Azərbaycan Prezidenti İlham Əliyev İranın müdafiə və
silahlı
qüvvələrə dəstək
nazirinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də
İran İslam Respublikasının müdafiə və
silahlı qüvvələrə dəstək naziri Hüseyn
Dehqanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Dövlətimizin
başçısı Azərbaycan ilə İran arasında
ikitərəfli münasibətlərin uğurlu
inkişafından məmnunluğunu ifadə etdi. İran
İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə
həm Azərbaycanda, həm İranda, həm də beynəlxalq
təşkilatlar çərçivəsində
görüşlərinin önəmini bildirən Prezident
İlham Əliyev birgə səylər nəticəsində əlaqələrimizin
müxtəlif sahələrdə yüksək səviyyəyə
qalxdığını qeyd etdi. Dövlətimizin
başçısı müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin rolunu
vurğulayaraq hərbi sahədə də əməkdaşlığımızın
genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev
İranın müdafiə və silahlı qüvvələrə
dəstək naziri Hüseyn Dehqanın ölkəmizə səfərinin
münasibətlərimizin daha da inkişaf etdirilməsi
işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirdi.
Nazir
Hüseyn Dehqan İran İslam Respublikasının Prezidenti Həsən
Ruhaninin salamlarını dövlətimizin
başçısına çatdırdı. İranın
müdafiə və silahlı qüvvələrə dəstək
naziri İran-Azərbaycan münasibətlərinin daha da
möhkəmləndirilməsinin vacibliyini vurğuladı. O,
ulu öndər Heydər Əliyevin müasir İran-Azərbaycan
əlaqələrinin memarı olduğunu qeyd edərək bu
gün Prezident İlham Əliyevin göstərdiyi siyasi iradə
və qətiyyətin münasibətlərimizin gələcək
inkişafı üçün möhkəm zəmin
yaratdığını bildirdi.
Görüşdə
hərbi-texniki əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyev İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İran dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2015.- 21 aprel.- S.2.