1948-1953-cü illər deportasiyası, yaxud genosidin bir forması

 

Azərbaycanlıların soyqırımı

 

Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Erməni siyasi dairələri istər çar Rusiyası dövründə, istərsə də sovet hakimiyyəti illərində tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həmişə həyata keçirmişlər. 1905-1906 və 1918-1920-ci illərdə kütləvi qırğınlar və soyqırımı aksiyaları zamanı yarım milyon azərbaycanlı Ermənistan ərazisində qətlə yetirilmişdir. Bu da deportasiya aktını həyata keçirmək üçün ən güclü təsir vasitələrindən biri olmuşdur. Yəni, məqsəd əhali arasında real vahimə yaratmaq, onların gözləri qarşısında vəhşiliklər törətmək, dədə-baba torpaqlarından qovmaq idi. Təbii ki, bu cür vəhşilikləri görən yerli sakinlər istər-istəməz psixoloji sarsıntı keçirir, şok vəziyyətinə düşür və həmin təsirlərdən yurdlarını tərk etmək məcburiyyətində qalırdılar.

Sovet dövründə isə azərbaycanlıların deportasiya aktları riyakar erməni siyasətinin təsiri ilə qanuniləşdirilməyə cəhdlərlə müşayiət olunmuşdur. Daha doğrusu, əvvəlcə Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılmış, sonra isə soydaşlarımızın deportasiyası başqa adlar altında reallaşdırılmağa başlamışdır. Faktlara müraciət edək:

Sovet hökuməti keçmiş İrəvan xanlığı - İrəvan quberniyası ərazisinin əksər hissəsini, Zəngəzur qəzasını, Qazax qəzasının Dilican dərəsini, Gürcüstanın Lori-Pəmbək, Qars vilayətinin Ağababa bölgəsini birləşdirərək Ermənistan adlı respublika yaratmışdı. Əslində, o, Cənubi Qafqazda bir ziddiyyət ocağı, çaxnaşma mənbəyi əmələ gətirmişdi. “Daşnaksütyun” partiyasının və sovet təbliğatının dəstəyi ilə üzdəniraq respublikaya əhali axını başlamışdı. Belə ki, dünyaya səpələnmiş ermənilərin böyük bir hissəsi burada məskunlaşmağa qərar vermişdi.

Proses davam edir, məqsəd isə azərbaycanlıların öz yurdlarından qovulmasına yönəldilmişdi. Nəhayət, 1947-ci il dekabrın 23-də bu məkrli niyyət özünü rəsmi surətdə göstərir. İ.V.Stalin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı imzalayır. O zaman erməni millətçiləri bu məkrli niyyəti yaxşıca pərdələməyə çalışmışdılar: guya bu addım - azərbaycanlıların köçürülməsi respublikanın iqtisadiyyatını gücləndirmək, problemlərini həll etmək üçün atılırdı.

Əslində isə verilən qərar açıq-aydın deportasiya aktı idi. Qərara görə, azərbaycanlı əhali guya “könüllülük prinsipləri əsasında” köçürüləcəkdi. Bu, necə könüllülük idi ki, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min - üç il ərzində 100 min azərbaycanlının köçürülməsinə qərar verilmişdi?! Köçənlərin evləri, torpaqları isə xaricdən gələn ermənilərə paylanırdı.

Qərarların həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı əslində, Ermənistan ərazisindəki dədə-baba torpaqlarından kütləvi və zorakılıqla sürgün olunmuşlar. İnsan hüquqlarına zidd olan bu qərarların, xüsusilə azərbaycanlıların Ermənistandan Kür-Araz ovalığına köçürülməsi qərarı misli-bərabəri olmayan qəddarlıqla yerinə yetirilmişdir. O zaman deportasiya olunanların 50 minə yaxını iqlim şəraitinə dözməyərək həlak olmuş, 30 faizə yaxını isə Stalinin ölümündən sonra viran qoyulmuş və xarabazara çevrilmiş yurdlarına qayıtmışdı. Bu da azərbaycanlıların deportasiyasının son mərhələsi olmamışdır. Yəni, sonrakı hadisələr zamanı proses ermənilər tərəfindən daha amansızlıqla və qəddarlıqla başa çatdırılmışdır.

Azərbaycanlıların köçürülməsi məsələsində iki amil önə çəkilirdi. Bunlardan biri xaricdən öz “vətən”inə dönən erməniləri yerləşdirmək, digəri isə guya Azərbaycanın pambıqçılıq rayonlarında işçi qüvvəsinin çatışmaması idi. Əslində isə bunlar erməni hiyləsi ilə uydurulmuş arqumentlər idi. Məsələnin daha dərin kökləri vardı. “Kadr arxasında” Dağlıq Qarabağ faktoru dayanırdı. Xatırladaq ki, hələ 1945-ci ilin noyabrında Ermənistan K(b)P MK-nın birinci katibi Q.Harutunyan Stalinə məktub yazaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsini xahiş etmişdi. Həmin məktub isə cavab üçün Azərbaycana göndərilmişdi. O zaman Azərbaycana rəhbərlik edən M.C.Bağırovun cavab məktubunda Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğu əsaslandırılmışdı. Şuşa istisna olmaqla təklifə etiraz edilmir, lakin əvəzində Ermənistan, Gürcüstan və Dağıstanın azərbaycanlılar yaşayan, respublikamızla həmsərhəd və tarixən onun ayrılmaz hissəsi olan ərazilər Azərbaycana qaytarılsın. Bu cür sərt münasibət məsələyə son qoymuşdu.

Köçürülmə isə ermənilərin bu məqsədə yönəldilmiş növbəti hiyləsi idi. Bu cür səbəblər fikirləşmişdilər və Stalini bunlara elə inandırmışdılar ki, heç bir etiraz fayda verə bilməzdi. Uzun illər Ermənistanda rəhbər vəzifələrdə çalışmış jurnalist və partiya işçisi Həbib Həsənov “Deportasiya” adlı elmi-publisistik məqaləsində (“Azərbaycan” qəzeti 8 avqust, 1997-ci il) yazırdı ki, İkinci Dünya müharibəsində faşist Almaniyasına qarşı döyüşlərdə SSRİ-nin qələbəsi beynəlxalq aləmdə onun nüfuzunu xeyli gücləndirmişdi. Belə bir dövrdə SSRİ Ali Sovetinə seçkilər kampaniyası genişlənir, deputatlığa namizədlərlə seçicilərin görüşləri təşkil olunurdu. 1946-cı il fevralın 1-də Ermənistan KP MK-nın birinci katibi Q.Harutunyanın seçicilərlə görüşü keçirildi. O, müharibədə SSRİ-nin qələbəsindən danışdı, Stalinin böyük rolunu qeyd etdi, A.Mikoyanın xidmətlərini sadaladı, eyni zamanda, xaricdə yaşayan çoxlu erməninin Ermənistana gəlmək arzusundan bəhs etdi. Bildirdi ki, Yunanıstandan 8 min, Tehrandan 17 min, Cənubi Amerikadan 32 min, Suriya və Livandan 50 min erməni köçmək arzusundadır. Ermənistanın ərazisi isə bu qədər insanı qəbul etmək iqtidarında deyildi. “O, Qars, Ərdahan vilayətlərinin və bir sıra digər ərazilərin Ermənistana verilməsini söylədi... Bu ekstremist, torpaq iddiaları irəli sürülən çıxışdan 74 gün əvvəl, 1945-ci il noyabrın 21-də isə SSRİ Nazirlər Soveti xaricdə yaşayan və Ermənistana köçmək istəyən ermənilərin qəbul edilib yerləşdirilməsi haqqında qərar vermişdi. Təbii ki, Q.Harutunyanın çıxışında qarşıya qoyulan tələblər bu qərara əsasən yazılmışdı və Moskvada hərtərəfli götür-qoy edilmişdi. Lakin Türkiyənin ərazisini zəbt edib Ermənistana qatmaq o qədər də asan məsələ deyildi. Buna ABŞ və Avropa dövlətləri razı ola bilməzdi... Onda ermənilər digər bir hiyləyə əl atdılar. Ermənistanda yaşayan azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsi məsələsini qarşıya çəkdilər. Əslində isə məqsəd azərbaycanlılara məxsus əraziləri zəbt etmək idi...”

1947-ci ilin sonunda qəbul edilmiş qərar az imiş kimi, bir neçə ay sonra, yəni, 1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti daha bir qərar qəbul etdi. SSRİ hökuməti böyük “mərhəmət” göstərərək Ermənistanın və Azərbaycanın nazirlər sovetlərinə tapşırır ki, bir ay ərzində köçürülənlərin Ermənistanda qoyduğu əmlakının ödənilməsi qaydalarını müəyyənləşdirsinlər. Onlara öz əmlakını satmaqda kömək göstərsinlər.

1948-ci il fevralın 2-də və aprelin 14-də Azərbaycan SSR Nazirlər Soveti həmin qərarlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə xüsusi tapşırıqlar verdi. İşin təşkilinə 1948-ci ildə Ermənistandan azərbaycanlıların köçürüləcəyi rayonların tərtib olunmasından başlandı. Bu məqsədlə Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan K(b)P MK-nın nümayəndələri Ermənistana ezam edildilər. Onlar vahid tədbirlər planı işləyib hazırlamalı, azərbaycanlılar arasında köçürülmənin şərtləri, ediləcək güzəştlər haqqında ətraflı izahat işləri aparmalı idilər.

Həmin il köçürülməli olan əhalinin hamısını Kür-Araz ovalığında yerləşdirməyə imkan yox idi, yaşayış binaları çatışmırdı. Üstəlik də köçürülən insanların bir hissəsi Ermənistanın dağ rayonlarından idi, onlar düşdükləri iqlim şəraitinə çox çətin uyğunlaşırdılar. İyulun 9-da Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Soveti sədrinin müavini V.M.Molotova bu barədə məktub yazır. Lakin məktubda deyilənlərə heç bir məhəl qoyulmur.

İlk köçkünlərin ayağı Kür-Araz ovalığına iyunun əvvəllərində dəyir. Həmin ayın 19-da Azərbaycan SSR Sovxozlar Nazirliyi xəbər verir ki, ilk eşelonlarla 44 azərbaycanlı ailəsi gəlib və onlar Jdanov (indi Beyləqan) rayonunda sovxozlarda yerləşdiriliblər.

İyulun 28-də daha bir eşelon gəlir. 59 vaqondan ibarət bu köç 101 təsərrüfatı, yəni, öz mal-qarası və ev əşyaları ilə 382 nəfəri gətirmişdi. Səhər tezdən gələn insanlar axşama qədər nəzərdə tutulan yerlər üzrə yola salındılar. Beləliklə, daha 98 ailə “xoş əhval-ruhiyyə ilə” yeni yaşayış yerinə gəldi. Əslində, sözün tam mənasında, deportasiya olundu, öz yurdundan, ata-baba torpağından qovuldu, didərgin salındı.

Getdikcə sayı artan bu insanları yerbəyer etmək o qədər də asan məsələ deyildi. Azərbaycan çox çətin problemlər qarşısında qalmışdı. 1949-cu ildə Azərbaycana Ermənistandan daha 40 min nəfərin köçürülməsinə qərar verilmişdi. Belə bir vəziyyətdə Azərbaycanın Nazirlər Soveti yenidən SSRİ Nazirlər Sovetinə məktubla müraciət etmək məcburiyyətində qalır. Məktubda xahiş olunur ki, 1949-cu ildə Azərbaycana 40 min deyil, 12-15 min nəfər köçürülsün. Köçürülənləri onların əvvəl yaşadığı iqlimə uyğun olaraq Azərbaycanın dağ rayonlarında yerləşdirməyə icazə verilsin. Kür-Araz ovalığına köçürülənlərə edilən güzəştlər onlara da tətbiq olunsun. Əfsuslar olsun ki, SSRİ Nazirlər Soveti bütün təklif və xahişləri rədd edir.

Deportasiya olunanlar köçürmənin acılarını ömürlərinin sonuna qədər qəlblərində yaşayıblar. Köçürülənlərdən hələ yaşayanlar da var. O dövrdə uşaq olanlar indi ömrün ahıllıq yaşına çatıblar, amma həmin mənzərələr, uydurma və yalanlar, çətinliklər onların yaddaşına əbədi həkk olunub. Belə bir tale yazıçı-jurnalist Məmməd Orucun da payına düşüb. Sonralar yazdığı “Köçürülmə” romanında o, bütün hadisələri olduğu kimi təsvir edib.

Vəziyyət çox gərgin idi. Köçüb gələnlər çətin şəraitdə yaşayırdı. Bəzən bir neçə ailə bir daxmaya sığınırdı. Çoxları yerli əhalinin evlərinin balaca bir hissəsində yaşayırdı. 90 min adamı yerləşdirmək üçün ən azı 20 min yaşayış evi lazım idi. Əlavə məktəb və xəstəxanalar tələb olunurdu. Su təchizatı yaxşılaşdırılmalı, yeni iş yerləri açılmalı idi. Ən başlıca vəzifə köçkünlər üçün yeni evlərin tikilməsi idi.

1950-ci ilin yanvarında Qaradonludan alınmış teleqramda deyilirdi ki, 11 vaqondakı köçkünlər üçüncü sutkadır vaqonları tərk etmir. Noyabr ayında Ucardan alınmış teleqramda isə bildirilirdi ki, Zərdab rayonuna köçürülmək üçün Ucar stansiyasına gətirilmiş 52 ailə bir aydan artıqdır açıq səma altında gecələyir. Onlar əvvəllər Jdanov rayonuna köçürülən qohumları ilə birlikdə yerləşdirilmələrini xahiş edirlər.

Narazılıq doğuran səbəblər çox idi. Eyni kənddən, bölgədən gələnləri müxtəlif ünvanlara səpələyirdilər. 1950-ci il üçün tikilməsi nəzərdə tutulan evlərin yalnız 13,4 faizi inşa edilmişdi. Nə qədər köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunmamışdı. Ümumiyyətlə, köçkünlərin ən çətin dövrü 1950-ci ildə olub.

Üstəlik, Ermənistandan özbaşına köçüb gələnlər də çox idi. 1948-1949-cu illərdə Qazaxa 86, Ağstafaya 97, Tovuza 71, Şəmkirə 201, Gədəbəyə 72, Gəncəyə 51 ailə özbaşına köçmüşdü. Digər bölgələrə köçənlər də az deyildi. Beləliklə, iki ildə onların sayı 4,5 min nəfərə çatmışdı.

Ermənistanda yaşayan azərbaycanlılar Kür-Araz ovalığının adı gələndə sanki vahiməyə düşürdülər. Ona görə də ilan mələyən düzlərə köçürülməkdən ehtiyat edərək özləri bəri başdan Ermənistandan çıxır və Azərbaycanın digər rayonlarında yaşamaq istəklərini bildirirdilər.

1949-cu il noyabrın 23-də Vedi Rayon İcraiyyə Komitəsinin sədri A.Məmmədov Ermənistan SSR Nazirlər Sovetinin sədri A.Karapetyana verdiyi məlumatdan bəlli olur ki, təkcə sözügedən rayondan 1948-1949-cu illərdə 700-dən çox təsərrüfat özbaşına Azərbaycana köçüb. O bildirirdi ki, təkcə son beş gün ərzində daha 75 təsərrüfat Vedini tərk edib. Beləcə, 1948-ci ildə Kür-Araz ovalığına heç də daxil olmayan Gədəbəy, Qazax, Şamxor (Şəmkir), Səfərəliyev, Kirovabad (Gəncə), Xanlar (Göygöl), Quba, Dəstəfur, Bakının Əzizbəyov (Xəzər) rayonlarına, Maştağa və digər qəsəbələrinə onlarca ailə köçüb gəlmişdi. Azərbaycan hökuməti Moskvadan xahiş etmişdi ki, köçkünlər üçün nəzərdə tutulan güzəştlərdən onların da istifadə etməsinə icazə verilsin. Yenə də rədd cavabı alınmışdı (Ataxan Paşayev, “Köçürülmə”, Bakı, 1995).

Ermənistan rəhbərliyi Azərbaycana məktub yazaraq yerdə qalanların köçürülməsini (hiyləgərcəsinə) xahiş edirdi. Azərbaycandan isə Moskvaya müraciətlər gedirdi ki, köçürülmə planını yerinə yetirmək mümkün deyil, maddi-məişət şəraiti buna yol vermir.

Əslində, Ermənistandan sözün əsl mənasında, qovulan azərbaycanlıların Dağlıq Qarabağda yerləşdirilməsi məqsədəuyğun olardı. Həm də buranın təbiəti, havası köçkünlərin əvvəl yaşadığı iqlimə yaxın idi. Lakin Martuni rayonunun cəmi üç kəndinə köçürülmüş azərbaycanlıların acı taleyi bu məsələyə aydınlıq gətirir. Belə ki, onlar çox incidilmiş, nəhayət, vilayətin ərazisindən qovulmuşdular.

O dövrdən qalan hər bir sənəd neçə-neçə sirr açır, neçə-neçə həqiqətdən xəbər verir. Deportasiya olunanları Dağlıq Qarabağda yerləşdirmək demək olar ki, mümkün deyildi. Səbəblər çox idi. Əvvəla, Ermənistan rəhbərliyi hər dəfə səs-küy qaldırıb Moskvaya bildirirdi ki, guya Azərbaycan hökuməti DQMV-də erməni və azərbaycanlı əhalinin sayındakı nisbəti pozur. İkincisi, muxtar vilayətin erməni məmurları azərbaycanlıların burada yaşamasına qəti etiraz edirdi. Bu, azmış kimi, DQMV-nin daşnak ruhlu erməni sakinləri də köçkünlərə qarşı çox aqressiv idilər, onları hər vasitə ilə sıxışdırır, bezdirmək istəyirdilər.

Martuni rayonunda köçkünlərin sıxışdırılmasına aid sənəddə bir çox belə hadisələr açıqlanır. Belə ki, köçkün ailələrini normal yaşayış üçün heç bir şəraiti olmayan evlərdə yerləşdirirdilər. Hətta nisbətən yaxşı sayılan evlərin də əsaslı təmirə ehtiyacı vardı. Köçkünlər üçün ayrılmış tikinti materialları müxtəlif bəhanələrlə onlara çatdırılmırdı (Bəxtiyar Nəcəfov, “Deportasiya”, Bakı, 2006).

Köçkün azərbaycanlılara işləyib özlərinin dolanışığını təmin etməyə imkan vermirdilər. Martuni rayon maarif şöbəsinin müdiri Ulubabyan Gün-Çertaz kəndində Azərbaycan dili müəlliməsini heç bir səbəb olmadan işdən uzaqlaşdırmış və bu fənni tədris etməyi məktəbin tədris işləri müdirinə tapşırmışdı. Halbuki o, Azərbaycan dilini demək olar ki, bilmirdi.

Məktəblərdə müvafiq qruplar yaradılmadığından köçkünlərin uşaqları uzaq kəndlərə dərsə getmək məcburiyyətində qalır, çox vaxt bunu edə bilmirdilər.

Kolxozçulara əmək kitabçaları verilmir, yaxud onların əmək günləri yazılmırdı. Özləri kənd adamı olan ermənilər yaxşı bilirdilər ki, kəndlinin güzəranı mal-qaranın vəziyyətindən çox asılıdır. Ona görə də çalışırdılar ki, köçkünlərin heyvanı üçün nəzərdə tutulan yem onlara çatdırılmasın. 1948-ci ilin təkcə 5 ayında Martuninin kəndlərində təzəcə məskunlaşmış azərbaycanlıların onlarca baş mal-qarası tələf oldu.

Beləliklə, 1949-1953-cü illərdə Dağlıq Qarabağın ərazisinə bir nəfər də azərbaycanlı köçkün buraxılmamışdı. Hələ üstəlik, DQMV-nin özündən 132 azərbaycanlı ailəsi Xanlar (Göygöl) rayonuna köçürülmüşdü.

1951-ci ildə SSRİ Nazirlər Soveti yanında Baş Köçürmə İdarəsi kollegiya iclaslarında üç dəfə - yanvarın 31-də, aprelin 28-də və avqustun 28-də Ermənistandan Azərbaycana köçürülmənin vəziyyətini müzakirə edir. İdarənin bu məsələyə belə maraq və “narahatlıq” göstərməsi nədən irəli gəlirdi?

Səbəb o idi ki, köçürülmüş azərbaycanlılardan geriyə - Ermənistana qayıdanlar vardı. Qəribə bir məsələ özünü göstərirdi. Ermənistandan Azərbaycana özbaşına köçmə halları olanda ermənilər susurdu. Köçənlər geri qayıdanda isə böyük qalmaqal qopurdu. Ermənistan SSR Nazirlər Sovetinin sədri mayın 27-də Moskvaya xəbər verir ki, 360 ailə geriyə qayıdıb. Ermənistan SSR Nazirlər Sovetindən Azərbaycanın eyni adlı qurumuna 376 ailənin geriyə qayıtdığını bildirirdilər.

Geriyə qayıdanları qınamaq əslində, düzgün deyildi. Çünki onlar öz ata-baba torpaqlarına, evlərinə qayıdırdılar. Nə olsun ki, sovet hökuməti bu yerləri Ermənistana vermişdi...

Geriyə qayıdanlar az deyildi. Amma ermənilərin tərtib etdikləri arayışlarda onların sayı olduğundan xeyli çox göstərilirdi.

Bu illərdə ermənilərin özbaşınalıqlarına getdikcə daha çox rəvac verilirdi. 1949-cu ildə Ermənistan SSR Nazirlər Soveti sədrinin göstərişi ilə azərbaycanlıların yaşadıqları Ləmbəli kəndindəki kolxoz ləğv edilir. 225 azərbaycanlı ailəsi zor gücünə Gürcüstana deportasiya edildi. Gürcüstana pənah gətirən azərbaycanlılar oradan da qovulurlar. Nəhayət, Ermənistan hökuməti onları yenidən geri qaytarır, amma öz kəndlərinə deyil, Basarkeçər rayonuna göndərir. Lakin üç aydan sonra Basarkeçərdən geriyə qayıdan ləmbəlilər Ermənistanla Gürcüstan arasındakı yerdə özlərinə yeraltı zirzəmilər düzəldib orada yaşayırlar. 4 il zülm çəkən ləmbəlilər yalnız Stalinin ölümündən sonra öz kəndlərinə qayıtmağa müvəffəq olurlar.

Ermənistanda yaşayan azərbaycanlılar belə məşəqqətlərə məruz qaldığı, öz ata-baba torpaqlarından, böyük zəhmətlə, alın təri ilə qurduqları yerlərdən dərbədər salındığı həmin illərdə Azərbaycandakı ermənilər “yağ içində böyrək kimi” dolanırdılar. Onlar ən yüksək rəhbər vəzifələrdə çalışır, ən yaxşı torpaqlarda məskən salır, ən gözəl evlərdə yaşayırdılar.

1953-cü ildə Stalin vəfat edir. Bundan sonra Kür-Araz ovalığına köç bir qədər səngiyir, əks-proses başlanır və getdikcə sürətlənir.

N.S.Xruşşovun hakimiyyəti dövründə Ermənistanda yaşayan azərbaycanlılara münasibətdə müəyyən sabitlik yaranır. Lakin bu, üzdə belə idi. Erməni millətçiləri “qeyri-leqal” fəaliyyətə keçmişdilər, gizli işlər gedirdi. Onlar vaxtaşırı yenə də “baş qaldırmaq”dan çəkinmirdilər. Ara-sıra torpaq iddiaları ilə bağlı vərəqələr yayırdılar. Sov. İKP Mərkəzi Komitəsinə ərizələr göndərərək Naxçıvanı, Qarabağı, Gürcüstanın Axalkalaki bölgəsini, Türkiyənin bir hissəsini istəyirdilər. Dövlət təhlükəsizliyi orqanları bu işlə məşğul olan bir neçə tələbə təşkilatının nümayəndələrini yaxalayıb məhkəməyə vermişdi. Lakin şovinist ermənilər özlərinin “böyük Ermənistan” arzularından “vaz keçə” bilmirdilər.

Onlar yalnız ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra “qına girdilər”. Hərçənd üzdəniraq arzu - özgədən torpaq qoparmaq arzusu mənfur qəlblərinin dərinliyində idi.

Həbib Həsənov 1997-ci ildə yazdığı “Deportasiya” elmi-publisistik məqaləsində göstərir ki, azərbaycanlıların Ermənistandan köçürülməsinə ermənilər SSRİ rəhbərliyi səviyyəsində nəzarət edirdilər. Müəllif həmin məqalədə ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəldikdən sonra vəziyyətin dəyişdiyinə, ermənilərin susduğuna aid bir sıra hadisələrdən bəhs edir. O, Ermənistan KP MK-nın birinci katibi A.Koçinyanın 1969-cu il sentyabrın əvvəlində keçirdiyi büro iclasında dediklərini xatırlayaraq yazır: “A.Koçinyan bildirdi ki, avqustun sonunda Qazaxda və İrəvanda o, Heydər Əliyevlə görüşüb hər iki respublikanın münasibətlərini yaxşılaşdırmaq məsələlərini müzakirə ediblər. Belə bir qanadlı fikir işlətdi: “Əliyev mənə ağıllı və uzaqgörən rəhbər təsiri bağışladı”. Sonra tapşırdı ki, o, Əliyevlə razılaşıb. Bundan sonra torpaq məsələsi haqqında söhbət olmasın... Beləliklə, düz 15 il, 1984-cü ilə qədər Ermənistan bir dəfə də olsa, bu məsələni qaldırmadı. Bu, Heydər Əliyev zəhminin nəticəsi idi”.

Ulu öndər Moskvada SSRİ rəhbərliyindən istefa verəndən sonra ermənilər yenidən baş qaldırdılar və keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində acınacaqlı hadisələr oldu. Ermənistanda yaşayan azərbaycanlılar yenidən ata-baba torpaqlarından qovuldular. Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərdəki bir çox rayonları işğal edildi, bir milyondan çox soydaşımız məcburi köçkünə çevrildi.

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra tarixi bir daha xatırlatmağı, məhz ötən deportasiyaları da diqqət mərkəzində saxlamağı vacib bildi. 1997-ci il dekabrın 18-də ulu öndər “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı.

Ulu öndər 1947 və 1948-ci illərdə deportasiya ilə bağlı verilmiş qərarları Azərbaycan xalqına qarşı yönəldilmiş növbəti tarixi cinayət aktı kimi səciyyələndirirdi. Çünki bu qərarlar əsasında 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdu.

“Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar”. Göründüyü kimi, ulu öndər həmin illərin hadisələrini əsl repressiya adlandıraraq bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasətini pisləmişdir.

O zaman deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə görkəmli alimlərdən, rəsmi vəzifəli şəxslərdən və ictimai xadimlərdən ibarət komissiya yaradılmışdır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 18 aprel.-  S.11.