Azərbaycan nümayəndə heyəti Yaponiya
parlamentinin kitabxanası ilə tanış olub
Milli
Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə
Tokioda səfərdə olan Azərbaycan nümayəndə
heyəti aprelin 22-də parlament kitabxanası ilə
tanış olub.
Kitabxananın
direktoru Noritada Otaki Azərbaycan nümayəndə heyətini
salamlayaraq məlumat verib ki, parlament kitabxanası 1948-ci ildə
təsis edilib. Bu, Yaponiyada yeganə dövlət
kitabxanasıdır və eyni zamanda dünyanın ən
çoxsaylı kitab fonduna malik kitabxanalarından biridir. Onun
yaradılmasında məqsəd qanunvericilərə kitabxana
xidmətinin təşkili və əhalinin deputatların fəaliyyəti
ilə bağlı məlumatlandırılmasıdır.
Əhali ilə parlament arasında körpü rolunu oynayan
kitabxana oxucuların deputatların qanunvericilik fəaliyyəti
ilə tanış olması üçün hər cür
şəraitə malikdir. Burada müasir texnologiyalardan istifadə
etməklə qanunvericilik sahəsində istənilən məlumatı
əldə etmək olar.
Sonra
Milli Məclisin sədrinə xatirə hədiyyəsi təqdim
edilib.
Səmimi
görüşə və ətraflı məlumata görə
təşəkkürünü bildirən Milli Məclisin sədri
Oqtay Əsədov Azərbaycanda da zəngin fonda malik müasir
texnologiyalardan yararlanan kitabxanaların olduğunu bildirib. Qeyd
edib ki, iki ölkənin kitabxanaları arasında əməkdaşlıq,
təcrübə mübadiləsi iki xalq arasında əlaqələrin
inkişafında mühüm rol oynaya bilər.
Sonda nümayəndə heyəti
kitabxana ilə tanış olub. Milli Məclisin sədri
Oqtay Əsədov kitabxananın fəxri
qonaqları kitabına ürək sözlərini yazıb.
Azərbaycan.-2015.- 24 aprel.- S.2.