Diplomatik Insight” jurnalında Azərbaycan-Pakistan

 əlaqələri ilə bağlı məqalələr dərc edilib

 

Pakistanda urdu, ingilis və ərəb dillində nəşr olunan “Diplomatik Insight” jurnalında Azərbaycan - Pakistan münasibətləri ilə bağlı məqalələr dərc edilib.

Jurnalın üz qabığında Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Məmnun Hüseynin birlikdə fotoşəkilləri yer alıb. Məqalələrdə Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, keçirilən görüşlər, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanın ali “Hila-e-Pakistan” ordeni ilə təltif olunması və s. məsələlər əksini tapır.

 

Jurnalda Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun (SDTİ) direktoru, jurnalın baş redaktoru Asif Nurun Azərbaycan-Pakistan münasibətləri haqqında yazdığı ön söz, Koreya Respublikasının Hankuk Universitetinin professoru Rövşən İbrahimovun “Pakistan-Azərbaycan münasibətləri. İqtisadi əlaqələrin inkişafına yeni təkan”, A.Nurun “Pakistan-Azərbaycan əlaqələri. Yeni təkan və yeni bahar” adlı məqalələri yer alıb.

 

Bundan başqa, Peşəvar Universitetinin siyasi elmlər fakültəsinin professoru Zahid Ənvərin “Azərbaycan-Pakistan münasibətlərinin XXI əsrdə istiqamətləri”, SDTİ-nin əməkdaşı Məhəmməd Bilal Xanın “Azərbaycan-Pakistan münasibətlərinin xülasəsi”, Pakistan Müsəlman Liqası Partiyasının qadınlar birliyinin rəhbəri, tanınmış iş adamı Amna Malikin “Azərbaycanla ticarətin inkişafı”, Bakı Dövlət Universitetinin urdu dili müəllimi Eldost İbrahimovun “Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin intibahı“ adlı məqalələri də jurnalda dərc edilib.

Nəşrdə, həmçinin Azərbaycan səfirliyinin dəstəyi ilə tanınmiş xəttat Azim İqbalın İslamabad şəhərində keçirilmiş “Sülh və harmoniyanın rəngləri” sərgisi, ölkəmizin Pakistandakı səfirliyinin fəaliyyəti haqqında məqalələr də dərc olunub.

 

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Azərbaycan.-2015.- 18 aprel.-  S.2.