Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin
Hərbi Akademiyasının
NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 17
aprel tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1.
Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 20 fevral tarixli 107 nömrəli
Fərmanına əsasən yaradılmış Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Hərbi
Akademiyası (bundan sonra - Akademiya) ali və əlavə təhsil
proqramlarını, ali təhsilin magistratura və adyunktura
(doktorantura) səviyyələrində kadr
hazırlığını həyata keçirən,
fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı
dövlət ali təhsil müəssisəsidir.
1.2.
Akademiya hüquqi şəxsdir, onun müstəqil balansı,
istifadəsində olan dövlət əmlakı, o cümlədən
hərbi əmlak, xəzinə və bank hesabları, üzərində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə
Nazirliyi) və öz adı həkk olunmuş
möhürü, ştampları və blankları vardır.
1.3.
Akademiyanın fəaliyyətinin əsas məqsədi Azərbaycan
Respublikası Silahlı Qüvvələri üçün
xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli
zabit kadrları hazırlamaq və hərbi elmlər sahəsində
elmi tədqiqat işlərinin aparılmasını təşkil
etməkdir.
1.4. Akademiya
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin normativ hüquqi
aktlarını, Müdafiə Nazirliyinin kollegiyasının qərarlarını,
Azərbaycan Respublikası müdafiə nazirinin əmr və
sərəncamlarını, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və
bu Nizamnaməni rəhbər tutur.
1.5.
Akademiyanın fəaliyyətinə xüsusi razılıq
(lisenziya) verilməsi və Akademiyanın akkreditasiyası “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun
olaraq həyata keçirilir.
1.6.
Akademiya dövlət orqanları və digər dövlətlərin
müvafiq qurumları ilə əməkdaşlıq şəraitində
fəaliyyət göstərir.
1.7.
Akademiya “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik və
“Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq maliyyə
hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri
barədə Müdafiə Nazirliyinə hesabat verir.
1.8. Akademiya Bakı şəhərində yerləşir.
2.
Akademiyanın fəaliyyətinin əsas istiqamətləri
2.1.
Akademiyanın fəaliyyətinin əsas istiqamətləri tədris,
təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat
işlərindən ibarətdir.
2.2. Tədris
işi hərbi-nəzəri və hərbi-praktiki biliklərə
yiyələnmiş, intellektual təfəkkürə malik, əməliyyat-strateji
və əməliyyat-taktiki səviyyələrdə hərbi
idarəetmə orqanlarında komanda, qərargah və digər
vəzifələrdə xidmət etmək üçün ali hərbi təhsilli zabit kadrlar
hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini
həyata keçirməkdən, kurs və diplom işlərinə,
təcrübi məşğələlərə rəhbərlik
etməkdən ibarətdir.
2.3. Təlim-tərbiyə
işi şəxsiyyətin formalaşması
üçün mütəşəkkil təşkil
olunmuş məqsədyönlü prosesdir və hərbi vətənpərvərlik,
mənəvi-əxlaqi, estetik, hüquqi və fiziki tərbiyə
məsələlərinin həllinə kompleks yanaşma əsasında
tədris prosesi ilə birgə aparılır. Təlim-tərbiyə
işinin mahiyyəti aşağıdakılardan ibarətdir:
2.3.1 dəyişən heyətə vətənpərvərlik
hissləri aşılamaq, onları Azərbaycan
Respublikasının Konstitusiyasına, qanunlarına və digər
qanunvericilik aktlarına, insan və vətəndaş hüquq
və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;
2.3.2. dəyişən heyətə dövlətə,
xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə
məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat,
mətinlik, fiziki dözümlülük və hərbi
peşəkarlıq keyfiyyətlərini aşılamaq;
2.3.3. dəyişən heyətin hərbi
nizam-intizamını, döyüş
hazırlığını təmin etmək;
2.3.4. dəyişən heyətin milli və ümumbəşəri
dəyərlərə yiyələnməsini təmin etmək.
2.4.
Metodik işin məqsədi bütün növ tədris məşğələlərinin
keçirilməsi metodikasını təkmilləşdirmək,
onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər
heyətin, professor-müəllim heyətinin və təhsil
alanların komandirlərinin peşə səviyyəsini
artırmaqdır. Metodik işin əsas formaları
aşağıdakılardır:
2.4.1. tədris məşğələlərinin, təlim-tərbiyə
işinin aparılması və təminatı
üçün tədris-metodik sənədlərin işlənilməsi;
2.4.2. rəhbər heyətin, professor-müəllim
heyətinin və təhsilalanların komandirlərinin pedaqoji
ustalıqlarının artırılması, həmin məqsədlə
tədris-metodiki toplantı, müşavirə, elmi-metodik
konfrans, seminar və metodiki məşğələlərin
keçirilməsi;
2.4.3. tədris məşğələlərinə
nəzarətin təşkili və aparılması;
2.4.4. pedaqoji (metodiki) təcrübənin
keçirilməsi və onun nəticələrinin tədris
prosesinə tətbiqi;
2.4.5. tədris və təlim-tərbiyə prosesi
metodikasına elmi şura, kafedra iclaslarında
baxılması.
2.5.
Akademiyanın elmi fəaliyyəti hərb elminin müvafiq sahələrinin
inkişafına və elmi tədqiqatların nəticələrinin
tədris prosesinin tətbiqinə yönəldilir. Elmi tədqiqat
işinin mahiyyəti aşağıdakılardır:
2.5.1. dərsliklər, dərs vəsaitləri,
monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodik və
konfrans materialları, məlumat bülletenləri
hazırlamaq;
2.5.2. elmi araşdırmalar aparmaq;
2.5.3. elmi tədqiqat işlərinin
aparılmasını təşkil etmək və həmin sahədə
metodik kömək göstərmək.
2.6.
Redaksiya-nəşriyyat işinin mahiyyəti dərsliklərin,
dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin,
monoqrafiyaların, məcmuələrin, elmi-metodik və konfrans
materiallarının, məlumat bülletenlərinin və digər
materialların redaktə edilməsi və nəşrindən
ibarətdir.
2.7. Tədris,
metodik və elmi işlərə bilavasitə rəhbərliyi
funksional vəzifə borclarına uyğun olaraq,
Akademiyanın rəisinin tədris üzrə müavini həyata
keçirir.
3.
Akademiyanın vəzifələri və hüquqları
3.1.
Akademiyanın vəzifələri
aşağıdakılardır:
3.1.1. hərbi-nəzəri
və hərbi-praktiki biliklərə yiyələnmiş,
intellektual təfəkkürə malik, əməliyyat-strateji
və əməliyyat-taktiki səviyyələrdə hərbi
idarəetmə orqanlarında komanda, qərargah və digər
vəzifələrdə xidmət etmək üçün təhsil
pilləsinin magistratura və adyunktura səviyyələrində
ali hərbi təhsilli zabit kadrları
hazırlamaq, tələbata uyğun olaraq əlavə təhsili
həyata keçirmək;
3.1.2. təhsil proqramlarını və tədris
planlarını hazırlamaq;
3.1.3. dəyişən heyətin
attestasiyasını keçirmək;
3.1.4. təhsil haqqında diplomlar, habelə “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq təhsilə dair digər sənədlər vermək;
3.1.5. tədris prosesinin maddi-texniki təminatını
həyata keçirmək, bina və otaqları mövcud norma
və tələblərə uyğun qurmaq;
3.1.6. təlim-tərbiyə
prosesini yüksək səviyyədə təşkil etmək,
dəyişən heyətin intellektual, mədəni və mənəvi
inkişafını təmin etmək, peşəkarlıq
xüsusiyyətlərini formalaşdırmaq;
3.1.7. fəaliyyət sahəsi üzrə elmi tədqiqat
işlərini təşkil etmək;
3.1.8. hərb elmləri sahəsində fundamental və
tətbiqi elmi araşdırmalar aparmaq, Silahlı Qüvvələr
üçün məlumat-analitik, elmi-metodik materiallar və
tövsiyələr hazırlamaq;
3.1.9. elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;
3.1.10. dövlət orqanlarında çalışan
yüksəkvəzifəli şəxslərə hərbi-strateji,
hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin
öyrədilməsini təşkil etmək;
3.1.11. kompüter dəstəkli təlimlərin təşkilini
və keçirilməsini təmin etmək;
3.1.12. hər il üçün təsdiq edilən
dövlət büdcəsində Müdafiə Nazirliyi
üçün nəzərdə tutulmuş vəsait çərçivəsində
Akademiyaya ayrılan maliyyə vəsaitinin təyinatı
üzrə istifadə olunmasını təmin etmək;
3.1.13. təhsil prosesinin təmin edilməsi
üçün tədris, tədris-metodik, elmi ədəbiyyat,
köməkçi materiallar hazırlamaq və nəşr etmək,
maddi-tədris bazasını təkmilləşdirmək və
inkişaf etdirmək;
3.1.14. dövlət sirrinin və məxfilik rejiminin
qorunması və təhlükəsizliyin təmin olunması
üçün zəruri tədbirlər görmək;
3.1.15. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2.
Akademiyanın aşağıdakı hüquqları
vardır:
3.2.1. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa və bu
Nizamnaməyə uyğun olaraq, tədris prosesini sərbəst
həyata keçirmək;
3.2.2.
Akademiyanın tədris, metodik, elmi tədqiqat və
analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və
təşkil etmək;
3.2.3. tədris prosesinin metodiki təminatını təşkil
etmək və təkmilləşdirmək;
3.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və
onların işində iştirak etmək;
3.2.5.
Müdafiə Nazirliyinin və Akademiyanın fəaliyyəti
ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata
keçirmək;
3.2.6.
Akademiyanın hərbi qulluqçularına və
işçilərinə fəxri adlar, dövlət təltifləri
və mükafatlar verilməsi üçün Müdafiə
Nazirliyi qarşısında vəsatət qaldırmaq;
3.2.7. təlim mərkəzlərindən istifadə
etmək;
3.2.8.
Akademiyanın fəaliyyət istiqamətlərinə aid məsələlər
üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri
məlumatların alınması barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.9. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
müvafıq qurumları ilə əməkdaşlıq etmək
və təcrübə mübadiləsi aparmaq;
3.2.10.
Akademiyanın fəaliyyətinin təşkili məqsədi
ilə qanuni aktlar qəbul etmək;
3.2.11. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
4.
Akademiyanın strukturu və idarə olunması
4.1.
Akademiyanın strukturunu, ştat cədvəlini və xərclər
smetasını Azərbaycan Respublikasının müdafiə
naziri təsdiq edir.
4.2.
Akademiyanın strukturuna komandanlıq, tədris şöbəsi,
fakültələr, kafedralar, digər şöbə və
xidməti bölmələr daxildir.
4.3.
Akademiya komandanlığı Akademiyanın rəisindən və
Akademiyanın rəis müavinlərindən ibarətdir.
4.4.
Akademiyanın rəisini və Akademiya rəisinin tədris
üzrə müavinini Azərbaycan Respublikası müdafiə
nazirinin təqdimatına əsasən Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir. Akademiya rəisinin
digər müavinlərini Akademiya rəisinin təqdimatına
əsasən Azərbaycan Respublikasının müdafiə
naziri vəzifəyə təyin və vəzifədən azad
edir.
4.5.
Akademiyanın rəisi bütün şəxsi heyətin
birbaşa rəisi olmaqla, Akademiyanın fəaliyyətini təşkil
edir və Akademiyaya həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün şəxsən məsuliyyət
daşıyır.
4.6.
Akademiyanın rəisi bu Nizamnamə ilə müəyyən
olunmuş səlahiyyətləri çərçivəsində
əmr və göstərişlər verir, Azərbaycan
Respublikasının dövlət orqanları və digər
qurumları ilə münasibətlərdə Akademiyanı təmsil
edir.
4.7.
Akademiyanın fəaliyyətinə bilavasitə rəhbərliyi
Akademiyanın rəisi həyata keçirir. Akademiyanın rəisi:
4.7.1.
Akademiyanın vəzifələrinin icrasına görə məsuliyyət
daşıyır;
4.7.2.
Akademiyanın tədris, metodiki, təlim-tərbiyə, elmi və
maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik
edir;
4.7.3.
Akademiyanın struktur bölmələrinin fəaliyyətini tənzimləyən
təlimatları təsdiq edir;
4.7.4.
Akademiyada günün nizam qaydalarını təsdiq edir;
4.7.5.
Müdafiə Nazirliyinə Akademiyanın ştatı, struktur
bölmələrinin yaradılması, yenidən təşkili
və ləğv edilməsi barədə təkliflər
verir;
4.7.6.
Akademiyada maddi vəsaitlərin uçotunu təşkil edir;
4.7.7. Azərbaycan
Respublikası müdafiə nazirinin və onun müavinlərinin
əmr və sərəncamlarında nəzərdə
tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini
təmin edir;
4.7.8. şəxsi heyətə hərbi rütbələrin
verilməsi, şəxsi heyətin vəzifələrə təyin
olunması və təltif edilməsi barədə yuxarı
komandanlıq qarşısında vəsatət
qaldırır;
4.7.9. daimi və dəyişən heyətin pul təminatını,
əməyinin ödənilməsini və
mükafatlandırılmasını təşkil edir;
4.7.10. kargüzarlıq və arxiv işinin
aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik
tədbirlərinin həyata keçirilməsini və məxfilik
rejiminə riayət olunmasını təmin edir;
4.7.11. vətəndaşların qəbulunu və
müraciətlərinə baxılmasını təmin edir.
4.8.
Akademiyanın rəisi müavinlərinin funksional vəzifələrini
Akademiyanın rəisi müəyyən edir. Akademiyanın
rəisinin müavinləri Akademiyanın rəisinə tabe
olmaqla, Akademiyanın şəxsi heyətinin birbaşa rəisləridirlər.
Akademiyanın rəisi olmadıqda və ya
üzrlü səbəblərdən öz səlahiyyətlərini
icra edə bilmədikdə, Akademiyanın rəisinin tədris
üzrə müavini onun səlahiyyətlərini həyata
keçirir.
4.9.
Akademiyada tədris, tədris-metodik və elmi tədqiqat
işləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Müdafiə
Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil
edilir.
4.10.
Akademiyanın fəaliyyətinin mühüm məsələlərinin
müzakirəsi üçün ali idarəetmə
orqanı - Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi
Şura) yaradılır.
4.11. Elmi
Şuranın tərkibini Müdafiə Nazirliyinin
aparatının strukturunda Akademiyanın fəaliyyətinə
cavabdeh olan rəis (bundan sonra - Akademiyanın tabe olduğu rəis)
təsdiq edir. Elmi Şuranın tərkibinə
tutduqları vəzifələrə görə Akademiyanın
rəisi (Elmi Şuranın sədri), Akademiyanın rəisinin
müavinləri, kafedra rəisləri, tədris, hərbi-elmi
şöbələrin, kadrlar xidmətinin rəisləri
daxildir. Akademiyanın rəisinin
Akademiyanın tabe olduğu rəis qarşısında
qaldırdığı vəsatətə əsasən, Elmi
Şuranın tərkibinə digər şəxslər də
daxil edilə bilər. Elmi Şuranın
professor-müəllim heyətindən, elmi əməkdaşlardan
və təhsilalanlardan ibarət olan digər üzvləri
müvafiq kollektivlərin iclaslarında gizli səsvermə
yolu ilə seçilirlər.
4.12.
Akademiya rəisinin tədris üzrə müavini Elmi Şura
sədrinin müavinidir. Elmi Şura üzvlərindən
biri Elmi Şuranın katibi seçilir. Elmi
Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şura üzvlərinin səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi Elmi Şuranın qərarı
əsasında həyata keçirilir. Elmi
Şuranın vaxtından əvvəl yenidən yaradılması
onun üzvlərinin azı üçdə iki hissəsinin tələbinə
əsasən həyata keçirilir.
4.13. Elmi
Şuranın fəaliyyəti Müdafiə Nazirliyinin normativ
hüquqi aktlarının və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
olunmuş “Elmi Şura haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil
edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət
göstərir.
4.14. Elmi
Şuranın qərarları Akademiya rəisinin əmrləri
ilə təsdiq edilir.
4.15. Elmi
Şura:
4.15.1. bu Nizamnamədə dəyişikliklər edilməsinə
dair təkliflər hazırlayır, daimi və dəyişən
heyətin vəzifə borclarını müzakirə edir və
qərarlar qəbul edir;
4.15.2.
Akademiyanın perspektiv inkişaf planının layihələrini
müzakirə edir və qərarlar qəbul edir;
4.15.3. təhsil, elm, metodiki iş, təlim-tərbiyə
işi, maddi-tədris bazası, redaksiya-nəşriyyat,
döyüş və səfərbərlik
hazırlığı sahələrində məsələləri
müzakirə edir və qərarlar qəbul edir;
4.15.4.
Akademiya, fakültə, kafedra, təhsilalanların bölmələri
üzrə hesabatları dinləyir və qərarlar qəbul
edir;
4.15.5.
professor-müəllim heyətinin müvafiq vəzifələrə
təyini üçün seçkilər keçirir və qərarlar
qəbul edir;
4.15.6.
professor-müəllim heyətinə elmi (professor və dosent)
və fəxri adların, həmçinin digər dövlət
təltiflərinin verilməsi üçün müzakirələr
keçirir və qərarlar qəbul edir;
4.15.7.
Akademiyanın fəaliyyət sahələri üzrə
müzakirələr keçirir və qərarlar qəbul
edir.
4.16.
Akademiyanın tədris şöbəsi tədris prosesinin və
tədris-metodiki işin planlaşdırılmasını, təşkilini
və həmin sahədə nəzarəti həyata
keçirir.
4.17. Fakültə Akademiyanın əsas təhsil və
elm bölməsi olub, bir və ya bir neçə ixtisas
(ixtisaslaşma) üzrə magistr və adyunkt (doktor)
kadrlarının hazırlanmasını, həmçinin əlavə
təhsil proqramlarını həyata keçirir. Fakültənin
işinə bilavasitə fakültə rəisi rəhbərlik
edir.
4.18. Kafedra Akademiyanın əsas tədris-elm struktur
bölməsi olub, bir və ya bir neçə yaxın fənlər
üzrə tədris, metodik, elmi-pedaqoji, elmi tədqiqat fəaliyyətini
və əlavə təhsili həyata keçirir.
5.
Akademiyaya qəbul
5.1.
Akademiyanın magistratura təhsilinin əməliyyat-taktiki səviyyəsinə
ali təhsilin bakalavr səviyyəsini bitirən
(ali hərbi ixtisas təhsili və ya ali ixtisas təhsili olan)
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
və qanunvericiliyə uyğun olaraq yaradılmış
başqa silahlı birləşmələrdə xidmət edən
zabitlər qəbul olunurlar.
5.2.
Akademiyanın magistratura təhsilinin əməliyyat-strateji səviyyəsinə
əməliyyat-taktiki səviyyəni bitirən Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
qanunvericiliyə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələrdə xidmət edən
zabitlər qəbul edilirlər.
5.3.
Akademiyanın adyunktura səviyyəsinə ali
təhsilin magistr səviyyəsini bitirən Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
qanunvericiliyə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələrdə xidmət edən
zabitlər qəbul olunurlar.
5.4.
Akademiyaya daxil olmaq üçün namizədlərin
seçilməsi (sağlamlıq, fiziki hazırlıq və hərbi
ixtisaslar üzrə) Müdafiə Nazirliyi tərəfindən
aparılır. Akademiyada magistraturaya qəbul
biliyin qiymətləndirilməsi üzrə keçirilən
imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə
əsasən Azərbaycan Respublikasının Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
həyata keçirilir.
5.5.
Akademiyada adyunkturaya qəbul qaydasını Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir.
5.6.
Akademiyaya xarici ölkələrin silahlı qüvvələrində
xidmət edən zabitlərin qəbulu Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq həyata
keçirilir.
5.7. Akademiyada ali təhsilin magistratura və adyunktura səviyyələrinə
qəbul planını Azərbaycan Respublikasının
Prezidenti yanında Təhsil üzrə Komissiya müəyyən
edir.
6. Tədris
işinin təşkili və elmi tədqiqat fəaliyyəti
6.1.
Akademiyada tədris işi bu Nizamnamə və Azərbaycan
Respublikasının müdafiə naziri tərəfindən təsdiq
edilən “Xüsusi təyinatlı ali təhsil
müəssisələrinin fəaliyyətinin təşkili
haqqında Təlimat” əsasında təşkil olunur və
aparılır.
6.2. Akademiya ali təhsilin səviyyələri üzrə
aşağıdakı təhsil proqramlarını
(kurikulumlarını) həyata keçirir:
6.2.1. magistratura;
6.2.2. adyunktura;
6.2.3. əlavə təhsil.
6.3.
Semestrin müddəti, dinləyicilərin məcburi auditoriya dərsləri
və həftəlik tədris işi ali təhsilin
dövlət standartlarına müvafiq olaraq müəyyən
edilir.
6.4.
Akademiyada təhsil əyani və qiyabi formada təşkil
olunur, tədris dili dövlət dili - Azərbaycan dilidir.
6.5.
Akademiyanın tədris məşğələlərinə
mühazirə, seminar, praktiki məşğələ, tematik
mükalimə (kollokvium), məsləhət saatı və
müstəqil hazırlıq saatı daxildir. Akademiyada
ayrı-ayrı fənlər üzrə nəzəri
(elmi-praktik) konfranslar və Elmi Şuranın qərarı ilə
müəyyən edilmiş digər növ məşğələlər
də keçirilə bilər.
6.6.
Akademiyada mütəxəssis hazırlığı elmlə
təhsilin vəhdəti əsasında həyata
keçirilir.
6.7.
Akademiyanın elm sahəsində fəaliyyəti Müdafiə
Nazirliyinin fəaliyyətinin aktual problemləri üzrə
elmi tədqiqat işlərinin aparılmasına,
Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin
inkişafına, elmi tədqiqatların nəticələrinin
tədris prosesində və dövlətin müdafiə sahəsində
tətbiqinə yönəldilir.
6.8.
Akademiyada aparılan elmi tədqiqat işləri fundamental və
tətbiqi xarakter daşıyır.
6.9.
Akademiya apardığı elmi tədqiqat işlərinin nəticələrinin
dövlətin müdafiə sahəsində və tədris
prosesində (mühazirə, məşğələ, seminar
və laboratoriya dərslərində, kurs layihələrində,
kurs və buraxılış işlərində, magistr
dissertasiyalarında) tətbiq olunmasını və onların
monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər
şəklində dərc olunmaqla, elmi forumlarda məruzə
edilərək yayılmasını təşkil edir.
6.10.
Akademiyada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin
məqsədi aşağıdakılardır:
6.10.1. fundamental və tətbiqi-nəzəri
araşdırmaların aparılmasını, elmi tədqiqat və
elmi-texniki işlərin həyata keçirilməsini təmin
etmək;
6.10.2. elmi xarakterli tapşırıqları icra etmək;
6.10.3. kadrların elmi potensialından səmərəli
istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;
6.10.4. professor-müəllim
heyətinin ixtisas səviyyəsini artırmaq;
6.10.5. elmi tədqiqatların nəticələrinin və
nailiyyətlərinin tətbiqini təşkil etmək;
6.10.6. tədris və elmi proseslərin vəhdətini
təmin etmək;
6.10.7. elmi tədqiqat işlərinin nəticələrini
tədris prosesində və Silahlı Qüvvələrin
praktiki fəaliyyətində tətbiq etmək;
6.10.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri
üzrə milli və beynəlxalq təcrübəni öyrənmək
və ümumiləşdirmək;
6.10.9. müraciət əsasında Silahlı Qüvvələr
üçün analitik, məsləhət və proqnozlaşdırma
fəaliyyətini həyata keçirmək;
6.10.10. normativ hüquqi aktların layihələrinin
hazırlanmasında və ekspertizasının keçirilməsində
iştirak etmək;
6.10.11. dərsliklər, dərs vəsaitləri,
monoqrafiyalar, məqalələr, məruzələr, təkliflər
və rəylər hazırlamaq;
6.10.12. milli və xarici ekspertlərin iştirakı ilə
elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər
keçirmək.
6.11.
Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini
Elmi Şura müəyyən edir.
6.12.
Akademiyanın elmi tədqiqat fəaliyyəti Müdafiə
Nazirliyi ilə razılaşdırılmaqla, Elmi
Şuranın təsdiq etdiyi perspektiv və cari planlara
uyğun olaraq həyata keçirilir.
7. Daimi və
dəyişən heyət
7.1.
Akademiyanın şəxsi heyəti daimi və dəyişən
heyətdən ibarətdir.
7.2. Daimi
heyət komandanlıq, təhsilalanların komandirləri,
professor-müəllim və elmi heyətdən, vəzifələri
təşkilati-ştat əmri ilə təsdiq edilmiş digər
hərbi və mülki qulluqçulardan ibarətdir.
7.3. Daimi
heyətdən olan hərbi qulluqçuları “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”yə müvafiq olaraq, Müdafiə
Nazirliyinin rəhbərliyi vəzifəyə təyin və vəzifədən
azad edir. Hərbi qulluqçular istisna olmaqla,
daimi heyətdən olan digər şəxsləri
Akademiyanın rəisi işə qəbul və işdən
azad edir.
7.4. Daimi
heyətdən olan hərbi qulluqçuların hüquq və
vəzifələri “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət
Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi
xidmət sahəsində Azərbaycan Respublikasının digər
qanunları və Azərbaycan Respublikası Prezidentinin
aktları, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunu, bu Nizamnamə və Müdafiə
Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən
olunur.
7.5. Hərbi
qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə
daxil olan digər şəxslərin, o cümlədən
Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat,
mühəndis-texniki, tədris-köməkçi heyətinə
aid şəxslərin hüquq və vəzifələri Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, bu Nizamnamə və
Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə
müəyyən olunur.
7.6. Daimi
heyətə daxil olan şəxslər vəzifə
borclarının yerinə yetirilməsi, təlim-tərbiyə
prosesinin aparılması və ya təmin edilməsi ilə
bağlı olmayan tədbirlərdə Akademiyanın tabe
olduğu rəisin icazəsi ilə iştirak edə bilərlər.
7.7.
Professor-müəllim heyətinə fakültə və
kafedra rəisləri (müdirləri), onların müavinləri,
silsilə rəisləri, professor, dosent, baş müəllim
və müəllim vəzifələrini tutan hərbi və
mülki qulluqçular aiddirlər.
7.8.
Professor-müəllim heyətinin say tərkibi tədris
yükündən asılı olaraq, Azərbaycan
Respublikası müdafiə nazirinin əmri ilə müəyyən
edilir.
7.9.
Professor-müəllim heyətinin vəzifələrinin
mülki qulluqçularla komplektləşdirilməsi
müsabiqə yolu ilə həyata keçirilir.
7.10.
Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə
peşə hazırlığına,
sağlamlığına və mənəvi keyfiyyətlərinə
görə dərs demək və elmi tədqiqatlar aparmaq
bacarığına malik hərbi qulluqçular və
mülki şəxslər təyin olunurlar.
7.11.
Professor-müəllim heyəti vəzifələrinə təyinat
zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin
profilinə uyğun ali təhsilə,
pedaqoji təcrübəyə və iş stajına malik
şəxslərə üstünlük verilir.
7.12.
Professor-müəllim heyəti məşğələlərin
keçirilməsi zamanı təhsilalanların rəisləri
hesab olunur. Professor-müəllim heyətinin tədris
məşğələlərinin keçirilməsi
zamanı verdikləri göstərişlər təhsilalanlar
tərəfindən mütləq yerinə yetirilməlidir.
7.13. Tədris,
təlim-tərbiyə, metodiki və elmi tədqiqat işləri
kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında
Akademiyanın professor-müəllim heyəti tərəfindən
həyata keçirilir.
7.14.
Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə
sahəsində uğurlarına görə Silahlı Qüvvələrin
hərbi nizamnamələrində, Müdafiə Nazirliyinin
normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə
tədbirləri ilə bərabər dövlət
mükafatları, fəxri adlar, orden və medallar, döş
nişanları, fəxri fərmanlarla
mükafatlandırıla bilərlər.
7.15.
Pedaqoji işçilərə fəxri adların verilməsi
Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.
7.16.
Professor-müəllim heyətinə və elmi işçilərə
hərbi və əmək intizamını pozduqlarına
görə intizam tənbehi tədbirləri hərbi
qulluqçulara münasibətdə “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsi”ndə, digər işçilərə
münasibətdə Azərbaycan Respublikasının Əmək
Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq
edilir.
7.17.
Professor-müəllim heyətinin və elmi işçilərin
beynəlxalq tədbirlərdə iştirakına, onların
kütləvi informasiya vasitələrində Akademiyanın
adından çıxışlarına Akademiyanın tabe
olduğu rəis icazə verir.
7.18.
Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan dinləyicilər və adyunktlardır
(dissertantlardır).
7.19. Dinləyicilər
Akademiyada ali təhsilin magistratura səviyyəsində
və əlavə təhsil proqramı üzrə təhsil
alanlardır.
7.20.
Adyunktlar adyunkturada təhsil alan hərbi
qulluqçulardır.
7.21.
Dissertantlar müstəqil surətdə dissertasiya işini
yerinə yetirən hərbi və mülki
qulluqçulardır.
7.22. Dinləyicilərin
əlavə təhsil alması “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.
7.23. Dəyişən
heyətin tərkibinə daxil olan hərbi
qulluqçuların pul, əşya, ərzaq, tibb və
yaşayış yeri (yataqxana) təminatı dövlət tərəfindən
həyata keçirilir.
7.24. Dəyişən
heyətin təhsil müddətində hüquq və vəzifələri
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi
xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu və hərbi xidmət sahəsində
Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan
Respublikası Prezidentinin aktları, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunu, bu Nizamnamə və Müdafiə
Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən
olunur.
7.25. Dəyişən
heyətdən olan hərbi qulluqçular təhsildə əldə
etdikləri yüksək göstəricilərə, elmi tədqiqat
işlərində fəal iştiraka və hərbi xidməti
borcun nümunəvi yerinə yetirilməsinə görə
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
İntizam Nizamnaməsi”ndə və Müdafiə Nazirliyinin
normativ hüquqi aktlarında nəzərdə tutulmuş
qaydada həvəsləndirilirlər.
7.26. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq, xarici
ölkələrin ali hərbi təhsil
müəssisələrində Müdafiə Nazirliyinə
ayrılmış yerlərdə təhsil almaq məqsədi
ilə Akademiyanın dinləyiciləri həmin ölkəyə
ezam oluna bilərlər.
7.27. Hərbi
və tədris intizamını pozduqlarına görə dəyişən
heyətdən olan hərbi qulluqçulara “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada intizam
tənbehi tədbirləri tətbiq edilir.
7.28. Dəyişən
heyətə daxil olan şəxslər vəzifə
borclarının yerinə yetirilməsi və təlim-tərbiyə
prosesi ilə bağlı olmayan tədbirlərdə Akademiyanın
tabe olduğu rəisin icazəsi ilə iştirak edə bilərlər.
7.29. Dinləyici
aşağıda göstərilən əsaslardan biri olduqda,
Akademiyadan xaric edilir:
7.29.1. təhsil almaq istəmədiyinə görə;
7.29.2. səhhətinə görə (hərbi-həkim
komissiyasının qərarına əsasən);
7.29.3. təhsildə müvəffəqiyyətsizliyinə
görə;
7.29.4. semestr ərzində hər hansı səbəbdən
tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin
ümumi saat hesabının 30%-dən çoxunda iştirak
etmədiyinə görə. Bu halda Elmi Şuranın qərarı
əsas götürülür;
7.29.5. şəxsi intizamsızlığına
görə;
7.29.6. hərbi qulluqçuların şərəfini
ləkələyən nalayiq hərəkətlər törətdiyinə
görə;
7.29.7. törətdiyi cinayət əməlinə
görə məhkum olunduqda.
7.30. Təhsil
almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş
dinləyici göndərildiyi hərbi təhsil müəssisəsindən
təhsil almaq istəmədiyinə, səhhətinə, təhsildə
müvəffəqiyyətsizliyinə və şəxsi
intizamsızlığına görə xaric olunduğu halda,
Akademiyadan da eyni əsasla xaric edilir. Digər səbəblərdən
xarici ölkələrin hərbi təhsil müəssisəsindən
xaric olunmuş dinləyicilərin Akademiyada təhsil alması
məsələsinə Elmi Şurada baxılır.
7.31.
Magistraturada təhsil proqramını (kurikulumunu) mənimsəmiş,
dövlət buraxılış imtahanlarından müvəffəq
qiymət almış və magistr dissertasiyasını
müdafiə etmiş dinləyicilərə “magistr” ali elmi ixtisas dərəcəsi, təhsil
haqqında dövlət sənədi (diplom) və döş
nişanı verilir.
7.32.
Adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini
başa çatdırmış və müvafiq elmi dərəcə
almış hərbi və mülki qulluqçulara həmin
elmi dərəcəni təsdiq edən vahid formada dövlət
nümunəli sənəd - diplom verilir.
7.33.
Əlavə təhsil üzrə kursların proqramını
mənimsəmiş və imtahanlardan müvəffəq qiymət
almış təhsilalanlara əlavə təhsilin istiqaməti
üzrə dövlət sənədi verilir.
8. Daimi və
dəyişən heyətin vəzifələri və
hüquqları
8.1. Daimi
heyətdən olan professor-müəllim heyətinin və elmi
işçilərin vəzifələri
aşağıdakılardır:
8.1.1. təhsil proqramlarının mənimsənilməsini
təmin etmək;
8.1.2. ixtisas və elmi-pedaqoji səviyyələrini
yüksəltmək, elmi araşdırmalar aparmaq;
8.1.3. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat
işlərinin nəticələrindən Elmi Şuranın
tövsiyəsi ilə tədris prosesində istifadə etmək
və bu nəticələrin Silahlı Qüvvələrin
praktiki fəaliyyətində tətbiq olunmasına kömək
göstərmək;
8.1.4. dərslik və dərs vəsaitlərinin, tədrisin
qabaqcıl forma və metodlarını təmin edən
elmi-metodiki materialların işlənib hazırlanmasında,
müasir texniki vasitələrin tətbiqində iştirak etmək;
8.1.5. vətəndaşlıq və xidməti borcunu
ləyaqətlə yerinə yetirmək, Akademiyanın daxili
qaydalarına əməl etməklə, başqalarına şəxsi
nümunə olmaq;
8.1.6. dəyişən heyətdə fəal vətəndaş
mövqeyini formalaşdırmaq, onları vətənpərvərlik
ruhunda tərbiyə etmək və əmək fəaliyyətinə
hazırlamaq;
8.1.7. dəyişən heyəti elmi fəaliyyətə
cəlb etmək;
8.1.8. şəxsi nümunəsi ilə dəyişən
heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə,
Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan
xalqının tarixinə, cəmiyyətə hörmət
hissləri aşılamaq;
8.1.9. pedaqoji etika və əxlaq normalarına riayət
etmək, müəllim nüfuzunu yüksək tutmaq,
ziyalılıq nümunəsi göstərmək;
8.1.10. təhsilalanlar tərəfindən tədris
materiallarının yüksək səviyyədə mənimsənilməsini
təmin edən üsul və vasitələri seçmək;
8.1.11. dəyişən heyətin fərdi keyfiyyətlərini
öyrənmək, şərəf və ləyaqətinə
hörmətlə yanaşmaq, onlardan dərs
tapşırıqlarının yerinə yetirilməsini və
hərbi nizam-intizama riayət olunmasını tələb etmək;
8.1.12. dəyişən heyəti
zorakılığın bütün formalarından qorumaq,
onları zərərli vərdişlərdən çəkindirmək;
8.1.13. dəyişən heyətin müstəqil
hazırlığına, tədris materiallarının onlar tərəfindən
mənimsənilməsinə kömək göstərmək;
8.1.14. attestasiyadan keçmək;
8.1.15. bu Nizamnamədə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.2. Daimi
heyətdən olan professor-müəllim heyətinin və elmi
işçilərin aşağıdakı hüquqları
vardır:
8.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil
şəraiti ilə, müasir standartlara cavab verən
texnologiyalarla təmin olunmaq;
8.2.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil
prosesinin təşkilində və idarə olunmasında
iştirak etmək;
8.2.3. şərəf və ləyaqətinə
hörmətlə yanaşılmasını tələb etmək;
8.2.4.
Akademiyada vəzifə tutmaq, uyğun olduqda Elmi Şuraya və
digər seçkili vəzifələrə seçmək və
seçilmək;
8.2.5. əlavə təhsil almaq;
8.2.6. qanunlara və Azərbaycan Respublikası
Prezidentinin aktlarına uyğun olaraq
mükafatlandırılmaq və təltif olunmaq;
8.2.7.
Müdafiə Nazirliyi tərəfindən müəyyən
olunmuş qaydada Silahlı Qüvvələrin əməli fəaliyyətini
əks etdirən aidiyyəti materiallarla tanış
olmaq;
8.2.8. bu Nizamnaməyə uyğun olaraq, müəssisə
və təşkilatlarda əvəzçiliklə elmi və
pedaqoji fəaliyyətlə məşğul olmaq;
8.2.9. bu Nizamnamədə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
8.3. Daimi
heyətin vəzifə borcları bu Nizamnaməyə və Azərbaycan
Respublikası müdafiə nazirinin aktlarına uyğun
hazırlanır və Akademiyanın tabe olduğu rəis tərəfindən
təsdiq edilir.
8.4. Dəyişən
heyətin vəzifələri
aşağıdakılardır:
8.4.1. dövlət təhsil standartına uyğun
bilik, bacarıq və vərdişlərə yiyələnmək;
8.4.2. tədris tapşırıqlarını
vaxtında yerinə yetirmək, təhsil proqramlarında nəzərdə
tutulmuş imtahanları vermək;
8.4.3. pedaqoji işçilərin şərəf və
ləyaqətinə hörmətlə yanaşmaq;
8.4.4.
qanunlara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin,
Müdafiə Nazirliyinin əmr, təlimat, göstəriş
və sərəncamlarının, bu Nizamnamənin, habelə
Akademiyanın daxili nizam qaydalarının tələblərini
bilmək və yerinə yetirmək;
8.4.5. dövlət və cəmiyyət
qarşısında məsuliyyətini dərk etmək;
8.4.6. məxfilik qaydalarına əməl etmək;
8.4.7.
Akademiyanın əmlakına qayğı ilə yanaşmaq;
8.4.8. bu Nizamnamədə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.5. Dəyişən
heyətin aşağıdakı hüquqları vardır:
8.5.1. dövlət təhsil standartına uyğun
keyfiyyətli təhsil almaq;
8.5.2.
Akademiyanın mövcud infrastrukturundan (tədris, elmi tədqiqat,
informasiya, mədəni-məişət, idman komplekslərindən,
tibb məntəqəsindən, yataqxanalardan, kitabxanalardan)
istifadə etmək;
8.5.3. insan ləyaqətini və şərəfini
alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
8.5.4. təhsil prosesinin təşkilində və
idarə olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;
8.5.5.
Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında
iştirak etmək;
8.5.6.
elmi-praktik konfransların, seminarların,
yığıncaqların və görüşlərin, habelə
təhsil həyatı ilə bağlı digər tədbirlərin
keçirilməsində iştirak etmək;
8.5.7. təhsilin, intizamın və məişət
şəraitinin yaxşılaşdırılması ilə
bağlı məsələlərin müzakirəsində,
Elmi Şuranın işində, Akademiyada fəaliyyət
göstərən özünüidarəetmə
orqanlarında, hərbi-elmi cəmiyyətin işində, idman
bölmələrində iştirak etmək;
8.5.8. bu Nizamnamədə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
8.6. Dəyişən
heyətin vəzifə borcları bu Nizamnaməyə və Azərbaycan
Respublikası müdafiə nazirinin aktlarına uyğun
hazırlanır və Akademiyanın rəisi tərəfindən
təsdiq olunur.
9. Maliyyə-təsərrüfat
fəaliyyəti
9.1.
Akademiya dövlət büdcəsindən maliyyələşdirilir.
9.2. Akademiya
maddi dəyərlilərin, pul vəsaitlərinin vəziyyəti
və istifadə edilməsi barədə Müdafiə
Nazirliyinin müvafiq qurumları qarşısında hesabat
verir, cari mühasibat uçotunu həyata keçirir.
9.3.
Akademiyanın maddi-tədris bazası müəyyən
olunmuş ixtisaslar üzrə tədris planlarına,
proqramlarına və müasir tədris metodikasına uyğun
olaraq, təhsilalanların hazırlığını təmin
etmək üçün nəzərdə tutulmuş maddi və
texniki vasitələr kompleksidir.
9.4. Akademiyanın maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlıqları, tədrisin texniki vasitələri, tədris-metodik materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıqlar, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.
9.5. Akademiyanın maddi-tədris bazası dövlət əmlakı hesab olunmaqla, səmərəli istifadə edilməlidir.
9.6. Azərbaycan Respublikası müdafiə nazirinin razılığı olmadan Akademiya tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.
9.7. Akademiyanın maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq edilən perspektiv planlar və Akademiyanın rəisi tərəfindən təsdiqlənən illik planlar əsasında həyata keçirilir.
10. Beynəlxalq əməkdaşlıq
Akademiyanın xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Müdafiə Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında həyata keçirilir.
11. Akademiyanın yenidən təşkili və ləğvi
11.1. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
11.2. Akademiya ləğv edildikdə, onun əmlakına
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq sərəncam verilir.
Azərbaycan.-2015.- 18 aprel.- S.2;5.