Arxa cəbhənin qəhrəmanları əsasən qadınlar idi

 

Müharibə! Bu kəlmənin tələffüzü belə insanda xoş olmayan hisslər oyadır. Bəşəriyyətin ümumi dərdi olan müharibələr həmişə dəhşət saçmış, faciəyə çevrilmiş və kütləvi ölümlər gətirmişlər. 1941-1945-ci illərdə baş vermiş qanlı-qadalı Böyük Vətən müharibəsi keçmiş sovetlər ittifaqına daxil olan bütün respublikaların xalqları kimi, Azərbaycan xalqının tarixində də öz sağalmaz izlərini qoymuşdur. Hərbi əməliyyatların keçirildiyi torpaqlardan uzaqda yerləşsə də, Azərbaycan müharibənin acılarını yaxından yaşayıb, çətinliklərini, əzablarını görüb.

O illərdə bütün Azərbaycan döyüşürdü. Əvvəla, oğullarımız könüllü olaraq cəbhədə düşmənlə üz-üzə dayanıb qəhrəmanlıq göstərirdilər. İkincisi, sovet ölkəsinin hərbi təyyarələri, tankları və topları Bakı nefti ilə “qidalanırdı”. Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Nəhayət, Azərbaycan arxa cəbhədə də döyüşürdü. Qan-qada ilə əlbəyaxa olan igidləri əmək meydanında onların anaları, bacıları, həyat yoldaşları əvəz edirdi. Hətta qocalar da, yeniyetmə oğlan və qızlar da işləyirdi. “Hər şey cəbhə üçün, hər şey Qələbə üçün!” şüarı həyat amalına çevrilmişdi. O illərdə respublikanın müəssisələrində və kolxozlarında çalışanların təxminən 70 faizi qadın idi.

Anam - Cəmilə Heydər qızı Bağırova da bu cərgədə idi.

...1929-cu ilin dekabrında anadan olub. Babam Heydər Nurməmməd oğlu uzun illər Xalq Daxili İşlər Komissarlığında çalışmışdı. Bundan əvvəl, yəni sovet hakimiyyəti qurulmazdan qabaq isə Mərdəkan, Şağan ərazilərində qorodovoy işləmişdi.

Anamın anası Gülgəz xanım evdar qadın idi. Yaşı 75-i ötəndə də üzünün cizgiləri cavanlıqda gözəl olduğundan xəbər verirdi. Nənəmin səliqə-sahmanına söz ola bilməzdi... Deyirlər, cavanlıqda bambaşqa imiş - deyib-gülən, şən. Balalarına şirin, nikbin laylalar deyərmiş. Çoxlu bayatı və şeir bilirmiş, dastanlar danışarmış.

Oğlu Mustafanın dünyadan nakam köçməsi, 29 yaşında vəfat etməsi nənəmi mənən sındırmışdı. O, canlı bir kölgəyə dönmüş, səsi-səmiri kəsilmişdi.

Böyük Vətən müharibəsindən əvvəl bütün insanlar kimi bu ailə də 30-cu illərin ağır, vahiməli ab-havasını yaşamışdı. Hər gün neçə qapı döyülür, neçə ev müsadirə olunur, neçə-neçə günahsız insan sürgünə göndərilir, güllələnirdi. 1937-ci ildə anamın səkkiz yaşı vardı. Amma o dövrün dəhşətlərini görmüşdü, dərk etmişdi və indi də unuda bilmir.

Stalin kabusu beyinlərdə və ürəklərdə çox dərin izlər buraxmışdı. O izləri sözlə təsvir etmək mümkün deyildi. Anam elə dəhşətlərdən danışırdı ki... Onların evi Daxili İşlər Komissarlığı ilə üzbəüzdə yerləşirdi. Ev həmin binanın pəncərələrinə baxırdı. Oradan gələn tükürpədən səslər, bağırtılar, sızıltılar, ah-nalələr hamının bağrını yarırdı. Həmin dəhşətli səslər ömürlük anamın qulaqlarında qalıb və həmişə onun qəlbini titrədir...

Bəli, anamın uşaqlığına o illərin kədəri dolmuşdu. Sonra da ki müharibə...

13 yaşından çətin əməyə qatlaşan, ətrafda aclıq, yoxsulluq, səfalət görən anamın həyatın bu keşməkeşlərində bir tərəfdən iradəsi möhkəmlənmiş, xarakteri formalaşmış, digər tərəfdən ürəyi ipəyə dönmüş, hissləri kövrəkləşmişdi.

Hələ yetkinlik yaşına çatmamış insanın üç-dörd növbə fasiləsiz işləməsi nə deməkdir?! Özü də bir qarın ac - bir qarın tox. İşdən çıxanda da hospitala gedirdi, orada yaralı əsgərlərə şəfa verən həkimlərə kömək edirdi. O əsgərlərin hər biri ona qanlı cəbhələrdə döyüşən əziz qardaşı Əlisəfanı xatırladırdı.

Həmin illərin çətinlikləri insanları bir-birinə daha da yaxınlaşdırmış, doğmalaşdırmışdı. Tutuxanım adlı bir qadın oğlu əsgərlikdən qayıdanacan anamgillə birlikdə qalmışdı. Onlarla bir binada, ikinci mərtəbədə yaşayan doktor Əbülfəs Qarayevin həyat yoldaşı Sona xanım köməksizlərə həmişə əl tuturdu. Anam da bu xanımın xeyirxahlığını bilərək onun yanına neçə dəfə xəstə uşaqları aparmışdı, müalicə etdirmişdi. Bir sözlə, kimin əlindən nə gəlirdisə, onu edirdi. Elə bil uşaqlar da vaxtından əvvəl böyümüşdülər. O cümlədən, anam Cəmilə xanım da.

Müharibə başlayanda anamın böyük qardaşı Əlisəfa könüllülər sırasında cəbhəyə yola düşür. Oxuduqları 190 nömrəli məktəb hospitala çevrildiyindən anamın və kiçik qardaşı Mustafanın (dayımın) təhsili yarımçıq qalır. O zaman 16 yaşında olan kiçik dayım çörək sexlərinin birində işə düzəlir. Lakin çörək maşınına basqın edənlər tərəfindən vəhşicəsinə döyülür. Aldığı zərbələrdən epilepsiya xəstəliyinə tutulur. Oğlunun başına gələn hadisədən sarsılan babam Heydər kişi beyin iflici keçirib yatağa düşür. Beləcə, müharibə bu ailəyə həm mənəvi, həm fiziki, həm də maddi zərbələr vurur. Anamın o günləri xatırlayaraq danışdıqları həm nağıla, həm kədərli tarixi əsərə bənzəyir.

...Onların yaşadıqları binada “Hacının arvadı” kimi tanınan qonşuları Hüsniyyə xanım trikotaj fabrikinin müdiri işləyirdi. 13 yaşlı Cəmilə onun köməyi ilə işə düzəlir. Hərbi vəziyyətlə əlaqədar müəssisə məhsullarının təyinatını dəyişmişdi. Burada əsgərlər üçün papaq, şərflər, əlcəklər, corablar toxunur və alt paltarı buraxılırdı.

Adi iş günlərinin birində Cəmilə burada çalışan bir neçə erməni qadınının özünü çox şübhəli apardığını müşahidə edir. Görür ki, bu erməni qadınları yan otaqların birində parça materiallarını səliqə ilə bellərinə sarıyırlar. O dəqiqə başa düşür ki, oğurluq edirlər. Özü də belə bir çətin zamanda...

O vaxtlar işdən çıxıb evə gedən qadınların üst-başları və çantaları yoxlanılırdı. Növbə erməni qadınlarına çatır. Onlar ilk baxışdan heç bir şübhə oyatmadığı üçün gözətçi qapını açıb həmin ermənilərin bayıra çıxıb getməsinə mane olmur. Cəmilə isə inadla həmin işçilərin yoxlanılmasını tələb edir. Erməni qadınlarının çirkin əməllərinin üstü açılır.

Cəmilə xanımın bu hərəkəti hamı tərəfindən rəğbətlə qarşılanır və layiqincə qiymətləndirilir. 1945-ci il iyunun 6-da SSRİ Ali Soveti Rəyasət Heyətinin əmri ilə Bağırova Cəmilə Heydər qızı “1941-1945-ci illər Böyük Vətən müharibəsində göstərdiyi şanlı əməyə görə” medalı ilə təltif olunur.

İndi Cəmilə xanım o günləri tez-tez xatırlayır. Xeyli medalı var. Ömrünün 86-cı baharını yaşayan ağbirçək anamız tarixi Qələbənin 70 illiyində yenə də hörmətlə yada düşəcəyinə və növbəti medalla təltif olunacağına əmindir.

Müharibənin başa çatdığı gündən 70 il keçir. Lakin bu gün də Azərbaycanda elə bir ailə tapmaq çətindir ki, orada onun acıları nəsildən-nəslə keçərək yaşanmasın.

Bəli, müharibə anamın ailəsinin salnaməsindən, onun özünün taleyindən də yan keçməmişdi. Əmisinin oğlu Ələsgər davadan geriyə dönməmişdi, onun itkin düşməsi xəbəri verilmişdi. Ələsgərin anası Mələknisə xanım 96 yaşınadək gözlərini yollardan çəkməmişdi, bu həsrətlə də dünyasını dəyişmişdi. Müharibə anamın qardaşı Mustafaya ağır, fiziki zərbə endirmişdi. Atası Heydər kişiyə dərin mənəvi yara vurmuş və oğlu dünyadan köçəndən heç 40 gün keçməmiş atanın ürəyinin döyüntüsü dayanmışdı.

Müharibənin insanlara vurduğu yaralar bir-birinə bənzəmirdi. Kimini şikəst etmiş, kiminin əzizini gedər-gəlməzə aparmış, kiminin ailəsini dağıtmışdı... Hər gün gələn saysız-hesabsız “qara kağız”lar ümidləri puç edirdi. Anamın yaddaşında həyətlərində yaşayan bir qadının da taleyinin acı olayları qalıb. Belə ki, onun ərini cəbhəyə göndərirlər. Qadın altı uşaqla köməksiz qalır. Bu az imiş kimi, günlərin birində kişinin həlak olması barədə “qara kağız” gəlir. Uşaqları aclıq və ölümdən xilas etmək üçün ana bir həkimin evində işləməyə başlayır. Həmin həkimin qohumu, yaşlı bir kişi ona evlilik təklif edir. Cavan qadın qəlbi və vicdanı ilə təkbətək qalaraq çox düşünüb-daşınır. Nəhayət, yenə də övladlarının böyüməsi, yaşaması xatirinə kişiyə ərə getməyə razılıq verir. Ailənin güzəranı nisbətən düzəlir, uşaqlar bir qarın çörək, əyin-baş tapırlar.

Müharibə qurtarandan bir neçə ay sonra isə uşaqların öz atası gəlir. Ailə indi də belə bir faciə yaşayır, yenidən paramparça olur.

“Müharibənin bax, bu cür amansızlıqları, zərbələri var” - deyir anam. Hər dəfə də danışandan sonra dərin fikrə gedir. Şübhəsiz ki, daha nələri isə yadına salır.

Müharibədən sonrakı illərdə də çətinliklər çox idi. İnsanlar Qələbəyə görə sevinsələr də, geriyə dönməyənlərin nisgili evlərə, ailələrə kədər gətirmişdi. Kasıbçılıq, yoxsulluq idi. Ölkə belə ağır müharibədən sonra hələ özünə gələ bilməmişdi.

Müharibənin insanlara gətirdiyi bəlalardan biri də döyüşçülərin cəbhədə almış olduğu yaralar idi. Çoxları ordu sıralarından, necə deyərlər, yarımcan qayıtmışdı. Əlsiz kim, ayaqsız kim, bədənində qəlpə gəzdirən kim... Kontuziya alanların vəziyyəti daha ağır idi. Gördükləri ölüm və qanlar, keçirdikləri streslər, aldıqları fiziki və mənəvi zərbələr onlara gecə-gündüz əzab verirdi. Bir çoxlarının əsəbləri yerində deyildi. Müalicə müəssisələri, bərpa mərkəzləri hələ onların heç də hamısını diqqət və qayğı ilə əhatə edə bilmirdi.

Bir sözlə, problem çox idi. Geriyə dönmüş əsgərləri müalicə etmək, onları işə düzəltmək, dinləmək, hərtərəfli qayğı ilə əhatə etmək lazım idi. Müharibə elə dağıdıcı “işlər görmüşdü” ki, birdən-birə hər sahədə qayda yaratmaq, o cümlədən müharibə iştirakçılarına lazımınca diqqət ayırmaq alınmırdı. Odur ki, onların bəzilərinin əsəbləri lap gərginləşirdi, hətta özünə qəsd etmək fikrinə düşənlər də olurdu.

Bütün Azərbaycan qızlarına müyəssər olan qardaş sevgisi anamın da ürəyində dərin kök atıb. Qardaşlarını itirdiyi vaxtlardan indi artıq onilliklər keçsə də, onları xatırlayanda dərindən köks ötürür, kədərsiz danışa bilmir.

- Əlisəfa yaşca məndən böyük idi. 1923-cü ildə anadan olmuşdu. Bakıdakı 190 nömrəli orta məktəbi bitirmişdi. Bitirmişdi deyəndə ki, elə buraxılış imtahanlarını verən kimi cəbhəyə getmək üçün ərizə yazıb könüllülər sırasına qoşulmuşdu. Anam gedib məktəbdən onun attestatını götürəndə Əlisəfanın özü artıq ordu sıralarında idi. Allah Əlisəfaya hərtərəfli qabiliyyət vermişdi, harada olsa fərasəti özünü göstərirdi. Bəlkə elə buna görə də dava qurtarandan sonra sovet ölkəsinin ən uzaq yerlərində işlədi, xidmət etdi. Gözümüz yolda idi. Nəhayət, 1963-cü ildə Bakıya gəldi. Mayor rütbəsində idi. Sonra yenə də hərbi sahədə çalışdı, polkovnik-leytenant rütbəsinə çatdı. İşləyə-işləyə təzədən yenə də oxudu, o vaxt Politexnik İnstitutu deyirdilər, bax oranı qurtardı. Hərbidən istefaya çıxandan sonra istehsalatda çalışdı, çörək zavodunda baş mühəndis, direktor işlədi. Amma ömrü gödək oldu qardaşımın. Ürəyimdəki sağalmaz yaralardan biri Əlisəfa, biri də Mustafa itkisidir. Müharibənin ağır günlərində Mustafanın çörək sexində işləməsi ailəmizi aclıqdan qoruyurdu. Təəssüf ki, Mustafanın taleyi yaxşı olmadı. Quldurların ona hücumu bizə çox baha başa gəldi. O cür gözəl oğulu, qardaşı vaxtından əvvəl itirdik. Günahkar kim idi? Yenə də müharibə...

Anam tale yollarında müharibəni görmüş, onun dəhşətlərini çiyinlərində daşımış, döyüşmüş, yaralanmış, lakin qismətinə hələ yaşamaq düşmüş bir insanla - atamla, Əbdül Zeynalovla rastlaşmışdı.

Atam müharibədə əvvəlcə 223-cü Azərbaycan, sonra isə 416-cı Taqanroq atıcı diviziyalarının tərkibində döyüşmüş, Berlinədək şərəfli yol keçmişdi. “Qırmızı bayraq”, “Qırmızı Ulduz”, Suvorov ordenlərinə və medallara layiq görülmüşdü.

Onlar 1948-ci ildə evlənmişdilər. Evimiz həmişə qonaqlı-qaralı olurdu. Hər il Qələbə günü münasibətilə düzənlənən məclislərin, açılan süfrələrin isə əvəzi olmazdı.

Kimlər gəlməyib bizim evə?! Atamın dostlarının əksəriyyəti İkinci Dünya müharibəsinin odunu-alovunu görmüş keçmiş döyüşçülər idi. Atam onları sevir və qiymətləndirirdi. Onların sırasında general-leytenant F.Bokov, general-mayor D.Sızranov, general-mayor M.Quliyev kimi yüksək rütbəli zabitlər, Azərbaycanın Ziya Bünyadov, Bahəddin Mirzəyev kimi igid oğulları - Sovet İttifaqı Qəhrəmanları, polkovniklər Rəşid Məcidov, Aslan Vəzirov, Mehdi Məmmədov, V.Şvitko, D.Dünyamalıyev, M.Babayev, R.Zeynalov, S.Lebedev və başqaları kimi hünərvər insanlar vardı. Əbdül Zeynalov da onlar üçün çox əziz bir dost idi.

Atamı tez itirdik. 56 yaşı hələ tamam olmamışdı. Bu, anam üçün də, biz övladları üçün də ağır itki idi. Bəlkə də bu itkinin ağırlığını sözlə ifadə edə bilmərəm... Yaxşı ki, anam vardı! Həyatın keşməkeşlərindən adlamış, möhkəmlənmiş, mətinləşmiş anam. Ata itkisinin acılarını o, yüngülləşdirirdi, hər birimizə həmdəm, həyan olurdu. Onun nəfəsində atamın nəfəsini duyub təsəlli tapırdıq. Biz anama ömür boyu borcluyuq.

Yenə xəyalən gənclik illərinə qayıdıram. Bağ evimizin eyvanı dənizə “baxırdı”. Sahildə isə qollu-budaqlı bir ağac - nəhəng palıd ağacı vardı. Kim bilir neçə yaşında idi?! Diqqətimi həmişə cəlb edirdi. Bağda olanda eyvana çıxıb o ağaca saatlarla baxırdım.

Həmin ağac yenə də yerindədir. İndinin özündə də ata ocağına gedəndə köhnə vərdişim yadıma düşür...

Palıdın gövdəsindən pöhrələnib boy atmış kiçik ağaclar ona möhkəm sarılmışlar. Yağışda-qarda da, çovğunda, dəli küləklər tüğyan edəndə də, yayın hər tərəfi yandıran istisində də qoca palıd özünün gen qol-budağı ilə onları sinəsinə sıxıb qoruyur. Pöhrələrinə heç nə, heç kim toxuna bilmir. Bax, bu, eynən mənim anamdır. Ömrünün 86-cı baharını yaşayan Cəmilə Heydər qızı...

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 19 aprel.- S.7.