Erməni terrorizmindən bəhs edən daha bir kitabın təqdimatı
olub
Aprelin
22-də Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzində
tanınmış rusiyalı tarixçi və
hüquqşünas Oleq Kuznetsovun yeni çapdan
çıxmış “XX əsrdə transmilli erməni
terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı
olub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə çıxış edən
Oleq Kuznetsov təhlil və araşdırmaları haqqında məlumat
verib. O bildirib ki, Qarabağ müharibəsi erməni millətçilərinin
Azərbaycan xalqına qarşı terror müharibəsidir.
Dağlıq Qarabağa gəlmiş
döyüşçülər muzdlu hərbçilər,
terrorçular olub. Onlar azərbaycanlı qadınları,
uşaqları, qocaları pul müqabilində qətlə
yetiriblər. Keçmiş SSRİ məkanında azərbaycanlılara
qarşı müharibəyə Yaxın Şərq ölkələrindən,
eləcə də Cənub-Şərqi, Qərbi Avropadan və
ABŞ-dan erməni millətindən olan altı minə
yaxın xarici muzdlu hərbçi cəlb edilib.
Tədbirdə
çıxış edən Milli Məclis sədrinin birinci
müavini Ziyafət Əsgərov getdikcə daha çox
qloballaşan erməni terrorunun artıq dünyada təkcə
tarixçilərin, siyasətçilərin,
hüquqşünasların deyil, digər sahədən olan
insanların da diqqətini cəlb etdiyini bildirib. O deyib ki,
tarixən Azərbaycana məxsus olan torpaqları işğal
etməyə çalışan Ermənistan bunun
üçün terror aktları törətməkdən
çəkinməyib.
Dünyada
ikili standartların hökm sürdüyünü deyən
Ziyafət Əsgərov təəssüflə bildirib ki, beynəlxalq
təşkilatlar Ermənistana təzyiq göstərmir. Beynəlxalq
qurumlar və Avropa dövlətləri Ukrayna hadisələri
ilə bağlı dərhal hərəkətə keçsələr
də, Dağlıq Qarabağ münaqişəsinin həllinə
münasibətdə bu addımı atmırlar. İyirmi ildən
artıqdır ki, Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın
işğalı altındadır, BMT-nin həmin ərazilərin
işğaldan azad edilməsi ilə bağlı qətnamələri
yerinə yetirilməyib. Ermənilərin bu biganəliyinə,
indiyə qədər terror aktları törətmələrinə
səbəb onların cinayətlərinə görə cəzalandırılmamasıdır.
Baş
prokurorun birinci müavini Rüstəm Usubov təqdim olunan
kitabın bu qədər terror aktı törətmiş ermənilərin
cinayətlərinin dünya ictimaiyyətinə
çatdırılması baxımından önəmini qeyd
edib. O deyib ki, kitabda da qeyd edildiyi kimi, erməni terrorizmi
yarandığı gündən transmilli xarakter alıb.
Prezident İlham Əliyevin 2007-ci il 23 may tarixli Sərəncamı
ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
milli təhlükəsizlik konsepsiyasında terror aktları milli
təhlükəsizliyə təhdid kimin qəbul edilib.
Ermənilərin
Azərbaycanda törətdiyi cinayətlərin
araşdırılmasında şəxsən iştirak
etdiyini deyən R.Usubov qeyd edib ki, Azərbaycan ötən əsrin
80-ci illərindən başlayaraq hiyləgər erməni
terrorizmi ilə üz-üzə qalıb. Ermənilərin Azərbaycan
ərazisində törətdiyi terror aktlarının
miqyası çox genişdir. Ermənistan hərbi təcavüzlə
yanaşı, Azərbaycanın mülki əhalisinə
qarşı da geniş terror aktları törədib. Həmin
vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı
sakinlərinin amansızlıqla qətlə yetirilməsi ilə
kulminasiya nöqtəsinə çatıb.
Diqqətə
çatdırılıb ki, bütün bu terror hadisələri
ilə bağlı cinayət işlərinin istintaqı fəal
şəkildə davam etdirilir.
Azərbaycan.-2015.- 23 aprel.- S.2.