Milli Təhlükəsizlik Nazirliyinin İdman və
Sağlamlıq
Mərkəzinin
yaradılmasının 5 illiyi təntənəli qeyd olunub
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi qonaqlar iştirak ediblər.
MTN-in İctimai Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Sonra mərasim iştirakçıları MTN-in İdman və Sağlamlıq Mərkəzində idmanın əksər növləri ilə məşğul olmaq üçün yaradılmış şəraitlə, o cümlədən idman meydançalarında və məşq zallarında aparılmış yenidənqurma işləri, “Titan” idman klubunun üzvlərinin respublika və beynəlxalq yarışlarda, turnirlərdə və spartakiadalarda əldə etdikləri nailiyyətləri, qazandıqları mükafatları, çoxsaylı medalları və kubokları əks etdirən eksponatlarla tanış olublar.
Qonaqlara MTN-in İdman və Sağlamlıq Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib.
Mərkəzin “Titan” idman klubunun üzvlərinin təqdim etdikləri əlbəyaxa döyüş və xüsusi hazırlıq növləri üzrə nümunəvi çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Nümunəvi çıxışlardan sonra MTN-in Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində təltif olunma mərasimi keçirilib.
Təntənəli mərasim iştirakçıları əvvəlcə muzeydə ümummilli lider Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olublar.
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarını, “Titan” idman klubunun üzvlərini bir daha təbrik edib, onlara Azərbaycanın idman nüfuzunun yüksəldilməsi, ölkəmizin bayrağının daim yüksəklərdə dalğalanması naminə əzmkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Bildirilib ki, Azərbaycanda idmanın inkişafı və ardıcıl uğurları ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Fiziki və mənəvi sağlamlığa bir prizmadan baxan Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə idman və bədən tərbiyəsi işi kütləvi xarakter alıb. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın yeni və sürətli inkişaf mərhələsi başlanıb. Respublikanın idman potensialının gücləndirilməsi və beynəlxalq arenaya çıxarılması üçün səmərəli siyasi xətt həyata keçirilir.
Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada başlanan milli Olimpiya hərəkatının əhəmiyyəti ölçüyəgəlməzdir. Hazırda respublikanın hər tərəfində müasir və beynəlxalq standartlara cavab verən Olimpiya İdman kompleksləri, idman sağlamlıq mərkəzləri tikilərək peşəkar idmançıların, habelə həvəskarların istifadəsinə verilir. Çünki həm fiziki, həm də mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi dövlətimizin gənclər və idman siyasətinin başlıca prinsipidir və bu işdə idmanın kompleks təşkilinin çox böyük rolu var. Məşhur bir ifadədə deyildiyi kimi: “Sağlam bədəndə sağlam ruh olar”.
Son illərdə paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman mərkəzləri Azərbaycanın idman potensialının nümayişi, eləcə də gənclərin bu sahəyə meylinin artmasının göstəricisidir. Ölkəmizdə bu cür idman obyektlərinin tikilib istifadəyə verilməsinin bir məqsədi var: gənc nəslin sağlam böyüməsi və yetişməsi. Həmçinin Azərbaycanın yüksək səviyyəli beynəlxalq yarışların, mötəbər turnirlərin keçirildiyi idman ölkəsi kimi nüfuzunun daha da genişlənməsidir.
Bu il birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenalarının və komplekslərinin açıldığını, mövcud idman obyektlərinın əsaslı təmir edildiyini və infrastrukturun daha da genişləndirildiyini qeyd edən nazir Eldar Mahmudov bildirib ki, bütün bunlar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini bir daha təsdiqləyir, ölkəmizin mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir.
Son illər ərzində idmançılarımız böyük uğurlar qazanıblar. Əlbəttə ki, ölkə idmanının sürətli inkişafında və əldə edilən uğurlu nəticələrdə Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın önəmli xidmətləri xüsusi qeyd edilməlidir.
Nazir Eldar Mahmudov sağlamlığın, fiziki və döyüş hazırlığının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşəkar fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını, bu sahəyə diqqətin xeyli artırıldığını vurğulayıb. Bu işin daha məqsədyönlü təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 19 aprel tarixdə imzaladığı Fərmanla Milli Təhlükəsizlik Nazirliyinin İdman və Sağlamlıq Mərkəzi yaradılıb. Milli təhlükəsizlik orqanlarının əməkdaşları olan idmançılarımızın uğurları ildən-ilə artır. Onların həm respublika səviyyəli, həm də beynəlxalq yarışlarda qazandıqları medallar hamımızı sevindirir.
Bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları son on ildə müxtəlif yarışlarda ümumilikdə 47 qızıl, 42 gümüş və 33 bürünc medal qazanıblar. Bütün turnirlərdə, eləcə də İdman və Sağlamlıq Mərkəzində idmanın müxtəlif növləri üzrə yarışların təşkilində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyini yüksək qiymətləndiririk. İnanırıq ki, gənclərimiz bütün qüvvə və imkanlarını səfərbər edəcək, Azərbaycanın hərtərəfli tərəqqisi naminə əzmlə çalışacaq, həm təhsildə, həm əməliyyat-xidməti fəaliyyətdə, həm də idman sahəsində yeni uğurlar qazanacaqlar.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynayıb. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, səmərəli idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açıb. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası bir çox mötəbər beynəlxalq yarışları uğurla təşkil edib və gələcəkdə də bu cür tədbirlərin həyata keçirilməsi üçün yüksək etimad qazanıb.
Azərbaycanda bu sahəyə dövlət qayğısının idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələrə də müsbət təsir göstərdiyini bildirən nazir Azad Rəhimov istər böyüklərin, istərsə də yeniyetmələrin Olimpiya oyunlarında təmsilçilərimizin qazandıqları medalların sayının hər dəfə əvvəlkindən çox olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının idman sahəsində uğurlarına verilən ən yüksək qiymət ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsidir. Bu istiqamətdə I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edən nazir Azad Rəhimov idmanın surətli inkişafının, eyni zamanda, müasir idman infrastrukturunun yaradılması ilə də müşahidə olunduğunu vurğulayıb. Paytaxtla yanaşı, bölgələrdə də Olimpiya mərkəzləri, ayrı-ayrı idman növləri ilə məşğul olmaq üçün bina və qurğular ucaldılır. Bu isə idmanla yanaşı, bədən tərbiyəsinin də inkişafı üçün etibarlı zəmin yaradır.
Bildirilib ki, Azərbaycan Respublikasında keçiriləcək beynəlxalq yarışlar üçün mövcud infrastukturu daha da təkmilləşdirmək, idmanın və bədən tərbiyəsinin normativ hüquqi bazasını müasir tələblər səviyyəsinə çatdırmaq, bədən tərbiyəsinin daha da kütləviləşdirilməsini təmin etmək, bu sahədə həyata keçiriləcək təşkilati, maliyyə və hüquqi tədbirləri qabaqcıl standartlara uyğun təşkil etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəzərdə tutulub.
Azad Rəhimov bu baxımdan Milli Təhlükəsizlik Nazirliyində əməkdaşların döyüş və fiziki hazırlıqlarının yüksək səviyyədə saxlanılması, onların respublika və beynəlxalq arenalarda Azərbaycanın idman nüfuzunun qorumaları, layiqincə təmsil etmələri üçün bütün lazımi şəraitin yaradıldığını xüsusi vurğulayıb. O, MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına, “Titan” idman klubunun üzvlərinə Azərbaycanın bayrağını bundan sonra da yüksəklərdə saxlamağı və yeni qələbələr qazanmağı arzulayıb.
Sonra xidməti fəaliyyətdə və idmanın inkişafında əldə etdikləri yüksək nailiyyətlərə görə MTN-in İdman və Sağlamlıq Mərkəzinin bir qrup əməkdaşının “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Əməkdar idman ustası”, “Əməkdar məşqçi” və “İdman ustası” fəxri adları və idman dərəcəsi ilə təltif edilmələri barədə müvafiq olaraq milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovun, gənclər və idman naziri Azad Rəhimovun əmrləri elan olunub.
MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına təltifləri və mükafatları, general-polkovnik Eldar Mahmudov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının fəxri mükafatını milli təhlükəsizlik naziri Eldar Mahmudova, gənclər və idman naziri Azad Rəhimova təqdim edib.
Sonra xatirə şəkli çəkdirilib.
MTN-in İdman və Sağlamlıq Mərkəzinin rəisi, polkovnik-leytenant Vahid Ağakişiyev idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə “Titan” idman klubunun bütün üzvləri adından minnətdarlığını bildirib.
Sonda Mərkəzin fəaliyyətinə
həsr edilmiş “Yeni
qələbələrə doğru” sənədli
filmi nümayiş etdirilib.
Azərbaycan.-2015.- 21 aprel.- S. 5.