İşğal
altındakı rayonlara vurulmuş
ziyanın qiymətləndirilməsi
Biz işgüzar əməkdaşlığa “hə”, münaqişəyə və terrora “yox” deyirik.
Heydər ƏLİYEV
Abidələr hər bir millətin, xalqın yaddaş kitabçasıdır desək, yanılmarıq. Onların qorunması, nəsildən-nəslə ötürülməsi cəmiyyət və dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. 10 aprel 1998-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu imkan verir ki, ölkəmizin bütün ərazisində abidələrin qeydiyyata alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması və onlara dəyən zərərlər barədə qiymətləndirilmə işlərinin aparılması peşəkar mütəxəsisləri cəlb etməklə dövlət orqanları tərəfindən müstəqil və ya mərkəzləşdirilmiş qaydada təşkil edilsin.
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında, 1988-ci ildən isə Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə dağıdılmaqdadır. Həmin ərazilərdə Azərbaycana məxsus milli-mədəni dəyərlərə malik binalar, tarixi şəhərsalma ansamblları, şəhər qalıqları, tarixi-memarlıq kompleksləri və eləcə də elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər obyektlər ermənilər tərəfindən dağıdılır, məhv edilir və ya başdan-başa erməniləşdirilir. İşğal altında olan ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, arxeoloji-mədəni qurğular, habelə daşınan milli-mədəni mülkiyyətə aid abidələr böyük xüsusi çəkiyə malikdirlər.
Ermənistanın işğalı altında qalan tarix və mədəniyyət abidələri, qaya təsvirləri, mağaralar, mənzərə xarakterli oymalar, tarixi qəbir daşları, qəbirüstü abidələr, kurqanlar (böyük torpaq təpələri), istehkamlar, qalalar və memarlıq abidələri müxtəlif maddi və mənəvi dəyərlərə malik olmaqla həm də böyük milli əhəmiyyətə malikdirlər. Bunlar yerli, ölkə və beynəlxalq əhəmiyyətli olmaqla əsasən üç mühüm kateqoriyaya bölünür. Həmin kateqoriyalar üzrə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 901 rəsmi dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidəsi vardır ki, onlardan da 609-u yerli, 285-i ölkə və 13-ü beynəlxalq əhəmiyyətli abidələrdir.
Eyni zamanda işğal altındakı abidələr forma və həcminə görə iki mühüm hissəyə bölünür: daşınan (səyyar) və daşınmaz (stasionar) abidələr. Daşınan abidələrə muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində və başqa yerlərdə qorunan eksponat və digər əşyalar aid edilir. Bu kateqoriyaya aid olan 26 muzeydə, şəkil qalareyalarında və fərdi şəxslərdə saxlanan minlərlə eksponat torpaqlarımız işğal olunduqdan sonra ermənilər tərəfindən qənimət kimi mənimsənilərək Ermənistana aparılmış, digər bir qismi isə Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərdə hərraca çıxarılmış və ya ermənilər üçün “nüfuzlu” bilinən fiziki-hüquqi şəxslərə hədiyyə edilmişdir. Onu da qeyd etməliyik ki, dövlət başçısının tapşırıqlarına müvafiq olaraq aparılmaqda olan qiymətləndirmə prosesində bunların hamısı tamamilə nəzərə alınmaqdadır.
İşğal olunmuş ərazilərdə qismən salamat qalan abidələr daşınmaz abidələr kateqoriyasına aiddir. Onlar əsasən arxeoloji və memarlıq qrupuna daxil olan binalar, tikililər və qurğulardır ki, hələlik öz mövcudluqlarını, qismən də olsa, qoruyub saxlaya biliblər.
Erməni vandalizminin geniş vüsət aldığı hazırkı şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqini, habelə onların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən dəyərləndirilməsini zərurətə çevirir. Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycanın tarixi irsinin, onun mədənyyətinin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsi zərurəti gündən-günə artmışdır.
İşğal altında olan milli-mədəni dəyərlərimizin müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etməsi amili də böyük maraq doğurur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, işğal altındakı ərazilərimizdə dövlət qeydiyyatında olan abidələrimizin tərkibi müxtəlif olmaqla onların sayı barədə də fundamental məlumatlar vardır: türbələr (50), məscidlər (67), ziyarətgahlar (92), məbədlər (106), xatirə abidələri (262), arxeoloji abidələr (253), qalalar (39) və körpülər (32).
Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olmuşdur.
Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə dağıdılmış, 4-ü isə yararsız hala salınmışdır. Ancaq beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdamdakı Cümə məscidinin, Şuşadakı Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur. Eyni zamanda bütün çətinliklərə baxmayaraq, apardığımız araşdırmalara və arxiv sənədlərinə əsaslanaraq deyə bilərik ki, işğal altındakı ərazilərimizdə dövlət qeydiyyatından kənarda qalmış daha 1500 adda islam dini abidəsi, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbiristanlıqlar, o cümlədən türbələr, kurqanlar, siklop tipli memarlıq abidələri və antik qalalar mövcuddur.
Azərbaycan xalqına qarşı qeyri-insani və həm də böyük mənəvi zərbələrdən hesab olunan belə yanaşmaların həm maddi, həm də mənəvi dəyərlərinin müəyyən edilməsi, qarşı tərəfdən müvafiq təzminatların tələb edilməsi, bu istiqamətdə beynəlxalq prezentasiyaların keçirilməsi silsiləsindən olan vəzifələrin həll edilməsi ciddi bir məqsəd kimi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuşdur.
Ölkə başçısı tərəfindən qarşıya qoyulan bu kimi taleyüklü vəzifələrin ləyaqətlə həllinə nail olmaq üçün tərəfimizdən Avrasiya Qiymətləndiricilər Assosiasiyası qarşısında münaqişə, müharibə və terror nəticəsində tələfatlara görə itkilərin hesablanması üzrə beynəlxalq standartların qəbul edilməsi barədə 2014-cü ildə məsələ qaldırılmışdır. Azərbaycan nümayəndə heyətinin həmin beynəlxalq qurumun üzvü olaraq qaldırdığı təşəbbüs hələ bir il bundan əvvəl qəbul olunaraq qeyd olunan standart layihəsinin hazırlanması Azərbaycan tərəfinə həvalə edilmişdir. Bizim səsimizə səs verən bütün qeyri-hökumət təşkilatları, o cümlədən bu prosesdə daha fəal iştirak edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və respublika hökumətinin qərarı ilə yaradılan işçi qrupu tərəfindən hazırlanan həmin standart layihəsi 2014-cü ilin iyun ayında Belarusun Brest şəhərində keçirilən assosiasiyanın konqresinə təqdim edilmişdir. Müvafiq qurumlar və ekspertlər tərəfindən rəylər alındıqdan sonra bu ilin iyununda beynəlxalq qiymətləndirmə təşkilatında həmin standartların təsdiqi gözlənilir.
Böyük çətinliklə də olsa, əldə olunan informasiyalar sübut edir ki, islam dininə məxsus abidələrin erməniləşdirilməsi (yəni xristianlaşdırılması) ilə bərabər ermənilər zəbt etdikləri ərazilərdə kilsələr inşa etməkdədirlər. Buna misal olaraq Şuşa şəhərində (3), Şuşa-Laçın yolundakı Fətiş bulağı deyilən ərazidə (1), Laçın şəhərində (2), Laçın rayonunun Zabux kəndində (1), Şuşa-Xankəndi yolunun üzərində (2), Xankəndi şəhərində (4), Əsgəran qəsəbəsində (2), Ağdam rayonunun Şahbulaq qəsri yanında tikilən (1) kilsələri göstərmək olar.
Bundan başqa, Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Xocavənd rayonlarının ərazilərində isə ermənilər tərəfindən 15 alban məbədi təmir edilərək onlara erməni kilsəsi statusu verilmişdir. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırmışdır. Bu isə faktiki olaraq indiki Ermənistan adlanan ərazidə istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.
Ermənilərin bütün bu vandallıqları Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinə dəyən zərərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi zəruriliyini yaradır. Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi müəyyənləşdirilərkən aşağıdakı yanaşmaların nəzərə alınması məqsədəuyğun bilinir: müxtəlif nəsildən olan mütəxəssislərin abidənin qiymətləndirilməsinə münasibətləri; Azərbaycanın tarixi və mədəni irsinin milli yaddaşlarda yaşaması qaydalarının, onun davamlılığının öyrənilməsi; daşınmaz əmlakın bu növünün qiymətləndirilməsi zamanı abidənin dəyəri və ümumi vəziyyəti ilə bağlı müəyyən edilmiş məlumatların əldə edilməsi; işğal altında olan abidələrimizin qiymətləndirilməsi prosesində beynəlxalq səviyyəli “metodoloji göstəricilərə” istinad edilərək beynəlxalq ekspertlərlə məsləhətləşmələrin aparılması; beləliklə, hər bir abidənin turizm və habelə maddi-mənəvi cəlbediciliyinin bərpasına sərf olunması nəzərdə tutulan vəsaitlər və gözlənilən gəlir hesablanılmaqla obyektin (abidənin) Azərbaycan üçün faydalılıq dəyərinin illik əmsallarla birlikdə müəyyən edilməsi.
Abidələrin qiymətləndirilməsi məqsədilə görülən tədbirlər sırasında onun tədqiq olunması, daşınmaz əmlakın dəyəri, qiymətləndirilməsi inşaat işlərinin yerinə yetirilməsi qaydaları, ərazidə aparılan arxeoloji qazıntıların və tədqiqat işlərinin nəticələri əhəmiyyətli rol oynayır. Azərbaycanda tarix və mədəniyyət abidələrinin mövcud beynəlxalq standartlarla, habelə yuxarıda qeyd olunan yeni standartlarla qiymətləndirilməsi bir sıra zəruri şərtlərin əvvəlcədən həll edilməsini lazım bilir. Bunlara əsasən aşağıdakıları aid etmək olar: qiymətləndirmə bazasının seçilməsi; abidəyə dəyən zərərin bazar dəyərinin müəyyənləşdirilməsi; abidənin tarixiliyinin müəyyənləşdirilməsi; onun ornamental quruluşuna dəyən zərərin müəyyənləşdirilməsi; icarə hüquqlarının bazar dəyəri hesabına itkilərin müəyyənləşdirilməsi; Azərbaycanın qanunvericiliyinə uyğun olan bazar dəyərinin razılaşdırılması; işğal nəticəsində həmin abidədən Azərbaycan tərəfinin müxtəlif məqsədlər üçün istifadə imkanlarından məhrum edilməsi nəticəsində itki və zərərlərin müəyyən edilərək hesablanması.
Beynəlxalq Qiymətləndirmə Standartlarının əsas xüsusiyyətlərindən biri Avropa və digər dünya ölkələrinin qanunvericiliyinə uyğun olan mühasibat hesabatlarının tərtibi üçün yerinə yetirilən qiymətləndirməyə istinad edilməsidir. Eyni zamanda, qiymətləndirmənin əsaslandırılması prosesində bu standartların qiymətləndirmənin digər məqsədlərinə də şamil olunmasının mümkünlüyü göstərilməlidir. Həmin standartlar münaqişələr nəticəsində itki və tələfatlara məruz qalan digər dövlətlər üçün də tövsiyə xarakteri daşımaqla həm də münaqişələr baxımından qiymətləndirmənin yerinə yetirilməsi üçün göstərici rolunu oynayır.
Daşınmaz əmlakın dəyərini qiymətləndirmək üçün abidə haqqında mövcud olan məlumatların toplanıb təhlil edilməsi abidənin qiymətləndirilməsi istiqamətində ən əsas şərtlərdən biridir. Qiymətləndirmə zamanı abidənin mövcud vəziyyətinin öyrənilməsi abidəyə dəyən zərər barədə nəticə çıxarmağa əsas verər.
Ermənilər tərəfindən məqsədli şəkildə, həm də tarix boyu çoxsaylı kurqan, insan məskənləri, qəbiristanlıqlar, inanc yerləri, müsəlman dini abidələri və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurmaqla həm də böyük maddi və mədəni itkilərə cəlb olunmuşdur.
Ermənistanın xarici siyasətinin çox iyrənc məqamlarından biri də son zamanlar Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi prosesinin daha da gücləndirilməsidir. Artıq dünyanın bir sıra aparıcı dövlətinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin, incəsənətinin bir çox nümunəsi erməni məhsulları kimi nümayiş etdirilir. Bəzi ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq və təsviri sənət nümunələri, əlyazmalar, vitrajlar, musiqi əsərləri və musiqi alətlərinin və s. əşyaların ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilməsi təəssüf hissi doğurmaqdadır. Aparılan tədqiqatlar göstərir ki, əsrlər boyu davam edən erməni xəyanətkarlıqlarının miqyası getdikcə genişlənməkdədir.
İnkişaf etməkdə olan müasir elmi-texniki tərəqqidən, habelə ümumdünya informasiya imkanlarının genişlənməsindən Ermənistan və onun tərəfdarları Azərbaycanın haqq işinə böhtanlarla, iftiralarla yüklənmiş xəyanətkar və hiyləgər hücumların təşkili üçün istifadə edirlər. Çoxsaylı erməni saytlarına baxarkən bunu müşahidə etmək olar.
Ancaq bütün bunlara baxmayaraq, ümidvaram ki, Azərbaycanın haqq səsi qalib gələcək, torpaqlarımız işğaldan azad ediləcək, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaq, habelə hesablanmış təzminatlar günahkar Ermənistan tərəfindən kompensasiya, restitusiya və salifikasiya qaydalarında tədricən ödəniləcəkdir. Beləliklə də əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən yeganə uğur yolu ilə xalqımızın irəliləməsi, Azərbaycan Prezidenti İlham Əliyevin, onun komandasında olan digər rəsmi şəxslərin, xüsusilə Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı beynəlxalq tədbirlərin nəticəsi olaraq ümumbəşəri faydalılıq kəsb edən Böyük Siyasətin müvəffəqiyyətlə davam etdirilməsi son nəticədə qələbə çalacaqdır.
Xanhüseyn KAZIMLI,
Avrasiya Qiymətləndiricilər Birlikləri
Assosiasiyası
İdarə heyətinin üzvü, Azərbaycan Respublikası
Milli Məclisinin deputatı, professor
Azərbaycan.-2015.-
8 aprel.- S. 7.