Müstəqil Azərbaycanın qurucusu
Mənim
həyat amalım yalnız bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur.
Heydər ƏLİYEV
Bəşər tarixi göstərir ki, hər bir xalq varlığı, hər bir dövlət mövcudluğu üçün ilk növbədə siyasi liderə möhtacdır. Əks halda ərazisinin böyüklüyündən, kiçikliyindən, əhalisinin sayından asılı olmayaraq, həm xalq, həm də dövlət gec-tez məhvə məhkumdur.
Dünyada çox dövlətlər, çox dövlət başçıları olub və bu gün də var. Ancaq hər dövlət başçısına siyasi ümummilli lider olmaq şərəfi nəsib olmur.
Aristotelə görə, siyasi liderliyin meyarı belədir: dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilmək.
Bəli, yalnız xalqı milli dövlətçiliyini itirmək və dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üz-üzə qalanda böyük məsuliyyəti öz çiyinlərinə götürən, qətiyyəti, müdrikliyi, fenomenal idarəçilik keyfiyyətləri sayəsində bütün çətinliklərə sinə gərərək dövlətin mövcudluğunu qoruyan, onu möhkəm dayaqlar üzərinə qaldıran, müstəqilliyini əbədiləşdirən, gələcək inkişaf yolunu müəyyən edən, bununla da xalqının əbədi məhəbbətini qazanan rəhbər ümummilli liderlik zirvəsinə yüksələ bilər.
Bu mənada tarixin və taleyin qisməti ilə Azərbaycan xalqı xoşbəxtdir. Çünki onun Heydər Əliyev kimi xalqının qəlbində əbədi yaşayan, nurlu xatirəsi daim dərin ehtiramla anılan ümummilli, əbədiyaşar lideri var.
Ulu öndərin vətən, xalq qarşısında xidmətlərinə qısa nəzər salsaq, açıq-aydın görərik ki, o, bu zirvəni qeyri-adi idarəçilik qabiliyyəti, yüksək insani keyfiyyətləri sayəsində fəth edib. Bunların bəzilərini xüsusi qeyd etmək istərdik.
Onun əsas məqsədi, amalı müstəqil, azad və firavan Azərbaycan dövlətini qurmaq, dövlət müstəqilliyinin dönməz və əbədi olmasına nail olmaq idi. Bu gün siyasətçilərin mütləq əksəriyyəti ötən əsrin ortalarında - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsinin milli müstəqilliyə doğru aparan işıqlı yolun başlanğıcı olduğunu etiraf edir.
Təbii ki, SSRİ-də hansı proseslərin getdiyini Heydər Əliyev yaxşı görürdü və siyasi imkanlarından, nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə maksimum istifadə etməyə çalışırdı. Onun bilavasitə rəhbərliyi ilə 1969-1982-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan İttifaq miqyasında ən qabaqcıl, hərtərəfli inkişaf etmiş respublikaya çevrildi. Digər respublikalardan fərqli olaraq, mərkəzdən heç bir dotasiya almadan özünü maliyyələşdirməsi isə Azərbaycanın müstəqil yaşamaq qabiliyyətinin bariz sübutu idi.
1970-ci illərdə biz Moskvada İttifaq nazirliklərində problemləri həll edəndə bu, mənim də rastlaşdığım faktdır. Bizə deyirdilər: bu, Heydər Əliyevin respublikasıdır və lazımi köməyi edirdilər.
Çox maraqlıdır ki, 40 ildən sonra indi biz belə faktlarla beynəlxalq aləmdə rastlaşırıq. Beynəlxalq tədbirlərdə, xarici səfərlərdə bizə hörmətlə yanaşırlar.
Dövlətin milli maraqlarına cavab verən yeganə və analoqu olmayan tərəqqi yolunu xalqımızı yeni qələbələrə aparan siyasəti müəyyən etdi. Dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən, ilk gündən Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini bəyan etdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını, prioritetləri göstərdi.
Xüsusi rəhbərlik keyfiyyətlərinə malik olduğu üçün ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni kataklizmlər dövründə xalqa düzgün yol göstərən, xilaskar missiyasında çıxış etdi.
Böyük liderlər üçün səciyyəvi cəhətlərdən hesab olunan müdriklik, siyasi intuisiya və uzaqgörənlik, siyasi proseslərin inkişaf istiqamətlərini əvvəlcədən duymaq, hadisələrin gedişinə təsir göstərmək və onu qabaqlamaq bacarığına malik idi. Xalqımızı üzləşdiyi böyük fəlakət və faciələrdən qoruya bilməsi, dövlət çevrilişlərinə cəhdin qarşısını qətiyyətlə alması da məhz iti fəhm və uzaqgörənliyin nəticəsidir.
Həyatı üçün heç bir riskdən çəkinmədən sözünü yerində və məqamında, hətta ən ali tribunalardan cəsarətlə, çəkinmədən deməsi, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi onun hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsinə səbəb olmuşdu.
1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı Yanvar faciəsinə dərhal, qorxmadan, Sovet rejiminin təzyiqlərindən çəkinmədən öz etirazını bildirməsi, BMT-də, eləcə də müxtəlif sammitlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, xalqımızın başına gətirilən müsibətlərin səbəblərini, əsl günahkarları açıq-aydın bəyan etməsi xalqına sevgidən, sədaqətdən, mübarizlikdən irəli gəlir.
Liderlik onun zəngin idarəçilik təcrübəsindən, xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən güc almışdır.
Haqq-ədalət uğrunda mücadiləni özünün həyat meyarına çevirən, daim öz cəsarəti, çevik və hər zaman haqqa, ədalətə istinad edən, düzgün qərarları, ən çətin məqamlarda optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyət idi. Ötən əsrin 30-cu illərində repressiyalara məruz qalmış Azərbaycan ziyalılarının ən qabaqcıl nümayəndələrinin sonradan bəraət alması, yetişməkdə olan gənc, istedadlı, yaradıcı insanların repressiya məngənəsindən qorunması və onlara həmişə dayaq durması ədalət carçısının misilsiz xidmətlərinin çox az hissəsidir.
Tükənməz enerjisi, heyranedici natiqlik məharəti, ana dilini, tarixi mükəmməl bilməsi, fenomen yaddaşı ilə insanları hər zaman valeh edərdi.
İnsanların tələbat və ehtiyaclarını hər zaman yaxından duyduğu üçün onlara diqqətlə, qayğı ilə yanaşar, problemlərin həllini daim ciddi nəzarətdə saxlayar, dövlətin iqtisadi qüdrətinin artırılmasına, xalqın rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirərdi.
Dövlət Neft Fondunun ilk gəlirini ölkə əhalisinin ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqəsinin - qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəltməsi, çadır düşərgələrinin ləğv edilərək yeni qəsəbələrin salınmasına başlanılması bu diqqət və qayğının konkret ifadəsi idi.
Dünyada cərəyan edən siyasi proseslərə dərindən bələd olduğuna görə zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi bacarar, cəmiyyətdə baş verən prosesləri həmişə düzgün istiqamətləndirməyə nail olardı. Bu səbəbdən Sovetlər İttifaqının rəhbərliyində ən ali zirvəyə yüksəlmişdi, onun adı dünyada şöhrət tapmış məşhur dövlət xadimləri, siyasətçilər, müdrik şəxsiyyətlər sırasında bu gün də hörmətlə çəkilir.
Azərbaycanın ən yeni tarixində bütöv bir dövrü özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişafın əsasını təşkil edən geniş proqram və konsepsiyaların müəllifi olmuşdur. Bütün sahələrlə yanaşı, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunmuş ilk dövlət proqramı da məhz onun adı ilə bağlıdır.
Dərin zəkası, milli ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə hər zaman xalqının önündə olmuş, hakimiyyətə gəldiyi ilk gündən neqativ hallara, qanunsuzluğa, ədalətsizliyə qarşı apardığı prinsipial mübarizə ilə xalqın dərin hörmətini, nüfuzunu qazanmışdı.
Bütün fəaliyyəti dövründə - Sovetlər dönəmində Azərbaycana rəhbərlik edəndə, nəhəng bir dövlətin əsas rəhbərlərindən biri olanda, müstəqil Azərbaycana rəhbərliyi öz üzərinə götürəndə həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr etmişdir. Onun dediyi “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” sözləri həmişə, hər zaman həyatda öz real təsdiqini tapmışdır.
Adı dövlətçiliyin rəmzinə çevrilən, onunla daim qoşa çəkilən, ötən əsrin dünya siyasətində öz təkrarsız yeri olan fenomen şəxsiyyət idi.
Əzmkarlığı, dərin düşüncəsi, məntiqi və polad iradəsi sayəsində saysız-hesabsız uğurlara imza atmışdır.
Həyatını bütövlüklə Azərbaycana və xalqa xidmətə həsr edən ümummilli lider 2003-cü il oktyabrın 1-də xalqına son müraciətində qazandığı uğurların səbəblərini belə açıqlamışdı: “Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Bax budur rəhbərlə xalqın sarsılmaz vəhdəti, birliyi! Təsadüfi deyil ki, bu birliyin ifadəsi olan “Xalq-Heydər, Heydər-xalq” deyimi hələ ulu öndərin sağlığında ümumxalq devizinə çevrilmişdi.
Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi onun qısa müddətdə güclü təşkilata, ölkənin siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilməsinə nail oldu.
Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük milli sərvətimizdir. Xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev isə təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir.
Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu yolun möhkəm təməlini qoydu.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev bu dövrü belə səciyyələndirmişdir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edirlər ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda xalqın çağırışına səs verməsinin, düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürməsinin səbəbini dahi rəhbər belə açıqlamışdır: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Dedi və sözünə, vədinə əməl etmək üçün əlindən gələni əsirgəmədi. Nəticədə müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq ulu öndər Heydər Əliyevə nəsib oldu. Azərbaycanın əbədi müstəqilliyini təmin etdi, müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı.
10 illik prezidentlik dövründə həyata keçirdiyi islahatlar, böhran içərisində çapalayan Azərbaycan iqtisadiyyatının dirçəldilməsi, gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ölkəmizi dünya birliyinə qovuşduran yolu işıqlandırdı. Azərbaycanın səsi artıq bir çox mötəbər beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları getdikcə artır, nüfuzu diqqət çəkir. Dünya siyasətində öz təkrarsız dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı ilə fərqlənən Heydər Əliyevin şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilir. Məhz liderlərə məxsus bu cəsarət, qətiyyət, dönməzlik və məğrurluq müasir Azərbaycanın imicini artırdı, nüfuzunu yüksəltdi.
Dahi şəxsiyyət iqtisadi inkişafın rolunu daim önə çəkərək deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir, iqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Xalqın gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Ulu öndərin proqram xarakterli “1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır” sözləri neft sənayesi ilə yanaşı, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarına işıq saçdı, davamlı tərəqqiyə təkan verdi.
Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər bu münaqişəni MDB məkanından beynəlxalq səviyyəyə qaldırdı. Dövlət Neft Fondunun ilk vəsaitini də bu sahəyə yönəltməklə göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir.
Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Erməni yalanları faktlarla ifşa olundu. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafında əhəmiyyətli rol oynadı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir.
Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək vədini real işlərlə doğrultdu.
Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin parlaq nəticələri göz qabağındadır. Son illərin siyasi və sosial-iqtisadi yekunları göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa verdiyi vədlər sırf əməli fəaliyyətə söykənərək real həyata vəsiqə almışdır.
Düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın tolerant dövlət kimi tanıdılması, respublikanın 2020-ci ilədək inkişaf perspektivlərinin müəyyən edilməsi, ölkənin qüdrətli, xoşbəxt diyara çevrilməsinə nail olunması və s. dünyəvi təcrübəyə malik cənab Prezidentin rəhbərliyi ilə son 11 ildə əldə edilən uğurlardır.
Dünyanı iqtisadi, maliyyə böhranı bürüdüyü bir vaxtda ölkəmizin əldə etdiyi bəzi iqtisadi göstəricilərə nəzər salaq. Son 11 ildə:
- ümumi daxili məhsul 3,4, sənaye istehsalı 2,7 dəfə artıb;
- iqtisadiyyata 180 milyard dollar həcmində investisiya qoyulub;
- valyuta ehtiyatı 50 milyard dollardan çoxdur;
- 1 milyonu
daimi olmaqla, 1 milyon 360 min yeni iş yeri yaradılıb;
- işsizlik 5 faizə düşüb, yoxsulluq 5
faiz səviyyəsindədir;
- Davos
Dünya İqtisadi Forumunun məlumatına əsasən,
ölkəmiz iqtisadi sahədə rəqabətqabiliyyətliyinə
görə
38-ci yerdədir;
- orta
aylıq əməkhaqqı 5,6 dəfə artaraq 565 dollara,
orta aylıq pensiya isə 9 dəfə artaraq 221 dollara
çatmışdır.
2014-cü ildə xarici ölkələrin səfirlərindən
biri mənimlə görüşəndə bir maraqlı məsələyə
toxundu. O
bildirdi ki, onun ölkəsinin baş naziri cənab Prezidentlə
görüşdən sonra təəccübünü gizlədə
bilməyib və ona deyib ki, çox ölkələrin
prezidentləri ilə görüşmüşəm. Ancaq birinci haldır ki, rastlaşdığım
ölkə başçısı bütün məsələlərdən
nəinki tam xəbərdardır, həm də bütün
incəlikləri bilir.
O məndən
soruşdu ki, bu, sizdə sistemdir? Dedim ki, siz, yəqin ki, ulu
öndər Heydər Əliyevlə görüşməmisiniz.
Bu, Heydər Əliyev məktəbidir!
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin qaçqınlara və məcburi
köçkünlərə daim həssas, diqqətli və
qayğıkeş münasibəti bu gün ölkə
Prezidenti İlham Əliyev tərəfindən zamanın tələbinə
uyğun olaraq daha dolğun şəkildə davam etdirilir.
Öz yurdlarından zorla qovulmuş
soydaşlarımızın sosial problemlərinin həlli və
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ölkə rəhbərinin
daim diqqət mərkəzindədir və bu sahə ilə
bağlı qəbul edilmiş dövlət proqramları
uğurla icra edilir.
Bəzi rəqəmlərə nəzər salaq. Ümumilikdə indiyədək
qaçqın və məcburi köçkünlər
üçün 2,8 milyon kvadratmetr yaşayış sahəsi
olan 89 müasir qəsəbə və çoxmərtəbəli
binalardan ibarət müasir yaşayış kompleksi
salınıb, 46 min ailə və ya 230 min nəfər
qaçqın və məcburi köçkünün mənzil
şəraiti yaxşılaşdırılıb. Ondan da 42
min ailə, yaxud 210 min nəfərə yardım (91%) son 11 ildə
icra olunub.
Son 11 ildə
məcburi köçkünlərə aylıq yemək xərci
üçün verilən müavinətin məbləği
3,6 dəfə, kommunal xidmətlərə
görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun
illik büdcəsi 5,5 dəfə artıb.
Dünya
Bankı və Azərbaycan hökuməti arasında
bağlanmış kredit sazişi üzrə 325 min nəfərin
faydalandığı və dəyəri 30 milyon manat təşkil
edən 520 mikrolayihə icra edilib. Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 2 min məcburi
köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 40 milyon manat güzəştli
kredit verilib.
Həyata keçirilən tədbirlər nəticəsində
məcburi köçkünlər arasında yoxsulluq həddi
son 11 ildə 75 faizdən 10 faizədək azalıb.
Qeyd etmək
istərdik ki, qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli
üçün son 20 ildə 5,1 milyard
manat vəsait sərf olunub. Ondan 2,3 milyard manat dövlət
büdcəsinin, 1,8 milyard manat Dövlət Neft Fondunun, 1,0
milyard manat isə beynəlxalq maliyyə qurumları və
ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
humanitar təşkilatların vəsaitidir.
Bu vəsaitin
86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə
istifadə olunmuşdur.
Ölkəmizin hərtərəfli inkişaf etdirilməsi,
xalqımızın həyat səviyyəsinin ilbəil
yaxşılaşdırılması nəticəsində
dövlətimizə və xalqımıza olan maraq daha da
artmışdır. Bu marağın artmasında Heydər
Əliyev Fondu da kifayət qədər fəal iştirak
etmişdir.
Fəaliyyətə
başladığı ilk gündən etibarən Heydər
Əliyev Fondu və onun prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və
dünyada humanitar, həmçinin sosial problemlərin həlli,
yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək,
təhsil, mədəniyyət sahələri üzrə layihələri
reallaşdırmaqla yanaşı, ölkəmizdəki
qaçqın və məcburi köçkünlərin
üzləşdikləri problemlərin dünya ictimaiyyətinə
çatdırılmasına və onların həllinə də
daim diqqətlə yanaşır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə irəli sürülmüş
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində
görülən işlər nəticəsində artıq 8
dövlətin parlamenti və ABŞ-ın 15 ştatı
Xocalı qətliamını soyqırımı kimi rəsmi
qaydada qəbul etmişdir.
Bütün bunlar onu təsdiq edir ki, Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla uğurla irəliyə addımlayır. Bu yol müstəqil siyasət, davamlı inkişaf, tərəqqi yoludur!
Yaşadığımız dövr, cərəyan edən siyasi hadisələr, bir çox dövlətlərin üzləşdiyi problemlər onu deməyə əsas verir ki, ulu öndərin həyatının mübarizələrlə dolu olan mərhələlərini həmişə diqqətlə öyrənməyə ehtiyac var. Bu böyük tarixi şəxsiyyətin idarəçilik məktəbindən bu gün də bəhrələnən bir şəxs kimi deyə bilərəm ki, şəxsiyyəti və fəaliyyəti dövlətimizin atributu səviyyəsinə yüksəlmiş Heydər Əliyevin irsi - vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri bizim hər birimiz üçün əsl həyat məktəbidir.
Heydər Əliyevin böyük qürur hissi ilə dediyi “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri onun torpağa, vətənə və xalqımıza nə qədər bağlı, sədaqətli olduğunun bariz sübutudur.
Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub və əsrlər boyu da qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.
Əli
HƏSƏNOV,
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri,
YAP sədrinin müavini
Azərbaycan.-2015.-22 aprel.-S.3.