Azərbaycanın mədəniyyət və turizm naziri

 UNESCO-nun baş direktoru ilə görüşüb

 

Xəbər verdiyimiz kimi aprelin 22-də UNESCO-nun baş qərargahında İcraiyyə Şurasının Sessiyası çərçivəsində ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Qarayev ölkə rəhbərliyinin salamlarını baş direktora çatdiraraq UNESCO-nun Forumun rəsmi tərəfdaşı kimi mədəniyyətlərarası dialoq üçün həyata keçirilən fəaliyyətlərə yüksək dəstəyinə görə təşəkkürünü bildirib.

Forumu müasir dünyada artan gərginlik fonunda beynəlxalq qurumları və dünya ölkələrini öz ətrafında birləşdirən unikal bir platforma kimi dəyərləndirən İ.Bokova Azərbaycanın bu prosesdə fəal mövqeyinin nümunəvi olduğunu söyləyib.

Görüş zamanı Azərbaycan ilə UNESCO arasındakı münasibətlərin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov da iştirak edib.

 

Azərbaycan.-2015.-22 aprel.-S.2.