Elmar Məmmədyarov: Artıq
regiondakı bütün münaqişələrin
həllinə
münasibətdə yekdil mövqe nümayiş etdirməyin
vaxtıdır
Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün Şərq Tərəfdaşlığı regionuna çoxsaylı çağırışlar gətirib. Şərq Tərəfdaşlığı məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb. Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır.
Bu fikirləri Lüksemburqda Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün maneə olaraq qalmaqdadır və Avropa İttifaqının (Aİ) birbaşa qonşuluğunda ciddi təhlükə kimi davam edir. “Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini gözləyirik və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qəbul etdiyi müvafiq qətnamələrinin tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq”.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq, regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib.
Nazir bildirib ki, təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Enerji sahəsində strateji tərəfdaşlıq “Cənub” qaz dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib. “Cənub” qaz dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatının qətiyyətli öhdəliyinin aydın təzahürü idi.
Diqqətə çatdırılıb ki, Azərbaycan Aİ tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirir. Azərbaycan Aİ-nin diqqətini tərəfdaş ölkələrin inkişaf etdirmək istədiyi xüsusi əməkdaşlıq sahələri üzərində cəmləşdirməsi məsələsinə sadiqliyini dəstəkləyir. Bu, Azərbaycan-Aİ əməkdaşlığında maraqların birləşdirilməsi və faydaların müəyyən edilməsinə kömək edəcək. Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafı, enerji, internet bağlılığını (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır. Eyni zamanda, Aİ-nin Avropa Qonşuluq Siyasəti zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır. Rəsmi Bakı strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır.
Nazir
çıxışında Azərbaycanın iyun
ayında Avropa tarixində əsas idman hadisələrindən biri
olan və qitə üçün
çox maraqlı və idmanın çox növünü əhatə
edən innovativ tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini
də xatırladıb.
Azərbaycan.-2015.- 22 aprel.- S.4.