Parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olub
Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov bir sıra görüşlər keçirmiş, tədbirlərdə iştirak etmişdir.
MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşdə parlamentin Sədri Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunduğuna görə minnətdarlığını ifadə etdi. Belə görüşlərin əlaqələrin inkişafına təkan verdiyini söylədi. Oqtay Əsədov iki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını xüsusi qeyd etdi.
Bildirildi ki, əməkdaşlığın inkişafında iqtisadi və ticarət sahələrində olan əlaqələr böyük önəm kəsb edir. Ölkələr arasında ticarət dövriyyəsi 1 milyard 954 ABŞ dolları təşkil edir. Prioritet istiqamətlərdən biri də regional əməkdaşlıqdır. Bu baxımdan Azərbaycanla Rusiya arasında ənənəvi olaraq keçirilən forumlar çox əhəmiyyətlidir.
Milli Məclisin Sədri iki ölkənin qanunvericilik orqanları arasında sıx əlaqələrin olduğunu məmnuniyyətlə qeyd etdi. Parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında əməkdaşlığı, habelə, deputatlarımızın müxtəlif beynəlxalq parlament təşkilatları, o cümlədən MDB Parlamentlərarası Assambleyası çərçivəsində qarşılıqlı anlaşma şəraitində fəaliyyətini yüksək dəyərləndirdi.
MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko qarşılıqlı səfərlərin münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını söylədi. O, dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etdi. Parlamentlərarası dostluq qruplarının fəaliyyətini qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli hesab etdi. Deputatlarımızın MDB PA və digər nüfuzlu beynəlxalq təşkilatlarda birgə səmərəli əməkdaşlığından danışdı. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsi üçün bundan sonra da səyləri əsirgəməməyə çağırdı.
Sonra parlamentin Spikeri Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Sergey Narışkinlə görüşdü. Bildirildi ki, Azərbaycanla Rusiya arasında əməkdaşlıq həyatın bütün sahələrində dinamik inkişaf edir. Ölkələrimiz arasında 200-ə yaxın dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb, 30-dan çoxu isə baxılmaq üzrədir. İqtisadi, enerji, neft-qaz, nəqliyyat, habelə kənd təsərrüfatı sahələrində mövcud əlaqələr təqdirəlayiqdir. İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti də öz müsbət nəticələrini verməkdədir.
Sədr bildirdi ki, qanunverici orqanlar arasında səmərəli əməkdaşlıq həm dostluq qrupları, həm də ikitərəfli Parlamentlərarası Komissiya çərçivəsində uğurla inkişaf edir. Eyni zamanda, deputatlarımız beynəlxalq parlament qurumlarında əlaqəli şəkildə fəaliyyət göstərirlər. Bu baxımdan bu yaxınlarda keçirilən AŞ PA-nın qış sessiyasını xüsusi qeyd etmək olar.
Spiker ölkələrimiz arasında sosial, mədəni, humanitar sahələrdə əlaqələrin genişləndirilməsində diasporların böyük rol oynadığını söylədi. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, müxtəlif beynəlxalq forumların keçirilməsi barədə danışdı. Azərbaycanda rus dilinə olan xoş münasibəti, rusdilli məktəblərin, Slavyan Universitetinin, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Cari ilin yayında Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları barədə söhbət açdı.
Görüşdə parlamentin Sədri Oqtay Əsədov ikitərəfli parlament əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Dövlət Dumasının Sədri Sergey Narışkinə Azərbaycan Milli Məclisinin Fəxri medalını təqdim etdi.
Rusiya Dövlət Dumasının Sədri Sergey Narışkin Milli Məclisin Fəxri medalına layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi. Müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin dinamik inkişaf etdiyini söylədi. Dövlətlərimiz arasında əlaqələrin hərtərəfli inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd etdi. Parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün deputatların qarşılıqlı səfərlərinin, həmçinin beynəlxalq müstəvidə hər iki ölkənin maraqları baxımından əməkdaşlığının vacibliyini vurğuladı.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun Qazaxıstan Parlament Məclisinin Sədri Həbibulla Jakubov ilə də görüşü oldu. Spiker 2014-cü ilin iyununda Bakıda TÜRK PA-nın 5-ci plenar sessiyası çərçivəsində keçirdikləri görüşü məmnunluqla xatırladı. Belə görüşlərin iki ölkə parlamentləri arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verdiyinə əminliyini söylədi. Ölkələrimizin 70 il ərzində eyni inkişaf yolunu keçdiyini, müstəqillik qazandıqdan sonra münasibətlərimizin daha da dərinləşdiyini dedi. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanla qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirdiyini və bu baxımdan hər iki dövlət başçılarının qarşılıqlı səfərlərinin, beynəlxalq forumlardakı görüşlərinin əhəmiyyətini vurğuladı.
Bildirildi ki, bu günədək ölkələrimiz arasında 100-dən çox ikitərəfli dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. İqtisadi əlaqələrin inkişafında Hökumətlərarası komissiya çərçivəsində fəal iş həyata keçirilir. Azərbaycan və Qazaxıstan bir sıra regional və beynəlxalq neft-qaz layihələrinin iştirakçılarıdır. Bu gün Azərbaycan enerji sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilib.
Oqtay Əsədov Milli Məclislə Qazaxıstan Parlamenti arasında əlaqələrin inkişafından, nümayəndə heyətlərinin, o cümlədən qanunvericilik orqanları rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən, beynəlxalq təşkilatlar çərçivəsində birgə uğurlu fəaliyyətindən bəhs etdi. O, 2011-ci ildə Astanada TÜRK PA-nın, 2012-ci ildə isə Almatıda MDB PA-nın tədbirlərində iştirakını xoş təəssüratlarla yada saldı. Bildirildi ki, son vaxtlar regional və beynəlxalq aləmdə yaranmış vəziyyət narahatçılıq doğurur. Hər bir ölkə təhlükəsizliyin təmin edilməsinə və əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməlidir.
Söhbət zamanı parlamentin Sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxundu. Spiker Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2014-cü ilin mayında Ali Avrasiya İqtisadi Şurasının toplantısında sərhədlərin qorunması ilə bağlı söylədiyi fikirlərə görə təşəkkür etdi.
Qazaxıstan Parlament Məclisinin Sədri Həbibulla Jakubov qeyd etdi ki, ikitərəfli əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında hərtərəfli münasibətlərin daha da inkişafına təkan verir.
Azərbaycan və Qazaxıstan parlamentləri arasında əlaqələr dinamik inkişaf edir. Millət vəkillərimiz həm də beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir, bir-birinin mövqeyini dəstəkləyirlər. Bu baxımdan Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində əməkdaşlıq da təqdirəlayiqdir. Qeyd edildi ki, dövlətlərin və xalqların bir-birinə daha da yaxınlaşması problemlərin birlikdə həll olunmasına hərtərəfli zəmin yaradır.
Səfər çərçivəsində parlamentimizin Sədri və nümayəndə heyətinin üzvləri MDB Parlamentlərarası Assambleyasının Şura iclasına qatıldılar. Şurada Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri ilə bağlı bir sıra məsələlər dinlənildi və təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunaraq təsdiq edildi.
Qurumun iclasında MDB PA Şurasının və Rusiya Federasiya Şurasının Sədri Valentina Matviyenko Milli Məclisin Sədri Oqtay Əsədovu Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibəti ilə bir daha təbrik edərək, təntənəli şəkildə ordeni parlamentin Sədrinə təqdim etdi və ona xalqlarımızın rifahı naminə gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonra MDB Parlamentlərarası Assambleyanın 42-ci plenar iclasının açılış mərasimi oldu. Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti tədbirdə iştirak etdi. İclasda bir sıra sahələri əhatə edən model qanunlar müzakirəyə çıxarıldı. Müzakirələrdən sonra həmin qanunlar səsə qoyularaq qəbul edildi.
Aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş plenar iclası başladı. İclasda Milli Məclisin Sədri Oqtay Əsədov nitq söylədi.
Parlamentin Sədri çıxışında bildirdi ki, 1941-1945-ci illər müharibəsində faşist Almaniyasına qarşı keçmiş İttifaqa daxil olan bütün millətlər çiyin-çiyinə cəsarətlə mübarizə aparıb. Qələbə hamının birgə səyi nəticəsində, hər kəsin verdiyi əvəzolunmaz töhfələr sayəsində qazanılıb. İkinci Dünya müharibəsi bəşəriyyət tarixində ən qanlı və ən qəddar hərbi münaqişə oldu. Bu yeganə münaqişə idi ki, nüvə silahı tətbiq edildi. İkinci Dünya müharibəsində ən çox itki verən dövlət SSRİ olub.
Spiker qeyd etdi ki, müharibə bitdikdən sonra keçirilən Nürnberq və Tokio məhkəmələrində faşist ideologiyası kəskin tənqid olundu, bir çox hərbi cinayətkarlar cəzalandırıldı. Gələcəkdə yeni dünya müharibəsinin qarşısını almaq üçün 1945-ci ildə Yaltada keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının yaradılması haqqında qərar verildi. Qələbənin tarixi əhəmiyyəti, müharibədə iştirak edən bütün xalqların, o cümlədən Azərbaycan xalqının göstərdiyi şücaət dünyada tanındı və yüksək dəyərləndirildi.
Oqtay Əsədov böyük fəxrlə vurğuladı ki, Sevastopolun azad olunmasında və Taqanroq uğrunda gedən döyüşlərdə vuruşan azərbaycanlılardan ibarət 416-cı diviziyanın əsgərlərinin xatirəsinə abidələr ucaldılmışdır.
Milli Məclisin Sədri xüsusi olaraq qeyd etdi ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan özünün təbii ehtiyatlarına və əlverişli coğrafi mövqeyinə görə böyük dövlətlərin planlarında mühüm yer tutub. Almaniya Şərqə - İran və Hind okeanı istiqamətində irəliləmək üçün Bakı neftini ələ keçirmək niyyətində idi. Qafqazın işğal edilməsi üçün “Edelveys” planı tərtib edilmiş, hətta işğalın dəqiq vaxtı göstərilmişdir. Lakin Azərbaycan səmalarında düşmən özünün 96 təyyarəsini itirdi və bu plan uğursuzluqla nəticələndi.
Döyüş meydanlarında qəhrəmancasına mübarizə aparan 400 mindən çox azərbaycanlı orden və medallarla təltif edildi, 128 nəfər həmvətənlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Azərbaycanın oğul və qızları Krımda, Belarusiyada, Şimali Qafqazda, Baltik ölkələrində, Polşada, Çexoslavakiyada, Macarıstanda, Yuqoslaviyada, İtaliyada partizan dəstələrində faşizmə qarşı müqavimət göstəriblər.
Bildirildi ki, müharibə illərində Azərbaycan iqtisadiyyatı tamamilə ordunun ehtiyaclarının təmin edilməsi üçün yönəldilmişdi. 1941-1945-ci illər ərzində Bakıdan ön cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdir. Təyyarələrin, tankların, avtomaşınların, hərbi gəmilərin hər beşindən dördü Bakı nefti ilə işləyirdi. Bununla yanaşı, Bakıda 130 növdən çox silah, o cümlədən “Katyuşa” raketləri, pulemyotlar, qırıcı təyyarələr istehsal olunurdu. Ölkəmizdə yaralılar üçün hərbi hospitallar fəaliyyət göstərirdi. Bütün bunlar onu göstərir ki, həm döyüş meydanlarında, həm də arxa cəbhədə insanlar qələbə uğrunda layiqincə mübarizə aparıblar.
Çıxışının sonunda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu müharibə bizi milli və dini zəmində baş verə biləcək münaqişələrə qarşı daim ayıq olmağa səsləyən əbədi bir çağırışdır. Dünya birliyi İkinci Dünya müharibəsi zamanı baş vermiş faciələri unutmamalıdır. Əldə edilmiş qələbə bir daha nümayiş etdirdi ki, işğalçılığa qarşı, öz dövlətinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq həmişə zəfər çalacaq.
İclasda ayrı-ayrı respublikalardan olan müharibə veteranlarına, o cümlədən 1941-1945-ci illər müharibəsində şücaət göstərmiş azərbaycanlı veteranlar - Baxışov Seyfulla Abdulla oğluna və Rzayeva Mariya Stepanovnaya Qələbənin 70 illiyi münasibəti ilə təsis olunmuş yubiley medalları təqdim olundu.
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda B.N.Yeltsin adına Prezident Kitabxanasında Qələbənin 70 illiyinə həsr olunmuş “Biz qalib gəldik, çünki bir idik” sərgisinin açılış mərasimində iştirak etdi.
Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyəti Tavriya sarayının həyətində “Xatirə estafeti” aksiyasının təntənəli yekun tədbirində iştirak etdi. Tədbirdə müharibə illərini əks etdirən film nümayiş olundu, bu aksiya çərçivəsində MDB-yə üzv olan respublikalardakı əbədi məşəllərdən götürülmüş alov vahid məşəldə cəmləşdirildi. Qələbənin 70 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya və ayrı-ayrı respublikalarda keçirilmiş “Xatirə estafeti” aksiyalarından hazırlanmış video-çarx iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Xatırladırıq ki, Milli Məclisin bir qrup deputatı, eləcə də Milli Məclis Aparatının bəzi əməkdaşları MDB PA tərəfindən təsis edilən “Parlament əməkdaşlığının möhkəmləndirilməsi” medalı ilə təltif olunublar. MDB PA Şurasının Baş katibi Aleksey Sergeyev Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı nümayəndəliyinə gələrək medalları öz sahiblərinə təqdim etdi. Sankt-Peterburqda səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Sədri Oqtay Əsədov, deputatlardan Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin işlər müdiri Firudin Hacıyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov, Milli Məclisin MDB PA-da daimi nümayəndəsi Aydın Cəfərov, parlament Aparatının əməkdaşı Erkin Qurbanlı təqdim olunanlar sırasında idilər.
Ümumiyyətlə, MDB PA-nın 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi münasibəti ilə təşkil etdiyi tədbirlər maraqlı və yadda qalan oldu. Rəsmi görüşlərdə və yığıncaqlarda, təqdimat mərasimlərində, ədəbi-bədii tədbirlərdə, Qələbə münasibəti ilə təşkil olunan konsert proqramlarında və sərgilərdə, o cümlədən digər mərasimlərdə Azərbaycan parlament nümayəndə heyəti fəal iştirak etdi.
Akif TƏVƏKKÜLOĞLU,
Milli Məclisin mətbuat katibi
Azərbaycan.-2015.-22 aprel.-S.2.