Ömrün dönüş nöqtəsi

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

Ömrünün 90-cı pilləsinə qədəm qoymuş Kamal Salahov bəlkə də doğma kəndində yaşayacaq, atasının, babalarının ənənələrini davam etdirəcəkdi. Laçın rayonun Ardışlı kəndində torpağı əkib-becərəcək, qoyun-quzu bəsləyəcək, orada da ev-eşik qurub, yurd-yuva salacaqdı. Əgər o, yeniyetmə olanda İkinci Dünya savaşı başlamasaonun həyat yolları başqa bir səmtə yönəlməsəydi...

Artıq üç il idi qızğın müharibə gedirdi. Bir gün kəndə xəbər yayıldı ki, Kənar kişinin oğlu Kamalı da hərbi komissarlığa çağırıblar.

Oğlu müharibəyə gedən ananın nələr keçirdiyini bilmək çətin deyil. Lakin Xədicə xanım toxtaq, səbirli qadın idi. Özünü ələ alıb göz yaşlarını boğdu, Kamala sidq-ürəkdən: “Get, oğul, yolun uğurlu olsun. Allah səni xatadan-bəladan qorusun, oddan-alovdan uzaq olasan, - dedi və birdən əlavə etdi: -Elə sudan da...”

Uşaqlardan kimsə: “Ay ana, davada od var, su yoxdur”, - dedi. Zarafata hamı güldü. Ana tutulan kimi oldu: “ bilim ey, ürəyimə belə gəldi...”

Onda 1945-ci ilin 9 may gününə hələ bir ilə yaxın vaxt qalırdı.

Kamal Salahov o günləri indiki kimi xatırlayır:

- Bir dəstə gənc idik. Bizi əvvəlcə Xankəndiyə, oradan Yevlaxa, sonra da Bakıya gətirdilər. Biləcəridəki çağırış məntəqəsində gördüm ki, cəbhəyə yola salınacaq cavanlar lap çoxdur. On gün yola düşəcəyimizi gözləyə-gözləyə Biləcəridə qaldıq. Sonra bizə dedilər ki, sizi başqa bir cəbhəyə göndəririk - neft cəbhəsinə. Çünki indi ölkəyə təkcə döyüşçü yox, həm neft lazımdır.

Onlar, həqiqətən, çox idilər - düz 500 nəfər. Əksəri 1926-cı ildə anadan olmuş gənclər. Naxçıvandan, Laçından, Yardımlıdan, Bərdədən, Qazaxdan, bir sözlə, Azərbaycanın hər tərəfindən gələnlər vardı. Əvvəlcə hamısını Pirallahı (o zaman Artyom adlanırdı) adasına gətirdilər. Bir çoxunu burada saxlayıb qalanlarını Çilov adasına digər neft mədənlərinə göndərdilər.

- Pirallahıda 89 nəfər idik, indi ikicə nəfər qalmışıq - Məsimalı Mustafayev mən, - deyə Kamal kişi köks ötürüb yenidən xatirələri ilə o günlərə qayıdır.

...İsti bir yay axşamı idi. Sahildə dayanıb vahimə ilə Xəzərə baxdı. Ömründə birinci dəfə idi dəniz görürdü. Mədən, buruq olduğunu da bilmirdi. Bir anlığa anasının “Allah səni oddan, sudan qorusunsözləri yadına düşdü. Başını yırğalayaraq öz-özünə pıçıldadı: “Bax ey, anamın ürəyinə damıbmış ki, gəlib bu dəryayi-Xəzərin ortasına, hər an alışmağa bənd olan neftin içinə düşəcəyəm”. Bu təyinat heç ürəyincə deyildi. Yumruğunu düyünləyib yenə öz-özünə deyindi: “Kaş müharibəyə gedəydim. Ah, o faşistləri necə əzərdim!”

Onda Kamal Salahov hələ bilmirdi ki, Bakının neft mədənləri cəbhədir, intəhası, arxa cəbhə. Sonralar öyrəndi ki, müharibə başlanandan SSRİ boyda ölkədə çıxarılan neftin üçdə iki payından çoxunu Bakı verir. Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi benzinin 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycandan göndərilir.

OnuArtyomneft”in (indiAbşeronneft” NQÇİ) ikinci mədəninə fəhlə götürdülər. Sonra açarçı işlədi. Bir müddət sonra isə bacarığını, işgüzarlığını, məsuliyyətli olmasını nəzərə alaraq ona yeraltı təmir üzrə usta vəzifəsini etibar etdilər.

Neftçilər istirahət bilmədən gecə-gündüz işləyirdilər. Bir gecə işıqlar söndü. Mədəndə, başında olan bir neçə neftçi, o cümlədən Kamal buruqların arası ilə qaranlıqda birtəhər yol tapıb onlar üçün həm , həm istirahət, həm yataq otağı kimi ayrılmış köşkə (neftçilər arasında bunabudkadeyirlər) gəlib çatdılar yorğun olduqlarından dərhal yuxuya getdilər. Bir azdan qapı döyüldü astanada dayanan iki nəfərdən biri - əynində uzun plaş, başında şlem olan kişi soruşdu ki, bala, niyə işləmirsiniz? Fəhlələr işığın olmadığını dedilər. Gələnlər sakitcə çıxıb getdilər.

- Ertəsi gün dedilər ki, Azərbaycanın ovaxtkı rəhbəri Mircəfər Bağırov gecə mədəni gəzirmiş. Sonra da eşitdik ki, müdirimizi işdən çıxarıblar, - deyə Kamal kişi xatırlayır. - Özüm dincəlmədən işləyirdim, bir usta kimi briqadamın üzvlərindən bunu tələb edirdim. Biz onda qazanc, mükafat, şöhrət barədə fikirləşmirdik. Vətən dediyimiz ölkənin müqəddəratını düşünürdük, qələbə üçün çalışırdıq, Azərbaycanın başını uca etmək istəyirdik. Hər birimiz işə ciddi yanaşır, üzərimizə düşən məsuliyyəti dərk edir, bilirdik ki, cəbhəyə neft hava, su kimi lazımdır.

Bu hisslər gənc neftçini müharibədən sonrakı illərdə tərk etmədi. O yenə mədəndə işləyirdi. Sadəcə olaraq müharibə qurtardığı üçün ürəyi bir qədər arxayınlaşmış, arzuları, fikirləri bir nöqtədə qərar tutmuşdu. Əvvəllər özünü qərib kimi hiss etsə , artıq adaya alışmış, neftçi peşəsini ürəkdən sevmişdi. Onunla bir mədəndə işləyən Qızılgül adlı qız çoxdan könlünə yatmışdı. Amma müharibə olduğuna görə sevgisini bir neçə il qəlbində gizli saxlamışdı. Qızılgül mədəndə neftölçən kimi çalışırdı. İdarədə hörmətli neftçi kimi tanınan usta Səfibəy Səfibəyovun qızı idi.

Səfibəy kişi Kamalın Qızılgülə elçi düşdüyünü eşidəndə qəzəbləndi. Nədənsə qızı ona vermək istəmirdi. Mədənin müdiri bu məsələni eşidəndə Səfibəy kişinin qapısına özü elçiliyə getdi ona dedi ki, daşı ətəyindən tök, əlini arxayınlıqla ürəyinin üstünə qoy cavanların toyunu elə. Kamal yaxşı oğlandır, peşman olmazsan.

- Müharibədən sonrakı illərdə dolanışıq çox çətin idi, - deyə Kamal Salahov söhbətini davam etdirir. - Anam Laçından Pirallahıya çox çətinliklə gəlib çıxdı. Mənim Qızılgüllə ailə qurmağıma xeyir-dua verdi. Toyumuz çox sadə oldu. Bununla belə, hətta anamı geriyə, rayona yola salmağa əlimdə bir qəpik pul yox idi. Hamıdan xəlvət özümün bir cüt hələ geyinilməmiş ayaqqabımı satıb anama yol pulu verdim...

Pirallahının mədənləri Kamalın ömürlük əmək meydanına, çörək təknəsinə çevrildi. Həyat yoldaşı ilə əl-ələ verib işlədilər, ev-eşik qurdular. Beş övladları - Vahid, Gülşən, Kənar, Kamran Gülnarə dünyaya gəldilər. Hamısı da təhsil aldı, sənət, peşə sahibi oldu. Kamal kişi onlara özünün ömür-gün yoldaşı Qızılgülün ürəyincə olan toy etdi. Getdikcə bu ailə qol-budaq atıb Pirallahının sayılıb-seçilən nəsillərindən oldu.

Mədəndə müxtəlif vəzifələrdə çalışan Kamal Salahovun təqaüdə çıxandan sonra da əli işdən-gücdən soyumadı. İctimai iaşə sistemində fəaliyyət göstərdi, kiçik həyətyanı təsərrüfatında çalışdı. Həyat yoldaşının itkisindən çox kədərlənən ağsaqqal indi övladlarının, nəvələrinin qayğısından təsəlli tapır.

- 16 nəvəm 17 nəticəm var, - deyir. - Mən onların hamısından razıyam.

Nigarançılığı təkcə Laçındandır, düşmən tapdağında olan digər bölgələrimizdəndir. Ən böyük diləyi o torpaqları azad görməkdir.

1990-cı illərin əvvəllərində yaşı 65-i ötmüş Kamal Salahov hətta özü cəbhəyə getmək istəyirmiş. Mənfur ermənilərə qarşı vuruşmaq arzusu ona rahatlıq vermirmiş. Eşidəndə ki oğlu Kamran könüllülər sırasında Qarabağa vuruşmağa gedir, təsəlli tapıb. Oğluna “əhsən” deyib.

Kamal Salahovun kiçik oğlu Kamran uzun müddət neft sahəsində işləyib. Neft Daşlarına, Çilov adasına, “Günəşli” yatağına xidmət edən “Vixr-13” yanğınsöndürmə gəmisində çalışıb.

Ortancıl oğlu Kənar da neftçidir. Neft texnikumunu bitirəndən sonra uzun illərdir ki, NQÇİ- neft qazçıxarma operatoru işləyir.

Kamal kişinin qızı, Pirallahıdakı 168 nömrəli orta məktəbin müəllimi Gülnarə Axundova indi atasının həm neftçilər sülaləsinin başçısı olduğunu söyləyir:

- Estafet onun nəvələrinindir, - deyir. - Mənim qızlarım İnara Aysel Azərbaycan Dövlət Neft Akademiyasını bitiriblər. Qardaşım Kənarın oğlu Kənan da neftçidir, BP şirkətində, “Şahdəniz-2” layihəsində hasilat üzrə texnik işləyir. Ümumiyyətlə, Pirallahıda bu peşə əziz bir əmanət kimi nəsildən-nəslə keçir. Məsələn, vaxtilə babam Səfibəy Səfibəyov, dayım Rəfibəy Pirallahı mədənlərində çalışırdılar. Sonra onları dayım oğlu Rəcəb əvəz etdi. Yalnız bu yaxınlarda başqa vəzifəyə keçib.

Beləliklə, söhbət cavanlardan düşür. Kamal kişi onların bilik bacarığına, mərdliyinə vətənsevərliyinə çox arxayındır. Deyir ki, onlarla döyüşə getmək, düşmənə qalib gəlmək - işğal altında olan torpaqlarımızı azad etmək, sözsüz, mümkündür!

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 22 aprel.- S. 9.