Korrupsiya çamuruna
bulaşanlar...
Azərbaycanı
əsassız ittiham edən dövlətlərin
özlərinin bu sahədə kifayət qədər problemləri
var
Azərbaycanda keçirilən hər hansısa beynəlxalq tədbir ərəfəsində “aktivləşən”, köhnə ssenarilərini yenidən dövriyyəyə buraxan antiazərbaycançı şəbəkə I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı yeni çirkin kampaniyaya başlayıb. Gah Azərbaycanda insan haqlarının pozulduğunu, gah küçə heyvanlarına qarşı arzuolunmaz tədbirlərin həyata keçirildiyini uyduran bəzi Qərb dairələri son günlər guya korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın zəif fəaliyyət göstərdiyini ortaya atıblar. Onlara iddia etdikləri məsələlərə real və faktlar əsasında tutarlı cavablar verildikdən sonra yeni məkrli plan axtarışına çıxırlar.
Bu məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz deputatlar bildirdilər ki, antiazərbaycançı şəbəkə çirkin niyyətindən heç vaxt əl çəkmir və Azərbaycanın artan nüfuzuna xələl gətirmək üçün ən xırda detalı belə şişirdib böyük problem kimi göstərməyə çalışırlar.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini professor Bəxtiyar Əliyev deyir ki, Azərbaycan dövlət quruculuğu yolunda heç bir kənar təsirə məruz qalmadan inkişaf etdiyini ortaya qoyub və insan haqlarının qorunması, vətəndaş cəmiyyəti təsisatlarının güclənməsi istiqamətində uğurlar qazanır. Azərbaycan bu gün dünyada çox ciddi bir oyunçuya çevrilib. Regionda Azərbaycansız iri layihələrin həyata keçirilməsi mümkün deyil. Dünyada söz sahibinə çevrilən dövlətlərdən biri də məhz Azərbaycandır: “Ona görə də bu gün dünya Azərbaycanla hesablaşır. BMT TŞ-yə üzv olduğumuz və ona sədrlik etdiyimiz dövrdə də Azərbaycan bunları sübut etdi. AŞ PA-nın Nazirlər Komitəsinə rəhbərlik edəndə Azərbaycan göstərdi ki, dünyada baş verən proseslərə təsir etmək gücünə malikdir. Şübhəsiz ki, bunlar da bəzi dairələri, biznes strukturlarını çox ciddi narahat edir. Çünki Azərbaycan şəffaflığın tərəfindədir. Hər bir məsələnin sülh və ədalət, beynəlxalq hüquq prinsiplərinə uyğun həllinin tərəfdarıdır”.
Deputatın sözlərinə görə, həmin siyasi dairələr, bəzi böyük biznes strukturları əldə etdikləri gəlirləri qeyri-leqal yollarla təmin etdikləri üçün Azərbaycanın tutduğu yolu bəyənmirlər və buna görə də müxtəlif çirkin kampaniyalar həyata keçirməyə çalışırlar. B.Əliyev deyir ki, həmin dövlətlərin, şirkətlərin Asiya ölkələrində həyata keçirdikləri qanlı olaylara baxdıqda hər şey açıq-aydın görünür. Böyük neft-qaz yataqları olan ölkələrdə xalqlar acınacaqlı vəziyyətdə yaşayır, müharibə, qırğınlar gündən-günə ağır fəsadlar verir: “Amma bunu törədən dövlətlərin özlərində əmin-amanlıq hökm sürür və xalqlar varlanır. Ancaq başqa ölkələrdə öz təbii ehtiyatlarından istifadə etmək istəyənləri əzirlər, qətlə yetirirlər. Sonra da kənar ölkələrin işinə qarışıb insan haqlarından danışırlar. Tam şəkildə aydın olur ki, bu qüvvələr dünyada heç də sülhün, sabitliyin təminatçısı deyillər”.
Deputatın sözlərinə görə, Azərbaycan bu faktları açıq-aşkar söylədiyi və öz ölkəsində qeyri-qanuni yollara razılıq vermədiyi üçün siyasi basqılara məruz qalır. Ancaq hansısa korrupsiyalaşmış bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan demokratiya yolunda inamla addımlayır və ölkəmizdə söz azadlığı, insan haqları yüksək səviyyədə qorunur. Ölkəmiz bu gün dünyaya tolerant cəmiyyət kimi bir nümunədir. Bunu da beynəlxalq ekspertlər yüksək qiymətləndirirlər: “Azərbaycan bu gün dünyada ən iri layihələrin müəllifidir və bu layihələr uzun müddət davamlı olacaq. Həmin layihələr Avropada sülhün, sabitliyin və insanların firavan yaşayışının təminatçısıdır. İlk dəfə ölkəmizdə baş tutacaq Avropa Oyunları Azərbaycanın nüfuzunu daha da artıracaq və ölkəmizə əlavə dividendlər qazandıracaq. Azərbaycan bir daha dünyaya nümunə göstərəcək”.
Milli Məclisin deputatı professor Rafiq Məmmədhəsənov deyir ki, bu gün erməni lobbisi ilə yanaşı antiazərbaycançı şəbəkənin ünsürləri - uğurlarımızı gözü götürməyən bəzi xarici dairələr, erməni təəssübkeşləri, ölkəmizdə maraqlarını gerçəkləşdirə bilməyən mərkəzlər, Azərbaycanı öz geosiyasi və geostrateji ambisiyalarına cəlb etməyə çalışanlar respublikamıza qarşı daim “qara piar” kampaniyası aparırlar. I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı hansısa qarayaxma kampaniyasının olacağı da gözlənilən idi. Amma bu kampaniya Azərbaycana daha çox xeyir etdi. Dünya ölkəmizdəki həqiqətlərlə bağlı daha çox informasiyaya sahib oldu. Yəni onların apardıqları çirkin kampaniya əks effekt verdi.
R.Məmmədhəsənovun sözlərinə görə, son vaxtlar korrupsiyaya qarşı mübarizə məsələsini ortalığa atmaları həmin dairələrin öz çirkin əməllərinin üstünün açılması ilə nəticələnib. Belə ki, bəzi Qərb dövlətlərində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin Azərbaycanda görülən işlərdən heç də çox olmadığını, hətta bəzi Avropa ölkələrində korrupsiyanın tüğyan etdiyi də aydınlaşdı: “Hətta ABŞ-ın özündəki vəziyyət ürəkaçan deyil. Gəlin diqqət edək. ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Bir qədər əvvəl Ağ evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki bu barədə ABŞ rəsmiləri susmağa üstünlük veriblər. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır”.
Deputat deyir ki, Azərbaycanı bu məsələdə günahlandıran Avropa ölkələri öhdəsindən gələ bilmədikləri məsələləri ört-basdır etmək üçün Azərbaycanı hədəf seçib istiqaməti dəyişməyə çalışırlar: “Avropa İttifaqının antikorrupsiya agentliyi apardığı təhqiqatın nəticələrini açıqlayıb və dəhşətli mənzərə ortaya çıxıb. Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. Avropa İttifaqının antikorrupsiya agentliyi və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradır: “Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.
R.Məmmədhəsənov qeyd edir ki, korrupsiyaya qarşı mübarizə bütövlükdə dünya miqyasında gedən bir mübarizədir, hətta BMT səviyyəsində belə müzakirə obyektidir. Bu, bütün dünyanın problemidir. Əsas məsələ korrupsiyaya qarşı mübarizənin necə aparılmasıdır. Ölkəmizdə bu mübarizə yüksələn xətt üzrə gedir, korrupsiya isə azalır. Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı hər zaman ciddi şəkildə mübarizə aparılıb və bu, davam etdiriləcək. Deputatın fikrincə, Azərbaycan bu gün böyük idman bayramı ərəfəsindədir və ölkəmizi istəməyən qüvvələr əllərinə keçən istənilən xırda bir qüsuru şişirdərək problem yaratmaq istəyəcək. Ancaq yaxşı anlayırlar ki, ümummilli məsələlərdə birlik nümayiş etdirən Azərbaycan ictimaiyyəti bu ərəfədə dövlətimizə qarşı hər hansısa təxribatın baş verməsinə imkan verməz. İstənilən təxribatın qarşısı alınacaq və Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə beynəlxalq arenalardakı nüfuzunu daha da artıracaq.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2015.-22 aprel.-S.5.