“Toxumdan tutmuş hazır
məhsuladək
Azərbaycanda istehsal olunmalıdır”
Bu çağırışı
Nazirlər Kabinetinin son
iclasında dövlət başçısı etdi
Müasir iqtisadi reallıqlar zəminində aqrar sektorun qarşısında inkişafın yeni perspektivləri açılır və beləliklə, kənd təsərrüfatı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edən, qeyri-neft sektorunun sürətli inkişafına təkan verən sahələrdən birinə çevrilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkə əhalisinin təxminən yarısının bölgələrdə, kəndlərdə yaşadığını qeyd edərək Azərbaycan üçün ərzaq təhlükəsizliyinin ən vacib məsələ olduğunu, lakin hələ də tam şəkildə bu məsələnin həllini tapmadığını belə vurğulamışdır: “...Bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün, hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsizliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər”.
Yerli istehsalın artması, kənd təsərrüfatı məhsullarının geniş çeşidlərinin vaxtında və istehsalçı ilə istehlakçını qane edən qiymətlərlə bazara çıxarılması manatın məzənnəsini gücləndirməklə yanaşı, əhalinin alıcılıq qabiliyyətinin də artmasına xidmət edir. İqtisadçılar belə hesab edirlər ki, indiki mərhələdə ən vacib addım kifayət qədər güclü olan daxili istehsalın yerli xammal üzərində qurulmasıdır. Bu baxımdan aqrar sektora dövlət səviyyəsində yeni yanaşmalar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti sözügedən iclasda bildirdi ki, dövlət özbaşınalığa, hərc-mərcliyə yol vermədən harada və nə qədər hansı məhsulların becərilməsi ilə bağlı tövsiyələrini bundan sonra da verəcək: “Dövlət bu siyasəti aparır və tövsiyə edir, yaxud da ki, göstəriş verir. Çünki biz bilməliyik hansı məhsullar yetişdirilməlidir, hansı məhsullar üçün bazar var. Yoxsa biz burada da müəyyən problemlərlə üzləşə bilərik. Gəlirli, çox gəlir gətirən məhsul var, az gəlir gətirən məhsul var. Vəsaiti tez qaytaran məhsul var, gec qaytaran məhsul var. İndi biz bunun hamısını yaxşı bilirik - dövlət üçün, daxili tələbatı təmin etmək üçün nə lazımdır və biz bunları hansı bazarlara ixrac edəcəyik”.
İclasda qeyd olunan ən vacib məqamlardan biri də kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün ənənəvi bazarlardan savayı, yeni bazarların axtarılması və bu istiqamətdə ciddi addımların atılmasıdır. Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində böyük logistika bazası yaradılır. Oraya on min tonlarla meyvəni ixrac edərək saxlamaq mümkün olacaq.
Həmçinin ölkə daxilində aqroparkların yaradılmasına start verilmişdir. Birinci aqroparkın təməli artıq qoyulub, digərlərinin layihələri hazırlanır. Bircə onu demək kifayətdir ki, Rusiya kimi nəhəng dövlət yalnız 2017-ci ilə aqroparkların yaradılmasını nəzərdə tutur. Bizim Şəmkir aqroparkı isə artıq Türkiyə, İtaliya və Fransa şirkətləri ilə qarşılıqlı anlaşma memorandumu imzalamışdır. Aqroparkda müasir istixanalar olacaq, intensiv bağçılıq inkişaf etdiriləcək, meyvə emalı zavodları tikiləcək, loqistik və aqroservis mərkəzləri yaradılacaq. Bundan əlavə, ərazidə soyuducu kameralar qurulacaq, yaşıl market və fermer mağazaları fəaliyyət göstərəcək. Aqroparkın ərazisi 543 hektar sahəni əhatə edəcək.
Müxtəlif iqlim qurşaqlarına və münbit torpaqlara malik Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində geniş imkanları var. Aqrobiznes üzrə müstəqil ekspert Fərid Firudinov belə hesab edir ki, dövlətin bu sahə üzrə yeritdiyi siyasət dəqiq və ciddi perspektivlərə hesablanmışdır. Aqroparkların, böyük toxumçuluq təsərrüfatlarının yaradılması və onların dövlət tərəfindən maliyyələşdirilməsi kənd təsərrüfatını, o cümlədən ixracı sürətlə inkişaf etdirməyə imkan verir. Onun sözlərinə görə, bazarın dərindən öyrənilməsi, yerli istehsalın əvvəlki illərdən fərqli olaraq planlı idarə olunması, müasir dünya təcrübəsində olduğu kimi, xüsusi əhəmiyyət kəsb edir: “Məsələn, Yaponiya və Fransada ümummilli proqnozlaşdırma sistemi mövcuddur. Bəzən onu indikativ planlaşdırma da adlandırırlar. Ümumiyyətlə, yapon biznesinin əsasında istənilən müəssisənin inkişafı ciddi planlaşdırma hesabına aparılır. İdarəetmə üç əsas prinsipə söykənir: planlaşdırma, fəaliyyətin özü və nəzarət. Maraqlısı odur ki, bütün yapon biznesi tor kimi planlar üzərində inkişaf edir və bu planlaşdırma bazarın ziddinə getmir. Strateji və uzunmüddətli planlaşdırma xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın aqrar sektorunda görülən işlərin müasir dünya təcrübəsi əsasında aparılması qarşıda qoyulan məqsədlərin əlçatan olmasını düşünməyə əsas verir”.
Dünyanın bir çox ölkələrində aqrar sektorun fəaliyyəti ilə yaxından tanış olan F.Firudinov onu da qeyd edir ki, ölkəmizdə kənd təsərrüfatının bugünkü inkişaf modeli Azərbaycan Prezidentinin atdığı ən düzgün addımlardan biridir: “Dövlət başçısı çıxışlarında dönə-dönə deyib ki, daha çox tələbat olan məhsulların yetişdirilməsinə önəm verilməlidir. Yəni bazarda üstün dəyərə malik olan məhsullar var. Məsələn, Quba fermerləri almalarını sata bilmirlər, bir çox hallarda ziyana düşürlər, Göyçayda isə nar çoxdan satılıb, özü də yaxşı qiymətə. Nara bir qədər ekzotik meyvə kimi həm Rusiyada, həm də digər ölkələrdə daha çox tələbat var. Bu baxımdan Azərbaycan üçün, məsələn, istixana məhsullarından pomidor, xiyar, meyvələrdən narın yetişdirilməsi daha sərfəlidir. Bu cür gəlirli sahələrin sürətli inkişafını təmin etmək üçün dövlət konkret hədəflərin təyin edilməsində vacib rol oynaya bilər”.
Bir məqama da diqqət yetirmək yerinə düşərdi. Bizdə böyük aqrar komplekslər mütəxəssis qıtlığından əziyyət çəkmirlər, lazım olanda ən güclü mütəxəssisləri dünyanın istənilən yerindən dəvət edə bilirlər. Lakin kiçik fermerlərin məsləhət xidmətlərinə çıxışı zəifdir. Dövlət isə maraqlıdır ki, aqroparklar, böyük emal müəssisələri və istehsal sahələri ilə yanaşı, kiçik və orta sahibkarlıq da inkişaf etsin. Bunun üçün kiçik və orta fermer təsərrüfatlarında çalışanları da müxtəlif vasitələrlə maarifləndirmək, məlumatlandırmaq vacibdir. Başqa sözlə, ölkəmizdə bu günə mövcud olan müsbət təcrübənin təşviqinin düzgün qurulmasının özü torpaqdan yadırğayanların məlumatlanmasında ciddi rol oynaya bilər.
B.İMANQULİYEV,
Azərbaycan.-2015.-22 aprel.-S.8.