Roma Papasından daha
artıq katolik, yaxud
“siyasət”çi
olmaq mümkün deyil
Bir zamanlar siyasi və dini tolerantlığı təşviq edən, özünü bu sahədə “örnək” kimi təqdim edərək yeni müstəqil dövlətlərə təsir göstərməyə çalışan Avropa son illər daha çox dözümsüzlük, milli ayrı-seçkilik və ksenofobiya meyilləri ilə diqqət mərkəzindədir. Bu coğrafi məkanda cərəyan edən proseslər - xüsusilə islam və müsəlmanlar əleyhinə başlanmış qərəzli kampaniya - Avropanın bir çox dövlətlərinin “Qərb dəyərlərinin müdafiəsi” adı altında öz iqtisadi-siyasi maraqlarını gerçəkləşdirmək, yeni enerji mənbələrinə yiyələnmək və hətta metropoliyaya malik olmaq iddialarını əyani şəkildə nümayiş etdirir.
Qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində bir sıra Avropa ölkələrinin təkcə Türkiyəyə qarşı deyil, ümumən turk dünyasına qarşı nümayiş etdirdikləri qərəzli mövqe daha geniş vüsət alıb. Sözdə sülhü, barışı, tolerantlığı, multikulturalizmi təşviq edən Roma Papası I Frensisk Müqəddəs Pyotr kilsəsində çıxışı zamanı Türkiyədə 1915-ci ildə baş verən hadisələri “soyqırımı” kimi təqdim edib. O, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırmaqla Vatikanın Türkiyəyə qarşı ifrat qərəzli, əsaslandırılmamış mövqeyini izhar edib.
Tarix boyu dini liderlərin insanları və dövlətləri müharibələrdən, münaqişələrdən çəkinməyə, sivil birgəyaşayış normalarına hörmət göstərməyə, tolerantlığa səslədiklərini nəzərə aldıqda XXI əsrdə üzləşdiyimiz vəziyyət narahatlıq doğurmaya bilməz. Uydurma erməni yalanına uyan Roma Papası Türkiyəni ötən əsrin əvvəllərində guya ermənilərə qarşı “soyqırımı törətməkdə” ittiham etməklə pozucu, nifaqyaradıcı statusda çıxış edir.
Bununla da faktiki olaraq etnik-dini qarşıdurma meyillərinin güclənməsinə - Avropada türklərin sıxışdırılmasına və siyasi-mənəvi təqiblərə məruz qalmalarına bilavasitə “yaşıl işıq” yandırılır. Avropa Türkiyəyə, ümumən turk dünyasına qarşı qoyulur və sırf erməni lobbisinin maraqlarına cavab verən bir mövqe nümayiş etdirilir.
Şübhəsiz, məqsəd qondarma “soyqırımı iddiaları” ilə özləri haqqında “məzlum xalq” imici yaratmağa çalışan erməniləri müdafiə etmək yox, Türkiyənin və Azərbaycanın dünyada artan nüfuzunu sarsıtmaq, hər iki ölkəni təzyiq altında saxlamaqdır.
Dini liderlik missiyasını həyata keçirən bir şəxsin, yumşaq desək, əsassız və subyektiv mülahizələrə söykənməklə ötən əsrin əvvəllərində baş vermiş tarixi hadisələrə qiymət vermək cəhdi son dərəcə primitiv, qeyri-ciddi təsir bağışlayır. Roma Papasının “ermənilərin havadarı” statusunda çıxış etməsi, istər-istəməz onun üzərinə götürdüyü çətin missiyanın məsuliyyətini dərk etməməsi təəssüratını yaradır.
Çıxışında saxta “erməni soyqırımı” ilə yanaşı, “nasizm və stalinizm dəhşətləri”ndən də söz açan Roma Papasının təəccüb doğuran bu tədbirində Xocalı soyqırımının əsas təşkilatçılarından olan Ermənistan prezidenti Serj Sarkisyan və erməni dini liderləri də iştirak ediblər. I Frensisk bu çıxışı ilə sanki kilsəni orta əsrlər dövrünə qaytararaq “Xristianları kafirlərə qarşı yeni səlib yürüşünə başlamağa” çağırır. Fərq yalnız bundadır ki, XXI əsrin “səlib yürüşü” hərbi deyil, daha çox ideoloji-siyasi təcavüz mahiyyəti daşıyır.
Bu məqamda Roma Papasının “erməni sevgisi”ni şərtləndirən bəzi pərdəarxası məqamların üzərindən də sükutla keçmək mümkün deyil. Əksər politoloq və siyasi müşahidəçilər I Frensiskin “erməni təəssübkeşliyini” onun əslən ermənilərin sıx yaşadığı Argentinadan olması ilə əlaqələndirməkdə kifayət qədər haqlı görünürlər. Əksər ölkələrin rəhbərləri haqlı olaraq “Tarixlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır” deməklə ermənilərin “soyqırımı iddiaları”nı cəfəng məsələ saydıqları halda Roma Papasının dini əxlaqa yaraşmayan bir tərzdə tərəfkeşlik etməsi qətiyyən anlaşılan deyil. Tutduğu vəzifəsinə görə Allah kəlamlarını, sülhü, əmin-amanlığı, milli, irqi və dini tolerantlığı təbliğ etməli olan bir “din adamı”nın belə məsuliyyətsiz çıxışı əslində milli və dini ədavəti qızışdırmağa xidmət edir.
Papanın püskürən qərəzi həm də Avropada hökm sürən islamofobiyanın real təcəssümü kimi diqqəti çəkir. Dini rəhbərin ardınca Avropa İttifaqının parlamenti də qondarma “erməni soyqırımı”nı tanıyan növbəti bəyanatı qəbul etməklə Türkiyəyə qarşı ənənəvi ifrat qərəzini ortaya qoyub. Reallıq budur ki, ötən əsrin əvvəllərində baş vermiş tarixi hadisələr erməni ideoloqlarının arzuladıqları bir formada təhrif edilir, bəzi dövlətlər Türkiyəyə qarşı “erməni kartı”ndan hər fürsətdə geniş istifadə etməyə, qardaş ölkəni bu “xristian klubu”na yaxın buraxmamağa çalışırlar. Uzun illərdir rəsmi Ankaranı qıcıqlandırmaq, Avropa Birliyinə üzv olmaq niyyətindən çəkindirmək istəyən dairələr bu məkrli məqsədlərini məhz “erməni soyqırımı”nı tanımaqla reallaşdırmağa çalışırlar. Həmin dairələr kifayət qədər yaxşı anlayırlar ki, Türkiyə heç bir halda saxta “erməni soyqırımı” iddialarını qəbul etməyəcək və bu milli məsələdə sonadək duruş gətirməklə, lazım gəlsə, Avropa Birliyinə üzv olmaq istəyindən belə vaz keçəcək.
Xatırlatmaq yerinə düşər ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma “erməni soyqırımı”nı tanıyan Avropa parlamenti 2005-ci ildə bu ədalətsiz qərarını yeniləmiş, Türkiyənin qarşısında Ermənistanla sərhədləri açmaq tələbini qoymuşdu. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri “soyqırımı” kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilmişdi. Bu mənada 2015-ci ilin aprelində eyni qurum tərəfindən belə bir qərarın qəbulu təəssüf doğurur.
Tarixçi alimlərin real fakt və dəlillərə əsaslanan mülahizələri “erməni soyqırımı” iddialarının reallıqdan tamamilə uzaq olduğunu bir daha təsdiqləyir. Reallıq göstərir ki, “dənizdən-dənizə Ermənistan” xülyasını milli idelologiyaya çevirən erməni millətçiləri ərazi ilhaqı siyasətini həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş dəhşətli cinayətlərə əl atdıqları halda insanlığa sığmayan bu vandalizm aktlarını bir qayda olaraq türklərin və azərbaycanlıların adına yazmağa çalışmışlar. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regiondakı çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün qondarma “soyqırımı” iddialarının ayrı-ayrı ölkələrdə tanıdılması üçün genişmiqyaslı kampaniya aparırlar. Əsası olmayan bu saxta iddiaların davamlı şəkildə gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırımı, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür.
Həmin dövrün tarixi ilə tanışlıq göstərir ki, hələ XIX əsrin sonlarında Türkiyədə yaşayan ermənilər müxtəlif iddialarla bu ölkədə üsyanlar təşkil etmiş, məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Anadolunun şərqində yaşayan ermənilərin ilk üsyanı 1890-cı ildə olmuş, sonra Van, Sason, Adananı əhatə etmişdi. 1905-ci ildə türk sultanına qarşı sui-qəsd planlaşdıran ermənilər buna nail ola bilməmişdilər. Bölgədə təşkilatlanan erməni komitələri mülki əhaliyə qarşı da xüsusi zorakılıq və amansızlıq nümayiş etdirirdilər.
1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə ermənilərin Türkiyə əleyhinə daha geniş iş aparmasına əlverişli tarixi şərait yaranmışdı. 1915-ci ilin əvvəllərində çar Rusiyası Türkiyəyə müharibə elan edərkən ermənilərdən vasitə kimi yararlanmağa, Anadolu vilayətinin şərqində yaşayan erməni əhalisini yağlı vədlərlə aldadıb öz tərəfinə çəkməyə çalışırdı. Çar II Nikolay türklərə qarşı vuruşmaq istəyən erməni əsgərlərinin digər cəbhələrdən ayrılıb Qafqaz cəbhəsinə gəlmələri üçün xüsusi dekret də imzalamışdı. Türkiyədə yaşayan erməniləri silahlandırıb müharibəyə hazırlamaq, bu ölkənin daxilində üsyanlar təşkil etmək, türk ordusunun arxa ilə əlaqəsini kəsmək, rus ordusunun geriyə hərəkətini asanlaşdırmaq üçün daşnak ideoloqlarına külli miqdarda maliyyə vəsaiti də ayrılmışdı.
Çar Rusiyası həmin dövrdə Osmanlı imperiyasını diz çökdürüb hakimiyyəti ələ alan kimi erməniləri ali vəzifə kürsülərində əyləşdirəcəyi, onlara müstəqillik və geniş səlahiyyətlər verəcəyi, habelə regionda erməni dövlətinin yaranmasına kömək göstərəcəyi ilə bağlı öz üzərinə müəyyən öhdəliklər də götürmüşdü. Bu vədlərdən şirniklənən Anadolu erməniləri isə sürətlə silahlanaraq dinc əhaliyə qarşı kütləvi qırğınlara başlamış, çar Rusiyasının Türkiyə ilə müharibədə qalib gəlməsinə çalışırdılar. Erməni terror təşkilatlarından xüsusi təlimat almış, Andranikin rəhbərliyi altında silahlanmış ermənilər həmin dövrdə Türkiyənin bir çox yaşayış məntəqələrini dağıtmış, türklərlə yanaşı, kürdləri də kütləvi şəkildə öldürmüş, dinc insanlara divan tutmuşdular.
Anadoludan və Qafqazın bəzi vilayətlərindən gətirilmiş 5 diviziyalıq könüllülər dəstəsi Andranikin rəhbərliyi altında yüz min nəfərdən çox günahsız türkü öz doğma ata-baba torpaqlarında ağır işgəncələrlə qətlə yetirmişdi. Türkiyədə fəaliyyət göstərən müxtəlif erməni partiyalarının liderləri, çoxsaylı özək rəhbərləri, həmçinin Eçmiədzin kilsəsinin din xadimləri bu qətliamlar zamanı öz soydaşları olan daşnaklara hər cür kömək göstərirdilər. Məşhur Amerika alimi Castin Makkartinin yazdığına görə, 1915-ci ildə müharibə zonasından kənarda yerləşən və rus ordusunun heç vaxt yaxınlaşmadığı Sivas vilayətində ermənilər 180 min müsəlmanı son nəfərinədək qətlə yetirmişdilər. Digər Amerika tarixcisi C.S.Şou isə ermənilərin 1915-ci ilin əvvəllərində Van şəhərində türk dövləti əleyhinə qiyam qaldırdığını, bu qiyamın qısa zamanda bütün Şərqi Anadolu vilayətini bürüdüyünü tarixi faktlar əsasında diqqətə çatdırmışdır.
Yaranmış ağır vəziyyətdə Ənvər Paşanın rəhbərlik etdiyi Türkiyə hökuməti ölkədə azğınlıq edən bəzi erməni dəstələrinin Rusiya ilə işbirliyinin qarşısını almaq, habelə dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün onları müharibə zonalarından uzaqlaşdırmaq qərarına gəlmişdi. Osmanlı dövlətinin 1915-ci il 27 may tarixli “Köç” qərarı da ermənilərin müharibə olan bölgələrdən sabit regionlara köçürülməsinin şərtlərini, qaydalarını, əmlakının haqqının ödənilməsini, köçürülmə karvanlarının hərəkət istiqamətlərini, onların yollarda qorunmasını, dayanma məntəqələrini, hərəkət xəttini və digər məsələləri özündə əks etdirirdi.
Həmin dövrdə dövlət ermənilərlə müsəlmanlar arasında müəyyən qarşıdurmaların qarşısını almaq üçün müvafiq tədbirlər də görmüşdü. Ermənilərin ağlasığmaz vəhşiliyindən dəhşətə gəlmiş Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşa dövlətçilik əleyhinə təxribatla məşğul olan 2345 nəfər cinayətkar erməninin həbsi barədə sərəncam vermişdi. Bundan sonra türk təhlükəsizlik qüvvələri ermənilərin ruslarla işbirliyinə son qoymaq məqsədilə 1915-ci il aprelin 24-də 2345 nəfər erməni təxribatçısını - “Qnçaq”, “Daşnaksütyun”, “Ramqavar” kimi terrorçu təşkilatların fəallarını həbs etmişdilər. Həmin şəxslərə qarşı milli-etnik zəmində heç bir soyqırımı aktı həyata keçirilməmiş, onlar sadəcə xəyanətlərinə və dinc əhaliyə divan tutduqlarına görə qanun qarşısında cavab vermişdilər. Ermənilərin dünyaya car çəkərək “soyqırımı” adlandırdıqları hadisə, əslində, Osmanlı dövlətinin fərmanı əsasında ruslarla işbirliyinə gedən 2345 nəfər erməninin tutulub saxlanması olmuşdur.
Bu hadisədən dərhal sonra Eçmiədzin katalikosu Gevorq Türkiyədə ermənilərə qarşı guya soyqırımı həyata keçirilməsi barədə ABŞ prezidentinə teleqram göndərmiş, erməni terrorçularının cəzalandırılmasını “soyqırımı” kimi qələmə vermişdi. O, təcili surətdə “günahsız və əzabkeş” erməni xalqına kömək əlinin uzadılmasını xahiş etmiş, çar Rusiyasının ABŞ-dakı səfiri isə Amerika hökumətini bu qondarma “soyqırımı” barədə məlumatlandırmışdı. Bu mərhələdən “Daşnaksütyun” və digər erməni terror təşkilatları, Eçmiədzin kilsəsi, bütövlükdə erməni ictimaiyyəti “dənizdən-dənizə böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək üçün “erməni soyqırımı” mifini dünya xalqlarının beyninə yeritmək istiqamətində geniş təbliğat kampaniyasına start vermişlər. O vaxtdan 24 aprel tarixinin Ermənistanda qondarma “soyqırımı qurbanlarının anım günü” kimi qeyd olunmasına başlanılmışdır.
Erməni “tarixçiləri” 1915-ci ilin aprel-may aylarında Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya “türklər tərəfindən qətlə yetirildiyini” iddia edirlər. Halbuki Osmanlı imperiyasında keçirilən əhalinin siyahıya alınmasına görə, o vaxt bütövlükdə Türkiyədə cəmi 1 milyon 200 min erməni yaşamışdır. Bu faktın özü də qondarma “erməni soyqırımı”nın reallıqdan uzaq, böhtan xarakterli iddia olduğunu təsdiqləyir.
2005-ci il aprelin əvvəlində Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq rəhbəri R.Köçəryana müraciətlə qondarma “erməni soyqırımı” iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, Türkiyə və dünya arxivlərində bu məsələ ilə bağlı bütün sənədlərin üzə çıxarılmasını təklif etmişdir. Türkiyə Arxivləri İdarəsinin başqanı Yusuf Sarınay isə ermənilərin hər ilin 24 aprel tarixini dünyaya “erməni soyqırımı günü” kimi təqdim etmələrinin yalan olduğunu sübut etmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarının bütün ölkələrin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etmişdir. Bu təkliflərə ermənilərin etinasız münasibəti isə onların real faktlara əsaslanmadığını, bu qondarma məsələdən ideoloji və siyasi təzyiq kimi istifadə etdiyini bir daha əyani şəkildə göstərir.
Siyasi avantürizmin, saxta iddialarla digər dövlətlərə təzyiq göstərmək cəhdlərinin aşkar müstəviyə keçməsi istər-istəməz belə bir qənaəti yəqinləşdirir ki, bu gün Avropada demokratik dəyərlərə ikili standart yanaşma mövcuddur. Başqa sözlə, özünü “demokratiyanın beşiyi” sayan Avropa dövlətləri istər insan hüquqlarına, istərsə də tarixi hadisələrə həqiqət və ədalət mövqeyindən deyil, sırf geosiyasi maraq prizmasından yanaşırlar. Avropanın əsrlərboyu qazanılmış, oturuşmuş dəyərlərinin aşınmaya məruz qalmasının acı nəticələrini isə iki tərəfdaş, dost və qardaş ölkələr - Türkiyə və Azərbaycan daha qabarıq hiss edir. Sivil dəyərlərə səmimi sadiqlik göstərən, regional inkişafın lokomotivi kimi çıxış edən iki müsəlman ölkəsinin regionda yeni siyasi nizam formalaşdıran strateji müttəfiqliyi, Avropanın enerji təhlükəsizliyində artan rolu bəzi ölkələri təşvişə salıb.
Xatırladaq ki, bu ilin əvvəlindən başlayaraq Avropada islamafobiyanın özünün kulminasiya həddinə çatması, müəyyən siyasi azadlıqların təminatı adı altında irqçiliyin, etnik dözümsüzlüyün baş qaldırması, müsəlmanların heysiyyətinin və ləyaqətinin alçaldılması bu həqiqəti bir daha təsdiqləyir. Fransanın Məhəmməd peyğəmbərin karikaturasını dərc edən “Şarli Ebdo” (“Charlie Hebdo”) jurnalının redaksiyasında 2015-ci il yanvarın 7-də törədilmiş qanlı terror aktı Avropada islam dininə, ümumən müsəlmanlara qarşı yeni məkrli kampaniyanın başlanması üçün iyrənc bəhanəyə çevrilib.
Demokratik dəyər və ideallar uğrunda çoxəsrlik mübarizə ilə öyünən Avropa XXI əsrdə müsəlmanlara qarşı başladığı ayrı-seçkiliklə faktiki olaraq geriyə addım atır. Söhbət insanların vicdan azadlıqlarının kobud şəkildə pozulmasından, dövlətlərin bu prosesə dolayısı ilə dəstək verməsindən gedir. Bu gün bir sıra Avropa ölkələrində qadınların hicabdan istifadə etməsi rəsmən qadağan olunmuş, məscidlərə qarşı “səlib yürüşü” başlanmışdır. Bir müddət əvvəl Fransada məscidin yandırılması faktı da bunun əyani sübutudur.
Bu gün istər Vatikan, istərsə də Avropa Parlamenti sadəcə xristian təəssübkeşliyi ilə saxta “erməni soyqırımı”nı tanıdıqları halda 1992-ci ilin fevralında dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımına göz yumurlar. Halbuki ötən əsrin əvvəllərindən fərqli olaraq 90-cı illərdə azərbaycanlı əhalinin məhz milli-etnik zəmində ermənilərin soyqırımına məruz qalması konkret fakt və sənədlərdə təsdiqini tapır.
“İkili standart”ların əsirinə çevrilənlər tarixi hadisələrə qərəzli kontekstdən siyasi qiymət verməyə çalışsalar da, nə Türkiyə, nə də Azərbaycan bu cür primitiv təzyiq metodlarını qəbul etmir. Regionda liderliklərini təmin edən ölkələrimiz təkcə sosial-iqtisadi sahədə deyil, xarici siyasət sferasında da mühüm uğurlara imza atmışlar. Yeni dünya nizamının gerçəkliklərinə cavab verən daxili və xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycan və Türkiyə diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından istifadə edirlər. Ölkələrimizin yürütdükləri “hücum diplomatiyası” sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri də puça çıxır. Əslində, Ermənistan bu gün özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən dövlət kimi tanınır.
Nəhayət, bunu da unutmaq lazım deyil ki, tarix onu saxtalaşdırmağa çalışanların özlərini gec-tez siyasi səhnədən uzaqlaşdırır. Bu gün hansısa maraqlara görə saxta erməni iddialarını dəstəkləyən dövlətlər və təşkilatlar öz qarşılarında bundan sonra da hər cür ədalətsizliyə qarşı barışmaz mübarizə aparan Azərbaycan-Türkiyə strateji müttəfiqliyini görəcəklər.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.-22 aprel.-S.5.