Avropa Parlamenti
erməni lobbisinin
təsiri altında olduğunu növbəti
dəfə təsdiq etdi
Bu qurumun qəbul etdiyi qərarlar onun antiazərbaycançı
və
antitürk mövqedə olmasından xəbər
verir
Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı fakt ortaya qoya bilməyiblər. Türkiyə dövlətinin dəfələrlə təkidlərinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsindən və araşdırılmasından yayınır. Qondarma “soyqırımı”nı tanıyan ölkələr isə tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar.
Tarixdən bəlli olan faktlar isə ondan ibarətdir ki, 1915-ci ilin fevralında Şərqi Anadoludakı ermənilər Osmanlı dövlətinə qarşı qiyam qaldırmışdılar. Buna görə də Osmanlı hökuməti müvafiq tədbirlər həyata keçirib. Bu tədbirlər ermənilərin hərbi xidmətə cəlb edilməməsindən və erməni terror təşkilatlarının əmlaklarının müsadirə edilməsindən, rəhbərlərinin həbsindən ibarət olub. Ermənilərin soyqırımı günü hesab etdikləri 24 aprel 1915-ci il tarixində onların ölməsi bir tərəfdə qalsın, heç bir nəfərinin belə burnunun qanadığına aid fakt yoxdur. Görünən odur ki, ermənilər soyqırımına məruz qalmayıblar və öz mənfur əməllərini, sərsəm “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsr boyu dəhşətli soyqırımı cinayətləri həyata keçiriblər.
Sonralar erməni millətçiləri Türkiyə və Azərbaycan ərazilərində insanlığa qarşı törətdikləri dəhşətli soyqırımı cinayətlərini ört-basdır etmək üçün yalançı “soyqırımı” mifini uyduraraq erməniləri dünyanın “əzabkeş xalqı” kimi qələmə verməyə başladılar. “Erməni soyqırımı” iddiaları isə 1950-ci illərdən sonra gündəmə gəldi. Kilsənin də yaxından iştirakı ilə irəli sürülən qondarma iddialar Amerikadakı və Avropadakı erməni lobbisinin dəstəyi ilə antitürk və antiazərbaycançı kampaniyasına çevrildi. İndiyədək müəyyən dövlətlər erməni lobbisinin və ermənipərəst dairələrin yalanlarına uyaraq, bəziləri isə erməni sevgisindən irəli gələrək uydurma “soyqırımı”nı tanıyıblar. Lakin bu dövlətlərin heç biri tarixi həqiqəti araşdırmaq məqsədilə öz tarixçisini Türkiyəyə göndərməyib. Əslində isə araşdırma aparmalı, yalnız bundan sonra baş verənlərlə bağlı hər hansı qərar qəbul edilməli idi.
Dünya erməniliyi isə qondarma “soyqırımı”nın yüz illiyinə yaxınlaşır. Və bu tarix yaxınlaşdıqca hansı dairələrin erməni və xristian təəssübkeşi olduğu, kimlərin erməni lobbisinin təsiri altında fəaliyyət göstərdiyi bir daha üzə çıxır. Daim antiazərbaycançı və antitürk mövqeyi ilə gündəmə gələn Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar aprelin 15-də cəmi 61 nəfər deputatın iştirakı ilə qəbul etdiyi qeyri-obyektiv qətnamə bir daha sübut etdi ki, bu qurum məhz dünya erməniliyinin maraqlarına xidmət edir. İclasdakıların əksəriyyəti tamamilə ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri tarixdə baş verənlərlə bağlı hər hansı sübut və dəlilin ortaya qoyulmasından söz açmayıb. Heç kim arxivlərin birgə araşdırılması ilə bağlı Türkiyənin təkliflərinə Ermənistan tərəfinin məhəl qoymamasına münasibət bildirməyib. Təbii ki, belələri ermənilərin törətdikləri soyqırımıları heç dillərinə gətirməzdilər. Hətta Avropa Komissiyası adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva çıxışında “soyqırımı” kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. O, bu haqda suala cavab verərkən “soyqırımı” məsələsinin çox həssas olduğunu deyərək Avropa İttifaqına üzv ölkələr arasında bununla bağlı birmənalı mövqeyin olmadığını qeyd edib.
Bu məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti öz münasibətini açıqlayıb. Mətbuat xidmətinin bununla bağlı şərhində deyilir: “Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar 15 aprel tarixində qəbul edilmiş qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq ikili standartların bariz nümunəsidir”. Həmçinin qeyd olunur ki, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, “erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir.
Təbii ki, müəyyən dairələrin əlində siyasi alətə çevrilən Avropa Parlamentinin bu cür avantürist qərarı ilə Türkiyə dövlətinə təsir etmək qeyri-mümkündür. Digər tərəfdən, bu cür qərəzli və qeyri-obyektiv yanaşma onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirir. Çünki bu, sosial-iqtisadi baxımdan acınacaqlı durumda olan, səfalət içində çabalayan Ermənistanın özünü məhvə doğru sürükləyir. Ona görə itirən Türkiyə yox, Ermənistandır.
Əslində Avropa Parlamentinin 15 aprel tarixli qərəzli, tarixi həqiqətləri əks etdirməyən qətnaməsində təəccüblü heç nə yoxdur. Məgər tarixin araşdırılması və həqiqətlərin üzə çıxarılması missiyasının tarixçilərin üzərinə düşdüyünü Avropada bilmirlər?! Məgər Ermənistanın Türkiyənin arxivləri birgə araşdırmaq təkliflərindən qaçdığını Avropada görmürlər? Bəs 1,5 milyon erməninin qətlə yetirildiyini kim dəqiq sayıb? Bu sualların cavablarını avropalı parlamentariləri özləri lap yaxşı bilirlər. Tarixdə heç bir erməni soyqırımının olmadığını, əksinə, ermənilər tərəfindən Xocalıda soyqırımın həyata keçirildiyini çox gözəl bilirlər. Lakin antiazərbaycan, antitürk və antiislam təəssübkeşliyindən irəli gələn qərəzli münasibət, ikili standartlar onlarda obyektivlik hissini tamamilə məhv edib. Əgər belə olmasaydı, bu qurum indiyədək Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə, Xocalı soyqırımına, Ermənistanın beynəlxalq hüququn normalarını kobud şəkildə pozmasına münasibət bildirərdi.
Ermənistana dəstək olan, qondarma “erməni soyqırımını” qəbul edən, bu məqsədlə Avropa Parlamentinin 15 aprel iclasında söz alan deputatların mənsub olduqları bəzi Avropa dövlətlərinin özləri çox da uzaq olmayan keçmişdə Afrikada saysız-hesabsız qətliamlar törədiblər. Əlcəzairdə 1,5 milyon insanı, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini erməni təəssübkeşi olanlar qətlə yetiriblər. Bu gün özlərini insan haqlarının və demokratiyanın vətəni sayanlar bir vaxtlar insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədiblər. Əlcəzair qırğınları cəmi 50-60 il əvvəl dünyanın gözü qarşısında baş verib. Bu gün həmin qırğınları törədənlər dəstək olduqları ermənilərin Xocalıda törətdiklərinə göz yumur, onların uydurma “soyqırımı” iddialarını qəbul edirlər.
Ümumiyyətlə, Avropa Parlamenti indiyədək dəfələrlə erməni təəssübkeşliyini təsdiqləyən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərdiyini sübut edən sənədlər qəbul edib. Hər dəfə Azərbaycan böyük uğura imza atanda Avropa Parlamenti ölkəmizlə bağlı qərəzli qətnamə qəbul edir. O cümlədən avropalı parlamentərilər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək beynəlxalq hüququn normalarını pozublar. Lakin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, eyni zamanda işğalçı ölkədəki antidemokratik vəziyyətə heç vaxt münasibət bildirməyiblər. Bütün bunlar ikili standartların, antitürk, antiazərbaycanlı və antiislam münasibətin göstəriciləridir.
Təbii ki, Azərbaycan və Türkiyə dövlətləri erməni yalanları ilə mübarizədə daim bir-birinin yanındadır. Ona görə Avropa Parlamentinin qəbul etdiyi qeyri-obyektiv qərar Azərbaycan cəmiyyətində də ciddi etirazla qarşılanır, Avropa strukturlarına olan etimadsızlıq mühitini daha da dərinləşdirir. Avropa Parlamentinin əsassız, qərəzli və ikili standartların bariz nümunəsi olan bu addımı isə onun erməni lobbisinin təsiri altında olmasının növbəti dəfə əyani sübutudur.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.- 18 aprel.- S.6.