Azərbaycan nümayəndə heyəti BMT-nin cinayətkarlıqla mübarizəyə
həsr olunmuş 13-cü Konqresində
iştirak edir
Aprelin
12-də Qətərin paytaxtı Dohada BMT-nin cinayətkarlığın
qarşısının alınması və cinayət ədliyyəsi
üzrə 13-cü Konqresi işə başlayıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 19-dək davam edəcək tədbirdə dünyanın 190-dan çox ölkəsindən 3 min nümayəndə, o cümlədən ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri iştirak edirlər.
Bu mötəbər forumda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Qətərdəki səfiri Tofiq Abdullayev, Ədliyyə, Milli Təhlükəsizlik, Xarici və Daxili İşlər nazirliklərinin məsul şəxsləri daxildir.
Bu il 60 illiyi qeyd olunan və qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyənləşdirən bu mötəbər tədbirin təntənəli açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani və BMT-nin baş katibi Pan Gi Mun iştirak ediblər.
Sonra beş ildən bir keçirilən Konqresin rəhbərliyi formalaşdırılıb. Qətərin Baş naziri Abdulla bin Naser Al Tani Konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilib.
Tədbir zamanı yüksək səviyyəli plenar sessiya keçirilib.
Sessiyanın birinci günündə ölkəmizin ədliyyə naziri ilk nitq söyləyənlər sırasında çıxış edərək cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sisteminin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə tədbirləri vurğulayıb, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları və bu sahədə nailiyyətləri qeyd edib.
Fikrət Məmmədov dövlətimizin əsas prioritetlərindən olan korrupsiya ilə mübarizə tədbirlərindən bəhs edib, tətbiq olunan innovasiyalardan, xüsusilə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan brendi sayılan "ASAN xidmət" mərkəzlərinin səmərəli fəaliyyətindən danışıb.
Tədbir iştirakçılarının diqqəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Ermənistan tərəfindən torpaqlarımızın işğalına, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib. Qeyd olunub ki, işğal olunmuş ərazilərimizdə tarixi və mədəni abidələr məhv edilib, bir sıra dövlətlərin özəl şirkətləri tərəfindən qanunsuz iqtisadi fəaliyyət göstərilir, qondarma rejim tərəfindən günahsız vətəndaşlarımızın qeyri-legitim mühakimə olunması halları mövcuddur.
Maraqla qarşılanmış çıxışın ingilis və rus dillərində olan mətnləri tədbir iştirakçıları arasında paylanıb.
Nümayəndə heyətinin üzvləri Konqresin müxtəlif mövzular üzrə seksiyalarında insan alveri, korrupsiyaya və kibercinayətkarlığa qarşı mübarizə, məhkumların hüquqlarının müdafiəsinə dair çıxışlar ediblər.
Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Konqresdə iştirak edən bütün dövlətlərin təmsilçilərinə ölkəmizin işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərin və orada qanunsuz iqtisadi fəaliyyətin qarşısının alınması ilə bağlı yazılı müraciət ünvanlanıb.
Tədbirdə cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair Doha Bəyannaməsi qəbul olunub. Ermənistan nümayəndə heyətinin təkidli etirazlarına baxmayaraq, Azərbaycan tərəfinin təklifləri əsasında sənəddə ədalətli və səmərəli cinayət ədliyyəsi sistemlərinin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında qurulmasına dair öhdəliklər əks olunub. Həmçinin Bəyannamədə yalnız qanun əsasında legitim məhkəmələr tərəfindən mühakimə olunmaq hüququnun təsbiti yer alıb, münaqişə zonalarında BMT üzv-dövlətlərinin özəl şirkətlərinin qanunazidd iqtisadi fəaliyyətləri, habelə mədəni irsinə məxsus olan mədəni obyektlərin qanunsuz dövriyyəsi pislənilib, qeyri-qanuni faydalı qazıntı işlərinin aparılması kimi yeni növ cinayətlərə qarşı tədbirlər vurğulanıb. Bununla da Azərbaycanın milli maraqlarına uyğun məsələlər Konqresin yekun sənədində əks olunub.
Forum çərçivəsində Azərbaycanın ədliyyə naziri Konqresin vitse-prezidenti kimi, BMT-nin baş katibi Pan Gi Mun, Konqresin prezidenti, Qətərin Baş naziri Abdulla bin Naser Al Tani ilə işgüzar görüşlər keçirib, faydalı fikir mübadiləsi aparıb.
Həmçinin Qətərin ədliyyə naziri Həsən Əl-Mühənnədi ilə keçirilmiş görüşdə Azərbaycan ilə Qətər arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsinə maraq göstərilərək bunun üçün geniş perspektivlərin olduğu vurğulanıb. İki ölkə arasında hüquqi sahə üzrə mühüm dövlətlərarası müqavilələrin və Ədliyyə nazirliklərinin əməkdaşlığına dair sənədin imzalanması məqsədilə onların razılaşdırılmasının başa çatdırılması üçün tezliklə ekspert görüşünün keçirilməsi barədə razılığa gəlinib.
Bununla yanaşı, Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi, Konqresdə iştirak edən qurumun rəhbər şəxsləri ilə görüşlər keçirərək IAACA-nın gələcək fəaliyyətinə dair müzakirələr aparıb.
Səfər çərçivəsində, həmçinin
beynəlxalq təşkilatların, habelə bir
sıra dövlətlərin ədliyyə, prokurorluq
və s. hüquq
mühafizə orqanlarının rəhbərləri ilə əməkdaşlığa
dair görüşlər keçirilib.
Azərbaycan.-2015.- 17 aprel.- S. 4.