Milli Məclisin nümayəndə
heyəti Tokioda Azərbaycan-Yaponiya
parlamentlərarası dostluq qrupunun
üzvləri ilə görüşüb
Milli
Məclisin sədri Oqtay Əsədov başda olmaqla Yaponiyada rəsmi
səfərdə olan Azərbaycan parlamentinin nümayəndə
heyəti aprelin 22-də Azərbaycan-Yaponiya parlamentlərarası
dostluq qrupunun üzvləri ilə görüşüb.
Azərbaycan
Milli Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə
heyətini Tokioda salamlamaqdan məmnun olduğunu deyən
Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə
dövlət naziri, Azərbaycan-Yaponiya parlamentlərarası
dostluq qrupunun yaponiyalı rəhbəri Akira Amari əmin
olduğunu bildirib ki, bu səfər Yaponiya ilə Azərbaycan
arasında əməkdaşlığın möhkəmlənməsində
mühüm rol oynayacaq.
Milli
Məclisin sədri Oqtay Əsədov, öz növbəsində,
nümayəndə heyətinin səfər proqramının
çox zəngin olduğunu, Yaponiya İmperatoru, Baş nazir,
parlamentin iki palatasının sədrləri ilə
keçirilən görüşlərin iki dövlət
arasında əlaqələrin inkişafına mühüm təsir
göstərəcəyini vurğulayıb. Dəvətə
görə minnətdarlığını bildirən spiker
qeyd edib ki, bu, bizim üçün böyük nailiyyətdir.
İki ölkə parlamentləri arasında əməkdaşlıq
münasibətlərinə toxunan Oqtay Əsədov, bu əlaqələrin
inkişafında dostluq qrupunun rolunu xüsusi qeyd edib. Qrup
üzvləri arasında sıx əlaqələrin vacibliyini
vurğulayan Milli Məclisin sədri bildirib ki, bir-birini daha
yaxşı anlamaqda bu münasibətlərin mühüm rolu
var. Azərbaycan parlamentində 70-dən çox ölkənin
parlamentləri ilə dostluq qrupunun olduğunu diqqətə
çatdıran spiker bu qrupların hər birinin sıx əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərməyə
çalışdığını bildirib. Dostluq qrupunun
üzvlərinə uğurlar arzulayan Oqtay Əsədov qeyd
edib ki, qrup üzvləri arasında dostluq münasibətlərinin
möhkəmliyi iki xalq arasında əməkdaşlığın
daha da yaxınlaşmasına töhfələr verəcək.
Görüşdə
dostluq qrupunun gələcək fəaliyyətinin istiqamətləri
ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra
xatirə hədiyyələri təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi
müxbiri
Tokio
Azərbaycan.-2015.- 24 aprel.- S.2.