Bir millətin haqq davası

 

Mən sizə hücum etməyi yox, ölməyi əmr edirəm.

M.K.ATATÜRK

 

1914-cü ildə başlanan savaş ilk saatından dəhşətli hadisələrlə yadda qalır. Topçuların açdıqları atəş düşmənin xeyli hərbi gəmisini sıradan çıxarır. Düşmən gəmiləri Çanaqqalaya 7 kilometrə qədər yaxınlaşsa da, türk əsgərlərinin fədakarlığı qarşısında dayanmağa məcbur olur. Düşmən 6 saat ərzində 3 böyük zirehli gəmisini itirir. Bundan əlavə, bir o qədər də gəmisi zədələnir. Bunu görən zabitlər donanmaya geri çəkilmək əmri verirlər. Bu döyüşlərdə düşmən tamamilə sarsılır və bir daha dənizdən İstanbulu ələ keçirmək niyyətinə düşmür. Bu, Osmanlı əsgərlərinin Çanaqqala savaşında düşmən üzərində qazandıqları ən böyük tarixi zəfər idi. Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən taktikanı dəyişərək bu dəfə qurudan hərbi əməliyyata başlamağı qərara alır. Amma düşmənin qurudan da hərbi əməliyyata başlayacağı əvvəlcədən istisna edilmirdi.

Aprelin 25-də quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başlayır. Başdan-ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Mustafa Kamal Paşa bunu görüb, Kocaiçmen və Conkbayırdakı azsaylı əsgərlərinə son nəfəsə kimi döyüşməyi əmr edir: “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm. Biz öləndən sonra yerimizi başqaları doldurar və döyüşə digər komandanlar rəhbərlik edə bilərlər”, - deyir. Həmin dövrdə cəbhədə vəziyyət ağır olaraq qalırdı. Lakin düşmən Osmanlı əsgərlərinin müqavimətini qıraraq İstanbulu və boğazları tutmaq niyyətini həyata keçirə bilmədi və çoxlu sayda itkilər verərək geri çəkilməyə məcbur oldu.

Çanaqqala savaşı türk və dünya tarixinə ən qanlı savaşlardan biri kimi düşdü. Bu savaşda Osmanlı ordusu 250 min şəhid verdi. Düşmən də döyüşlərdə təxminən bu qədər insan itirdi. İllər ötəndən sonra Çanaqqala savaşı bir dastana döndü. Bu dastandakı qəhrəmanlardan biri də yanındakı topçuların hamısı şəhid olaraq tək qalan Seyid çavuşdur. Düşmən gəmisi boğaza yaxınlaşırdı. Gəmi boğaza girsə, Anadolunun taleyi həll olunacaq və düşmən İstanbulu işğal edəcəkdi. O isə tək idi. Atmağa 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Adi vəziyyətdə bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması ağlabatan görünmürdü. Amma Seyid çavuş 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyaraq atəş açır. Bu atəşlə o, gəminin gövdəsini dağıdır . Beləliklə, seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına səbəb olur. Bir sözlə, bir mərmi, bir nəfər topçu Çanaqqala döyüşünün taleyini həll edir. Çanaqqala savaşında kişilərlə bərabər, 19-21 yaşlı qadınların da döyüşməsi tarixin ən şanlı səhifələrindəndir. 1915-ci ildə Avstraliyada nəşr olunan “The Age” qəzetinin 8 sentyabr tarixli sayında J.C.Davies adlı bir əsgər anasına yazdığı məktubda qeyd edirdi ki, “Yaralandığım 18 may günü 19-21 yaş arasında olan mahir bir snayper - türk qızı sərrast atəşlə bizə göz açmağa imkan vermirdi. O, gün ərzində bir çoxumuzu sərrast atəşlə vurdu. Amma günün sonunda avstraliyalı bir əsgər onu vura bildi və mən buna çox üzüldüm. Snayperin ölüsünü ələ keçirdik. Qadının bədənində düz 52 güllə yarası vardı... bu, çox dəhşətli savaşdır”.

Çanaqqalada döyüşən əsgərlər cəbhədə türklərin onlarla insancasına davrandıqlarından çox mütəəssir olmuşdular: “Bizi “barbar” türklər hamını qırmaq istəyir” adı altında Çanaqqala cəbhəsinə göndərdilər. Amma biz onların alicənab insanlar və düşmənlərinə belə rəhm edən mahir döyüşçülər olduğunu gördük. Onlar döyüşlərarası fasilələrdə bizdən son damla sularını və ərzaqlarını belə əsirgəmirdilər”, - demişdilər. Çanaqqalada Osmanlı əsgərlərinin göstərdikləri igidliklər düşmən generallarını, siyasi və dövlət xadimlərini belə heyrətə salmışdı. XX əsrin ən böyük siyasətçilərindən biri hesab edilən Çörçil deyirdi: “Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar”.

Çanaqqalada və digər ərazilərdə qanlı döyüşlərin getdiyi bir dövrdə ermənilər Türkiyə ərazisində “ikinci cəbhə” açaraq ölkəni parçalamağa can atırdılar. 1914-cü ildə Türkiyənin I Dünya müharibəsinə qoşulması ilə ermənilər mürəkkəb bir dilemma qarşısında qaldılar: “böyük Ermənistan” yaratmaq istədikləri ərazilərin bir hissəsi Türkiyədə, o biri hissəsi almanlara və türklərə qarşı vuruşan Rusiyada idi. Nə etməli? Çox düşünmədən onlar özlərini antitürk qüvvələrin yanında gördülər.

Hərbi əməliyyatlar başlayan kimi Türkiyə Böyük Millət Məclisinə Ərzurumdan deputat seçilən Qaro Basdırmacan əsasən ermənilərdən ibarət hərbi hissələr ilə birlikdə rusların tərəfinə keçdi. Qaronun başçılıq etdiyi dəstələr getdikcə daha da azğınlaşaraq türk kəndlərini dağıdır, əhalini amansızcasına qırıb çatırdı. Yerli müsəlman əhalisinin - türklərin və kürdlərin bu azğınlığa cavabı isə ermənilər və onların xaricdəki havadarları tərəfindən “erməni xalqının soyqırımı” kimi qiymətləndirilirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Türkiyədə baş verən bu qanlı hadisələrlə əlaqədar ingilis tarixçisi Filip Prays yazırdı: “Müharibənin başlaması ilə bu rayonların erməni əhalisi (şərq vilayətləri nəzərdə tutulur) Qafqazdakı rus hakimiyyət orqanları ilə xəlvəti əlaqələr qurdular və hamıdan gizli türk vilayətlərindən rus ordusu üçün konüllülər toplamağa başladılar... Şərq vilayətlərində hərbi xidmətdən yayınmalar kütləvi xarakter almışdı. Rus zabitlərinin rəhbərliyi altında erməni dezertirlərdən ibarət xeyli alaylar yaradılmışdı. Türk parlamentinin iki erməni deputatı Rusiyaya qaçmışdı. Ermənilərin buraxdığı qəzetlər qisasa, türkləri əzabla öldürərək analarını ağlatmağa çağırırdı. Ermənilərin etdiyi cinayətlər heç kəsdə şübhə doğurmur.” (M.P.Prise. A History of Turkey. - London, 1956, p. 91.)

Tək bir gündə - 21 fevral 1914-cü ildə Qarsda və Ərdahanda erməni quldur dəstələri tərəfindən 30 min türk qətlə yetirilmişdi. Körpələri alıb tonqala atır, öldürdüklərinə vəhşicəsinə əzablar verirdilər. Bu qətllərin bilavasitə başında “Hnçak” erməni terror təşkilatının gizli ideoloqu, türk parlamentinin digər deputatı Stepan Ter-Danielyan dururdu. Ermənilərin düşünülmüş fəaliyyət planı haqda o vaxt Bitlis vilayətinin qubernatoru Mustafa bəy 3-cü Ordunun komandanına yazırdı: “Erməni liderlərin qərarına əsasən, hərbi əməliyyatlar başlayan halda erməni əsgərlər əldə silah düşmən tərəfə keçməlidirlər. Türk qoşunları uğur qazansa, ermənilər hərəkət etməyəcək, əksinə, əgər ordumuz geri çəkilsə, onların yaratdıqları partizan dəstələri qoşunların hərəkətinə maneələr törətməlidirlər”.

Elə bu vaxtlar Sivas qubernatoru da məlumat verirdi ki, “Ələ keçənlərin verdiyi məlumata görə, ermənilərin vilayətdə 30 000 nəfər silahlısı var ki, onların da yarısı artıq rus ordusu ilə birləşib. O biri yarısına isə arxadan türk qoşunlarına zərbə endirmək tapşırığı verilib”.

1915-ci ilin mayında rusların Şərqi Anadoluya hücumlarının gücləndiyi, ingilis və fransızların Çanaqqala əməliyyatlarına başladığı bir dövrdə ermənilər “dostlar”ının yazdığı ssenariyə uyğun olaraq Zeytun, Van və Muşda ayağa qalxdılar. Mayın 6-da ermənilər monoetnik zona yaratmaq məqsədilə Van şəhərində müsəlmanları qırıb çatdılar. Təkcə Van vilayətində erməni terroristlərinin qətlə yetirdiyi dinc əhalinin sayı 3000 nəfərdən çox idi (“Azərbaycan və azərbaycanlılar” jurnalı, 2002). Yeri gəlmişkən, 22 iyun 1915-ci ildə hökumət qüvvələri Van şəhərinə daxil olduqda gördükləri mənzərədən dəhşətə gəldilər: şəhərin bütün müsəlman əhalisi - türklər, azərbaycanlılar, kürdlər ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Hətta hadisədən 8 gün sonra bütün bunların şahidi olmuş general Nikolayev hansısa Tero və Xeço adlı ermənilərin rəhbərlik etdikləri quldur dəstələrinin vəhşiliklərindən hiddətlənərək yazırdı ki, “...onları topa tutmaq lazımdır...”

İndi 5000 nəfərin qətlə yetirildiyi həmin yerdə türklərin soyqırımı abidəsi ucalır.

Vandakı qırğınlar bununla bitmədi. Ermənilər 22 may 1916-cı ildə orada yenidən qırğınlar törətdilər. Onlar 1000-dən artıq uşağı boğaraq öldürdülər. Belə vəhşiliyi bəşər tarixi xatırlamır. Meyitlərin qulaqları, burunları kəsilmiş, gözləri çıxarılmışdı. Budəfəki itkilərin sayı isə 15 000 nəfəri adlamışdı.

1915 -ci il 9 mayda eyni şəkildə Bitlisdə 123 nəfər qətlə yetirildi. Tarixçi Rafael de Noqqalesin yazır ki, “Onlar əllərinə keçən bütün dinc müsəlmanları vəhşicəsinə qırıb çatırdılar”. Ümumiyyətlə, gürcü tarixçisi Q. Marxuliyanın yazdığı kimi, onların mübarizə metodu ancaq bundan ibarət idi: “...insanları silahlandırmaq üçün bütün vasitələrə əl atmaq, ...toqquşmalar təşkil etmək və hökumət məmurlarını aradan götürmək, ...dövlət idarələrini talan etmək və dağıtmaq... Məqsədə çatmaq üçün hər şeyə icazə verilirdi - təbliğata, terrora, qiyama.”

Amerikan tarixçilərindən C.K.Makkartinin tədqiqatlarına görə, XX əsrin əvvəllərində baş verən bu qanlı hadisələrdə 2,5 milyon müsəlman həlak olub. Ermənilərin “genosid günü” dedikləri bu tarixin, göründüyü kimi, “erməni genosidi”nə heç bir aidiyyəti yoxdur. Bu, “türklərin, müsəlmanların genosid, soyqırımı” günü kimi anılsa, daha düzgün olar.

Qaldı ermənilərin İran və Qafqaz cəbhəsindən ölkənin müxtəlif ərazilərinə köçürülməsinə, gürcü alim Q.Marxuliyanın ifadəsi ilə desək, “ermənilərin köçürülməsinə səbəb onların xəyanəti və qiyamları oldu. Ermənilərə elə gəlirdi ki, ələ keçirdikləri torpaqlar Birinci Dünya müharibəsindən sonra onlara qalacaq və onlar orada müstəqil Ermənistan dövləti yaradacaqlar...” Ancaq türklər də yaxşı deyib: “sən saydığını say...”

Türk hökumətinin qərarı ilə 24 aprel 1915-ci ildə bütün erməni komitələrinin fəaliyyəti dayandırıldı, bu təşkilatın 2345 nəfər rəhbər üzvü həbs edildi, erməni əhalinin bir qismi ölkədə əmin-amanlığı bərpa etmək məqsədilə Osmanlı dövlətinin ucqarlarına - Suriya, Livan, Fələstin torpaqlarına köçürüldü.

Ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı 1915-ci illə bitmədi, əksinə sonrakı illərdə daha da şiddətləndi. Belə ki, 8 may 1916-cı ildə Andronikin quldur dəstələri Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri məhv etdi. 11 may 1916-cı ildə quldurlar Malazgird şəhərində 20 000 nəfəri qətlə yetirərək uşaqları amansızlıqla odda yandırdılar.

Elə həmin gün Van yaxınlığındakı Köprüköy kəndində 200 nəfər erməni azğınlığının qurbanı oldu. Az sonra - 22 may 1916-cı ildə yenə həmin Van şəhərində ermənilər əhalini kütləvi şəkildə zəhərləyib yüzlərlə insanın ölümünə səbəb oldular.

Həmin gün həm də qaçqınlarla dolu Ergəl və Atiyan kəndlərinin yaxınlığında quldurların 8000 nəfərin həyatına son qoyması ilə yadda qaldı.

23 may 1916-cı il. Van yaxınlığında Seyl kəndində əksəriyyəti uşaq, qoca və qadın olan 300 türk ermənilərin gülləsinə tuş gəldi.

1916-cı ilin iyununda Ədrəmid şəhərində 15 000 nəfər öldürüldü. Quldur dəstələri patronlara “qənaət” etmək məqsədilə türkləri ən dəhşətli üsullarla məhv edirdilər. Daşnak “qəhrəmanlar”ından biri bu “şücaət”i barədə deyirdi: “Mən heç nəyə məhəl qoymadan Basarkeçərdə bir türk kəndini yerlə yeksan etdim. Amma bəzən gülləyə heyfin gəlir. Bu itlərə qarşı ən yaxşı vasitə döyüşdən sonra bütün sağ qalanları quyulara doldurub üstdən ağır daşlar tökməkdir ki, bir də üzlərini görməyək. Mən belə də edirdim: bütün kişiləri və uşaqları yığıb quyulara doldururdum”.

Sonralar bütün bu cinayətlərə görə 1397 nəfər Türkiyənin ədalət məhkəmələri qarşısında dayandı. Onların bir çoxuna ölüm hökmü kəsildi...

Türkiyə tarixinin bu çətin dövründə onun yanında dayanan yenə cəsur, qəhrəman Azərbaycan oğulları idi. Döyüşən qardaşlarına yardım məqsədilə elə hərbi əməliyyatların ilk günündən başlayaraq xalqımızın minlərlə igid övladı könüllü surətdə türk ordusu sıralarına daxil oldu. Osmanlı ordusu tərkibində vuruşan Azərbaycan könüllüləri hökumətin göstərişinə müvafiq olaraq əsas etibarilə Şərq cəbhəsinə, Qafqaz istiqamətinə yönəldildi. Bununla belə Azərbaycan könüllüləri müxtəlif orduların tərkibində Qərb cəbhəsində, eləcə də Çanaqqala döyüşlərində də iştirak edərək bir çox qəhrəmanlıqlar göstərdilər. İngilis generalı Oqlander deyirdi ki, “Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu”. General Tavshend isə türk əsgərinə belə qiymət vermişdi: “Avropada elə bir əsgər yoxdur ki, türklərlə müqayisə edilə bilsin. Misal üçün, Gelibolunu göstərmək istəyirəm. Orada bizim gəmilərdən açdığımız atəş nəticəsində səngərlər yerlə yeksan oldu. Türklər deyil, başqa millətdən olan əsgərlər olsaydılar, buna dözməyərək səngərləri tərk edərdilər. Amma türk əsgərləri sona kimi bu cəhənnəmdəki mövqelərini tərk etmədilər”.

Birinci Dünya müharibəsi dövründə, xüsusilə 1915-ci ildən başlayaraq Osmanlı ərazilərində Azərbaycan könüllülərindən ibarət taburlar-dəstələr təşkil edildi. Bu taburlara daxil olan könüllülər Qafqaz və Cənubi Azərbaycandan olduqları üçün bölgəni yaxşı tanıyırdılar və onlardan Qafqaz cəbhəsində istifadə etmək haqqında Osmanlı hökuməti tərəfindən xüsusi qərar qəbul edildi. Bu könüllü taburlar Ərzurum, Mosul və Vandakı hərbi qərargahlardan idarə olunurdular. Qafqaz cəbhəsində vuruşan Azərbaycan könüllü taburlarından aşağıdakıları qeyd etmək olar: Ömər Naci taburu (500 nəfərlik atlı birlik), Mircəfər Seyidov taburu (280 könüllü), Ruşəni bəy taburu (300 könüllü), Kamil Paşa alayı (300 könüllü), Əmir Aslan Xan Xoyski taburu (300 könüllü), Şeyx Şərafəddin taburu (300 könüllü), İbrahim Cahangirzadə alayı (320 könüllü), Dağıstan könüllü alayı (297 könüllü) və s.

İbrahim Cahangirzadə hələ Balkan müharibəsi dövründə, yəni 1912-1913-cü illərdə könüllü taboru ilə Osmanlı Ordusuna qatılır, daha sonra yəni 1915-ci ildə isə doqquzuncu Osmanlı Ordusu nəzdində təşkil edilən Mücahidin Süvari alayının komandiri təyin olunur. Onu da qeyd etməyə dəyər ki, İstiqlal savaşından sonra hərbdə fədakarlıq göstərən İbrahim Cahangirzadə ictimai işlərdə də böyük fəallıq göstərir və Qars vilayətinin ilk bələdiyyə başqanı kimi də tarixə düşür.

1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə təşəkkül tapan Qafqaz İslam Ordusunda çiyin-çiyinə vuruşan azərbaycanlıların hələ 1915-1917-ci illərdə göstərdikləri qəhrəmanlıqlarla bağlı Azərbaycan və Osmanlı arxivlərində mühüm sənədlər var. İstiqlal mübarizəsinə qatılan Azərbaycan hərbi birliklərindəki 56 zabitdən bir neçəsi Türkiyə ordusunda general rütbəsinədək yüksələ bilib.

Onu da deyək ki, Türkiyə kimi kamil bir orduya malik böyük bir ölkədə belə yüksək rütbələrə çatmaq, vəzifə sahibi olmaq o qədər də asan məsələ deyil. Bunun arxasında gərgin hərbçi zəhməti, şücaəti, cəsur əsgər ləyaqəti, 1914-1918-ci illərin çətin sınaqları dayanır. Kimdir onlar? Hələ ki məlum olan bəzi adları bir daha yada salaq: zabitlərdən albay (yəni polkovnik) Yunus Xəzərli, topçu albay Məhəmməd Akpolad, topçu albay Aslan Berkan, albay Baba Behbud, yüzbaşı Çingiz Yurdçu, albay Saleh Aksoy, süvari albayı Firudin Dəryal, albay Vəli Yadigar, general Cahangir Berker, hava generalı Hüseyn Turqut, süvari generalı Səməd Sayqın (Rəfibəyov) və digərləri. Onların adları türk hərb tarixinə qızıl hərflərlə həkk olunub və göstərdiyi xidmət və şücaət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əvəzsizdir.

Bütün bu möhtəşəm faktlar, qəhrəman adlar Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi köklərə malik olduğunu təsdiqləməklə yanaşı 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında təşkil edilən Qafqaz İslam Ordusunun da möhkəm bir mənəvi özül üzərində qurulduğuna da şahidlik edir. Deməli, bizim gücümüz tarixlərboyu birliyimizdə olub və bundan sonra da şər qüvvələrə qarşı birlikdə müqavimət göstərməliyik.

 

Xanhüseyn KAZIMLI,

Milli Məclisin deputatı, professor

Azərbaycan.-2015.- 22 aprel.- S.7.