Prezident İlham
ƏLİYEV: “Bizim xarici
siyasətimiz qüsursuzdur”
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında xarici siyasət məsələlərini də diqqətdə saxlamış, çıxışı zamanı bir çox önəmli çağırışlar etmişdir.
Xarici siyasətdə milli maraqların təmin edilməsini ən mühüm amil, prioritet məsələ kimi dəyərləndirən dövlət başçısı Azərbaycanın bölgədə baş verən xoşagəlməz hadisələrdən, böhranlardan üzüağ çıxdığını qeyd edərək heç bir xarici qüvvənin rəsmi Bakının yeritdiyi siyasətə təsir etmək, onu hansısa maraqlara görə alətə çevirmək gücünə malik olmadığını vurğuladı: “Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa, biz bunu edirik, deyilsə, biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın”.
Dövlət başçısı qeyd etdi ki, müstəqil xarici siyasət, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirilməsi, dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlərə üstünlük verilməsi Azərbaycana hörmət qazandırır, nüfuzunun gündən-günə artmasına səbəb olur: “Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır”.
İlin əvvəlindən bəri ölkə başçısının xarici ölkələrə səfərləri də uğurlu olmuşdur. Bu səfərlər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və vacib razılaşmaların əldə olunması ilə yadda qalmışdır. Avropa üçün mühüm əhəmiyyət kəsb edən enerji layihələrində önəmli tərəfdaş və söz sahibi kimi çıxış etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir. Heç bir dövlətin işinə qarışmamaq, dostluq, qarşılıqlı hörmət və anlaşma prinsipləri ilə aparılan danışıqlar Azərbaycanın dost ölkələrinin sayının gündən-günə artmasına imkan verir: “Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır”.
Azərbaycanda mövcud daxili sabitlik, iqtisadi inkişaf və uğurlu xarici siyasət, əlbəttə ki, bədxah qüvvələr tərəfindən qəbuledilməzdir. Azərbaycan regionda aparıcı dövlətdir və onun iradəsi olmadan burada heç bir mühüm qərar qəbul oluna bilməz: “Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”.
Prezident bir daha xatırlatdı ki, antiazərbaycançı şəbəkənin fəaliyyəti də məhz bu inkişafa kölgə salmaq, müəyyən bəhanələrlə beynəlxalq qurumlarda mövqeyimizə zərbə vurmaq, görülən işləri ləkələmək kimi mənfur niyyətləri həyata keçirməkdən ibarətdir. İkili standartlara görə beynəlxalq qurum kimi öz nüfuzunu itirmiş bəzi təşkilatların bəyanatları, Azərbaycan əleyhinə nümayiş etdirdikləri mövqe nəticəsiz qalır. Çünki reallıq tamam başqadır. Uzun müddətdən bəri dünyada davam edən qarşıdurmalar, bəzi dövlətlərin ərazi bütövlüyünün pozulması, siyasi xaos, anarxiya meyillərinin artması, çoxhakimiyyətlik kimi qorxulu siyasi “virus”un məqsədli şəkildə yayılması beynəlxalq gərginliyi artırmaqdadır. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarını qorumaq üçün çox ciddi prinsipial mövqeyə ehtiyac var. Belə bir mövqe isə yalnız Azərbaycan xalqının və dövlətinin istəklərini reallaşdırır. Məhz elə ona görə də bu mövqeyi bəyənməyənlər öz düşmənçilik niyyətlərini pərdələmək üçün siyasi oyunlara əl atırlar. Təəssüflər olsun ki, onlara bu işlərdə bəzi daxili qüvvələr də kömək edirlər. Azərbaycan Prezidenti demişdir: “Əlbəttə, antiazərbaycan qüvvələr bizə qarşı durmadan fəaliyyət göstərir. Bu barədə mən öz fikirlərimi dəfələrlə bildirmişəm. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas problem olaraq qalır. Minsk qrupuna həmsədrlik edən dövlətlərin münaqişənin həlli istiqamətində ciddi irəliləyişə nail ola bilməməsi təəssüf doğurur. Ermənistanın qeyri-konstruktiv mövqeyi, müstəqil qərar çıxarmaq iqtidarında olmaması artıq özü əlavə bir problemdir. Azərbaycan dövləti Ermənistanı bütün regional layihələrdən təcrid etməklə onu ağır iqtisadi duruma salıb. Ermənistanda xalq bu hakimiyyətin kölə vəziyyətindən, xarici qüvvələrin əlində oyuncağa çevrilməsindən cana gəlib. Ermənistan hakimiyyəti isə öz xalqının maraqlarına qarşı çıxaraq öz xarici sahiblərinin maraqlarını təmin edir. Bu isə xalqla hakimiyyət arasında böyük uçurum yaradır və bu uçurum getdikcə dərinləşməkdədir. Bütün bunlar isə Ermənistanın ekspansionist siyasətinin nəticəsidir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək: “Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur. Sadəcə olaraq qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan güllələməlidirlər, öldürməlidirlər. Yəni budur reallıq. Bu, işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb, onlar bu qiyməti ödəyəcəklər”.
Dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycanın keçdiyi yol hamar olmayıb. Dövlətçiliyimiz ciddi problemlərlə, hətta ölüm-qalım dillemması ilə üzləşib. Lakin bütün bu sınaqlardan alnıaçıq çıxıb. Yaxın keçmişə, müstəqillik tariximizə nəzər salsaq görərik ki, heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat bu problemlərin həllində həlledici rol oynamayıb. Yalnız qədim dövlətçilik ənənələrinə malik xalqımızın möhkəm iradəsi və xalq-iqtidar birliyi maneələri dəf edib, mənfur düşmənlərin aranı qarışdırmaq, qarşıdurma, xaos yaratmaq istəklərini puça çıxarıb. Prezident qeyd etdi ki, heç bir güc, heç bir fövqəldövlət bu birliyə maneçilik yarada bilməz: “Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir. Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr, əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik”.
Azərbaycan dövlətinin bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirməsi, daxili sabitlik, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qüsursuz xarici siyasət Azərbaycan dövlətinin son illərdə qazandığı çox mühüm uğurlardır. Bu uğurların təməlini isə xalq-iqtidar birliyi təşkil edir və ölkənin bundan sonra da dinamik inkişafı üçün möhkəm əsas yaradır.
Elçin VƏLİYEV,
Azərbaycan.-2015.- 19 aprel.- S. 1.