Mirzə Cəlilin usta Zeynalı Moskvada “Politbüro”da
1988-ci il fevralın 22-də Sov.İKP MK-nın baş katibi M.Qorbaçov MK-da məsul şöbələrdən
birində işləyən
erməni Karen Nersesoviç
Brutensə şəxsən
zəng edib deyir: “Karen, sən gərək Stepanakertə
gedəsən. Orada xalq coşub”. Əslən bakılı,
qəlbən şovinist-daşnak,
əməlcə hiyləgər
və riyakar, Azərbaycanı, onun xalqını gözü götürməyən Karen, özünün
yazdığı kimi:
“Fevralın 25-də biz - mənim
dəvət etdiyim Marksizm-Leninizm İnstitutunun
direktor müavini,
professor Mçedlov, “Novosti”
Xəbərlər Agentliyinin
sədr müavini K.Xaçaturov və mən təyyarə ilə Bakıya yola düşdük. Burada Sov.İKP MK tərəfindən DQMV-yə
göndərilmiş bir
qrup alimin hazırladığı materiallarla
tanış olduq”. Həmin günün axşamı Karenin dəstəsi təyyarə
ilə Ağdama uçur. Görün o, Ağdamda onları qarşılayan və yedizdirənlər barədə
əclafcasına nə
yazır: “Biz Ağdamda
təyyarədən düşdük.
Oradan maşınlara minib Stepanakertə getməli idik. Lakin rayon partiya komitəsinin katibi israrla “toqqanın altını bərkitməyi”
təklif etdi və mən Şərq adətlərinə
bələd olduğum
üçün razılaşdım.
Qonaq evində “xidmət heyəti”ndən
olan iki nəfərin televizor qarşısında əyləşdiyini
gördüm. Ekranda Xomeynini göstərirdilər
(ikinci təəssürat!)”
(Bu Xomeyni işarəsinə
diqqət verin!). Karenin Stepanakertdə xoşuna gəlməyən
növbəti məsələ
SSRİ daxili işlər
nazirinin müavini
general B.Elisovun erməni
daşnak dəstəsinə
dediyi açıq sözlər olur: “Bu küçə tamaşaları
nə vaxt başa çatacaq?”
Karen erməni “ziyalıları”
ilə söhbətlərindən
müəyyən “seçmələri”
yadında saxlayıb qələmə alır. Məsələn, yazır
ki, “Pedaqoji İnstitutun dosenti azərbaycanlıları “çuçmek”
(avam kəndli) adlandırır və ermənilərin üstünlüyünü
sübut edərək
bildirirdi ki, onlar “dünyada ilk dəfə - 301-ci ildə
xristianlığı dövlət
dini elan etmiş və elə həmin əsrdə öz əlifbasını yaratmışlar”.
Karen M.Qorbaçovun köməkçisi
A.Çernyayevlə əlaqəyə
girir, rəhbərliyə
daşnakpərəst məlumat
verir və nəticədə ondan belə bir göstəriş
alır: “Qorbaçov
mənə “xeyir-dua verir” və tapşırır ki, mitinq keçirənlərə
deyim: a) Qarabağda nümayişləri və
bütün hərəkatı
“millətçi” və
“ekstremist” kimi qiymətləndirən əvvəlki
qərar ləğv edilir; b) Qarabağlıların
arzu və iddialarına baxmaq üçün komissiya yaradılacaq və bu komissiyaya aparat işçiləri deyil, özlərinin qərəzsiz mövqeyi ilə tanınmış nüfuzlu ictimai xadimlər daxil olacaqdır”.
Karenin oyunları tam baş tutmasa da, əlindən
gələni öz daşnak həmkarlarından
əsirgəmədən Azərbaycanı
tərk edib gedir. O yazır: “Faktiki olaraq heç bir nəticə əldə edilməmiş, lakin çox ibrətamiz səfərdən Moskvaya qayıdandan sonra mən bu səfərin
yekunları və öz təəssüratlarım
barədə M.Qorbaçova
məruzə etdim”.
Karen baş katibə
12 maddədən ibarət
yazılı hesabat da təqdim edir. Məhz bu hesabatda Mirzə
Cəlilin usta Zeynalından da söhbət açılır.
K.N.Brutensin 1998-ci ildə
Moskvanın “Mejdunarodnıe
otnoşeniya” nəşriyyatı
tərəfindən çap
edilmiş “Otuz il Köhnə meydanda” adlı avtobioqrafik kitabında həmin hesabat və C.Məmmədquluzadənin
hekayəsi barədə
oxuyuruq.
Məktubda mənim hesabatımla
birlikdə Qorbaçova
göndərdiyim kitabçanın
(C.Məmmədquluzadənin hekayələr məcmuəsinin)
adı çəkilir.
Qorbaçov 1988-ci il martın 3-də Siyasi Büronun iclasında bu kitabça barədə danışmışdı.
1983-cü ildə Bakıda
buraxılmış bu
kitabçanın 1989-cu ildə
kütləvi tirajla təkrar nəşr edilməsi nəzərdə
tutulmuşdu. “Saqqallı
uşaq” hekayəsində
erməni Muğdusi Akopun mənzilini təmir edən azərbaycanlı usta Zeynal (master Zeynal) və onun köməkçisi
azərbaycanlı Qurban
arasında belə bir dialoq olur:
“Ustalar yetişdülər
Muğdusi Akopun evinə və yarım saatdan sonra usta Zeynal
çıxdı taxtanın
üstünə. Qurban
başladı gəc qayırmağı və söhbəti.
- Usta, bizim xozeyin
yaxçı adama oxşayır.
Usta Zeynal gəci ləyəndən sağ əli ilə götürüb cavab verdi:
- Yaxçı adam olmağına yaxçı
adamdı, Allah dinə
gətirsin, amma nə fayda?!.
- Usta, mən bir şeyə mat qalıram, yaxçı, ermənilər bu aşkarlıqda zadı görmürlər? Bunlar niyə bəs dönüb musurman olmullar?
Usta Zeynal gəci mala ilə səqfə vurub dedi:
- Qurban, bu işlər
hamısı sirdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı
Allah yanındadır, çünki
belə fərz elə, ermənilərin hamısı çönüb
müsəlman oldu, onda cəhənnəmi
Allah kimdən ötrü
xəlq edib və kimi ora
göndərəcək? Bu işlərin hamısının
bir səbəbi var, yoxsa ermənilər
çox yaxşı bilir ki, bizim
məssəbimiz onlarınkından
yaxçıdı. Xüdayi-əzz
və cəll...
- Usta, sözünü də kəsirəm, hələ deyək ki, musurman olmasınlar,
mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər?
Usta Zeynal malanı qoydu taxtanın üstünə, çubuğu
götürüb başladı
doldurmağa və alçaq səslə dedi:
- Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu, amma boyunlarına
düşüb, ta əl çəkə bilmirlər. Nə eləsinlər yazıqlar?
Adamın adam xörəyi olar, heyvanın da heyvan xörəyi. Və bir də
bunlar hamısı Allahındır. Gəl ləyəni götür,
gəc qayır!
Qurban çıxdı nərdivana
və başladı:
- Bəli, qıl körpüdən keçəndədi
tamaşa!..
Usta Zeynal çubuğunu tüstülədib başladı:
- Qurban, bilirsən nə var? İşin
əsli haqq yolu tanımaqdadır, insan ki, haqq
yolu tapdı, insan ki Xudayi-taalanın...
Muğdusi Akop içəri
girib dinməz-söyləməz
baxdı usta Zeynalın üzünə.
Usta Zeynal üzünü Muğdusiyə
tutub soruşdu:
- Ay xozeyin, səni and verirəm “İncil”ə, bir mənə de görüm: o zəhrimarda
nə ləzzət görübsünüz ki,
yeyirsiz?
Muğdusi Akop hirslənib,
iki əlini yuxarı qalxızıb qayımdan dedi:
- Ay kişi, bir mənə de görüm,
sən bura mollalığa ki gəlməmisən?
- Xozeyin, qadan alım, ta niyə
hirslənirsən? Bir
sözdü ağzıma
gəldi, soruşdum. Qurban, gəc qayır!..
... - Qurban, görürsən bu erməni millətini! İstəyirsən
yüz min dəfə
imama, peyğəmbərə
and iç, qəsəm
elə, heç vaxt sənin sözünə inanmayacaq.
De ki, ay kafir oğlu kafir, burada nə bir o qədər iş var...
... - Usta, birisi Allahı
dandı, laməzhəb
oldu, heç bir şeyə qayıllığı olmadı,
çətindi onu inandırmaq.
Daha sonra Qurban bir
az fıkir edib çıxdı balqona və əlində bir küpə su gətirdi.
Usta Zeynal işi dayandırıb dedi:
- Qurban, Allah sənə lənət eləsin! Erməninin küpəsində
su gətirib gəc qayırdın və dünya-aləmi murdar elədin. Allah sənə lənət eləsin!
Qurban dinməyib mat-mat baxırdı
usta Zeynalın üzünə. Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü
yerə, bir dəfə Qurbanın üzünə və həyətə çıxıb
getdi, oturdu arxın kənarında və başladı əllərini yumağa və sonra otağa
gəlib Qurbana dedi ki, şeyləri
yığışdırsın və aqoşkanın içindən paltarını
götürüb yenə
Qurbanın üzünə
bır dəfə tüpürdü və üz qoydu çıxıb
getməyə.
Bu gün axşama kimi usta Zeynalın
arvadı ərinin paltarlarını yuyub qurutmağa məşğul
oldu. Usta Zeynal çıplaq oturmuşdu evində və gözləyirdi ki, paltarları quruyandan sonra getsin hamama və
təmizlənsin”.
Karen adıçəkilən kitabında (səh.525) naşıcasına oxucuları ermənisayaq aldadaraq yazır ki, guya “bu hekayənin Bakıda (1932-ci və 1966-cı illərdə) və Moskvada (1940-cı və 1959-cu illərdə) buraxılmış əvvəlki nəşrlərində bu odioz yerlər ixtisar edilmişdi. 80-ci illərdə - rəsmi versiyaya görə “xalqlar dostluğu” yeni zirvələrə çatdığı dövrdə isə növbəti Bakı nəşrində (yeri gəlmişkən, kitabın çıxış məlumatlarında onun guya 1959-cu il Moskva nəşrindən təkrar nəşr edilməsi barədə saxta məlumat verilir-Ş.H.) həmin kupyuralar, nədənsə, bərpa edilmişdir”.
Bu böhtançı, riyakarcasına təhriflərdən məlum olur ki, Karen C.Məmmədquluzadənin “Usta Zeynal” hekayəsini özü, deyəsən, oxumamış, üzünü də görməmişdir. Erməni saxtakarlardan kimsə hekayənin adını dəyişik salıb, yuxarıda təsvir olunan usta Zeynalla Qurbanın söhbətinin guya “Saqqallı uşaq” (rusca “Borodatıy rebyonok”) hekayəsində olduğunu ona yazıb vermişdir. C.Məmmədquluzadənin adıçəkilən hekayəsində isə nə usta Zeynal var, nə də adıçəkilən əhvalat. Bu hekayələrə isə heç vaxt əl gəzdirilməyib.
Deməli, daşnak, riyakar Karen Brutens Qorbaçova, Siyasi Büroya kəf gəldiyi kimi, 10 il sonra Moskvanın nüfuzlu bir nəşriyyatı tərəfindən nəşr edilən kitabında da bu saxtakarlığı təkrar edir. Məqsəd aydındır, Ağdamda teleekranda Xomeynini, Stepanakertdə azərbaycanlılara qarşı müsəlman olduqları üçün qızışdırılan nifrəti, “Usta Zeynal”da iranlı usta Zeynalla yerli Qurban arasındakı söhbəti Karen islam-xristian davası, qarşıdurması kimi təqdim etməyə və oxucuları bu cəfəngiyata inandırmağa çalışır. Doğrudan da, vicdanını itirənlərdən bundan artıq şey gözləmək də olmaz!
Şirməmməd HÜSEYNOV,
Professor
Azərbaycan.-2015.- 8 aprel.- S. 7.