın gələcəyinə hesablanmış böyük işlərdən biri olduğu bir daha aydın görünür. O zaman respublikadan kənarda təhsil üçün göndərilən gənclər istər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyi illərində respublikanın aparıcı ziyalı mütəxəssisləri olmuşlar.

Ulu öndərin bu vətənpərvərlik məktəbinin yetişdirmələri həqiqətən Azərbaycanın adını ucaltmaq üçün böyük işlər görmüşlər. Toplantı iştirakçılarından birinin qeyd etdiyi kimi, Sovet İttifaqının ən qabaqcıl tədris müəssisələrində təhsil alan bu azərbaycanlılar Azərbaycana bağlılıqlarını heç vaxt unutmayaraq “yeni Azərbaycanın təəssübünü çəkən, bu torpağın tərəqqisi naminə əlindən gələni əsirgəməyən vətəndaşlar kimi” çalışmışlar. Belə görüşlər ulu öndərin xalqımız qarşısında xidmətlərinin əhəmiyyətini bir daha təsdiq edirdi.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyev sovet dövründə başladığı bu ənənəni müstəqillik illərində də uğurla davam etdirərək respublika üçün xaricdə mütəxəssislər yetişdirilməsinə xüsusi diqqət yetirirdi. O bildirirdi ki, “XX əsr bütün dünya üçün, o cümlədən Azərbaycan üçün tarixi hadisələr və böyük dəyişikliklər əsri olmuşdur... XX əsrdə Azərbaycan xalqının əldə etdiyi böyük nailiyyətlərdən biri də xalqın savadsızlığının ləğv olunması və xalqın maariflənməsi olmuşdur”.

Heydər Əliyev xaricdə təhsil almış gənclərin hamısının Azərbaycana qayıtmasına o qədər də ehtiyac olmadığını bildirməklə yanaşı, bu gənclərin xaricdə qalıb işləməsini də normal hesab edir, Azərbaycanın bu günü üçün xeyirli sayırdı və deyirdi: “Onların bir qisminin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərməsi, hesab edirəm ki, respublika üçün əlverişlidir, ancaq onun əsas mənası bundan ibarət deyildir. Əsas mənası ondan ibarətdir ki, onlar Azərbaycanın yüksək intellektə malik diasporunu yaradırlar. Bu, bizə çox lazımdır. ... Mən millətimi sevən adamam. O vaxt da sevmişəm, bu gün də sevirəm. Bilirəm ki, mənim millətimdən olan insanlar çox yüksək istedada malikdirlər, onlar üçün sadəcə, şərait yaratmaq lazımdır. Mən bu şəraiti yaratdım...”.

Heydər Əliyev ənənələrinin və siyasətinin davamçısı, bu ənənələri daha da inkişaf etdirən və təkmilləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xaricdə təhsil proqramları Heydər Əliyev ənənələrinin yaşadığını göstərir.

Ulu öndər Heydər Əliyev azərbaycanlılar dedikdə, təkcə Azərbaycanda yaşayan 9 milyonluq xalqı deyil, Yer üzərində yaşayan bütün soydaşlarımızı nəzərdə tutur və onların hamısını bir məqsəd, bir amal naminə səfərbər etməyi özünün və bütün həmvətənlərimizin mühüm vəzifəsi hesab edirdi.

Ulu öndər bütün xarici səfərlərində mütləq xarici ölkələrdə yaşayan soydaşlarımızla görüşürdü. Ümummilli liderin sarsılmaz və böyük nüfuzu Azərbaycan diasporunun da bir məqsəd naminə, azərbaycançılıq ideyaları ətrafında birləşməsinə böyük kömək edir və onları Vətənin mənafelərini qorumağa səfərbər edirdi.

Azərbaycan xalqının tarixinə və taleyinə qızıl səhifələr yazmış Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsi həqiqətən xalqımız üçün böyük uğur və xoşbəxtlik idi. Onun respublikada olmadığı qısa müddətdə Azərbaycan xalqının başına gətirilən fəlakətləri bu gün biz tarix kitablarından oxuyub öyrənir, Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında qurulduğunu bir daha aydın görürük.

1993-cü ildə Azərbaycan xalqının təkidi və tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmış Heydər Əliyev ilk növbədə ölkədə hökm sürən dərəbəyliyi və özbaşınalığı, xaosu aradan qaldırmağı qarşısına məqsəd qoymuş və çox çətinliklə də olsa qısa müddətdə buna nail olmuşdu. Müxtəlif siyasi qrupların ambisiyaları üzündən ölkənin iqtisadi vəziyyətinin bərbad hala düşməsi çox böyük problemlər yaratsa da, Heydər Əliyev öz qətiyyəti və iradəsi sayəsində onları dəf edə bilmiş, xalqı ardınca apararaq onu daha böyük fəlakətlərdən xilas edə bilmişdi.

Heydər Əliyev ilk növbədə ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi üçün böyük səylər göstərir və hər bir insanın hüquq və azadlıqlarını təmin etmək üçün yeni Azərbaycan Konstitusiyasının qəbul edilməsinə bilavasitə rəhbərlik edirdi.

Ulu öndər dövlət müstəqilliyinin əsasını iqtisadi vəziyyətin kökündən yaxşılaşdırılmasında, respublikanın ən zəruri ərzaq və sənaye malları ilə özünü təmin etməsində, enerji təhlükəsizliyində, xarici siyasətdə yalnız Azərbaycanın mənafelərinə uyğun addımlar atılmasında görürdü. Heydər Əliyevin Azərbaycanın dünya arenasına çıxarılması istiqamətində müəyyən etdiyi əsas istiqamətləri təqribən belə səciyyələndirmək olar:

- iqtisadi müstəqilliyin, o cümlədən enerji təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin təmin edilməsi;

- Azərbaycan dövlətinin hüquqi bazasının müasir dünyanın tələblərinə uyğun yenilənməsi və beynəlxalq hüquq normalarının tətbiq olunması ilə ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi, demokratik dəyərlərə daha geniş yer verilməsi;

- ordu quruculuğunun sürətləndirilməsi, ordunun vahid rəhbərlik altında mütəşəkkil çevik bir qüvvəyə çevrilməsi, onun ən müasir silahlarla təchiz edilməsi, atəşkəs nəticəsində əldə edilmiş fasilədən səmərəli istifadə edilməsi;

- xarici siyasətdə əsas prioritetlərin müəyyən edilərək ölkənin müstəqil siyasətinin təmin edilməsi, beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiliyinin təşkil olunması, Azərbaycanın dünya iqtisadiyyatına və siyasətinə inteqrasiya edilməsi, ölkəni beynəlxalq aləmdə tanıda biləcək bütün sahələrin - elmin, mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirilməsi;

- Azərbaycan gənclərinin dünyanın mədəni və elmi nailiyyətlərinə yiyələnməsi, bunun üçün təhsilin keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən xaricdə təhsil üçün geniş imkanlar yaradılması və s.

Ulu öndər Azərbaycanın beynəlxalq nüfuzunu onun demokratiya yolu ilə inkişafında görürdü və 1996-cı il 10 iyul tarixli müşavirədə deyirdi: “Bilirsiniz, biz gərək bu birinci nailiyyətimizi möhkəmləndirməyə çalışaq və Avropa Şurasının tamhüquqlu üzvü olmağa nail olaq. Hesab edirəm, iş təkcə ondan ibarət deyil ki, biz xüsusi qonaq statusu almışıq, sonra da üzv olaq. İş ondadır ki, bunların hamısı respublikamızın siyasi, ictimai, iqtisadi həyatında böyük dəyişikliklər üçün lazımdır. Bu dəyişiklikləri etmək, bu prosesləri gücləndirmək üçün lazımdır, təkcə ona görə yox ki, biz haradasa imtahan veririk, bir imtahanı verdik, o biri imtahanı da verək. Yox, məsələ imtahandan imtahana deyil. Bu, birinci növbədə bizim özümüzə lazımdır”.

Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyətinə bu gün yenidən nəzər saldıqda onun tükənməz enerjisinə və bu illər ərzində təkcə xarici ölkələrə etdiyi səfərlərin sayına heyrət etməmək olmur. Ölkədə daxili vəziyyəti sabitləşdirməyə nail olan ulu öndər 10 il ərzində 108-dən çox xarici səfər etmişdir. Bu səfərlərin nə dərəcədə intensiv olmasını o dövrün mətbuatını və xronikasını izlədikdə daha yaxından görmək olur. Yaşının çoxluğuna baxmayaraq qəlbindəki Vətən məhəbbəti, xalq qarşısında məsuliyyəti ona daim güc verir və bu böyük insan yorulmadan çalışmağa özündə qüvvə tapa bilirdi. 1993-1994-cü illərin xronikasına nəzər saldıqda təkcə bir səfərində, məsələn, 1993-cü il sentyabrın 6-dan 8-dək Moskva şəhərinə səfər edən Heydər Əliyev 2 gün ərzində Rusiya Prezidenti Boris Yeltsinlə yanaşı, demək olar ki, Rusiyanın bütün vəzifəli şəxsləri ilə görüşmüş və həmin vaxt Moskvada rəsmi səfərdə olan Türkiyənin Baş naziri ilə də görüşməyə vaxt tapmış və Azərbaycanın həqiqətlərini mətbuat aləminə çatdırmaq üçün Moskvaya Prezident kimi ilk işgüzar səfərinin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirməyə müvəffəq olmuşdu.

Heydər Əliyevin xarici səfərləri son dərəcə gərgin və işgüzar şəraitdə keçirdi. Bu səfərlərdə o, bütün çətinliklərə və maneələrə baxmayaraq Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edir, dünya siyasətçiləri arasında Azərbaycana obyektiv münasibətin formalaşdırılmasına çalışırdı.

O dövrdə etdiyi səfərlərdən sonra keçirdiyi görüşlərin birində ulu öndər ürək ağrısı ilə bildirirdi ki, dünya siyasətçiləri arasında Azərbaycan haqqında obyektiv və düzgün məlumat yoxdur. Bu boşluğu aradan qaldırmaq üçün o, öz görüşlərində, keçirdiyi mətbuat konfranslarında əlindən gələni edirdi.

Ulu öndər Heydər Əliyev Azərbaycanın qonşu ölkələrlə, o cümlədən MDB ölkələri ilə əlaqələrinə də böyük əhəmiyyət verir və belə geniş iqtisadi məkanda əməkdaşlıq məsələlərini bərpa etmək üçün o, MDB-yə qoşulmaq barədə 1991-ci ildə qəbul edilmiş qərarın 1993-cü ilin sentyabrında Azərbaycan parlamentində ratifikasiya edilməsinə nail olmuşdu. O hesab edirdi ki, Azərbaycanın müstəqilliyi tam qorunmaqla, ona heç bir xələl gətirilməsinə yol vermədən bu qurum respublika iqtisadiyyatının inkişaf etməsinə yaxşı şərait yaradacaqdır. Həyata keçirilən hər bir əməkdaşlığı məqbul hesab edən Heydər Əliyev bu birliyin yalnız könüllülük və qarşılıqlı hörmət əsasında davam etdirilməsinin tərəfdarı idi. Ulu öndər Azərbaycanın qoşulduğu hər bir müqaviləyə müstəqilliyimizin qorunması prizmasından yanaşırdı. Heydər Əliyev bildirirdi ki, ölkələrin daxili təhlükəsizliyi təmin edilməsə, MDB ölkələrinin kollektiv təhlükəsizliyi və birgə əməkdaşlığı ola bilməz. O, ölkələrarası əməkdaşlığın yalnız beynəlxalq normalar əsasında, hər bir respublikanın tam bərabərhüquqlu tərəf kimi qəbul edilməsi əsasında həyata keçirilməsinin tərəfdarı idi.

Heydər Əliyev MDB-nin gələcəyi barədə deyirdi: “Mən MDB-ni indikindən daha təsirli birlik kimi görmək istərdim. Ona görə ki, MDB onu görmək istədiyimiz səviyyəyə hələ gəlib çıxa bilməmişdir. Dünyada nümunə ola biləcək timsallar var. Məsələn, Avropa Birliyi, digər ittifaqlar. Elə etmək lazımdır ki, MDB-nin fəaliyyətində qarşılıqlı münasibətlərdə demokratik prinsiplər üstünlük təşkil etsin... MDB öz təşəkkül dövrünü yaşayır və bu dövrdə qarşıya olduqca çoxlu çətinlik çıxır... Belə bir şəraitdə MDB-nin, məsələn, Avropa Birliyi səviyyəsində olması barədə düşünmək sadəlövhlük olardı. Görünür, illər, bəlkə də çox-çox illər gərəkdir ki, biz bu səviyyəyə gəlib çataq”.

Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dəfələrlə qeyd edən ümummilli lider bu müstəqilliyə xələl gətirə biləcək ən cüzi güzəştə də getməyi qəbul etmirdi. Ümummilli liderin respublikaya rəhbərlik etdiyi illəri müstəqil Azərbaycanın beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması illəri kimi səciyyələndirmək olar. Bu illərdə Azərbaycan Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in, MDB-nin, GUAM-ın, İƏT-in, UNESCO-nun, ISESCO-nun və digər çoxsaylı təşkilatların tamhüquqlu üzvü və bəzi regional təşkilatların yaranmasının təşəbbüskarı olmuşdur. Buna GUAM-ı, TÜRKSOY-u və digər təşkilatları da misal göstərmək olar.

Ümummilli liderin beynəlxalq aləmdə Azərbaycanın demokratik və hüquqi dövlət kimi tanınmasında xidmətləri əvəzsizdir. Onun BMT tribunasından etdiyi çıxışlar, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini açıq və aydın şərh etməsi, dünyanın sivil ölkələri sırasına qatılmaq üçün beynəlxalq hüququn bütün normalarına əməl etməyə hazır olduğunu və bunu yerinə yetirdiyini dəfələrlə bəyan etməsi dünya siyasətçilərində həmişə böyük rəğbət doğurmuşdur. Bu baxımdan Azərbaycanın 1993-2003-cü illərdə qoşulduğu yüzlərlə beynəlxalq konvensiya və sazişi xüsusi qeyd etmək lazım gəlir. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illik yubileyi tədbirlərinin həyata keçirilməsi üzrə Dövlət Komissiyasının 1998-ci il dekabrın 3-də keçirilən iclasında Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycanın mövqeyi barədə geniş danışmış və Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri cəsarətlə ifşa etmişdir.

Ulu öndər UNESCO-nun baş direktoru Federiko Mayora ünvanladığı məktubda yazırdı: “İnsan hüquqlarını kütləvi surətdə pozan başlıca amil müharibədir. Müharibələr nəticəsində insanların ən əsas hüquqları - yaşamaq hüququ pozulur, onların yaşadıqları yerlər dağıdılır, mədəni sərvətlər məhv edilir, insanlar öz yurdlarından didərgin düşür və böyük faciələrə düçar olur. Bunlara bəraət qazandıra bilən heç bir əsas yoxdur və ola da bilməz”. Bəşəriyyətin gələcəyinin sülh olduğuna qəti inanan Heydər Əliyev beynəlxalq təşkilatların Azərbaycana yanlış münasibətinə, o cümlədən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına laqeyd yanaşmasına son dərəcə kəskin reaksiya verir, bunu beynəlxalq hüquq normalarının ən kobud şəkildə pozulması kimi qiymətləndirirdi. Ulu öndər ikili standartlar siyasətinin ən qəti əleyhdarlarından biri idi və Azərbaycan torpaqlarının işğalına münasibətdə buna daha çox yol verilməsini həmişə kəskin tənqid edir və ürək ağrısı ilə qeyd edirdi.

1996-cı il iyulun 10-da Heydər Əliyevin yanında keçirilən müşavirədə “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının layihəsi müzakirə olunurdu. Həmin müzakirə zamanı iyun ayının 28-də Avropa Şurasının Azərbaycana xüsusi qonaq statusu vermək barədə qərarını belə qiymətləndirirdi: “Bu, respublikamızın həyatında böyük bir hadisədir. Bu, bir tərəfdən Azərbaycanın Avropaya mənsub olduğunu təsdiq edir və eyni zamanda Azərbaycanda - müstəqil Azərbaycan Respublikasında mövcud olan dövlət sisteminin, respublika ictimaiyyətinin, respublika həyatının, respublika qanunlarının, respublikamızın tutduğu yolun demokratiya yolu olduğunu və Azərbaycanda gedən proseslərin demokratiya prinsipləri əsasında davam etdiyini təsdiq edir”. Bunu əlamətdar bir hadisə kimi qeyd edən ulu öndər Azərbaycan xalqını təbrik edir, bunun Azərbaycanın gələcəyi üçün çox əhəmiyyətli olduğunu vurğulayırdı: “Bir də qeyd edirəm, bu, bizim üçün əlamətdar hadisədir, hesab edirəm ki, bizim dövlətçilik işlərimizdə, ictimai-siyasi həyatımızda nailiyyətdir. Eyni zamanda, bu, bizim üzərimizə çox böyük vəzifələr qoyur. İndi biz artıq bu istiqamətdə irəliyə gedərək şübhəsiz çalışmalıyıq ki, Avropa Şurasının tamhüquqlu üzvü olmağa nail olaq”.

Bu təşkilatların yaratdığı imkanlardan geniş istifadə etməklə Azərbaycanın haqq səsini dünyaya çatdıran Heydər Əliyevin həmin qurumların ali məclislərində etdiyi çıxışlar daim böyük rezonansa səbəb olur və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanırdı. İlk vaxtlarda beynəlxalq təşkilatların imkanlarına, onların obyektivliyinə böyük ümidlər bəsləyən, o cümlədən Qarabağ məsələsinin həllində bu təşkilatlardan ədalətli mövqe gözləyən Heydər Əliyev sonralar burada yol verilən ikili standartların ilk və kəskin tənqidçilərindən biri olmuşdur. O, böyük dövlətlərin hamıya eyni mövqedən yanaşmadığını BMT-nin tribunasından deməyə özündə cəsarət tapmış, Azərbaycana dəfələrlə səfər etmiş ATƏT nümayəndələrinin düzgün mövqe tutmadığını onların üzünə şax deməyi bacarmışdı. Beynəlxalq təşkilatların ikili standartları onu ömrünün son günlərinə qədər çox narahat edir və bunun gələcəkdə təkcə Azərbaycan və digər ölkələr üçün deyil, bütün dünya üçün böyük faciələrə gətirib çıxaracağını uzaqgörənliklə bildirirdi.

Ümummilli lider Heydər Əliyevin əsas xidmətlərindən biri də o olmuşdur ki, Azərbaycan onun sayəsində bir çox böyük, qlobal iqtisadi layihələrə imza atmış, dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Azərbaycan iqtisadiyyatı ulu öndərin təşəbbüs və təklifləri ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin müəllifinə və fəal iştirakçısına çevrilmişdir.

Bu baxımdan 1998-ci ilin sentyabrın 8-də Bakıda “Gülüstan” sarayında Avropa və Asiyanın 32 ölkəsinin, 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransı xüsusi qeyd etmək lazımdır. Bu konfransda Avropa, Qafqaz, Asiya transqafqaz nəqliyyat koridorunun açılması üçün 1993-cü ildə qəbul edilmiş layihənin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. TRASEKA adlı proqramın həyata keçirilməsi Azərbaycanın sonrakı illərdə böyük tranzit ölkəyə çevrilməsində mühüm rol oynamışdır. Bu proqram Böyük İpək yolunun bərpası üçün mühüm vasitə olmuşdur. Həmin konfransda həmin layihənin iştirakçısı olan dövlətlər arasında iqtisadi əlaqələrin yaranması və inkişafı üçün bu böyük nəqliyyat dəhlizinin açacağı imkanlar bir daha müzakirə olunmuş, onun əhəmiyyəti diqqətə çatdırılmışdır.

Tarixi İpək yolunun bərpasına dair 1998-ci il sentyabrın 7-8-də Avropa Birliyinin himayəsi altında Bakıda xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın böyük əhəmiyyəti olmuşdur.

Ulu öndərin mühüm xarici səfərlərinin bir qismi də Davos İqtisadi Forumu ilə bağlıdır. İlk dəfə 1995-ci ilin yanvarında Ümumdünya İqtisadi Forumunda iştirak edən Heydər Əliyev bütün dünyanın iqtisadi və siyasi elitasının iştirak etdiyi bu məclisdə Azərbaycanın xarici siyasət xəttini elan edərək demişdir: “Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır”.

2000-ci ilin martında keçirilən Davos Forumunda “Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun” mövzusunda keçirilən sessiyada iştirak edən Heydər Əliyev forumun prezidenti Klaus Şvab və bir çox başqaları ilə görüşmüşdür. Həmin görüş zamanı Klaus Şvab Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə dair imzalanmış sazişin Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirmişdi. Ulu öndər daha sonra 2002-ci ildə ABŞ-da 11 sentyabr terror aktı hadisəsinə etiraz əlaməti olaraq Nyu Yorkda 106 ölkənin 3000 nümayəndəsinin iştirakı ilə keçirilən Davos Forumunda iştirak edərək terrorizmdən ən çox əziyyət çəkən bir ölkənin rəhbəri kimi beynəlxalq terrorizmin separatizmdən qaynaqlandığını bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən danışarkən demişdir: “Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən 16 min kvadratkilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir. Daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır. Orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir...”

Ulu öndərin Davos Forumunda başladığı işi onun siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Bu forumda iştirak Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərir, eyni zamanda, onun beynəlxalq reytinqini yüksəltməyə imkan verir.

Bu gün dünyada baş verən qlobal proseslər, ayrı-ayrı regional münaqişələr, o cümlədən keçmiş SSRİ məkanında heç kəsin güman etmədiyi ölkələr arasında gedən müharibələr bunu bir daha təsdiq etmişdir.

Heydər Əliyev məhz bu xüsusiyyətlərinə görə dünya siyasətçiləri arasında xüsusi nüfuz qazanmış və dünyanın böyük dövlət xadimləri, siyasətçiləri onun dedikləri ilə hesablaşmış, keçmiş Sovetlər Birliyinin siyasi rəhbərliyində yüksək səviyyədə təmsil olunmuş bu böyük dövlət xadimi haqqında öz rəylərini bildirərkən onun dünyagörüşünə, şəxsiyyətinə, prinsipial mövqeyinə və iradəsinə öz heyranlıqlarını bildirməkdən çəkinməmişlər.

Ümummilli lider dünyanın bütün dövlətləri, xüsusilə türkdilli dövlətlər ilə əməkdaşlığa, bu ölkələrdə Azərbaycanın nüfuzunun gücləndirilməsinə çox ciddi yanaşırdı. Türkdilli dövlətlərin başçılarının 2000-ci il aprelin 8-də Bakıda keçirilən VI Zirvə görüşündə ulu öndər bu birliyin böyük əhəmiyyətini qeyd edərək deyirdi: “Bu gün toplaşdığımız VI Zirvə görüşü bir daha təsdiq edir ki, xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə müştərək mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin bərpası yolunda gözəl nəticələr vermiş, gələcək üçün perspektivlər açmışdır”. Bu baxımdan TÜRKSOY təşkilatının yaradılmasını çox uğurlu hadisə hesab edən Heydər Əliyev deyirdi: “Sarsılmaz tarixi tellərlə bağlılığımızla bərabər, məqsəd və vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir”. Ulu öndər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini beynəlxalq əməkdaşlığın ən parlaq nümunəsi hesab edirdi.

Ümummilli liderin Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması üçün başladığı böyük işləri onun siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir və 2012-ci ildə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında sədrlik etməsi, digər beynəlxalq təşkilatların işində uğurla iştirak etməsi ulu öndərin bu sözlərini bir daha sübut edir: “Bizim xarici və daxili siyasətimiz heç bir şeydən asılı olmayan, Azərbaycan Respublikasının mənafelərini qoruyan, Azərbaycanın dövlət müstəqilliyini təmin edən, Azərbaycanı dünya birliyində bərabərhüquqlu dövlət etməyə yönəldilən bir xarici siyasətdir”.

Heç bir şübhə yoxdur ki, ümummilli liderin bu prinsipləri bundan sonra da layiqincə həyata keçiriləcəkdir.

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri,

YAP Siyasi Şurasının üzvü

Azərbaycan.-2015.- 17 aprel.- S. 3.