Hicran Hüseynova: Qadın siyasəti müstəqil

Azərbaycan dövlətinin prioritet sahələrindəndir

 

İtaliyanın “L'opinione” xəbər portalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın müsahibəsi yayılıb.

Müsahibəni hazırlayan jurnalist əvvəlcə Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı rolundan, cəmiyyətdəki mövqeyindən və AQUPDK-nin fəaliyyətindən bəhs edib. Bildirib ki, qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycanda qadınların sosial vəziyyəti və onların hüquqlarının müdafiəsi istiqamətində əldə olunan nailiyyətlərdən danışan H.Hüseynova deyib: “Yaşadığı tarixi dövrdən, onun sosial- iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində aparıcı qüvvə olub. XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyon Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaradıb. Bütün bu problemlərə baxmayaraq, qadınlarımız özlərində güc taparaq, Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində fəal iştirak etməyə başlayıblar”.

 

Komitə sədri vurğulayıb ki, Azərbaycanın 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması ilə ölkəmizdə müxtəlif sahələrdə gender bərabərliyinin təbliği üçün əlverişli şərait yaradılıb. 1998-ci ildə ümummilli lider Heydər Əliyev “Azərbaycan qadınlarının rolunun artırılması haqqında” Sərəncam imzalayıb. Bütün bunlar gender məsələləri və qadınların hüquqlarına dair institusional bazanın yaradılması baxımından önəmli idi. Hazırda qadınlar üçün lazımi şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm səylər göstərilir. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bunun əməli sübutudur. Eyni zamanda, hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçünGender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010) qanunlar qəbul olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gender məsələsi xüsusi nəzərə alınıb. Qadınlara qarşı zorakılığın qarşısının alınması, məşğulluq sahəsində bərabər imkanların yaradılması, dövlət siyasətində qadınların önəmli yer tutması dövlətimiz tərəfindən diqqət mərkəzindədir.

 

Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınların təşkil etdiyini deyən H.Hüseynova vurğulayıb ki, onların ictimaisiyasi, elmi, mədəni, sosialiqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasına müsbət təsir göstərib. Digər sahələrdə olduğu kimi, gender məsələləri, qadınların hüquqlarının qorunması istiqamətində də Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib.

 

Komitə sədri qeyd edib ki, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. O deyib: “Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər var. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar: ilk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq Səkinə Axundzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk qadın balet ustası Qəmər Almaszadə, ilk peşəkar azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə, ilk qadın kino aktrisası İzzət xanım Orucova, ilk qadın heykəltəraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan şairəsi, ilk qadın şahmatçı Məhsəti Gəncəvi (XII əsr), ilk uşaq pediatrı Adilə Namazova, ilk qadın oftalmoloq Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva və başqaları. Bu gün isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində sosial, elm və təhsil, humanitar, İKT, mədəniyyət və digər sahələrdə layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban Əliyevanın rolu danılmazdır. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. O, Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.

 

 

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2015.- 22 aprel.- S. 10.