“Azərbaycan-Türkiyə
qardaşlığı:
Çanaqqala – 100” mövzusunda
elmi konfrans
Türkiyə və Azərbaycan xalqlarını bir-birinə bağlayan qədim tarixi köklər həmişə - bu gün də, gələcəkdə də münasibətlərimizi, onun xarakterini, inkişaf yollarını şərtləndirən əsas amil kimi çıxış edir. Bizim eyni soykökümüz, dil, din, mədəniyyət birliyimiz qarşılıqlı əlaqələrimizin, qardaşlığımızın, dostluğumuzun inkişafı üçün əlverişli zəmin yaradıb və bu əlaqələrin genişləndirilməsini stimullaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 22-də Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala – 100” mövzusunda keçirilən elmi konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Türkiyənin güclü olması Azərbaycanın marağındadır. Azərbaycanın inkişafı isə Türkiyənin maraqlarına uyğun bir haldır. Bu mənada həm Azərbaycan, həm də Türkiyə əlaqələrimizin və münasibətlərimizin inkişafına yüksək diqqət göstərir.
Ərəstun Mehdiyev bildirib ki, qardaş Türkiyə qədim dövlətçilik ənənələrinə malikdir. Türk xalqı azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə ağır sınaqlardan keçərək bugünkü dövlətçiliyini qoruyub saxlayıb, inkişaf etdirib. Məhz belə mübarizə yolunda Birinci Dünya müharibəsi dövründəki Çanaqqala döyüşü özünün əhəmiyyəti ilə bu gün də Türkiyə tarixində mühüm yer tutur. Bu tarix gələcəkdə də qürurla xatırlanacaq. Həmin döyüşlərdə qəhrəman türk xalqı ilə bərabər bizim də soydaşlarımız, könüllülərimiz iştirak ediblər. Azərbaycanlılar öz türk qardaşları ilə birlikdə bu savaşda qəhrəmanlıq göstərərək, canlarını fəda ediblər. Biz bu döyüşlərdə həlak olan bütün qardaşlarımızın xatirəsini daim əziz tutur və onları ehtiramla anırıq.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda Türkiyənin şanlı günü ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan dövləti də bu məsələyə xüsusi diqqət yetirir. Bu günlərdə Çanaqqala savaşına həsr olunan “Son məktub” filminin təqdimat mərasimi ilə bağlı Prezident İlham Əliyevin müraciətində də Çanaqqala döyüşlərinin əhəmiyyətinə xüsusi qiymət verilib. Dövlətimizin başçısı müraciətində Çanaqqala döyüşünü türk xalqının qəhrəmanlıq tarixinin parlaq səhifəsi, türk hərb sənətinin böyük nailiyyəti kimi dəyərləndirib.
Birinci Dünya müharibəsi illərində Antanta dövlətlərinin birləşmiş qüvvələrinə qarşı mübarizə aparan türk əsgəri və türk xalqı tarixin ağır sınağından şərəflə çıxaraq düşmənə qalib gəlməyə nail olub. Məhz bu qələbə sayəsində böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin bugünkü dövlətçiliyinin əsası qoyulub, türk dövləti yeni inkişaf yoluna çıxıb.
Ərəstun Mehdiyev qeyd edib ki, bu gün dünya birliyi sırasında özünün layiqli yerini tutan Türkiyə dövləti vaxtilə qanlı müharibədə üz-üzə gəldiyi dövlətlərlə bir sırada durur, eyni dəyərləri bölüşür, demokratik cəmiyyət quraraq, birgəyaşayış, əməkdaşlıq prinsiplərinə söykənərək dünyanın azad, sülhsevər olması uğrunda öz siyasətini həyata keçirir. Bu gün Azərbaycan və Türkiyə region üçün çox əhəmiyyətli strateji layihələr həyata keçirir, inkişafın yeni istiqamətlərini müəyyənləşdirirlər.
Bəzi dövlətlər qondarma “erməni soyqırımı”nı əllərində bayraq edərək Türkiyəyə və onu yaxın dostlarına təzyiq göstərməyə çalışırlar. Müasir dövrdə birgə tarixi araşdırmaların aparılması zəruridir. Azərbaycan və Türkiyə tarixçilərinin bu məsələlərə yenidən baxmaları və yeni mənbələr əsasında tarixi həqiqətlərin aşkarlanması və dünya ölkələri qarşısında nümayiş etdirilməsi, onların sübut olunması bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biridir.
Bu konfransın əhəmiyyəti ondan ibarətdir ki, həmin məsələlərlə bağlı həm tarixçilərin fikirləri dinləniləcək, gənclərimiz səslənən fikir və ideyaları dəyərləndirəcək və yeni tədqiqatların əsası qoyulacaq.
Konfransda AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlarından, Çanaqqala zəfərinin tarixi əhəmiyyətindən söz açıb.
Ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən danışan alim bildirib ki, mənfur qonşularımız türklərin tarixini, mədəniyyətini öz adlarına çıxmaqla saxta tarixlərini yaratmağa çalışırlar. “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin yüz illərlə ölçülən tarixi vardır. XIX əsrin əvvəllərindən etibarən ermənilər bəzi xarici dövlətlər tərəfindən məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülüb, soydaşlarımızın həmin ərazilərdən sıxışdırılıb çıxarılması prosesi başlanıb. Ötən əsrin əvvəllərində azərbaycanlılara və bütövlükdə türklərə qarşı törədilmiş dəhşətli qırğınları araşdırarkən çoxlu faktlar üzə çıxır ki, bu da azərbaycanlıların soyqırımına məruz qalmasını bir daha təsdiqləyir. Soyqırımı siyasətini davam etdirən ermənilər 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.
Yaqub Mahmudov bildirib ki, ermənilərin pafoslu uydurmaları və havadarları, bizim isə əlimizdə konkret sənədlər var.
Alim nankor qonşularımızın belə bədnam əməllərinin, saxtakarlıqlarının ifşa edilməsində birgə əməkdaşlığın vacibliyini vurğulayıb, bu mövzuda konfransların tez-tez keçirilməsini, buraya tarixçi alimlərin dəvət olunmasını məqsədəuyğun hesab edib.
Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan Birinci Dünya müharibəsinin acı nəticələri, həmin dövrün tarixi-siyasi şəraitindən danışıb, Çanaqqala zəfərinin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, bütün türk dünyasının tarixinə böyük qəhrəmanlıq və hərbi şücaət salnaməsi kimi daxil olmuş Çanaqqala zəfərindən 100 il keçir. Çanaqqala zəfəri haqqında danışmaq üçün, ilk növbədə, həmin dövrün tarixi-siyasi şəraitinə diqqət yetirmək vacibdir. Məşhur Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşərək, hər bir vətəndaşın xatirəsində qalıb.
Tədbirdə türkiyəli alimlərin Çanaqqala zəfəri ilə bağlı
məruzələri dinlənilib.
Azərbaycan.-2015.- 23 aprel.- S.3.