Çanaqqala zəfəri

 

“Tarixin ən ağır zamanlarında birlikdə olmuş xalqlarımız bu gün də bir-birinə hərtərəfli kömək göstərir... Keçmişdən ibrət dərsi götürmək, geosiyasi qarşıdurmaların, müharibələrin, milli və dini ədavətin aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə dönmədən riayət olunması zəruridir.”

İlham ƏLİYEV

 

Birinci Dünya müharibəsi həm Antanta ölkələrinin, həm də türk xalqının qanlı və şanlı səhifələrindən biri olan, 1915-ci ilin fevral ayında Gelibolu yarımadasında başlayaraq 1916-cı ilədək davam edən quru və dəniz döyüşləri (tarixə keçmiş Çanaqqala savaşı kimi düşüb) türkün zəfər tarixidir. Türk xalqının qazandığı bu zəfərin müasir dövr baxımından əhəmiyyəti nədir?

 

Çanaqqala döyüşləri və nəticələri

 

Birinci Dünya müharibəsi illərində Antanta ölkələri cərgəsində döyüşən Rusiya imperatorluğuna gedən dəniz yollarından biri Baltik dənizi Almaniyanın nəzarətində, Şimal dənizi isə donmuş halda idi. Almaniya digər yollara da nəzarət edirdi. Rusiyanın xarici ticarətində mühüm rol oynayan digər bir yol isə türk boğazlarından - İstanbul və Çanaqqaladan keçirdi. Dünya müharibəsi başlanana qədər Rusiyanın taxıl idxalının təqribən 75-80 faizi bu boğazlardan keçirdi. Ölkə iqtisadiyyatı bu boğazların necə işləməsindən xeyli dərəcədə asılı idi.

Osmanlı və Rusiya arasında müharibə başladıqdan sonra türk hökumətinin boğazları bağlaması ilə çarizm ağır duruma düşdü. Ölkədə qıtlıq yaranmağa başladı. Zəruri ərzaq malları çatışmırdı. Xalqın hakimiyyətdən narazılığı artırdı. Rusiyanın hərbi əməliyyatlar aparması çətinləşirdi.

Ona görə də Rusiya öz müttəfiqlərindən boğazlar üzərində nəzarəti ələ almağı və dəniz yolunu açmağı xahiş etdi. Bu məqsədlə hərbi əməliyyat planları işlənib hazırlandı və əlaqələndirildi.

Antanta ölkələri boğazlar üzərində nəzarət qazanacaqlarına, Rusiyaya gedən əlverişli dəniz yolunu açacaqlarına, iqtisadi, hərbi-strateji və siyasi cəhətdən mühüm məntəqə olan İstanbulu işğal edəcəklərinə, zəif olan Osmanlı üzərində tezliklə qələbə qazanacaqlarına və Almaniyanı müttəfiqindən məhrum edəcəklərinə inanırdılar. Bu məqsədlə Gelibolu yarımadasında ağır dəniz və quru döyüşlərinə başlandı.

Məqsədə çatmaq üçün çar Rusiyası da Qafqaz cəbhəsində apardığı amansız döyüşləri genişləndirdi. Çarizmin maliyyələşdirərək və silahlandıraraq təşkil etdiyi erməni silahlı dəstələri mülki türk-müsəlman əhalini amansızlıqla qırmağa başladı. Dəhşətli qırğınlar törədildi. Aparılan təbliğat nəticəsində Osmanlı ərazisindəki ermənilər də dövləti arxadan vurdu, hökumət binalarını dağıtmağa, vətəndaşlara məxsus əmlakı yandırmağa və talan etməyə başladılar.

Osmanlı dövləti bəlkə də tarixinin ən ağır günlərini yaşayırdı. Buna baxmayaraq, türk xalqı qəhrəmanlıq rəşadəti göstərdi. Çanaqqala keçilməz oldu. Antanta ölkələrinin qoşunu müharibədə bir neçə cəbhədə hərbi əməliyyatlar aparan tək bir Osmanlının müdafiəsini yara bilmədi. Ağır döyüşlərdə çoxlu itki verən düşmən dəniz döyüşlərindən imtina etdi. Quru hərəkatı da uğursuz oldu. Düşmən ağır hərbi-siyasi və psixoloji vəziyyətə düşdü.

Nəticədə, 1915-ci ilin sonunda Antanta qüvvələri Gelibolu yarımadasından təxliyə olundular. Osmanlı ordusu böyük itki versə də, düşmənin niyyətlərinin həyata keçirilməsinə imkan vermədi. Çanaqqala zəfəri türkün qəhrəmanlıq səhifəsi oldu.

Bəs Çanaqqala savaşına və ümumiyyətlə, Osmanlı dövlətinin dünya müharibəsində apardığı hərbi əməliyyatlara azərbaycanlıların münasibəti necə olmuşdur?

 

Azərbaycanlıların Çanaqqalada iştirakı

 

Azərbaycan həmin illərdə müstəqil olmadığı üçün onun Çanaqqalada və ümumiyyətlə, Osmanlı dövləti tərəfindən döyüşlərdə iştirakına dair ən mötəbər mənbələri əldə etmək mümkün deyil. Yalnız müəyyən arxiv mənbələri əsasında mülahizələr yürütmək mümkündür. Belə bir mülahizə söyləmək olar ki, Bakı, Gəncə, Naxçıvan, Təbriz, Dərbənd və Azərbaycanın müxtəlif yerlərindən təqribən 3000 nəfər Osmanlı, o cümlədən Çanaqqala savaşlarında vuruşublar. Arxiv materiallarında rast gəlinən bəzi faktları Çanaqqaladakı azərbaycanlıların iştirakını sübut edən məzarlar tamamlayır.

Çarizm dövrünün ən məxfi arxiv sənədləri və digər materiallar göstərir ki, Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti müharibəyə qatıldıqdan sonra Rusiya təbəəsi olan türk və müsəlmanlar əvvəlki dövrlərdə olduğu kimi, yenə türk qardaşlarına, Türkiyəyə rəğbət bəsləyirdilər. Müharibə başlayan zaman Rusiya imperatorluğunda 181 milyon nəfər əhali yaşayırdı. Bəzi hesablamalara görə, Rusiyada 104, bəzilərinə görə, 109 xalq yaşayırdı . Türk mənşəli xalqların sayı 23 milyon, müsəlmanların sayı isə 27 milyon nəfər idi. 1915-ci ildə bütün Qafqazda əhalinin yarısı - 6 milyon nəfəri müsəlman idi. Şimali Azərbaycanda təqribən 2 milyon 861 min 862 nəfər yaşayırdı. Onların 75%-i müsəlman türklər idi.

1877-1878-ci ildən sonra müharibə etməyən iki qonşu dövlətin - Rusiya imperatorluğunun və Osmanlı dövlətinin yenidən savaşa girmələri Rusiya türkləri və müsəlmanları iki atəş altında saxlayaraq, ağır bir duruma saldı. Onlar bir tərəfdən çarizmin müstəmləkə zülmü altında inləmələrinə baxmayaraq təbəəsi olduqları Rusiyanın məğlub olmasını, digər tərəfdən isə dünya türklüyünün və islamın mərkəzi olan Osmanlı dövlətinin məğlub olmasını, zəifləməsini və xarabalıqlarında ermənilər üçün əlverişli şəraitin yaradılmasını heç istəmirdilər. Osmanlının müharibəyə qatılmasından sonra erməni ünsürünün özünü daha pis aparması türkləri və müsəlmanları hiddətləndirirdi. Onlar türklüyün və islamın mərkəzinin məğlub olmasını istəmirdilər. Dövlətə sədaqətli olmalarına baxmayaraq, çar hakimiyyət orqanları türk və müsəlmanlara etibar etmirdi.

Təkcə Rusiya deyil, dünya türkləri və müsəlmanları Osmanlının uğurlarına sevinir, uğursuzluğuna kədərlənirdilər. Ona görə də müqəddəs cihad elan edildikdən sonra bu zaman dünyada olan təqribən 250 milyon nəfər müsəlman məzhəb və təriqət fərqlərinə baxmayaraq, həm inanc və mədəniyyət, həm də duyğu bağları ilə birləşmiş hala gəlmişdilər.

Türk və müsəlman olaraq azərbaycanlıların Osmanlı dövlətinin məğlubiyyətə uğramasını istəməməsi təkcə hissiyyatla, sevgi ilə məhdudlaşmırdı. Onlar imkanları daxilində Osmanlıya konkret olaraq yardımlar edirdilər. Bu yardımlar əsasən aşağıdakı istiqamətlərdə edilirdi:

Birincisi, Rusiya türkləri və müsəlmanları əsir düşərək Osmanlı dövləti tərəfindən hərbi əməliyyatlarda iştirak edirdilər. Birinci Dünya müharibəsinin ilk illərində alman cəbhəsindəki çar Rusiyasının qüvvələri xeyli itki verdilər. 100 minlərlə döyüşçü almanlara əsir düşdü. Dəqiq olmayan məlumatlara görə, bunların 30-40 min nəfəri Rusiya türkü idi. Qeyd etmək lazımdır ki, çarizm türk və müsəlmanlara etibar etmədiyindən onları Qafqaz cəbhəsinə deyil, əsasən Qərb cəbhəsindəki döyüşlərə göndərirdi.

Əsirlərin içərisində azərbaycanlılar da var idi. Rusiya türkləri Almaniyada “Asiya polku” yaratdılar. 1000 nəfər Berlindən İstanbula yola düşdü. Əsirlər çar Rusiyasına və Antantanın digər ölkələrinə qarşı döyüşlərdə iştirak etməyə başladılar.

İkincisi, bu zaman Osmanlı hökumətinin maliyyə və təşkilati dəstəyi ilə Qafqaz Komitəsi qurulmuşdu. Komitənin tərkibinə azərbaycanlıların nümayəndələri, o cümlədən Səlim bəy Behbudov da daxil edilmişdi. O, Parisdə Siyasi Elmlər Məktəbində sonralar türk kommunistlərinin rəhbəri Mustafa Sübhi ilə birlikdə təhsil almışdı. Dünya müharibəsinin başlanmasına bir il qalmış Şuşaya gəlmişdi. Müharibə başladıqdan sonra isə fəaliyyətində yeni bir dövr başlamışdı.

Komitənin təbliğatı sayəsində azərbaycanlılar xəlvəti yollarla Osmanlı ərazisinə keçərək türk ordusunun cərgələrində döyüşürdülər. Onların Osmanlıya keçməsinə dair çar Rusiyasının jandarma sənədlərində də müəyyən məlumatlar vardır. Məsələn, Lənkəran qəza rəisi 1915-ci il 15 avqust tarixli tam məxfi məktubunda Bakı qubernatoruna yazırdı ki, Xəzərdə olan alman-türk sualtı qayıqları ilə mis, silah və digər şeylər daşına bilər. Bakı qubernatoru bu məlumatı 1915-ci il 28 avqust tarixli 1577 saylı tam məxfi məktubu ilə Qafqaz canişinliyinə göndərdi. Canişinlik agentura işini genişləndirməyə dair göstərişlər verdi. Bütün imperiya ərazisində türkçülər və panislamçılar izlənilməyə başlandı.

Azərbaycanlıların Osmanlı tərəfə keçərək döyüşmələrini milli-azadlıq hərəkatının görkəmli nümayəndəsi Mirzə Bala Məmmədzadə də öz əsərlərində vurğulayırdı. O yazırdı ki, Qafqaz Komitəsinin üzvü Səlim bəy Behbudov müəyyən siyasi məqsədlər üçün sualtı qayıqla Qafqaz sahillərinə gedərək oradan da Azərbaycana keçirdi. Qafqaz Komitəsinin fəaliyyəti dövründə Türkiyə ordusuna Azərbaycandan gizli olaraq könüllülər axırdı. Ancaq könüllülərin sayı haqqında heç bir məlumat verilmir.

Nə qədər yardımlar edilsə belə, Çanaqqala zəfərini türk xalqı qazandı. Edilən yardımlar müəyyən dərəcədə rol oynadı. Lakin bunlar qardaşlıq bağlarının nümunəsi, ən mürəkkəb və çətin anlarda bir yerdə olmağın nümunəsi idi.

Çanaqqala zəfəri sonuncu olmadı. Onun davamı gəldi. Bu davam bütün türk dünyası üçün qürurverici, müsəlman Şərqinə böyük təsir edən bir hadisə oldu.

 

Çanaqqala zəfərinin davamı - Bakının yadelli qüvvələrdən azad edilməsi

 

Bu, müharibənin son mərhələsində yaranmış şəraitdə Azərbaycan xalqının öz dövlət müstəqilliyini elan etməsi və bütün müsəlman dünyasında ilk dəfə olaraq cümhuriyyət qurması, Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusunun Azərbaycan hərəkatı və 1918-ci ilin sentyabr ayında Bakı şəhərini yadelli qüvvələrdən azad etməsi oldu. 1917-ci ilin sonlarından Cənubi Qafqazda qarışıqlıq dövründə erməni silahlı dəstələrinin bolşeviklərlə birləşərək milli və dini əlamətlərə görə türkləri kütləvi surətdə məhv etmələri türk və müsəlman dünyası qarşısında məsuliyyət daşıyan Osmanlını hərəkətə gətirdi.

Bu zaman dövləti qurmaq üçün Azərbaycanda daxili obyektiv amillər - ərazi, əhali mövcud olduğundan və bütün müsəlman dünyasında ilk cümhuriyyət elan edildikdən sonra hökumətin qurulmasının ardınca, bir neçə ay keçmiş türk qardaşlarımızın yardımları nəticəsində Bakı şəhəri azad edildi. Osmanlı türkləri vəfa borclarını, türk və müsəlman dünyası qarşısında vəzifələrindən birini yerinə yetirdilər. Bu, başlıca olaraq xilaskarlıq yürüşü idi.

Mondros barışığı ilə Osmanlı dövləti müharibədən çıxdıqdan sonra Azərbaycan dövləti üçün ağır bir şərait yarandı. Barışığın şərtlərinə görə, Osmanlı ordusu Bakını tərk etməli, onun yerini müttəfiqlər adından Britaniya qoşunları tutmalı idi. Şərtlər yerinə yetirildi.

Nuru Paşa Bakıdan ayrılan zaman onun şərəfinə İctimai klubda ziyafət verildi. Osmanlı ordusunun və Nuru Paşanın şərəfinə şüarlar səsləndirildi.

Müttəfiqlərin bütün təkidli tələblərinə baxmayaraq, Azərbaycan hökuməti Nuru Paşanı təslim etmədi. İngilis mənbələrində yazılırdı ki, Azərbaycan hökumətinin Nuru Paşanı təslim etmək şansı yoxdur, o özünü evindəki kimi hiss edir.

Sonralar müttəfiqlər Nuru Paşanı həbs edib, Batum həbsxanasına salsalar da, onu səhər tezdən idman edərkən qaçırdılar. Paşanı qaçıranların arasında azərbaycanlı gənclər də var idi.

Özü ağır durumda olmasına baxmayaraq, Azərbaycan hökuməti Türkiyəyə yardım etmək haqqında sənədlər də imzaladı. Bu, Azərbaycan xalqının ən çətin anlarda belə, türk xalqının haqq işinin yanında olduğunu göstərirdi. Belə mövqe sonrakı illərdə də tutuldu.

 

Türk xalqının istiqlal savaşına qardaşlıq yardımı

 

Bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra müstəqilliyini itirməyinə baxmayaraq, Azərbaycan türk qardaşlarının istiqlal savaşına maddi və mənəvi yardımlar etdi. Sovet Azərbaycanı təkcə neft, silah və sursat vermədi, azərbaycanlı qadınlar hətta zinət əşyalarını istiqlal savaşında qələbə qazanmaq naminə göndəriblər. Azərbaycan xalqının nümayəndələri sıravi əsgər, zabit olaraq qələbəyə töhfələrini veriblər.

Arxiv sənədlərindən və həmin dövrün mətbuat materiallarından aydın olur ki, istiqlal savaşında qazanılan hər bir qələbə Bakıda, Gəncədə və hətta Tiflisdə azərbaycanlılar tərəfindən bayram edilib, evlərin balkonlarına türk bayraqları asılıb, qurbanlar kəsilib. Küçələrdə bayram şənlikləri təşkil edilib. Məşhur Sakarya döyüşündə qələbə münasibəti ilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Mustafa Kamal Paşaya təbrik teleqramı da göndərib. Mustafa Kamal Paşa Azərbaycana təşəkkür etdikdə, Nəriman Nərimanov “qardaş-qardaşa borc verməz, əl tutar” deyib. Mustafa Kamal Paşa bir zamanlar “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib.

İstiqlal savaşında qalibiyyət azərbaycanlılar tərəfindən böyük sevinclə qarşılanıb. Türkiyə Cümhuriyyətinin qurulmasında azərbaycanlı ziyalılar müəyyən rol oynayıblar. Cümhuriyyətin qurulması Azərbaycanda geniş qeyd edilib. Azərbaycan xalqı bu tarixi hadisə ilə qürur duyub.

1930-cu illər sovet-türk münasibətlərində ağır izlər qoyduğu kimi, Azərbaycanda da Stalin repressiyalarının daha qəddar aparmasına təsir edən amillərdən biri olub. Minlərlə azərbaycanlı ziyalı türkçü, turançı və pantürkçü saxta ittihamları ilə ağır repressiyaların qurbanı olublar. “Türk” deyənin “dilini kəsiblər”. Sovet hakimiyyəti Azərbaycandakı türk əsgərlərinin məzarlarını da itirmək üçün səylər edib. Lakin ağır Stalin repressiyalarına baxmayaraq, Azərbaycan xalqı sovet dövründə türk əsgərinin məzarını qoruyub saxlayıb, dağılmağa, itməyə qoymayıb, ətrafında çiçəklər əkib.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra türk əsgərlərinin məzarlarına tamamilə başqa münasibət bəslənilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində Qafqaz İslam Ordusunun xatirəsinə hər bir azərbaycanlı üçün müqəddəs olan 1918-ci il 31 martda soyqırımına uğradılan azərbaycanlıların, 1990-cı il 20 Yanvar şəhidlərinin və Ermənistanın təcavüzünə qarşı döyüşlərdə həyatlarını itirən oğulların dəfn olunduğu müqəddəs Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucalıb. Bu abidə Türkiyə və Azərbaycan xalqlarının qardaşlığının və birliyinin rəmzidir.

Digər rayonlardakı məzarlar da bərpa edilib, ətrafı qaydaya salınıb. Abidələr qoyulub. Çanaqqalada şəhid olan azərbaycanlılar üçün də bir abidənin olması birliyimizin və qardaşlığımızın rəmzi olardı.

 

Çanaqqala zəfərinin müasir dünya üçün ibrət dərsləri

 

Çanaqqala savaşından müasir dünya siyasəti üçün alınası bir çox ibrət dərsləri var. 100 il əvvəl Çanaqqalada bir-birinə qarşı dayanan dövlətlər indi bir blokdadırlar, müttəfiqdirlər. Deməli, düşmənçilik əbədi deyildir. Bir dövlət digərinin ərazisini işğal etməyə çalışmamalıdır, axı, müharibələr xalqlara fəlakət gətirir. Savaşdan barış yaxşıdır.

Bu zəfərin Azərbaycan və Türkiyə üçün əhəmiyyətini dərindən bilmək üçün daha bir neçə konkret fakta diqqət yetirmək faydalıdır. Ən mötəbər arxiv sənədləri sübut edir ki, Türkiyə dövləti zəif olan zamanlarda ermənilər güclənərək, onu arxadan vurublar. Məsələn, Çanaqqalada döyüşlər gedərkən Qafqaz cəbhəsində erməni bandaları mülki əhaliyə qarşı kütləvi soyqırımıları həyata keçirdilər. Cənubi Qafqazda gələcək planlarını həyata keçirmək üçün çoxlu silah və sursat topladılar, onları azərbaycanlılara qarşı yönəltdilər, qarışıqlıq dövründə amansız soyqırımı törətdilər. Tarixi mənbələr sübut edir ki, qarışıqlıqdan ən məharətlə istifadə edən xalq ermənilərdir və erməni cəmiyyəti terrorçudan başqa bir tip yaratmamışdır. Günahsız insanların diri-diri yanar təndirlərə, su quyularına atılması, südəmər körpələrin divara mıxlanması, hamilə qadınların bətnlərinin süngü ilə deşilməsi və s. soyqırımının həyata keçirilməsi metodları idi.

1918-ci ilin yayından etibarən Osmanlı dövləti uğurlu Qafqaz hərəkatını gerçəkləşdirərək üstünlük qazandıqda ermənilər dəyişdilər və yenidən türklərə meyil etdilər. Məsələn, bəzi erməni mətbuat orqanları yazırdılar ki, ermənilər daim türklərlə dost olmuşlar, Osmanlıda rahat bir şəkildə yaşamışlar, ədalətinə inanmışlar.

Ən maraqlısı o idi ki, Bakı azad edildikdən sonra hətta Gəncə erməniləri Bakıya gələrək baş nazir Fətəli xan Xoyskiyə baş əydilər, ona hədiyyə də verib, Azərbaycan hökumətinə uğurlu fəaliyyət arzuladılar. Lakin belə yanaşmanın ömrü çox qısa oldu.

Osmanlı dövləti müharibədə məğlub olub, Mondros barışığını imzaladıqdan sonra ağır duruma düşdükdə ermənilər yenidən baş qaldırdılar. Onlar həm Osmanlı dövlətinə, həm də Azərbaycan Cümhuriyyətinə qarşı qanlı əməllərini genişləndirdilər.

Belə bir fakt düşünməyə vadar edir ki, Antanta ölkələri 1920-ci il martın 16-da İstanbula qoşun çıxarıb işğal etdikdən bir neçə gün sonra, martın 20-də Azərbaycanın Qarabağ bölgəsindəki erməni ünsürü sanki bir mərkəzdən idarə olunur kimi qiyam qaldıraraq, Azərbaycan dövlətini arxadan vuraraq bolşevik işğalına kömək etdi. Azərbaycan hökuməti hərbi qüvvələrini bir neçə yerə göndərməyə məcbur oldu.

Ermənilər Türkiyənin məhv olacağı günü səbirsizliklə gözləyirdilər. Lakin belə olmadı. Türk xalqı istiqlal savaşında zəfər qazandı və onun üçün süni surətdə yaradılmış “erməni məsələsi”ni həll etdi.

Deməli, bu gün baxımından tarixdən belə bir ibrətin alınması vacibdir ki, Türkiyənin və Azərbaycanın daim güclü olması və sabit inkişaf etməsi təkcə türk xalqının deyil, bütün türk dünyasının yararınadır, ermənilərin əsassız iddialarının reallaşdırılması yolunda başlıca maneədir.

Müasir dövrdə Türkiyəyə edilən xarici təzyiqlər də tarixi təcrübəyə diqqət yetirməyə və Çanaqqala zəfərindən ibrət dərsləri almağa vadar edir. Belə ki, türk xalqını öldürmək olar, lakin tabe etdirmək, sındırmaq olmaz. Qarşıdurma deyil, əməkdaşlıq faydalıdır.

Azərbaycanlıların türk ordusu sıralarında müxtəlif cəbhələrdə, o cümlədən Çanaqqalada döyüşmələri bir daha təsdiq edir ki, hətta müstəqil dövlətləri olmadığı və çarizm zülmü altında inlədikləri bir zamanda azərbaycanlılar həm ruhən, həm də şəraitə uyğun olaraq imkanları daxilindəki fəaliyyətləri ilə türk qardaşlarının yanında olmuş, onların müharibədə məğlub olmasını istəməmiş, canları ilə Türkiyə uğrunda döyüşmüşlər; indi isə tam müstəqil olduqları bir dövrdə də daim türk qardaşlarının yanındadırlar; bunun çoxlu örnəklərindən biri cənab Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində keçirilən toplantısında Ermənistan başçısına “Türkiyənin burada olmamasından istifadə edib, böhtan atırsan, dur, cavabını verəcəyəm” deməsidir. 25 il öncə belə bir cavabın veriləcəyini kimsə düşünə bilməzdi; Dünya müharibəsinin təcrübəsindən müasir dövr üçün alınan başlıca ibrətlərdən biri bundan ibarətdir ki, Türkiyə hansısa dövlətlərin təzyiqi ilə heç bir zaman müharibələrə və xarici münaqişələrə qatılmamalıdır; Osmanlının zəiflədiyi zamanlarda olan bu döyüşlər göstərdi ki, türkü öldürmək olar, ancaq özünə tabe etmək olmaz; bu gün isə Türkiyə Cümhuriyyətinin dünyanın G-20-nin cərgəsində olması bütün türk dünyası üçün qürurvericidir; Türkiyə daxilində milli birliyin möhkəmliyi vacibdir; Türkiyə güclü olarsa, bütün türk dünyası, o cümlədən Azərbaycan Respublikası dövlətin gücünü müəyyənləşdirən meyarlar baxımından da güclü olar; Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması isə Azərbaycanın güclü olması deməkdir.

Çanaqqala zəfərinin Azərbaycanda bayram edilməsi

 

Çanaqqala zəfəri təkcə türkiyəlilərin deyil, azərbaycanlıların da bayramıdır. Bu zəfər ölkəmizdə bir çox toplantıların keçirilməsi ilə tarixə çevrilir. “Döyüşdən sülhə” foto-sərgisinin təşkili, müsabiqələr, AMEA-da “Çanaqqala zəfəri və müasir dövr” adlı konfransın, ölkəmizin demək olar, bütün universitetlərində bu zəfərə həsr edilmiş toplantıların keçirilməsi və s. dediklərimizə sübut ola bilər.

Bir neçə gün öncə “28 Cinema” da Türkiyədə istehsal olunan “Sonuncu məktub” bədii filminin nümayiş etdirilməsi (sevindiricidir ki, filmin quruluşçu rejissoru və baş rolun ifaçısı azərbaycanlıdır - M.Q) və çoxlu tamaşaçı auditoriyası toplaması qürurverici idi. Cənab Prezident İlham Əliyevin kino-filmin yaradıcı heyətinə göndərdiyi təbrik məktubu həm dövlətimizin bu hadisəyə verdiyi diqqətin göstəricisi, həm də bu savaşda qazanılan qələbəyə verilən qiymət və ondan ibrət almaq baxımından əhəmiyyətlidir. Məktubda deyilir:

“Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət - Türkiyə və Azərbaycanın timsalında gerçəkliyə çevrilib. Tarixin ən ağır zamanlarında birlikdə olmuş xalqlarımız bu gün də bir-birinə hərtərəfli kömək göstərir. İqtisadi-siyasi, mədəni əlaqələrimiz durmadan genişləndirilir. Hər iki ölkə dinamik şəkildə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığın, sülh və təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verir. Müasir dövrdə dünyanın siyasi mənzərəsi əsaslı şəkildə dəyişmiş, vaxtilə Çanaqqala savaşında üz-üzə dayanan dövlətlər eyni dəyərləri bölüşərək dinc şəraitdə yaşayıb, yeni əməkdaşlıq yoluna qədəm qoyublar. Bununla belə, təəssüf ki, regionumuzda barışa, əmin-amanlığa, xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaranışına yönəlmiş təhdidlər hələ də qalmaqdadır. Belə şəraitdə keçmişdən ibrət dərsi götürmək, geosiyasi qarşıdurmaların, müharibələrin, milli və dini ədavətin aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə dönmədən riayət olunması zəruridir. Tarixi yaddaşın möhkəmləndirilməsi və vətənpərvərlik ideyalarının aşılanması əhəmiyyətli olduğu üçün ümumbəşəri dəyərlərin və mədəniyyətlər arası dialoqun təşviqi də indiki nəsillərin qarşısında duran mühüm vəzifələrdən biridir. İnanıram ki, təqdim olunan bu film həm də nəcib amalların reallaşmasına xidmət göstərəcəkdir...”.

Fikrimizcə, bu fikirlər hamını düşündürməli və ibrət alınmalıdır...

Elə deyilmi?

Bir neçə gündən sonra Çanaqqala zəfərinin 100 illiyinin bayram edilməsi və İstanbulda keçiriləcək toplantılarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı həm tarixdən ibrət alınması, həm Azərbaycan-Türkiyə qardaşlığının daimi, əbədi olması, həm də bundan sonra da Türkiyəyə ediləcək təzyiqlərin heç bir nəticə verməyəcəyini, eyni zamanda, işğalı, terroru dövlət səviyyəsində himayə edən Ermənistana layiq olduğu yerini göstərmək baxımından əhəmiyyətli olacaqdır.

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər

 Akademiyası Dünya Siyasəti İnstitutunun direktoru, professor

Azərbaycan.-2015.- 21 aprel.- S. 7.