Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının

təminatı ilə bağlı ciddi problemlər yaşayır

 

Korrupsiya Qərb ölkələrinin rəhbər şəxsləri səviyyəsində dəstəklənir

 

Hüquq islahatlarının son on bir ildə inamla davam etdirilməsi nəticəsində respublikamız insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar isə ötən 20 ildə respublikamızda hüquqi, demokratik dövlət ideyasının reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşdığını söyləməyə ciddi əsaslar verir. Əlbəttə, müstəqil Azərbaycan bu sahədə əldə olunan müsbət nəticələrlə də kifayətlənmir, cəmiyyətin inkişaf tempinə, iqtisadi islahatların sürətinə, vətəndaşların ictimai şüur səviyyəsinə adekvat olaraq bu sahədə yeni-yeni addımlar atır.

Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəli-ləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Ölkəmizdə insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq etmişlər. Qeyd etmək yerinə düşər ki, göstərilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır. Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimi, “İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında” Avropa Konvensiyasından və “Mülkisiyasi hüquqlar haqqında” Beynəlxalq Paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir.

Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında”, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiyaya qarşı” konvensiyalarını ımzalamaqla ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmışdır.

Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edən fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Ölkə başçısının təşəbbüsü ilə məmurların ümdə vəzifəsi hesab etdiyi vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininonun tərkibində “ASAN xidmət” mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Dövlətlə vətəndaş arasında təmas əlaqə xətti olan bu qurum korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla onun əsas hədəfi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, icra müddətlərinin qısaldılması, vaxt itkisinin azaldılmasından ibarətdir. Artıq yeni dövlət qurumunun fəaliyyəti vətəndaşların daha çoxtez-tez müraciət etdiyi xidmət sahələri üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxarmış, ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “artıq bir Azərbaycan brendi”nə çevrilmişdir. Bu gün Azərbaycan standartları bir çox ölkələr üçün əsl nümunədir.

Ölkəmizdə həyata keçirilən hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən xarici antiazərbaycançı şəbəkə görülən müsbət işlərə qara yaxmaq üçün yenə də uğursuz kampaniya aparır. Həmin dairələr unudurlar ki, qərəzli iddialara, qərarlara baxmayaraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək. Bu gün Avropa ölkələrinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Korrupsiya bəzi ölkələrin rəhbər şəxsləri səviyyəsində belə dəstəklənir. Bunu faktlar da təsdiqləyir.

Bu günlərdə Almaniyanın Hannover məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub: “Bayerişer Nofhotelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin mehmanxanada yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində K.Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da, “xidməti vəzifəsindən sui-istifadə edərək qazanıb”. Almaniyanın sabiq prezidentini və həmin biznesmeni 3 ilədək azadlıqdan məhrumetmə cəzası, yaxud böyük məbləğdə pul cəriməsi gözləyir. Xatırladaq ki, K.Vulf 2012-ci ilin fevralında vəzifəsindən istefa verməyə məcbur olub.

Almaniyada Xristian Demokrat Partiyası BMV şirkətinə nəzarət edən Kvandt ailəsindən 690 min avro ianə alıb. Əvəzində Almaniya Aİ-də atmosferə atılan qazlarla bağlı kvota tətbiqinin yubadılmasına nail olub. Biberax şəhərində siçanlar üçün körpü tikilməsinə 435 min avro xərclənib. Berlində 2006-cı ildən tikilən aeroportun təhvil verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard avrodan 5,7 milyarda qalxıb. Aeroportda təkcə səliqə yaradılmasına hər ay 162 min avro xərc qoyulur.

Qeyd edək ki, Avropa ölkələrində festivallar da təşkil edilir. İspaniyanın Valensiya şəhərində XVIII əsrdən qalan bir ənənə olan “La Fallasfestivalı cari ildə maraqlı görüntülərlə yadda qalıb. Bir milyondan artıq insanın izlədiyi festivalda çilingər ustaların 1 illik əməyinin məhsulu olan 770 fərqli fiqurdan ibarət böyük kuklalar şəhərin dörd bir yanında nümayiş olunduqdan sonra yandırılmaq üçün şəhər mərkəzinə gətirilib. Festivalda siyasətçilərin, son dövrlər korrupsiya ilə bağlı gündəmdə olan şəxslərin fiqurları nümayiş olunub. İspaniya Kralı VI Filip, baş nazir Mariano Raxoy, müxalif Sosialist İşçi Partiyasının lideri Pedro Sançez, maliyyə naziri Kristobal Montoro kimi bir çox siyasətçi festivalınqəhrəmanıolub. Korrupsiyada günahlandırılan Kral VI Filipin bacısı şahzadə Kristinanın həyat yoldaşı Palma Dükü İnaki Urdanqarinin, sabiq nazirlərdən Jordi Rujol korrupsiya ilə bağlı həbsə alınan məşhur İspaniya sənətçisi İsabel Panjoyanın da fiqurları böyük maraqla qarşılanıb. Qeyd edək ki, ötən il İspaniyada 150 korrupsiya faktında 2 mindən çox şübhəlinin adı keçib. Bir çox tanınmış insanların yer aldığı bu siyahıda ən maraq doğuran Kral VI Filipin bacısı şahzadə Kristinadır. O, vergidən yayınmada ictimai fondlardan başqa məqsədlər üçün istifadədə günahlandırılır. Kataloniyanın rəhbəri olan Jordi Pujol 30 il boyunca pullarını xaricdə saxladığını etiraf edib. Korrupsiya istintaqında adı çəkilən 50-yə yaxın şəxsin məhz iqtidardakı Xalq Partiyasından olması xalqın bu partiyaya olan etibarını sarsıdıb.

Korrupsiyada adı hallanan ölkələrdən biri Belçikadır. Bu ölkənin Valoniya bölgəsinin iqtisadiyyat naziri Serge Kubla korrupsiya ilə bağlı həbs edilib. İstintaq nəticəsində aydın olub ki, Kublanın lotereya çəkilişlərinə təsir edəcək insanlara pul verərək onları satın alıb. Bununla bağlı Kublanın Konqoda lotereya oyunlarını təşkil etmək üçün sabiq lider Alfonso Muzitonun həyat yoldaşına 20 min avro verdiyi ümumilikdə 500 min avroluq bir ödəniş planlandığı iddia edilib.

Niderlandda isə hasil edilən qazın satışından əldə olunan vəsaitlər xüsusi fondlara qoyulur ki, gələcək nəsillərə saxlanılsın. Lakin bir müddət öncə həmin fondların hesabına baxış keçirilərkən aydın olub ki, yarım trilyon dollar naməlum istiqamətdə xərclənib.

Azərbaycan cəmiyyəti isə korrupsiya, rüşvətxorluq digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir antiazərbaycançı dairələrin qərəzli iddialarını birmənalı şəkildə rədd edir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 19 aprel.- S.4.