Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu
formatına
görə dünyada yeganə
çoxtərəfli platformadır
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bu siyasətin nəticəsi olaraq xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsinə və inkişafına töhfə verməkdədir. Məhz bu istiqamətdə görülən işlərin bəhrəsidir ki, bu gün paytaxtımız növbəti beynəlxalq foruma hazırlaşır. Beləliklə, mayın 18-19-da Azərbaycan üçüncü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna (ÜMDF) ev sahibliyi edəcək. Yenə də dünyanın siyasi və mədəni həyatında çəkisi olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, siyasətçilər və hökumət nümayəndələri, görkəmli mədəniyyət və incəsənət adamları, alimlər Bakıya üz tutacaqlar. Belə bir ərəfədə forumla bağlı daha geniş məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ÜMDF-nin Təşkilat Komitəsi və beynəlxalq işçi qrupunun üzvü Vasif Eyvazzadə ilə görüşüb söhbət etdik.
- Məlum olduğu kimi, mayın 18-19-da Bakı Prosesi çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Bakı Prosesinin inkişafı barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, bu qlobal tədbir 2008-ci ildə müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil edilir.
“Bakı prosesi” ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgə yaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir. Yəni “Bakı prosesi” həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Təsadüfi deyil ki, “Bakı prosesi” çərçivəsində ilk dəfə 2008-ci il dekabrın 2-3-də paytaxtımızda təşkil olunmuş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət edildi və həmin tədbirdə yeni bir formatın əsası qoyuldu. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan artıq Avropa dövləti dəvət olundu. Azərbaycan tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirdi. Konfransın ilk günü tədbirdə iştirak etmiş Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirildi və birgə kommunike qəbul edildi.
2010-cu ildən isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başladı. Həmin il sentyabrın 23-də BMT-nin Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edildi. Nəticə etibarilə dövlət başçısının himayəsi altında 2011-ci il aprelin 7-9-da Bakıda Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil edildi.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar forumun təşkilində əsas tərəfdaş kimi çıxış ediblər. Forum öz formatına görə ilk daimi tədbirdir ki, onun tərəfdaşları eyni zamanda dövlət və beynəlxalq təşkilatlardır.
Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumun rəhbər şəxsləri, 20-dək ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak edib.
Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə forumun hər iki ildə bir dəfə keçirilməsi və Mədəniyyət və Turizm Nazirliyinin tədbirin əlaqələndirici qurumun müəyyən edilməsi ilə bağlı Prezident İlham Əliyev 2011-ci il mayın 27-də fərman imzalayıb. Həmin fərmana uyğun olaraq ölkə başçısının himayəsi və iştirakı ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etdilər.
- Siz multikultural və interkultural fəaliyyətlər dediniz.
Bir qədər bunu oxucular üçün açıqlamanızı istərdik.
- Bu gün multikulturalizm termini
çox məşhurdur.
Bunu bir az da məşhurlaşdıran bu
ifadəyə qarşı
çıxan bəzi
inkişaf etmiş Avropa ölkələrinin
bəyanatları oldu.
Mən multikulturalizmi milli, dini, irqi
və mədəni çeşidliliyin və fərqliliyin qarşılıqlı
hörmət və anlaşma zəminində qəbul edilməsi, bir cəmiyyətin bütün üzvlərinin
konstitusion mədəni
hüquqlarının qorunması
və adı çəkilən müxtəlifliyin
xalqın ümumi rifahına və sabit inkişafına xidmət etməsinə
nail olan təbii və düşünülmüş
həyat tərzinin nəticəsi kimi başa düşürəm.
Məhz Prezident İlham Əliyevin Azərbaycanın
timsalında multikulturalizmi
xalqımızın həyat
tərzi kimi ifadə etməsi məsələnin dəqiq
tərifini vermiş olur, həmçinin bu yaşam tərzinin
təbii və milli xasiyyətimizin bir parçası olmasını təsdiqləyir.
Ölkə başçısının multikulturalizmin milli sərvətimiz olması deməsi isə artıq dövlətin bu məsələyə yanaşmasının düşünülmüş
siyasətə söykəndiyini
nümayiş etdirir.
İnterkulturalizm isə həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif, çeşidli
və fərqli mədəniyyətlər və
sivilizasiyalar arasında
dialoq və anlaşmanı təşviq
edən fəaliyyətlər
deməkdir. Azərbaycanın
bu məsələlərdə
unikallığı ondan
ibarətdir ki, xalqımız əsrlərdir
həm milli, dini multikultural tərkibə, həm də Qərb və Şərq ənənələrinin müsbət
təmayüllərinin daşıyıcısı
kimi islam
və xristian dünyasının malik olduğu beynəlxalq təsisatların üzvü
olmaqla interkultural fəaliyyət imkanlarına
sahibdir. Ölkəmizdə bu istiqamətdə
həyata keçirilən
çoxşaxəli tədbirlər
və layihələr
bu səbəblərdən
qaynaqlanır.
- Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna hazırlıq işləri
ilə bağlı məlumat vermənizi istərdik. Budəfəki forum əvvəlkilərdən nə ilə fərqlənəcək?
- Ölkə başçısının
himayəsi ilə cari ilin mayın
18-19-da Bakıda keçiriləcək
Üçüncü Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu bu
dəfə də
UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi
nüfuzlu beynəlxalq
təşkilatları bir
araya gətirəcək.
Azərbaycan dövlətinin liderliyi
ilə unikal beynəlxalq tədbir kimi tarixin salnaməsinə
yazılacaq. Təsadüfi deyil ki, forum iştirakçılarına dəvəti
Azərbaycan tərəfi
ilə birgə tərəfdaş olan
UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı və BMT-nin Dünya Turizm Təşkilatının
rəhbərləri də
imzalayıblar.
Forumun Azərbaycanda
təşkili dövlətin
məqsədyönlü və
uzaqgörən siyasəti
nəticəsində ölkəmizin
dünyanın mədəniyyət
və mədəniyyətlərarası
dialoq mərkəzlərindən
birinə çevrilməsi
və xalqımızın
çoxəsrlik tolerant və
mehriban birgəyaşama
mədəniyyətinin dünya
sivilizasiyaları arasında
münasibətlərin tənzimlənməsində
və inkişafında
nümunə kimi göstərilməsi ilə
bilavasitə bağlıdır. Bu amil dünyada gedən proseslərə ölkəmizin münasibətinə
və siyasətinə
beynəlxalq etimadın
və etibarın nəticəsidir ki, ölkəmizin beynəlxalq
arenada mövqeyini və müxtəlif mədəniyyətlər arasında
körpü rolu oynamasını təmin edir, həmçinin Azərbaycan dövlətinin
təşəbbüsü beynəlmiləl status qazanır.
Forumun təşkili
ilə bağlı nazirlik daxilində Təşkilat Komitəsi yaradılıb və müvafiq olaraq ayrı-ayrı məsələlərlə
bağlı işçi
qruplar fəaliyyət
göstərir. Eyni zamanda onu da
qeyd etməliyəm ki, Forumun proqramı
və konseptual sənədləri UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı,
BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası,
İSESCO, Böyük Britaniyanın
Koventri Universiteti və Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndələrindən
ibarət Beynəlxalq
İşçi Qrup tərəfindən hazırlanır.
“Müştərək təhlükəsizliyimiz
üçün mədəniyyətləri
paylaşaq” devizi altında keçiriləcək
builki forumun kifayət qədər maraqlı proqramı var.
Buna əsasən mədəniyyətlərarası
dialoqun bütün sahələrdə inkişaf
tendensiyaları - müasir
qlobal çağırışlar,
dini-ideoloji qarşıdurmalar,
mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri
dəyərlərin qorunması
üçün məşhur
şəxsiyyətlər, siyasətçilər,
dövlət xadimləri,
elm adamları arasında
müzakirələr təşkil
olunacaq. Forum çərçivəsində
“Müştərək təhlükəsizlik
üçün mədəniyyətləri
paylaşaq-yumşaq güc”,
“Ekstremizmə qarşı
mübarizədə dini
plüralizm və dəyərlərin qorunması”,
“Beynəlxalq təşkilatların
mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı”
mövzularında plenar
sessiyaları, təhsilin,
gənclərin, incəsənətin,
turizmin mədəniyyətlərin
yaxınlaşması və
dialoqda roluna həsr ediləcək müxtəlif işçi
sessiyalar, mədəniyyət
paytaxtlarının dialoqu
tədbiri və mədəniyyət və
turizm nazirlərinin ikinci dünya konfransı, həmçinin
ilk dəfə UNESCO-nun mədəniyyət
və dinlərarası
dialoq üzrə kafedra rəhbərlərinin
ilk ümumi toplantısı
və digər tədbirlər keçiriləcək.
Forum həmçinin həmin
ərəfədə BMT-nin
21 may “Mədəni Çeşidlilik
və İnkişaf Günü”nün qeyd edildiyi qlobal miqyaslı yeganə tədbir olacaq.
Yeri gəlmişkən, onu da deyim ki,
artıq foruma hazırlıqla bağlı
xarici ölkələrdə
bir sıra təqdimatlar keçirilib
və bu iş davam etdirilir.
- Yekun olaraq mümkünsə, müasir dünyada gedən proseslər və Azərbaycanın sivilizasiyalararası dialoqa töhfələrini şərtləndirən amillər barədə fikirlərinizi oxucularımızla bölüşərdiniz.
- Əslində bü gün hadisələri proqnozlaşdırmaq bir az çətindir. Çünki hadisələr o qədər sürətlə inkişaf edir, məzmun və xarakterini o qədər dəyişir ki, onları qiymətləndirmək elə də asan olmur. Ancaq bütün baş verənlərin ana xətti ondan ibarətdir ki, milli, mədəni, ideoloji və dini ziddiyyətlər gündən-günə artır və bunun nəticəsi olaraq yaranan münaqişələr dəhşətli faciələrə gətirib çıxarır. Əsas problem odur ki, bugünkü dünyada insanın milli, dini, irqi kimliyinin digərləri tərəfindən qəbul edilməməsindən “insan təhlükəsizliyi”nə hədə və təhlükələr artmaqdadır. Bu mənada hər yerdə dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Yəni hər hansı bir ölkə bu məsuliyyətli missiyanı öz üzərinə götürməli və bunu daşımaq haqqına sahib olmalıdır. Azərbaycan bu mənada nümunəvidir. Birincisi, Azərbaycan hakimiyyəti ilə xalqın arasında bir harmoniya və qarşılıqlı etimad mövcuddur. İkincisi, Azərbaycan hökuməti iqtisadi resurslarından öz inkişafı ilə yanaşı, bəşəriyyətin təhlükəsiz gələcəyi və sülh, əmin-amanlıq içərisində yaşaması üçün də istifadə edir. Üçüncüsü, Azərbaycanın islam və Qərb təşkilatları, eləcə də universal miqyaslı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri var. Dördüncüsü, Azərbaycan dövləti bu kimi məsələlərə ən ali rəhbərlik səviyyəsində dəstək nümayiş etdirir və bu amil dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Beşincisi, Azərbaycan dövləti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə yanaşı, Bakı Beynəlxalq Humanitar Forumu, Dini Liderlərin Sammitinin təşkili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması kimi məntiqi addımlarla fəaliyyət göstərir, eyni zamanda bunu bütün dünya ictimaiyyətinə nümayiş etdirə bilir.
Tam əminliklə deyə bilərik ki, dövlətin ən uğurlu layihələrindən biri olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu formatına görə dünyada yeganə çoxtərəfli platforma kimi, mayın 18-19-da beynəlxalq sülhün və əməkdaşlığın qurulmasına öz töhfələrini verəcək.
Abdulla SUVAR,
AZƏRTAC-ın müxbiri
Azərbaycan.-2015.- 18 aprel.- S.3.