Azərbaycan aliminin yeni
elmin formalaşmasına töhfəsi
Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin şöbə müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsal
Qasımlının müəllifi olduğu “Geoiqtisadiyyat”
kitabı ingilis dilində nəşr edilmişdir. Kitab
dünya maliyyə arxitekturası, geoiqtisadi rekalibrasiya, qlobal
enerji xəritələnməsi, innovativ inkişaf, su problemləri
və s. kimi məsələlərə həsr olunmuşdur.
V.Qasımlı geoiqtisadiyyatı müstəqil elm sahəsi
kimi təqdim edir, onun tərifini, elm kimi obyekti, subyekti və
istiqamətlərini göstərir. “Geoiqtisadiyyat”a verilən
tərif isə bu sahədə dünyada indiyədək səsləndirilən
ənənəvi bəsit formulalardan üstünlüyü
ilə seçilir. V.Qasımlı ilk dəfə
olaraq geoiqtisadiyyatı Yer planetinin mərkəzindən
başlayan sonsuz konusun içərisində coğrafiya, iqtisadiyyat
və siyasətin qarşılıqlı əlaqəsi kimi nəzərdən
keçirir və yeni elmin tədqiqat istiqamətlərini
müəyyənləşdirir. Müəllif
kitabda bununla kifayətlənməmiş, həm də yeni
geoiqtisadi qanunauyğunluqları üzə
çıxarmış və onları məzmununa uyğun
adlandırmışdır. Məsələn,
geoiqtisadi irsiyyət, kəlbətin effekti, enerji qövsü,
qütb geoiqtisadiyyatı, qızıl aypara, geo-iqtisadi lift və
s. V.Qasımlı riyaziyyatdakı limit prinsipinə əsaslanaraq
sübut edir ki, tarixən materiklərdə coğrafi
baxımdan onların özlərinə ərazicə bənzəyən
dövlətlər yaranır. “Geoiqtisadi
irsiyyət” anlayışını materiklərin timsalında
həm də iqtisadi baxımdan izah edir. Beləliklə,
yeni bir geoiqtisadi qanunun sübutu üçün riyaziyyat,
coğrafiya, tarix və iqtisadiyyat elmlərinin arsenalından
istifadə edilir.
Nəzəri və praktik tərəflər bir-birilə
üzvi surətdə elə bağlanmışdır ki, kitab
tam bitkin bir əsər kimi qəbul edilə bilər. Kitabı
oxuduqca müasir qlobal siyasi-iqtisadi konyuktura gözlərimizin
önündə kəmiyyət və keyfiyyət etibarı ilə
yeni çalarlar alır. Ən böyük kontinental
imperiya olmuş monqol imperiyası və müasir dövrün
iqtisadi möcüzəsi Sinqapur şəhər-dövlətini
müqayisə etməklə V.Qasımlı izah edir ki, əslində,
təkcə torpağın ölçüsü yox, onun
üzərində qurulan iqtisadiyyat və ərazinin strateji əhəmiyyəti
də nəzərə alınmalıdır. Hazırda
Sinqapur və Monqolustanın hər vahid əraziyə ÜDM
istehsalı birincinin xeyrinə 50 min dəfə fərqlənir.
V.Qasımlı bunu “geoiqtisadi paradoks”
adlandırır və izah verir. Müəllifin
elmi cəsarəti ona imkan verir ki, artıq doqmalaşan elmi
fikirlərə qarşı çıxsın və alternativ
yol göstərsin. Məsələn,
müəllif kitabda “istehsal funksiyasını” “inkişaf
funksiyası” ilə əvəzləməyi
inandırıcı dəlillərlə sübut edir.
2014-cü ildə Fransis Fukuyama “Siyasi düzən və
siyasi tənəzzül” əsərini, Henri Kissincer isə
“Dünya qaydası” əsərini nəşr etdirdi. Vüsal
Qasımlının 2015-ci ildə işıq üzü
görən “Geoiqtisadiyyat” kitabı Fukuyama və Kissincerin qeyd
olunan əsərləri ilə həmahənglik təşkil
edir. Fukuyama və Kissincer tarixi
inkişafı daha çox siyasi və institutsional nöqteyi-nəzərdən
təhlil etdiyi halda, V.Qasımlı məsələyə
geoiqtisadi prizmadan yanaşır. 2014-2015-ci
illərdə işıq üzü görən bu
üç əsər vahid bir süjet xəttinə paralel
olaraq keçir. 2013-cü ildə Daron
Əcəmoğlu və Ceyms Robinson “Millətlər niyə
çökür” əsərilə tarixi inkişafda
institusional məsələnin nə dərəcədə
vacib olmasına aydınlıq gətirmişdilər. Beləliklə, Əcəmoğlu, Robinson, Fukuyama və
Kissincer özlərindən əvvəlki Jared Diamondun elmi
yanaşmasını tənqid edərək tarixi
inkişafın daha çox təbii deyil, institusional amillərlə
bağlı olduğunu göstərmişdilər. Vüsal Qasımlı isə daha bir addım ataraq
tarixi inkişafda geoiqtisadiyyatın nə dərəcədə
əhəmiyyətli olmasını elmi dəlillərlə
qabarda bilmişdir. V.Qasımlının
yanaşmasında daha bir yenilik təbii və institusional amilləri
sistemli olaraq bir arada götürməsidir. Gələcək araşdırmalarında müəllifin
bu elmi barışdırıcılıq missiyasını
başa çatdırması məqsədəuyğun
olardı.
Təsadüfi deyil ki, dünyanın ən
iriçaplı beyin mərkəzləri və universitetlərini
təmsil edən alimlər V.Qasımlının elmi əsərinə
yüksək qiymət vermişlər. Məsələn, ABŞ
Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının məsləhətçisi,
Hyüstondakı Rays Universitetinin professoru Ted Temzelides
bildirmişdir ki, dr.Qasımlının “Geo-iqtisadiyyat”
kitabı ümumiləşdirilmiş, ən müasir və dərin
bir əsərdir. Prof.Temzelides kitabı təkcə
akademik və siyasi dairələr deyil, həm də tələbələr
üçün məsləhət bilmişdir. Çünki amerikalı alimin fikrincə, geosiyasi
amillər və iqtisadi inkişaf arasında üzvi vəhdəti
təmin edən kitaba çox ehtiyac vardır və
V.Qasımlı bu tələbi hiss edərək
yaranmış boşluğu “Geoiqtisadiyyat” əsərilə
doldurmuşdur.
Müəllif öz kitabında təkcə iki qlobal
ideya cərəyanını deyil, həm də Azərbaycan və
dünya iqtisadi fikir məktəblərini yaxınlaşdıra
bilmişdir. Məsələn, sənaye inqilablarını
geoiqtisadi prizmadan qiymətləndirəndə V.Qasımlı
Vallerstein, Blinder, Kissincer və digər fikir nəhəngləri
ilə yanaşı, akademik Əhməd Mahmudovun iqtisadi
intensivləşdirmə haqqında araşdırmalarına da
istinad edir. Beləliklə, Azərbaycan
iqtisad məktəbində varislik prinsipini qorumaqla
yanaşı, V.Qasımlı milli və qlobal
düşüncə tərzlərini bir-birinə toxuyur və
Azərbaycan iqtisad məktəbini qlobal miqyasda layiqincə təmsil
edir. Bu yerdə xüsusi vurğulamaq
lazımdır ki, “Geoiqtisadiyyat” kitabı qlobal səviyyədə
kalibrasiya etməsinə rəğmən, müəllif
çox incə şəkildə Azərbaycanın həyata
keçirdiyi transkontinental layihələr və ərazilərin
işğalı faktını yeri gəldikcə kontekstə
uyğun şəkildə verir. Əsərdə
bir tərəfdən elmi obyektivlik, digər tərəfdən
isə vətənpərvərlik arasında “qızıl
ortanı” tapmaq mümkün olmuşdur. Xüsusən də
kitaba rəy verən ABŞ-ın nüfuzlu alimlərinin
fikrincə, V.Qasımlı enerji ilə zəngin Azərbaycan əsilli
olmasına baxmayaraq, dünya enerji xəritəsini təhlil edərkən
alim müstəqilliyini qoruya bilmişdir.
Müəllifin bu kitabda əldə etdiyi ən əsas nəticə
odur ki, dünya düzəni geoiqtisadi prizmadan - iqtisadi əlaqələr,
ticarət və investisiya üzərindən keçərək
yeni forma alır. Əslində, müəllif Fukuyamanın
“Tarixin sonu” əsərində nəzərdə tutduğu
“post-ideoloji dövr” fikri ilə səsləşən bir
yanaşma tərzi ortaya qoyur. V.Qasımlı
məsələyə təkcə qlobal deyil, həm də
elmlərin kəsişməsində yanaşır və beləliklə,
geniş manevr imkanlarına malik olur. Belə
çoxölçülü və çoxamilli yanaşma isə
böyük zəhmət, elmi erudisiya və fəhm tələb
edir. V.Qasımlının “Geoiqtisadiyyat”
kitabının üzərində illərlə işləməsi
məhz deyilənlərə sübutdur.
Dünyanın
ən güclü beyin mərkəzlərindən biri
sayılan Braziliyanın Getulio Vargas Fondunun prezidenti və
dünyada tanınmış alim dr. Carlos
Ivan Simonsen Leal “Geoiqtisadiyyat” kitabına verdiyi rəydə
yazmışdır: “Getdikcə qloballaşan dünyada
coğrafiya, iqtisadiyyat, geosiyasət, sosiologiya və mədəniyyət
bir-birilə daha çox bağlanır. Bu mənada
professor Qasımlının əsəri müasir strateqlərin
qarşılaşdıqları problemləri həll etmək
baxımından çox faydalıdır.” Həqiqətən
də, elmlərin kəsişməsində olan, həmçinin
dünən, bu gün və gələcəyi bir vəhdətdə
verən “Geo-iqtisadiyyat” kitabı dünya siyasətini və
iqtisadiyyatını yönəldən qərar qəbul edən
şəxslər üçün faydalı ola
bilər. Təsadüfi deyil ki, Çinin Çonqyanq Maliyyə
İnstitutu V.Qasımlının “Beynəlxalq maliyyə
arxitekturasına” dair yazdığı tədqiqatı
“Böyük İyirmiliyin” nəşri olan “G20 bi-weekly paper”-ə
daxil edib. Dünyanın 20 ölkəsindən
43 alimin hesabatı əsasında hazırlanan sənəd
sonda “Böyük İyirmiliyin” dövlət
başçılarına təqdim ediləcək. Beləliklə, Azərbaycan aliminin verdiyi töhfə
dünyanın siyasi olimpində qərar qəbuletmə
prosesində nəzərə alınacaq. Bu,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
ölkəmizi “Böyük İyirmilik” səviyyəsində
təmsilçiliyini təmin etməsi nəticəsində
mümkün olmuşdur. Məhz cənab
Prezidentin açdığı yol Azərbaycan alimlərini, o
cümlədən Vüsal Qasımlını da
ruhlandırmış və bu gün ölkəmizin elmi
potensialı qlobal məsələlərin həllində
yaxından iştirak etməkdədir.
“Geoiqtisadiyyat” kitabı Azərbaycan iqtisadi məktəbinin dünya səviyyəsində təmsilçiliyini uğurla həyata keçirəcək. Bu kitabın bir məziyyəti də ondadır ki, belə qlobal miqyaslı yanaşmanı ənənəvi dominant iqtisadi məktəblərin nümayəndəsi deyil, məhz Azərbaycan iqtisadi məktəbinin təmsilçisi ortaya qoymuş və mahiyyət etibarı ilə “Geoiqtisadiyyat”ı elmin müstəqil sahəsi kimi təqdim edə bilmişdir. Azərbaycan elmi ictimaiyyətinin təmsilçisi kimi Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov “Geoiqtisadiyyat” kitabının qlobal miqyasda genişspektrli dəyişiklikləri anlamaq üçün uyğun bir əsər olduğunu yazmışdır. Kitaba ABŞ, Avropa İttifaqı, Braziliya və Cənubi Koreya kimi dövlətləri təmsil edən nüfuzlu alimlər tərəfindən yüksək rəy verilməsi onun qlobal uğuruna zəmanət yaradır. Hətta London Kral məktəbinin professoru Friedbert Pflüger belə bir kitabın Azərbaycandan yayılmasını və yeni konsepsiyanın formalaşmasının xüsusi əhəmiyyətini vurğulayıb.
Elmlərin kəsişməsində sintetik yeni bir elm sahəsinin “Geoiqtisadiyyat” adı altında formalaşdırılması təkcə Azərbaycan iqtisad elminin deyil, həm də bütünlükdə respublikamızın elmi ictimaiyyətinin uğurudur. Çünki Vüsal Qasımlı “Geoiqtisadiyyat”ı müstəqil elm sahəsi kimi formalaşdırarkən iqtisad elmilə yanaşı, politologiya, tarix, riyaziyyat, fəlsəfə və s. kimi elm sahələrinə müraciət etmiş və uğurlu bir sintezə imza atmışdır. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun elmi-tədqiqat qrupunun rəhbəri dr.Jeh V.Qasımlının əsərini “yeni klassika” adlandıraraq, onu iqtisadi fikir tarixində mühüm hadisə kimi qiymətləndirmişdir.
Kitabın sanbalını artıran xüsusi bir məqamı da vurğulamaq yerinə düşər. “Geoiqtisadiyyat” kitabı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ithaf olunmuşdur. Çünki məhz Heydər Əliyev qitəmiqyaslı geoiqtisadi layihələrə rəhbərlik etmişdir. Sovet dövlətinin başçılarından biri kimi Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev, sonralar müstəqillik dövründə qitələrarası meqalayihələrin - Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin, TRASEKA layihəsinin və başqalarının - təşəbbüskarı olmuşdur. Avrasiyanı birləşdirən böyük insan - ümummilli lider Heydər Əliyevin adı dünya geoiqtisadiyyat tarixinə də qızıl hərflərlə yazılmışdır.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının rektoru, biologiya
elmləri
doktoru, professor, AMEA-nın həqiqi üzvü
Azərbaycan.-2015.- 19 aprel.- S.4.