Lahıc Dövlət Tarix-Mədəniyyət
Qoruğunun təqdimatı olub
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan İrs günləri festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində aprelin 18-də Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatı keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün bütün dünyada diqqət tarixi yerlərə, abidələrə yönəldilir. Fərəhləndirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra dünya mədəni xəritəsində özünə layiq yer tutmağa nail olub. Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bir sıra tarixi yerlər və abidələr artıq bəşəriyyətin irsinə çevrilib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində tarixi abidələrin, yerlərin qorunması, onların əsasında Azərbaycanın real tarixinin yazılmasına xüsusi diqqət yetirilməkdədir. Prezidentin müvafiq sərəncamlarına əsasən ölkəmizdə bir neçə yeni qoruqlar təsis olunub, yeni tarixi məkanlar aşkarlanıb.
Ə.Qarayev Qala qoruğunun yerləşdiyi Xəzər rayonunda son illər aparılan işlər barədə danışaraq bildirib ki, bu rayonu Milli Məclisdə təmsil edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən mədəni irsimizin bərpası və qorunması istiqamətində əvəzolunmaz işlər görülüb. Bu gün Qala qoruğunda yeni bir təşəbbüsün həyata keçirildiyini söyləyən nazir bu ənənənin gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qədim Qala kəndi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə Qala qoruğunda böyük işlər aparılıb, abidələr bərpa olunub, arxeoloji-etnoqrafiq muzey kompleksi yaradılıb. 2011-ci ildə Prezidentin müvafiq sərəncamı ilə qoruq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi strukturuna daxil edilib. İdarə tərəfindən qoruq ərazisində mövcud olan 260-dan artıq abidənin öyrənilməsi və bərpası üçün işlər görülür.
S.Nuriyev bu gün keçirilən tədbirin layihə çərçivəsində ilk addım olduğunu vurğulayaraq bildirib ki, gələcəkdə qoruqların idarə olunmasında səmərəliliyin artırılması, bununla bağlı fikir mübadiləsi aparılması istiqamətində işlərimizi davam etdirəcəyik.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova rayona ötən il 96 min turistin gəldiyini diqqətə çatdıraraq vurğulayıb ki, onların 50 mini Lahıc qəsəbəsində olub. Qeyd edilib ki, Lahıcla Qala arasında milliliyin saxlanılması, qədimliyin qorunması baxımından bir çox oxşarlıqlar var.
Amerikanın ölkəmizdəki səfiri Robert Sekuta tədbirdə iştirak etməkdən məmnunluğunu söyləyərək qeyd edib ki, Qala qoruğundakı abidələrlə tanışlıqdan sonra Azərbaycanın minillik dövlətçilik tarixinin əyani şahidi oldu. Bu irsi bütün dünyaya tanıtmaq lazımdır.
Festivalda sənətkarlıq mərkəzi olan
Lahıc və Qala misgərlərinin, zərgərlərin,
xalçaçıların, həkkakların, nəqqaşların
və başqa sənət
ustalarının yaratdıqları maddi mədəniyyət
və sənətkarlıq nümunələri, milli və yerli mətbəxin
təamları və onların hazırlanma prosesi
nümayiş olunub.
Əntiq Əşyalar Muzeyinin
qarşısında Qala və Lahıc kəndlərini
əks etdirən rəsm əsərləri və fotostendlər
sərgilənib. Muğam musiqisi,
qəzəllər, Lahıc folklor qrupunun ifaları, milli rəqs
nümunələri təqdim edilib.
Azərbaycan.-2015.- 19 aprel.- S.3.