Beynəlxalq simpozium keçirilmişdir

 

Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən Dəniz Universitetində  türk-erməni münasibətləri ilə bağlı beynəlxalq simpozium keçirilmişdir.  Simpoziumda Türkiyə, Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan, Qırğızıstan, Bolqarıstan və digər ölkələrdən alimlər iştirak edirdilər.

Simpozium  iştirakçıları türk-erməni münasibətlərinin müxtəlif sahələri haqqında çıxış etdilər. Osmanlı dönəmində ermənilərin Türkiyədə rahat yaşamalarını dilə gətirdilər. Tarixçilər Azərbaycanın əzəli  torpaqları olan Dağlıq Qarabağ bölgəsində, xüsusilə Xocalı şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıdan söhbət açdılar.

Azərbaycandan gələn nümayəndə heyəti üzvlərindən professor Tofiq Mustafazadə, Əbülfəz Amanoğlu, İsmayıl Hacıyev, Tamilla Abbasxanlı, dosent Fəridə Əliyeva və Namiq Muradov ətraflı çıxış edərək ermənilərin Cənubi Qafqaza ayaq açdıqları ilk günlərdən Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq üçün daima soyqırımı siyasətini həyata keçirdiklərini bildiriblər. Tarixi olaylarkonkret faktlarla fikirlərini simpozium iştirakçılarına çatdıran alimlər ermənilərin son olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmələrini, habelə Azərbaycanla, Gürcüstanla həmsərhəd ərazilərdə törətdikləri ağlagəlməz vəhşilikləri dilə gətirdilər. Professor Tamilla Abbasxanlı çıxışında Azərbaycan mediasında, xüsusilə “Azərbaycan” qəzetində ermənilərin  azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında tarixçi alimlərin, jurnalistlərin yazdığı məqalələr haqqında ətraflı məlumat verdi.

Yaxın qonşuları olan azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlər  hər kəsin diqqətini çəkdi. Simpozium iştirakçıları professor T.Mustafazadənin Türkiyə türkcəsində nəfis şəkildə nəşr edilmişQarabağ tarixi” kitabına böyük maraq göstərdilər. Naxçıvan Dövlət Universitetinin professoru Əbülfəz Amanoğlu Naxçıvanda erməni işğalçılarına qarşı mübarizə və bunun ədəbiyyatda əksi,  AMEA-nın Tarix İnstitutunun əməkdaşı dosent R.Əliyeva 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıdan, dosent Cavid Qasımov isə XX əsrin əvvəllərində ermənilərin Azərbaycanda silahlı dəstələr yaratmasından söhbət açdılar. Sonra Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınmış “Xocalı harayı” adlı qısametrajlı filmə baxış keçirildi.

Sonda Dəniz Universitetinin rektoru professor İsrafil Kurtcəphə çıxış edərək simpozium iştirakçılarına təşəkkür etdi, Azərbaycandan gələn alimlərin çıxışları haqqında dəyərli fikirlər söyləyərək bildirdi ki, Türkiyədə və Azərbaycanda insanlar hər zaman qonşuları ilə sülhdostluq şəraitində yaşamaq istəyirlər. Ancaq ermənilər bir zamanlar onlara qucaq açan Azərbaycan xalqına qarşı haqsızlıq etdilər, beynəlxalq qanunlara zidd olaraq Dağlıq Qarabağı işğal etdilər. Azərbaycan Prezidenti İlham Əliyev bu problemin sülh yolu ilə həll olunmasına çalışır. İnanırıq ki, Qarabağ tezliklə işğaldan azad olunacaq, o torpağın əbədi və əzəli sahibləri olan azərbaycanlılar yenidən öz dədə-baba yurdlarına qayıdacaqlar.

Simpozium iştirakçıları  Azərbaycanın işğaldan azad olunacağına və onun səmasında üçrəngi Azərbaycan bayrağının dalgalanacağına əmin olduqlarını bildirdilər.

 

Tamilla ƏLİYEVA,

“Azərbaycan” qəzetinin Türkiyə təmsilçisi

Azərbaycan.-2015.- 19 aprel.- S.8.