Avropa Parlamentinin
“erməni soyqırımı” ilə bağlı qəbul
etdiyi qətnamə
ikili standartların bariz nümunəsidir
Aprelin
15-də Avropa Parlamentində qondarma “erməni
soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə
bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi
reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz
nümunəsi kimi dəyərləndiririk. Belə hesab edirik
ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri
altında olan, Türkiyəyə və Azərbaycana
qarşı qərəzli mövqeləri ilə seçilən
dairələrin təsiri və təşviqi ilə qəbul
olunub.
Bu
fikirlər Milli Məclisin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin
adından qurumun sədri Səməd Seyidovun verdiyi bəyanatda
öz əksini tapıb.
Bəyanatda
deyilir ki, Avropa Parlamentinin bu addımı Qərbdə, o
cümlədən Avropa Parlamentində mövcud olan ikili
standartların və islamofobiya əhval-ruhiyyəsinin bariz
nümunəsidir. 100 il bundan əvvəl, 1915-ci ildə
baş vermiş hadisələrə öz siyasi maraqları
prizmasından yanaşan ermənipərəst dairələr
uzaq keçmişdəki hadisələrdən antitürk,
antiazərbaycan, antiislam əhval-ruhiyyəsini
qızışdırmaq məqsədi güdürlər.
Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə
müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan
bu cür mövqe sərgiləməsi birinci dəfə deyil.
Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən
azərbaycanlılara qarşı törədilmiş
soyqırımı aktına, Ermənistan-Azərbaycan
münaqişəsi nəticəsində öz doğma
yurdlarından didərgin düşmüş 1 milyondan
çox insanın hüquqlarının pozulmasına biganə
qalan bu siyasətçilərin belə qeyri-ciddi
davranışı təəccüb doğurur.
“Əslində
müstəqil Azərbaycanın təcrübəsində
ölkə beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirilməsinə hazırlaşdığı ərəfələrdə
biz bu cür addımların dəfələrlə şahidi
olmuşuq. Bakıda keçirilmiş “Eurovision” mahnı
yarışması, indi isə birinci Avropa Oyunları ərəfəsində
bu hallar təkrarlanmaqdadır.
Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətinin rəhbəri kimi bildirirəm ki, Avropa
Şurasının yuxarıda göstərilən məsələlərə
münasibəti də bizdə narahatlıq doğurur. Biz dəfələrlə
bəyan etmişik ki, Azərbaycan nüfuzlu beynəlxalq
qurumlarla, o cümlədən Avropa Şurası və Avropa
Parlamenti ilə bərabərhüquqlu əməkdaşlıq
etməyə hazırdır. Ancaq həmin təşkilatların
fəaliyyətindəki ikili standartlar bu xoş niyyəti
kölgə altına alır. Biz bir daha avropalı
deputatları xalqların tarixi və taleyi ilə bağlı
məsələlərdə ədalətli olmağa və həssaslıq
nümayiş etdirməyə çağırırıq”, -
deyə bəyanatda diqqətə çatdırılır.
Azərbaycan.-2015.- 17 aprel.- S. 7.