Avropa Parlamentindən konstruktiv əməkdaşlıq gözləməyə dəyməz

 

Qondarma soyqırımla bağlı qəbul edilən qətnamə

 bu təşkilatın ikiüzlü siyasətinin göstəricisidir

 

Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümumavropa anımına dair qətnamə layihəsinin müzakirəyə çıxarılıb qəbul edilməsi həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb oldu. Bu quruma qarşı başlanmış etiraz dalğası getdikcə böyüyür. Politoloqlar da hesab edirlər ki, məlum qətnamədəki tarixi həqiqətlər tamamilə yanlış formatda hazırlanıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyir ki, Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyi ədalətdən uzaqdır. Onun fikrincə, həmin qətnaməyə səs verən deputatlar Avropa Parlamentində azlıq təşkil edirlər: “Bu qətnamə Avropa Parlamentinin azlıq təşkil edən deputatlarının səyi ilə qəbul olunub. Ona görə də bu qərar ciddiyə alınmamalıdır. Bu qətnamədə tarixi həqiqətlər tamamilə yanlış formada çatdırılır”.

R.Rzayev hesab edir ki, Avropa Parlamenti, Roma Papası və digər dövlətlər belə qərarlar çıxararkən əsasları olmalıdır. Ancaq Avropa Parlamentinin qəbul etdiyi qərarda heç bir əsas yoxdur: “Çünki Türkiyə dəfələrlə bu məsələ ilə bağlı arxivlərini açmağı təklif edib. Amma haqqı, ədaləti axtarmaq, erməni siyasətinə, onların mövcud durumuna uyğun gəlmir. Ona görə də bu addımı atmırlar, lakin bu kimi hiylələrlə belə qərarların qəbul olunmasına nail olurlar”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyir ki, belə gedərsə, Avropa Parlamenti ilə normal əməkdaşlıq etmək mümkün olmayacaq: “Avropa Parlamentinin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətinin göstəricisidir. Bu fakt eyni zamanda,  xristian təəssübkeşliyini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycan və Türkiyə cəmiyyətinin bu təşkilatla normal əməkdaşlığına inamı qalmayacaq. Çünki belə qərarlarla Avropa Parlamenti normal əməkdaşlığa maraqlı olmadığını göstərir.

M.İbrahimqızının fikrincə, Roma Papasının məlum bəyanatından sonra Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi proseslərin vahid şəbəkə tərəfindən idarə olunduğunu  göstərir. Onun sözlərinə görə, əgər AP və digər Avropa qurumları ədalətlidirsə və insan haqlarının müdafiəçiləridirsə, 23 il öncə baş vermiş Xocalı soyqırımını tanımalıdırlar: “Çünki Xocalı qətliamı müasir dövrümüzdə baş veribreal faktlarla sübut olunub. Amma bunun əvəzində 100 il öncə cərəyan edən prosesləri siyasiləşdirib onu gündəmə gətirmək və “erməni soyqırımı” gününün qeyd olunmasını, tanınmasını tövsiyə etmək AP-nın yalnız siyasi məqsədlərə xidmət etməsinin göstəricisidir”.

Deputat hesab edir ki, bundan sonra da belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil. O cümlədən, Avropa  Parlamentindən də konstruktiv əməkdaşlıq gözləməyə dəyməz. Ona görə də Milli Məclisin növbəti iclaslarının birində Avropa Parlamenti ilə əməkdaşlığa yenidən baxılması məsələsi müzakirə olunmalıdır.

Deputat Qənirə Paşayeva isə düşünür ki, AP-nın qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı qərarına bütün dünyada yaşayan türklər etiraz səsini ucaltmalıdırlar: “ Dövlətlərimiz qədər Avropada yaşayan türk soylu insanlar da yaşadığı ölkələrdə bu müzakirələrə dəstək vermiş millət vəkillərinə və Avropa Parlamentinə ciddi etirazlarını bildirməlidirlər”.

Deputatın sözlərinə görə, Avropa Parlamentinin bu qərəzli qərarını heç bir türk insanı tanımayacaq və qəbul etməyəcək. Avropa Parlamenti ədalətsiz işi ilə və haqsızlığa imza atdıqlarını bir sıra Avropa ölkələri isə qondarma “erməni soyqırımı” yalanlarından öz məqsədləri üçün necə istifadə etdiklərini də bir daha göstərdilər. Onların dərin maraqlarını isə hər bir insan yaxşı bilməlidir.

Q.Paşayeva vurğuladı ki, bu yalanlara qarşı ən ciddi mübarizə yolu isə bütün dünyada gerçəkləri daha çox anlatmaqdır: “Ermənistanın, ermənilərin Qarabağda, Xocalıda törətdikləri dəhşətləri, soyqırımı türk əsilli bütün insanlar dünyaya daha çox çatdırmalı, ədalətsizliyə qarşı mübarizəni daha da genişləndirməlidirlər”.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 19 aprel.- S.4.