Daşlaşmış tarix və mədəniyyət nümunələri minilliklərin yadigarıdır

 

Abidələr, qalalar zamanın, dövrün daşlaşmış səhifələri kimi, “danışan tarix”ə çevrilir, dünəndən - minilliklərdən soraq verir. Bu mənada hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində abidələrin özünəməxsus yerirolu var. Çünki onların meydana gəlməsinə qədər əsrlər keçib.

Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır. Buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir.

Tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın hər yerində qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, keçdiyi təkamülünün və inkişaf yolunun bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı əsrlərlə hesablanır. Ona görə də ölkəmizə səfər edən səyyahlar bu abidələrə heyranlıqlarını gizlədə bilməmiş və dəfələrlə öz xatirələrində qeyd etmişlər.

Maddi mədəniyyət abidələri ilə yanaşı, dini xarakterli məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə, onların təbii mühafizəsi nəzərə alınıb. Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və sığınacaqlar, digər memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni, ilk insan məskənlərindəndir.

MannaAtropatena dövlətlərinin mədəniyyət abidələri, müdafiə tikililəri - qalalar, yolüstü karvansaralar, o dövrün şəhərlərinin əzəmətli qala divarları, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ altıncı yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Yaxud həmin dövrün dini abidələrindən olan od məbədləri - bugünümüzədək gəlib çatan belə sərvətlər (Atəşgah) Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb. Onu da qeyd etməliyik ki, atəşpərəstliyin yayılması ilə bağlı yaradılan ibadətgahlar islamdan əvvəlki dövrün məbədləri sayılır. Qafqaz Albaniyasının yadigarları da bir daha təsdiqləyir ki, şəhərsalma mədəniyyətinin təşəkkül tapmasının tarixi çox qədimlərə gedib çıxır. Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, dəmirqapı keçidindəki müdafiə sistemi, Çıraqqala, Ləkit və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir.

Qafqazda islam dininin yayılması ilə bu yerlərdə memarlığın inkişafında da müəyyən dəyişikliklər zərurətə çevrilib. Yeni tipli memarlıq tikililəri - məscidlər, mədrəsələr, türbə və digər məbədlər tikilib. Ərdəbil, Marağa, Urmiya, Şamaxı, eləcə də Bərdə, Şabran və digər yaşayış yerləri o dövr üçün Azərbaycanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərindən sayılıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, islamdan əvvəlki dövrlərdə inşa edilən alban tikililəri milli memarlığın inkişafında mühüm əhəmiyyət daşıyıb. Həmin dövrün abidələrindən söz açarkən Zaqataladakı PaşanMuxax, Şəkidəki Böyük Gəldək, Govurqala, Qəbələnin Böyük Əmirli, Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd, bir sözlə, respublikamızın bütün bölgələrindəki tarixi, dini, maddi mədəniyyət nümunələrini unutmaq olmaz.

Yeri gəlmişkən, hər bir dövrün özünəməxsus memarlıq nümunələri olubonlar tarixi əhəmiyyət daşıyıblar. Son dövrlərdə həmin tarixin yaddaşlarına münasibət birmənalı şəkildə dəyişib. Çünki tarixi yadigarların daşıdığı əhəmiyyət birə-on qat artıb. Turizmin inkişafında mühüm rol oynayan belə abidə və məbədlər heç də ötəri yerə əcnəbi turistlərin marağını kəsb etmir.

Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən də sığortalanmayıblar. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində Yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının talan etdiyi abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə Yer üzündən silinir, yaxud erməniləşdirilir. Təsadüfi deyil ki, dağıdılan, məhv edilən maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan sərvətlər talan edilərək Ermənistana daşınıb.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.

Hazırda abidələrin beynəlxalq mühafizəsindən danışıldığı bir vaxtda erməni vandalizmi Azərbaycanın maddi mədəniyyət nümunələrini Yer üzündən silməklə məşğuldur. Dəfələrlə beynəlxalq tribunalardan səsləndirilsə də, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmirlər. Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra bu qədim, ulu musiqi beşiyində xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Erməni vandalizminin Azərbaycan ərazilərinə təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrini yerlə-yeksan etməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb. Əlbəttə, bura ayrı-ayrı rayonlarda məhv edilmiş abidə və məbədləri də əlavə etsək, aydın olar ki, ermənilərin faşizm xislətli çirkin siyasətinin nəticəsidir ki, keçmiş SSRİ-də yeganə sayılan Ağdamın çörək, dünya şöhrətli, 13 mindən artıq nadir eksponatlı Kəlbəcər, Xocalı, Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının tarix-diyarşünaslıq muzeyləri darmadağın edilib.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin barbarcasına dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası ilə zidd olsa da, nədənsə, beynəlxalq birlik belə “mədəni siyasət”in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyasının təsis edilməsində məqsəd diqqəti maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub. Sivilizasiyalı bəşəriyyətin tarixi keçmişininin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyırlar. Lakin minilliklərin yadigarları olan bu sərvətlər, təəssüf ki, heç də hamısı bu günümüzə qədər gəlib çıxmayıb. Onların sıradan çıxmasının isə təbii və süni səbəbləri olub. Belə ki, təbii aşınmalara məruz qalan abidələrin, təəssüf ki, insan əli və əməlinin də qurbanlarına çevrilməsi faktları ötən əsrin əvvəllərində və sonlarında özünü daha qabarıq formada göstərmişdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 18 aprel.- S.10.