Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının
92-ci ildönümünə həsr
olunan konfrans keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli liderin büstü önünə gül düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr verdiyini, onun keçdiyi şərəfli həyat yolunun bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat, kamillik və müdriklik məktəbi olduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılıb.
Yeni Azərbaycan Partiyası Respublika Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Zərifə Əliyeva qısa, lakin şərəfli ömrünü faydalı işlərə sərf edib, oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədova, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Abşeron rayon təşkilatının sədri Təyyubə Hüseynova və başqaları respublikanın hər yerində olduğu kimi, Abşeronda da akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, Zərifə Əliyeva həm də Azərbaycan qadınlarının nəcib xüsusiyyətlərini özündə birləşdirməklə ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olub.
Konfransda vurğulanıb ki, ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə
Əliyevanın çoxşaxəli humanitar
missiyası bu gün Prezident İlham Əliyev
və Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
tərəfindən uğurla davam etdirilir.
Azərbaycan.-2015.- 23 aprel.- S.2.