Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi sistemində fəaliyyət
göstərən elmi tədqiqat müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Yeni mərhələdə aqrar siyasətin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Aqrar Elm Mərkəzində, onun regional bölmələrində və elmi tədqiqat institutlarında aqrar elmin müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatların səmərəliliyinin artırılması üçün son vaxtlar məqsədyönlü tədbirlər həyata keçirilir, yeni bitki və toxum sortlarının yetişdirilməsi və yayılması prioritet məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Bu baxımdan, aqrar elmin keyfiyyətcə yeni mərhələyə keçirilməsinin təmin edilməsi, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel
2015-ci il
Azərbaycan.-2015.-
18 aprel.- S. 1.