Dövlət maliyyə inzibatçılığının gücləndirilməsi

 və hesabatlığın artırılması əsas məqsədimizdir

 

Müsahibimiz Hesablama Palatasının sədri Vüqar GÜLMƏMMƏDOVDUR

 

- Yaxınlarda Milli Məclisdə Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olundu. Ötən ildə Palatanın fəaliyyəti hansı cəhətləri ilə fərqlənib?

- Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti orqanı olaraq hər il öz fəaliyyətini təsdiq edilmiş iş planı əsasında qurur və öz funksiyalarına uyğun tədbirləri həyata keçirir. Bununla belə, 2014-cü ildə Palatanın fəaliyyətini bir neçə istiqamət üzrə fərqləndirmək olar. İlk olaraq qeyd edim ki, hesabat ilində Palata həm nəzarət obyektlərinin, həm də nəzarətlə əhatə olunan vəsaitlərin sərhədlərini genişləndirmişdir. Bu, dövlət büdcəsinin inzibati təsnifatı üzrə üfüqi, funksional təsnifatı üzrə isə şaquli genişlənmə deməkdir. İkinci bir tərəfdən, ayrı-ayrı nəzarət tədbirlərinin əhatə etdiyi vəsaitlərin də sərhədləri genişləndirilmiş, son nəticədə ötən ildə bir nəzarət tədbiri orta hesabla daha çox vəsaiti əhatə etmişdir. Hesabat ilində 2013-cü illə müqayisədə nəzarət tədbirlərinin obyekti olan dövlət vəsaitlərinin miqyası daha geniş, 59,7% çox olmuşdur.

Həyata keçirilmiş nəzarət tədbirləri zamanı hesabat ilində maliyyə göstəriciləri ilə yanaşı müəyyən olunmuş məqsədlərə nail olunma vəziyyətinə də diqqət yönəldilmişdir. Başqa sözlə, 2014-cü ildə kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də nəzarətlə əhatə olunmuşdur.

Nəzarət funksiyalarının ənənəvi metodları ilə yanaşı, hesabat ilində yeni audit metodlarının tətbiqi ilə bağlı addımlar atılmışdır. 2014-cü ildə Palata pilot layihəsi olsa da, ilk dəfə səmərəlilik və risk əsaslı maliyyə auditlərini həyata keçirmişdir.

Ötən il Palata üçün Strateji İnkişaf Planının başa çatdığı il olmuşdur. Qeyd edə bilərik ki, bu planla müəyyən edilmiş bütün hədəflərə nail olunmuş, əməkdaşların bacarıqlarının artırılması, yeni metodların mənimsənilməsi, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

2014-cü ildə fəaliyyət üzrə nəticələrin əks olunduğu hesabatın strukturunda da müəyyən dəyişikliklər aparılmışdır. Belə ki, kənar dövlət auditini həyata keçirməklə Palata tərəfindən dövlət vəsaitlərinin istifadəsi prosesində rast gəlinən spesifik və xarakterik nöqsanlar təsnifləşdirilmiş, statistik təhlillər aparılmış, hesabat ilində dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin nöqsanlar üzrə qruplaşdırılması həyata keçirilmişdir. Belə yanaşma maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlığın artırılması istiqamətində diqqət yönəldilməli vacib məqamları müəyyən etmək imkanı yaradır.

Onu da qeyd etmək istərdim ki, 2014-cü ildə Dünya Bankı tərəfindən Azərbaycan Respublikasında Dövlət Xərcləri və Maliyyə Hesabatlığı təkrar qiymətləndirilmişdir.

- Məruzədə bu məsələyə xüsusi toxunuldu.

- İlk olaraq bu sənədin mahiyyəti ilə bağlı açıqlama verim. Dövlət Xərclərinin Maliyyə Hesabatlığı (PEFA) dövlət maliyyə inzibatçılığı sahəsindəki vəziyyəti daha yaxşı anlamaq və bu sahədə əldə edilmiş nailiyyətləri qiymətləndirməklə dövlət vəsaitlərinin idarə olunması mexanizmlərini möhkəmləndirmək və maliyyə inzibatçılığı sisteminin daha yüksək standartlara çatdırılması üçün zəruri tədbirləri müəyyən etmək məqsədi daşıyır. Dünya Bankının hazırladığı bu qiymətləndirmədə bir blok - “Kənar yoxlama və audit” bloku, həmçinin ayrı-ayrı göstəricilər Palatanın fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, Hesablama Palatası ali audit qurumu kimi dövlət maliyyə inzibatçılığının vacib qoludur və mühüm funksiyaları yerinə yetirir.

Kənar auditin əhatə dairəsi, xarakteri və onun nəticələri əsasında tədbirlərin görülməsi, illik büdcə haqqında qanuna bağlı rəyin hazırlanması, kənar audit hesabatlarına qanunvericilik orqanında baxılması istiqamətləri üzrə aparılmış qiymətləndirmələr Palatanın birbaşa fəaliyyətini əhatə etməklə müsbət meyillərlə xarakterizə olunmuşdur. Eyni zamanda, bu hesabatda Palatanın öz fəaliyyətini təkmilləşdirdiyi, şəffaflığın təmin edilməsi istiqamətində mühüm addımlar atdığı qeyd edilmişdir.

Hesabatda, həmçinin, dövlət büdcəsinə dair əsas məlumatların Palata tərəfindən ictimaiyyətə açıqlanması, informasiyanın əhatəliyinin artırılması, fəaliyyətinin əsası olaraq Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) standartlarını qəbul etməsi müsbət məqam kimi vurğulanmış, eləcə də PEFA-da Palatanın fəaliyyətinin müəyyən edilmiş standartlarla müqayisədə gücləndirilməsinə ehtiyac olan tərəflər - əhatəliyinin genişləndirilməsi, ortamüddətli dövr üçün bütün maliyyə məsələlərinin əhatə olunması və əməkhaqqı fonduna nəzarətin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətlər də öz əksini tapmışdır.

- Hesablama Palatasının 2014-cü il üçün əsas fəaliyyət istiqamətləri irəlicədən müəyyən edilmişdi. Bu istiqamətlər üzrə nəzərdə tutulan məqsədlərə nə dərəcədə nail olunmuşdur?

- Qeyd edilmiş iki istiqamət səmərəlilik auditi və risk əsaslı maliyyə auditi metodları ilə bağlı olmuşdur. Hesabat ilində icrası başa çatmış layihə çərçivəsində hər iki sahədə müəyyən addımlar atılmışdır. Belə ki, potensialın gücləndirilməsi məqsədilə təlimlər keçirilmiş, inkişaf etmiş dünya ölkələrində tətbiq edilən təcrübəyə əsaslanmaqla və Palatanın səmərəlilik auditi ilə bağlı strateji planın layihəsində əks etdirilmiş prioritet sahələrə üstünlük verilməklə iki mövzu sınaq auditlərin predmeti kimi seçilmişdir. Eyni zamanda, risk əsaslı maliyyə auditinin tətbiqi üzrə 3 pilot layihə müvəffəqiyyətlə başa çatdırılmışdır.

Dövlət büdcəsində proqramlıq səviyyəsinin ildən-ilə artdığını nəzərə alaraq nəzarət tədbirlərinin daha çox proqramlarla əhatə olunan infrastruktur, sosial və digər layihələrə yönəldilməsi ilə bağlı qeyd edim ki, hesabat ilində ona yaxın nəzarət tədbiri çərçivəsində “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılmışdır.

Bir məsələni də diqqətə çatdırım ki, hesabat ilində başa çatmış layihə çərçivəsində beynəlxalq ekspertlər və məsləhətçi şirkətlər, tərəfdaş ölkələrin ali audit qurumları və Azərbaycan Respublikası Hesablama Palatasının birgə iştirakı ilə ISSAI (Beynəlxalq Audit Standartları), beynəlxalq təcrübə və xarici ölkələrin qanunvericilikləri öyrənilməklə Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik aktları təhlil edilmiş, mövcud qanunvericilik və qəbul edilmiş standartlar arasında boşluqlarla yanaşı məhdudiyyətlərin olduğu, eləcə də qüvvədə olan “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və Hesablama Palatasının Daxili Nizamnaməsində bir çox hallarda təkrarlanmaların və bəzi məsələlərdə qeyri-müəyyənliklərin mövcudluğu aşkara çıxarılmışdır. Bunları nəzərə alaraq məsləhətçilərlə birgə “Hesablama Palatası haqqında” yeni qanun layihəsi hazırlanmışdır. Həmin qanun layihəsi artıq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir. Bildirmək istərdim ki, ötənilki hesabat zamanı nəzarət tədbirlərinin nəticələri üzrə qəbul edilmiş kollegiya qərarları ilə bağlı Palata tərəfindən göndərilmiş təqdimatların əsassız olaraq icra edilməməsi hallarına qarşı “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 maddəsinin tətbiqi üzrə mexanizmlərin hazırlanması ilə bağlı qeyd olunan istiqamət bu layihədə öz əksini tapmışdır.

- Hesabatda “passiv bərpa” terminindən istifadə edilib. Bu, nəyi əhatə edir?

- Yuxarıda da qeyd edildiyi kimi, nəzarət tədbirlərinin nəticəsi olaraq dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı, natura şəklində müəyyən işlər də həyata keçirilir. Müqavilə üzrə tam məbləği ödənilmiş, lakin başa çatmayan və ya tamamlanmayan iş və xidmətlərin görülməsi, çatışmayan mal-materialların təhvil verilərək uçota götürülməsi təmin edilmişdir. Bununla yanaşı, nəzarət tədbirləri zamanı müvafiq qanunvericilik aktlarına əməl edilməməsi nəticəsində əməkhaqqı və ona əlavələrin, sosial müavinətlərin, mükafatların artıq hesablanılaraq ödənilməsi, həmçinin normalara əməl olunmaması nəticəsində artıq ştat vahidlərinin və qrupların saxlanılması halları müəyyən edilir. Bu istiqamətdə sərf edilən vəsaitlərin dövlət büdcəsinə bərpası müəyyən səbəblərdən (işçilərin əmək müqaviləsinə xitam verilməsi, həssas sosial qruplara aid olması və s.) çətin olsa da, həmin ödənişlərin dayandırılması növbəti illərdə səmərəsiz xərclərin qarşısını alır. Palata belə nəticələri “passiv bərpa” adlandırmışdır.

- Beynəlxalq təcrübədə ali audit qurumları eyni zamanda korrupsiya əleyhinə aktiv mübarizə aparan qurumlardır. Bu sahədə Palatanın fəaliyyəti hansı istiqamətləri əhatə edir?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiya əleyhinə kəskin mövqeyi, bu istiqamətdə imzaladığı mühüm sənədlər və yaradılmış xüsusi qurumlar dövlətin bu istiqamətdə siyasətini tam şəkildə ifadə edir. Son illər ölkəmiz dinamik və davamlı inkişafa nail olub, bu dinamikanın qorunması üçün ardıcıl tədbirlər də davam edir. Korrupsiya hallarının aradan qaldırılmasına xidmət edən uğurlu tədbirlər daim diqqət mərkəzində saxlanılır və qanunvericilik bazası gücləndirilir, normativ-hüquqi baza və institusional mexanizmlər təkmilləşdirilir. Başqa sözlə desək, korrupsiya əleyhinə mübarizədə dövlətin siyasi mövqeyi açıqdır və Hesablama Palatası da öz fəaliyyətində bu siyasi qərarlara söykənir. Bununla yanaşı, dünya ölkələrinin ali audit qurumları kimi, Palatanın da fəaliyyətinin müəyyən hissəsi korrupsiyaya qarşı mübarizə ilə bağlıdır və bu sahədə Palatanın həyata keçirdiyi tədbirləri bir neçə istiqamət üzrə qruplaşdırmaq mümkündür.

Palatanın büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı təklifləri korrupsiya əleyhinə preventiv tədbir kimi qəbul olunur. Qeyd edim ki, Palatanın fəaliyyətinin əsas məqsədi yalnız nöqsan tapmaq deyil, mümkün nöqsanların qarşısını qabaqcadan almaq imkanlarını müəyyən etməkdir.

Maliyyə qaydalarının pozulması ilə əlaqədar olan nöqsanlar üzrə görülən tədbirlərin nəticə göstəricisi dövlət büdcəsinə bərpa edilmiş vəsaitin məbləğidir və hesabat ilində nəzarət tədbirlərinin nəticələri əsasında aparılmış təhlil bu qaydaların pozulması ilə bağlı vəsaitlərin tam şəkildə bərpa edildiyini göstərir.

İkinci bir tərəfdən, vurğulamaq istərdim ki, maliyyə qaydalarının pozulması hər bir halda birmənalı olaraq korrupsiya faktı kimi qəbul olunmamalıdır. Bir çox nöqsanlar inzibati xarakterlidir. Eyni zamanda, dövlət büdcəsinə vəsaitlərin bərpa edilməsi ilə yanaşı, həyata keçirilmiş tədbirlər arasında maliyyə qaydalarının pozulmasına yol vermiş şəxslərlə bağlı tətbiq edilmiş tənbeh tədbirlərini də xüsusilə qeyd etmək lazımdır. Daha effektiv addımların atılması isə gələcəkdə müsbət nəticələrin əldə olunmasına xidmət etmiş olar. Diqqətə çatdırmaq istərdim ki, 2014-cü ildə Palatanın fəaliyyəti ilə bağlı Milli Məclisdə müzakirələr zamanı nöqsanlara yol vermiş məsul şəxslərə qarşı intizam tədbirlərinin gücləndirilməsi, həmçinin İnzibati Xətalar Məcəlləsində maliyyə qaydalarının pozulması hallarını əhatə edən bəndin yenilənməsi ilə bağlı səsləndirilmiş təklifimiz də bu qəbildəndir.

Korrupsiya hallarına yol açan pozuntularla bağlı da Palata tərəfindən ciddi addımlar atılmaqdadır. Belə ki, korrupsiya əleyhinə mübarizədə Hesablama Palatasının digər fəaliyyət istiqaməti nəzarət tədbirləri zamanı dövlət vəsaitlərinin sui-istifadəsinə yol vermiş vəzifəli şəxslərlə bağlı atılmış addımları əhatə edir və bu istiqamətdə Palata öz mövqeyini açıq şəkildə ifadə etməkdədir. Belə ki, hesabat ilində 4 nəzarət tədbirinin nəticələrinin müvafiq quruma göndərilməsi məhz bu istiqamətdə fəaliyyətin tərkibi olmaqla “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının tələblərinin icrasıdır.

Palata əməkdaşlarının Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq antikorrupsiya orqanlarının həyata keçirdiyi tədbirlərə ekspert kimi dəvət olunması da Hesablama Palatasının korrupsiya əleyhinə fəaliyyətinin tərkib hissəsidir.

- Hesablama Palatası son illərdə büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası hökumətinə təqdim edir. 2014-cü il üzrə bu istiqamətdə hansı tədbirlər görülmüşdür?

- Palatanın həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində formalaşan təkliflər hüquqi-normativ aktlarda mövcud boşluq və ziddiyyətlərin aradan qaldırılması ilə bağlı olur. Elə bu fəaliyyət də bir tərəfdən Palatanın antikorrupsiya fəaliyyətinin tərkib hissəsidir. Belə ki, qanunvericilik aktlarında boşluq və ziddiyyətlər korrupsiya hallarına yol açan amillərdəndir. Belə halların aradan qaldırılması korrupsiya əleyhinə aktiv tədbirlərdən hesab olunur.

İkinci bir tərəfdən isə, Palatanın fəaliyyətinin əsas məqsədi dövlətin maliyyə inzibatçılığının möhkəmlənməsi, hesabatlığın artırılmasıdır. Bu baxımdan ali audit qurumu olaraq Palata “nöqsanları müəyyən etmək” istiqamətində deyil, daha çox bu nöqsanların qarşısını almaq, bu istiqamətdə preventiv tədbirlər görmək istiqamətində fəaliyyət göstərmək niyyətindədir. Hökumətə təqdim edilən təkliflərin xarakteri də bundan ibarətdir.

Hesabat ili üzrə Palata tərəfindən 7 təklif hazırlanaraq təqdim edilmişdir. Təkliflər Vergi Məcəlləsində müvafiq dəyişikliklərin aparılması, eyni zamanda məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün qida normaları, həmçinin səhiyyə və mədəniyyət sahəsində ştat və əməyin ödənilməsi məsələlərini əhatə edir. Bir təklif isə xüsusilə vacib əhəmiyyətə malik məqamla, qiymətlərin (tariflərin) dövlət tənzimlənməsi sahəsində vahid yanaşmanın tətbiq olunması ilə bağlıdır. Diqqətə çatdırmaq istərdim ki, sonuncu təkliflər paketinə nisbətən az sayda təklif daxil edilmişdir, bu isə artıq Palata tərəfindən maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində iki qanun layihəsinin hazırlanmasından irəli gəlir. Bunlardan biri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını və dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi və maliyyə nəzarəti üzrə daha təkmil hüquqi baza təmin etmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birlikdə hazırlanmış “Dövlət maliyyə nəzarəti haqqında” Azərbaycan Respublikasının qanun layihəsidir. Layihədə Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sistemi, dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyətində qarşılıqlı əlaqə və koordinasiya, dövlət maliyyə nəzarəti orqanlarının hesabatlığı ilə bağlı müddəalar öz əksini tapmışdır.

İkincisi isə Hesablama Palatasının funksiya və səlahiyyətlərinin qəbul edilmiş beynəlxalq normalara uyğunluğunu təmin edən yeni “Hesablama Palatası haqqında” qanun layihəsidir.

- 2014-cü ildə Palatanın Strateji İnkişaf Planı başa çatmışdır. Planın icrası Palataya nə verdi?

- 2012-2014-cü illər üzrə Hesablama Palatası üçün Strateji İnkişaf Planının əsas məqsədləri Palatanın potensialının artırılmasına dəstək göstərilməsi, dövlət sektorunda cavabdehliyə və hesabatlığa daha yaxşı töhfə verməsinə imkan yaradan potensiala malik olması və son nəticədə Hesablama Palatasının gələcək öhdəliklərə cavab verən mövqeyə çatdırılmasının təmin edilməsi olmuşdur.

Strateji İnkişaf Planında səmərəlilik auditi üzrə bacarıqların yaradılması, maliyyə auditinin təkmilləşdirilməsi, hüquqi və standartlar bazasının gücləndirilməsi və insan resursları və təlim sisteminin təkmilləşdirilməsi nəzərdə tutulurdu. Hər 4 istiqamət üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Belə ki, səmərəlilik və maliyyə auditləri üzrə təlimatlar hazırlanmış, hər iki istiqamət üzrə pilot layihələr həyata keçirilmiş, Palata əməkdaşları çoxmərhələli təlimlərə cəlb olunmuşlar. Eyni zamanda, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən tövsiyə olunan ISSAI (Beynəlxalq Audit Standartları) Azərbaycan dilinə tərcümə edilmişdir ki, Palatanın mövcud və gələcək normativ sənədlərinin hazırlanmasında bu standartlara istinad ediləcəkdir.

Əlavə olaraq diqqətinizə çatdırım ki, Palata artıq 2015-2017-ci illəri əhatə edən yeni Strateji İnkişaf Planı və bu planın icrası ilə bağlı tədbirlər planını təsdiq etmişdir.

- Dünyada və ölkəmizdə iqtisadi sahədə baş verən hadisələrin dövlət büdcəsinə təsiri və büdcəyə yenidən baxılma ehtimalı barədə fikrinizi bilmək maraqlı olardı.

- Son dövrlərdə qlobal səviyyədə iqtisadi sahədə baş verən tərəddüdlər bütün ölkələrdən adekvat addımların atılmasını tələb edir. Bu addımlar iqtisadi siyasət mexanizmində dəyişiklikləri və inzibati tədbirləri əhatə edir. Respublikamızda bu istiqamətdə həyata keçirilən rasional tədbirlər qlobal böhrandan ən az itki ilə çıxmağa istiqamətlənib. Aydındır ki, qeyri-neft gəlirlərinin büdcədə xüsusi çəkisinin ildən-ilə artmasına baxmayaraq, neftin qiymətində müşahidə olunan azalma dövlət büdcəsinə təsirsiz ötmür. Diqqətə çatdırmaq istərdim ki, böhranın hələ nə qədər davam edəcəyi ilə bağlı əsaslı proqnozlar da yoxdur. Bu baxımdan mövcud maliyyə resurslarından qənaətli və səmərəli istifadə makrofiskal çərçivədə çevik addımlar tələb edir.

Müsahibəni apardı

Elçin VƏLİYEV,

Azərbaycan.-2015.-22 aprel.-S.6.