Naxçıvan MR-də aqrar sektor intensiv
yolla inkişaf edir
2015-ci il "Kənd
təsərrüfatı ili"dir
“Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bir daha kənd
təsərrüfatının intensiv üsullarla inkişaf etdirilməsinin vacibliyinə toxunmuşdur:
“Bu il “Kənd təsərrüfatı ili”
elan edilmişdir. Bu, bizim üçün
prioritetdir. Gələcəkdə kənd təsərrüfatı,
sənaye inkişafı
bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar
aparılır. Bu gün bu barədə
məlumat verildi, həm struktur islahatları aparılır,
eyni zamanda, kənd təsərrüfatının
səmərəliyinin artırılması
üçün tədbirlər
görülür. Ərzaq təhlükəsizliyi
hər bir ölkə üçün
böyük önəm
daşıyır”. Bu baxımdan Azərbaycanda,
o cümlədən Naxçıvan
MR-də kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması,
ərzaq təhlükəsizliyinin
təmin edilməsi məqsədilə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir, alimlərimizin tədqiqatları və müasir dünya təcrübəsi uğurla
tətbiq edilir.
Kənd təsərrüfatının inkişafında,
aqrar elmin dili ilə desək,
əsasən iki - ekstensiv və intensiv üsullardan istifadə edilir. Birinci halda
əkinçilik və
heyvandarlıq məhsullarının
istehsalının artırılması
daha çox əkin sahələrinin dövriyyəyə cəlb
edilməsi və mal-qaranın sayının artırılması hesabına
təmin olunur. Muxtar respublikanın elə də böyük torpaq ehtiyatlarının olmadığını, dövlətin
aqrar siyasətini və müasir dünya təcrübəsini
nəzərə alsaq,
intensiv inkişaf yolunun daha perspektivli
olduğunu görərik.
Məhz buna görə Naxçıvan MR-də
son illər kənd təsərrüfatının sözügedən
istiqamətdə inkişafına
təkan verən üsullar ön plana keçir. Bu da təbii
ki, səbəbsiz deyil. Çünki məhz bu metodun tətbiqi sayəsində əkinə
əlavə torpaq sahələri cəlb edilmədən, mal-qaranın
sayı artırılmadan
hektarın məhsuldarlığını,
hər baş inəkdən sağılan
südün miqdarını
və ətlik mal-qaranın orta çəkisini daha asan və tez
müddətdə artırmaq
mümkündür.
Aqrar sektorun intensiv inkişafı üç əsas amilə söykənir. Birincisi, kənd
təsərrüfatında mexanikləşdirilmənin geniş
tətbiqi, ikincisi, dərman, herbisid və gübrələrdən
daha geniş istifadə, üçüncüsü
isə meliorativ tədbirlərin həyata
keçirilməsidir. Eyni zamanda istehsalın təmərküzləşdirilməsi və maddi stimullaşdırmanın
tətbiqini də bura aid etmək olar. Həm müasir dünya
təcrübəsi, həm
də aqrar elmin nailiyyətləri belə qənaətə gəlməyə əsas verir ki, intensiv
inkişaf üsullarının
geniş tətbiqi əkinçilik və heyvandarlıq məhsulları
istehsalının artmasında
mühüm rol oynayır.
2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafında mühüm uğurlar qazanılmışdır. Onu demək kifayətdir ki, son 10 ildə muxtar respublikada kənd təsərrüfatı
məhsullarının ümumi
istehsalı 4,6 dəfə artmışdır.
Əkinçilik və
heyvandarlıq sahələrinin
texniki təminatında
da son illər çox iş
görülmüş və
ciddi əməli addımlar atılmışdır.
Muxtar respublikada 2005-ci ildə yaradılmış “Naxçıvan
Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyəti
regionun kənd təsərrüfatının texnika,
avadanlıq və mexanizmlərlə təmin
edilməsində aparıcı
rol oynayır. Bugünədək ASC-nin xətti
ilə muxtar respublikaya 15 növdən çox 260 kənd təsərrüfatı texnikası
gətirilmiş və
onun çox hissəsi lizinq yolu ilə məhsul
istehsalçılarına satılmışdır.
“Naxçıvan Aqrolizinq” eyni zamanda fermerlərə verilən avadanlıq, maşın və mexanizmlərin səmərəli
tətbiqinə diqqət
yetirir, sahibkarları vaxtlı-vaxtında ehtiyat
hissələri ilə
təmin edir, lazım gəldikdə istismarla bağlı tövsiyə və dəstəyini əsirgəmir.
Muxtar respublikada
kənd təsərrüfatının
intensivləşdirilməsində vacib rol oynayan
ikinci amilə - istehsalın kimyalaşdırılmasına,
mineral gübrələrdən istifadə edilməsinə,
zərərvericilərə qarşı mübarizə
tədbirlərinə də
ciddi əhəmiyyət
verilir. Yerli gübrələrdən savayı,
təkcə 2014-cü ildə
regiona 3867,3 ton mineral gübrə gətirilərək
torpaq sahiblərinə
güzəştli qiymətlərlə
satılmışdır. Eyni zamanda
Naxçıvan MR Kənd
Təsərrüfatı Nazirliyinin
mütəxəssisləri fermerlərə və sahibkarlara aqrar sektorun intensiv inkişaf metodlarını
ətraflı izah edir, torpağın məhsuldarlığını artırmağın müasir
üsullarını öyrədir,
tövsiyələrini verirlər.
Aqrar sektorun intensiv inkişafında üçüncü amilə
- torpaqların meliorasiyası,
irriqasiyasına da muxtar respublikada xüsusi önəm verilir. Suvarma sistemlərinin təkmilləşdirilməsi,
suvarma suyundan səmərəli istifadə
daim diqqət mərkəzində saxlanılır,
əhalinin içməli,
fermerlərin suvarma suyuna olan tələbatı
tam ödənilir. Bircə onu
demək kifayətdir ki, son illər regionda 100 nasos stansiyası, 700-dən çox
subartezian quyusu, 30-dan çox göl yaradılmış və
su anbarları istifadəyə verilmişdir.
Həmçinin 9 kəhriz bərpa
olunmuş, torpaqların
şorlanmasının qarşısını
almaq məqsədilə
22 kilometr uzunluğunda
drenaj sistemi yaradılmış və
digər müvafiq təbirlər həyata keçirilmişdir. Keçən
il Uzunoba
su anbarı yenidən qurulmuş, 2 nasos stansiyası tikilib istifadəyə verilmişdir. Ölkənin
bir sıra iqtisadi rayonlarında olduğu kimi, Naxçıvan MR-də də subartezian quyularının sayını
artırmaq məqsədilə
2015-ci il üçün 2 milyon manat vəsait ayrılmışdır. Muxtar respublikada
həmçinin torpaqların
mühafizəsinə xüsusi
diqqət yetirilir.
Belə ki, əkin üçün
yararlı torpaq sahələrində yaşayış
evlərinin, müəssisə
və digər obyektlərin tikilməsinə
yol verilmir.
İntensivləşdirmə eyni zamanda kənd təsərrüfatında istehsalın təmərküzləşməsini, yəni iri istehsal sahələrinin yaradılmasını şərtləndirir. Bu, əsas istehsal vasitəsi olan torpağın, işçi qüvvəsinin daha yüksək səmərəliyinə nail olmaq üçün iri kənd təsərrüfatı müəssisələrində cəmləşməsini nəzərdə tutur. Məsələn, artıq Azərbaycanda taxıl istehsalı üzrə iri fermer təsərrüfatları yaradılmış və onlarda hər hektarın məhsuldarlığı 55 sentnerə çatmışdır.
Muxtar respublikada da kənd təsərrüfatı istehsalının intensiv metodlarla inkişafı istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr qazanmağa imkan vermişdir. Belə ki, 2014-cü ildə 35 min hektar sahədən 103,7 min ton ərzaq buğdası götürülmüş, regionun tələbatı yerli istehsal hesabına ödənilmişdir. Kənd təsərrüfatı məhsullarını uzun müddət keyfiyyətli saxlamaq üçün ümumi tutumu 39,2 min ton olan iki anbar istifadəyə verilmişdir. Belə anbarların və soyuducuların ümumi sayı indi 20-dən çoxdur.
Keyfiyyətli buğda toxumlarının yetişdirilməsi üçün 2 min hektar sahə ayrılmış və yeni toxumçuluq kompleksinin tikintisinə start verilmişdir. Eyni zamanda ayrı-ayrı fermer təsərrüfatları taxıl toxumu üzrə ixtisaslaşmağa başlamışdır. Digər sahələr üzrə də əsaslı nailiyyətlər qazanılmışdır.
Regionda heyvandarlığın inkişafı sayəsində mal-qaranın ümumi sayı artmaqla yanaşı, mal-qaranın cins tərkibi də xeyli yaxşılaşmışdır. Son illər 1678 baş cins mal-qara gətirilərək əhaliyə satılmışdır. Yalnız ötən il 4 yeni quşçuluq təsərrüfatı istifadəyə verilmişdir. Artıq 64 quşçuluq təsərrüfatı əhalinin quş ətinə olan tələbatını ödəmək gücünə qadirdir. Regionda arıçılıq təsərrüfatının inkişafına da diqqət yetirilir. Keçən il yeni arıçılıq təsərrüfatlarının sayının artırılması üçün əhaliyə verilən 534 min manat kredit muxtar respublikada arı ailələrinin sayını nəzərəçarpacaq dərəcədə artırmışdır.
Ən vacibi odur ki, muxtar respublikanın yerli hakimiyyət orqanları kənd təsərrüfatının bütün istiqamətlərdə intensiv metodlarla inkişafı üçün müasir dünya təcrübəsindən və aqrar biliklərdən uğurla istifadə edir, yüksək nəticələrin əldə olunması üçün fermerlərə, sahibkarlara maddi və mənəvi dəstək verir, onların maariflənməsi, qabaqcıl təcrübəyə yiyələnməsi üçün vacib olan tədbirləri həyata keçirirlər.
Asif ŞİRƏLİYEV,
Naxçıvan Dövlət Universitetinin
professoru,
iqtisad elmləri
doktoru
Azərbaycan.-2015.-
19 aprel.- S.5.