Erməni mifomaniyası əksər Avropa
ölkələrinin
başı üstünü qara kabus kimi
alıb
Avropa Parlamentinin qondarma
“erməni soyqırımı”
ilə
bağlı
qətnamə qəbul etməsi buna sübutdur
Tarixdə baş verənləri araşdırmaq tarixçilərin işidir. Ötən əsrin əvvəllərində Osmanlı imperiyasının ermənilərə qarşı “soyqırımı” həyata keçirdiyini təsdiqləyən heç bir tutarlı fakt, dəlil, sübut yoxdur. Türkiyənin bu məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın və onun himayədarlarının zaman-zaman gündəmə gətirdiyi “soyqırımı” kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam türk dünyasına qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır.
“Qondarma soyqırımı” tanıtdırmaq cəhdlərinin arxasında hansı məkrli məqsədlərin dayandığı hər kəsə yaxşı məlumdur. Qondarma “erməni soyqırımı” iddiaları ermənilərin qarşıya qoyduqları dörd məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: “soyqırımı”n bütün dünyada tanıdılması, Türkiyənin “soyqırımı” etiraf etməsi, Türkiyənin “soyqırımı”na uğramış adamların varislərinə təzminat ödəməsi, Türkiyənin şərqində ermənilərə torpaq verilməsi. Faktiki olaraq, bunların hər biri Türkiyə Cümhuriyyətini sarsıtmaq, parçalamaq məqsədi güdür. Ermənilərin qeyri-hüquqi və cəfəng iddialarının bəzi dövlətlərin qanunverici orqanlarında dəstəklənməsi əsasən geosiyasi amillərlə bağlı olub, erməniləri dəstəkləmək məramından daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azərbaycana haqlı mövqeyində təsir göstərmək məqsədi güdür.
Təəssüflə demək lazımdır ki, “erməni soyqırımı” iddiaları ötən əsrin ortalarında, yəni “soyqırımı” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlmişdir. Erməni kilsəsinin irəli sürdüyü iddialar sonradan Amerika və Avropada erməni lobbisinin fəal iştirakı ilə məkrli bir kampaniyaya çevrilmişdir. Bir faktı da vurğulamaq lazımdır ki, ermənilər məkrli iddialarını tanıtmaq üçün hələ sovetlər birliyi dövründən fəal iş aparmış, qondarma “soyqırımı qurbanları”na abidələr ucaltmışdılar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da ruhlandırır, “soyqırımı” kampaniyasının sistemli şəkildə aparılmasına imkan yaradırdı. Sovet hökuməti Azərbaycana münasibətləri dostluq notları üzərində kökləməyi məsləhət gördüyü halda, erməniləri sanki yeni-yeni təxribatlara şirnikləndirmək yolu tutmuşdu. Əslində, ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu çirkin kampaniyanın məntiqi nəticəsi olmuşdur.
Ermənilər son 50 ildə qondarma iddialarını ayrı-ayrı ölkələrdə tanıtmaqla kifayətlənməmiş, qondarma abidələrin, xatirə lövhələrinin qoyulmasına nail olmuşlar. Bu məqsədlə virtual məkanın imkanlarından da geniş şəkildə istifadə edən ermənilər saxta iddialarını təbliğ edən 45 min veb-sayt yaratmış, habelə çoxsaylı kitablar, filmlər çəkdirmişlər. Almaniyada bu saxta mövzu hətta dərsliklərə salınmış, Fransa Milli Assambleyası isə qondarma “erməni soyqırımı”nı tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qərar qəbul etmişdir. Bütün bunlar bir daha göstərir ki, erməni mifomaniyası bu gün Avropa ölkələrinin böyük əksəriyyətinin başı üstünü qara kabus kimi almışdır.
Avropa Parlamentinin bu günlərdə qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsi isə ümumilikdə türk dünyasına qarşı ədalətsizliyin növbəti təzahürü oldu. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentində (AP) qondarma “erməni soyqırımı” ilə əlaqədar aprelin 15-də qəbul edilmiş qətnaməni əsassız, qərəzli və qeyri-ciddi olaraq ikili standartların bariz nümunəsi hesab edib.
Xatırladaq ki, Avropa Parlamentinin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka) qondarma “erməni soyqırımı”nın 100 illiyinin ümumavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirəsi ətrafında çıxış edən bir sıra Avropa parlamentarları belə bir “soyqırımın baş verdiyini” söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırış ediblər.
Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini şübhə altına alır. Çünki Avropa Parlamenti 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda ciddi araşdırma aparmadan, tutarlı fakt, dəlil, sübut olmadan belə bir əsassız qətnamə qəbul edib. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Türkiyə və Azərbaycanda demokratik dəyərlərin inkişafına qısqanc münasibətin ifadəsi kimi dəyərləndirilməlidir. Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycan və Türkiyənin demokratik yolla inkişafı görünür ki, bu da Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır.
Əvvəlki illərin təcrübəsi də təsdiqləyir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun antiazərbaycançı, antitürk mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir. İstənilən demokratik qərarın qəbulu səs çoxluğu prinsipinə əsaslanmalıdır. Çoxluğun iradəsini əks etdirməyən bir absurd qətnamənin Avropa Parlamenti kimi demokratik ruhlu qurumun adından yayılması da heç bir məntiqə sığmır. Avropa Parlamentində iclasların keçirilməsi üçün kvorumun olmaması bu cür absurd qərarların qəbul edilməsinə imkan verir. Xatırladaq ki, 2011-ci il mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatın iştirakı ilə tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Bu günlərdə qəbul olunmuş qətnamə də qurumun nüfuzuna mənfi təsir göstərən növbəti şoudur.
Təəssüf doğuran haldır ki, bu gün hansısa təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin “demokratiya carçıları” təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara göz yumurlar. Qərbin demokratiya “təəssübkeşləri” baş verənləri tez zamanda unutmağa və unutdurmağa çalışırlar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada nədənsə “yada düşmür”.
Baş verənlər göstərir ki, Qərbdə demokratiya deyil, demokratiyanın milli, irqi, dini mənafelərə uyğun təhrif edilmiş forması, yəni demokratiyanın “astar üzü” mövcuddur. Yəni Avropanın müəyyən dövlətləri də demokratiyanı əldə bayraq edərək öz geosiyasi və iqtisadi maraqlarını təmin etməyə çalışırlar. Əksər hallarda “demokratiya”, “insan hüquqları” kimi sivil dəyərlərə istinad edən dövlətlər, əslində, bununla daha çox özlərinin geosiyasi maraqlarını gerçəkləşdirmək istəyirlər. Avropa Parlamentinin məlum qətnaməsi də məhz Türkiyə və Azərbaycana təsir və təzyiq göstərmək istiqamətində uğursuz cəhdlərdən biri kimi qiymətləndirilməlidir.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 17 aprel.- S. 4.