Azərbaycan ilə UNESCO arasında
əlaqələrin inkişafı məsələləri
müzakirə edilib
Azərbaycanın,
Qazaxıstanın, Türkiyənin və Türkmənistanın
UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı,
Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə
qurumun mənzil iqamətgahında “Kitabi-Dədə Qorqud”
eposunun alman dilinə tərcüməsi, nəşri və
dünya elmində tanıdılmasının 200 illiyi ilə əlaqədar
tədbir təşkil olunub. Tədbirdə iştirak etmək
üçün Parisdə səfərdə olan Azərbaycan
Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev
aprelin 15-də UNESCO-nun baş direktoru İrina Bokova ilə
görüşüb.
Görüşdə
Elçin Əfəndiyev Prezident ilham Əliyevin
salamlarını və xoş arzularını baş direktora
çatdırıb və Azərbaycanla UNESCO arasında əlaqələrin
son illərdə inkişafını məmnunluqla qeyd edib.
İşgüzar əlaqələrin yaranmasında İrina
Bokovanın və Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın xüsusi fəaliyyətini
diqqətə çatdırıb.
Baş
nazirin müavini “Kitabi- Dədə Qorqud” eposunun Avropada ilk nəşrinin
və tərcüməsinin 200 illiyinin UNESCO-da keçirilməsinin
mühüm hadisə olduğunu qeyd edib və bu tədbirin təşkilinə
verdiyi dəstəyə görə UNESCO-nun baş direktoruna
minnətdarlığını bildirib.
Azərbaycanın zəngin maddi-mədəniyyət abidələri ilə bağlı vaxtaşırı UNESCO-da möhtəşəm tədbirlərin keçirildiyini vurğulayan Elçin Əfəndiyev bunu ölkəmizlə qurum arasında mövcud əlaqələrin yüksək səviyyədə inkişafının bariz nümunəsi kimi dəyərləndirib.
Baş direktor İrina Bokova da öz növbəsində səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya çatdırmağı xahiş edib. O, Azərbaycanla rəhbərlik etdiyi qurum arasındakı mövcud yüksək səviyyəli əlaqələrin digər ölkələr üçün əsl nümunə ola biləcəyini vurğulayıb.
Baş nazirin müavini bu yaxınlarda Bakı Dövlət Universitetində insan hüquqları üzrə UNESCO kafedrasının yaradılması barədə məlumat verərək qeyd edib ki, universitetdə belə bir kafedranın açılması özlüyündə ölkəmizlə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir. Dünyanın çox az ölkəsində qurumun kafedralarının fəaliyyət göstərdiyini və belə bir kafedranın ölkəmizdə yaradılmasının əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsirini qeyd edib.
Baş direktor belə bir kafedranın açılmasını razılıq hissi ilə qarşılayaraq bu addımı yüksək qiymətləndirib. İrina Bokova Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı ölkəmizə səfər edəcəyini xatırladıb.
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva görüşdə iştirak ediblər.
Əsgər
Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2015.- 17 aprel.- S. 5.