Avropanın ikili standartlarının əsas

 səbəbi onun korrupsiyaya qurşanmasıdır

 

Ölkəmiz olduqca mühüm bir tarixi hadisə ərəfəsindədir. Tarixdə ilk dəfə baş tutacaq birinci Avropa Oyunlarının keçirilməsinə iki aydan da az vaxt qalır. Söz yox ki, Avropa Olimpiya Komitəsinin güvəndiyi Azərbaycan bu etimadı da layiqincə doğruldacaq.

Ancaq bu möhtəşəm idman bayramı ərəfəsində antiazərbaycançı şəbəkə, bəzi Qərb dövlətləri ölkəmizi hədəfə alıblar. Azərbaycanın bu beynəlxalq idman turnirində qazanacağı uğurlardan ciddi narahatçılıq keçirənlər müxtəlif çirkin kampaniyalara əl atırlar. Öncə ortalığa ölkəmizdə guya insan hüquqlarının pozulduğu iddiasını atdılar. Yanlış yolda olduqlarını anlayıb keçdilər küçə heyvanlarının hüquqlarının “müdafiəsinə”. Guya Azərbaycanda küçə heyvanlarına qarşı zorakılıq halları var. Amma yaydıqları videomaterialda hadisələrin hansı ölkədə baş verdiyi barədə məlumat yoxdur. Antiazərbaycançı şəbəkənin bu iddiası da boşa çıxdı.

Yeni yaranmış İdmanİnsan Haqları Alyansı adlı qurum isə Avropa Olimpiya Komitəsinə müraciət edərək Azərbaycana təzyiq göstərməsini istədi. Tərkibində “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının yer aldığı qurumun tələbi isə vətənə xəyanətdə ittiham olunan şəxslərin (həmin beynəlxalq qurumların ölkəmizdəki “buyruq qulları”nın) azadlığa buraxılması idi. Daim Azərbaycana qarşı qərəzli, ikili standartlarla yanaşan, hazırladıqları illik məruzələrdə ölkəmizi ancaq tənqid obyekti kimi göstərən qurumların birləşdiyi alyansa ölkə ictimaiyyəti kəskin etirazını bildirdi. Çünki bu təşkilatların ölkəmizə qeyri-obyektiv münasibəti hamıya məlumdur. Son günlər isə bəzi Qərb dairələri yeni məkrli planlarını işə salaraq Azərbaycanda korrupsiyaya qarşı zəif mübarizə aparıldığı iddiasını ortaya atıblar. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanı istəməyən qüvvələr Avropa Oyunları ərəfəsində ölkəmizin imicinə, artan nüfuzuna xələl gətirmək üçün istənilən vasitəyə əl atırlar. Ölkə ictimaiyyəti və politoloqlar yenə də bu qüvvələrin çirkin niyyətlərinin baş tutmayacağı fikrindədir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qəzetimizin əməkdaşına açıqlamasında bildirib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təkcə ölkəmizdə yox, həm də dünya tarixində mühüm hadisədir və bu hadisəyə də hər kəs öz prizmasından baxır: “Haqqı, ədaləti, barışı sevən insanlar bunu alqışlayır, ağı qara görmək istəyənlər isə müxtəlif bəyanatlar verərək bu hadisəyə kölgə salmağa çalışırlar. Lakin anlamırlar ki, bu barədə boş-boşuna qərar verilməyib. Avropa Olimpiya Komitəsi Azərbaycanın namizədliyinə dəstək vermədən öncə ölkəmiz barədə ən kiçik detalları belə araşdırıb. Əgər ölkəmizlə bağlı hər hansısa bir narahatçılıq olsaydı beynəlxalq əhəmiyyətli tədbir üçün müsbət qərar qəbul edilməzdi”.

Deputatın sözlərinə görə, İdmanİnsan Haqları Alyansı adlı qurumun Avropa Olimpiya Komitəsinə müraciəti də növbəti təzyiq mexanizmidir. Həmin təşkilat bu yaxınlarda yaradılmış koalisiyadır. Tərkibinə “Amnesty İnternational”, “Human Rights Watch” hüquq-müdafiə təşkilatları, FIFPro - Dünya Oyunçular Birliyi (“World PlayersUnion), Avropa Futbol Tərəfdarları (“Football Supporters Europe”), “Supporters Direct Europe”, “Terre des Hommes”, və “Transparency İnternational” təşkilatının Almaniya bölməsi daxildir. Alyansın məqsədi guya meqa idman tədbirləri keçirən ölkələrdə insan haqlarını, ətraf mühit qaydalarına əməl olunmasını təmin etməkdir. AncaqAmnesty İnternational”, “Human Rights Watch” təşkilatlarının bu tərkibdə yer alması vəziyyətin nə yerdə olduğunu göstərir. Daim Azərbaycana qarşı ikili standartlar prinsipi ilə yanaşan bu beynəlxalq qurumlar indi də maskalanmış formada hərəkətə keçib. M.Quliyevin fikrincə, Azərbaycanı sevməyən, erməni lobbisinin təsiri altında olan bu qurumlar şübhəsiz ki, istənilən vasitələrlə ölkəmizə ləkə yaxmağa çalışırlar: “Bunların apardıqları növbəti şər kampaniyasına nəzər salaq. İddia edirlər ki, guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə zəifdir. Amma diqqət etsək görərik ki, ölkəmizi bu məsələdə günahlandıran Avropanın əksər inkişaf etmiş ölkələrində çox acınacaqlı vəziyyət var”.

M.Quliyevin sözlərinə görə, belələri Azərbaycanı ittiham edib Avropa Oyunlarının keçirilməsi üçün ölkədə guya şəraitin olmadığını da söyləyirlər. Dediklərinə görə, lazımi infrastruktur mövcud deyil. Ancaq bir turnirin işlərini cəmi 2 il yarıma hazırlayan Azərbaycan çoxlarını heyrətləndirib. Elə bu qurumların özləri də yaxşı bilirlər ki, Avropa Oyunları yüksək səviyyədə keçiriləcək.

Bunun təzə kampaniya olmadığını söyləyən deputat bildirdi ki, antiazərbaycançı şəbəkəni narahat edən digər bir məqam Azərbaycanın Avropa Oyunlarından sonra dünyada artan nüfuzunu, yüksələn xətlə inkişaf edən əlaqələrini daha da şaxələndirəcəyi və böyük dividend qazanacaq. Deputat hesab edir ki, ölkədəki bütün ictimai-siyasi qüvvələr bu yarışma ərəfəsində həmrəyliyə gəlməli və milli maraqlar naminə bir yerdə olmalıdırlar. Əgər kimsə bu işdə Azərbaycan hökuməti ilə birgə deyilsə, ölkənin uğurlarını görmək istəmirsə, onların bu xalqa aidiyyəti yoxdur.

Milli Məclisin deputatı İlham Məmmədov isə bizimlə söhbətində vurğuladı ki, Bakıda keçirilən “Eurovizion” mahnı müsabiqəsi ilə dünyaya bir daha səs salan Azərbaycan Avropa Oyunları ilə yeni tarix yazacaq: “Bu mahnı müsabiqəsi ilə ölkəmiz Azərbaycan nümunəsi ortaya qoyduAvropa Oyunları da bu qəbildən olacaq. Dünya Azərbaycanın tolerantlığının, qonaqpərvərliyinin və müasirliyinin bir daha şahidi olacaq. Antiazərbaycançı şəbəkələr isə o zaman susub qıvrılacaqlar. Necə ki, “Euroviziondan sonra uzun müddət belə olmuşdur”.

İ.Məmmədovun fikrincə, Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyəti qüvvətlənir. Ancaq Azərbaycan həqiqətləri bütün yalanların, iftiraların üstünü tez bir zamanda açıb ortaya qoyur. Deputat hesab edir ki, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı sanki bir savaş başlanıb. Təhdidlər, şantajlar, qarayaxmalar etməklə ölkəmizi gözdən salmağa, bu turniri əngəlləməyə çalışırlar. Ancaq yaxşı bilirlər ki, Azərbaycan belə təhdidlərin qarşısında dayana biləcək gücündədir: “Dəfələrlə ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayıblar. Son günlərdə isə korrupsiya ilə mübarizə məsələsini ortalığa atıblar. Ancaq çox yaxşı bilirlər ki, Azərbaycanda bu sahədə ciddi islahatlar aparılır. Son illər bütün beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının brendi hesab edilən “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində ən uğurlu layihələrdən biri kimi dəyərləndirilmişdir. Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəsmi saytında yerləşdirilən analitik icmalda bildirilir ki, Azərbaycan korrupsiyaya qarşı yetərincə uğurlu mübarizə aparır.

Korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qurumların çevikliyi və peşəkarlığı bu sahədə uğurlu nəticələrin əldə olunmasını təmin edib. Son illərdə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri təkmilləşdirilib, bu sahədə sistem xarakterli tədbirlər həyata keçirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib”.

İ.Məmmədov onu da bildirdi ki, Azərbaycanı bu məsələdə günahlandıran ölkələrdəki korrupsiya halları isə heç bir hesabatlarda əksini tapmır. Çünki onlar öz eyiblərini hər vəchlə ört-basdır edib diqqəti yayındırmağa çalışırlar. Amma faktlar hər şeyi deyir: “Bu yaxınlarda Avropa İttifaqının antikorrupsiya agentliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb. Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat həqiqətən şok effekti yaradır. Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür. Aİ ölkələrinin polisprokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb.

Almaniyanın Hannover məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Almaniyanın Biber şəhərində “Siçanlar üçün körpüinşa edilib. Sırf siçanların hərəkətinin izlənilməsinə 470 min avro silinib. Almaniyanın Yunanıstanı silahlandırma proqramına görə də Aİ-nin büdcəsindən milyardlarla maliyyə vəsaiti silməsi faktları da mövcuddur. Buna görə də ekspertlər korrupsiyanın vəziyyətinə görə Almaniyanı Nigeriya ilə müqayisə edirlər.

Fransada büdcə işləri üzrə nazir Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq 600 min avro toplayıb. Bunu uzun zaman gizli saxlaya bilən nazir, nəhayət, 2013-cü ildə istefa verməyə məcbur olub. Bütün bunlar fakt deyilmi? Bəs onda niyə yalnız Azərbaycanı hədəfə alırlar? Demək ki, bunların hamısı məqsədyönlü şəkildə həyata keçirilir”.

Deputatın sözlərinə görə, bu faktlar Azərbaycanda deyil, Avropa ölkələrində baş verir və bizə şər-böhtan atıb, təhdid dili ilə danışmaq istəyən beynəlxalq təşkilatlar belə faktları gizlətmək üçün öz hesabatlarında daim ikili standartlar prinsipini “işə salırlar”. Bu faktlar isə onlara tutarlı cavablardır. Ona görə də Azərbaycanla təhdid dili ilə danışmaq qeyri-mümkündür. Avropa Oyunlarına ev sahibliyi etmək məsələsinə gəldikdə isə Azərbaycan dünyadakı reytinqini bir qədər də yüksəldəcək və yeni tərəfdaşlar qazanacaq. Şər-böhtan kampaniyası aparanlar isə həmişəki kimi məyus olacaqlar.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 18 aprel.-  S.6.