Avropa Parlamentində “Bakı-2015”
ilk Avropa
Oyunlarının təqdimatı olub
Avropa
Parlamentində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı
keçirilib.
Azərbaycan
Respublikasının Belçika Krallığı və
Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən
AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilində
Avropa İttifaqının Bolqarıstandan olan deputatı
İlhan Küçük xüsusi fəallıq göstərib.
Mərasimdə
gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat
Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun rəhbərlik
etdiyi nümayəndə heyəti, Avropa Parlamentinin idman məsələləri
üzrə məsul komitəsi olan “İntersport” qrupunun rəhbəri,
belçikalı deputat Mark Tarabella, digər siyasi partiyaların
üzvləri, Avropa institutlarının, KİV-lərin, eyni
zamanda, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri
iştirak ediblər.
Azad
Rəhimov tədbirdə məruzə ilə
çıxış edərək “Bakı– 2015” ilk Avropa
Oyunlarına hazırlıq prosesindən, görülmüş
işlərdən və Oyunların ilk dəfə məhz Azərbaycanda
keçirilməsinin əhəmiyyətindən
danışıb. Nazir Azərbaycanın belə mötəbər
idman tədbirinə ilk dəfə ev sahibliyi etməkdən
qürur hissi keçirdiyini diqqətə
çatdırıb.
Avropa
Xarici Xidmət Fəaliyyətinin nümayəndəsi Kris
Kendal Azərbaycan - Avropa İttifaqı münasibətlərindən
bəhs edərək ölkəmizin ilk Avropa Oyunlarına ev
sahibliyi etməsinin gözəl təcrübə
olacağını vurğulayıb.
Sonra
müzakirələr aparılıb,
iştirakçıları maraqlandıran suallar
cavablandırılıb. Azad Rəhimov və digər məruzəçilər
Azərbaycanın “Bakı-2015”dən sonra IV İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi etməsi, Oyunlarla bağlı
Avropanın daha yaxşı məlumatlandırılması
üçün ev sahibinin görəcəyi tədbirlər,
bu mötəbər yarışın Azərbaycan cəmiyyətinə
töhfəsi və digər məsələlər barədə
suallara aydınlıq gətiriblər.
Tədbirdə
ilk Avropa Oyunları ilə bağlı videoçarx
nümayiş etdirilib. Azərbaycanda yaradılmış
çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir
iştirakçılarının böyük marağına
səbəb olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi
müxbiri
Brüssel
Azərbaycan.-2015.- 17 aprel.- S. 8.