Azərbaycan Milli Məclisinin
sədri Tokioda Yaponiya
parlamentinin
Nümayəndələr Palatasının
sədri ilə görüşüb
Milli
Məclisin sədri Oqtay Əsədov başda olmaqla Yaponiyada rəsmi
səfərdə olan Azərbaycan parlamentinin nümayəndə
heyəti aprelin 22-də Yaponiya Parlamentinin Nümayəndələr
Palatasının sədri Tadomori Oşima ilə
görüşüb.
Azərbaycan
Milli Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə
heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirən
Nümayəndələr Palatasının sədri T.Oşima
vəzifəyə yeni seçildiyini deyib. Qeyd edib ki, Azərbaycan
nümayəndə heyəti onun bu vəzifədə
qarşıladığı ilk qonaqlardır. T.Oşima
vurğulayıb ki, parlament əlaqələri iki dövlət
arasında əməkdaşlığın inkişafında
mühüm rola malikdir. Ölkəmizin zəngin təbii
ehtiyatlara malik olduğunu vurğulayan sədr qeyd edib ki, Azərbaycan
Qafqaz regionunun ən güclü dövlətidir. Biz sizin
siyasi xəttinizi dəstəkləyirik və sizin müstəqil
siyasət yürütməyinizi yüksək qiymətləndiririk.
Siz zəngin təbii sərvətlərə malik olsanız da
onlardan asılı olmamaq xətti
yürüdürsünüz və buna nail ola bilirsiniz. Azərbaycan
gərgin geopolitik məkanda yerləşməsinə
baxmayaraq, uğurlu siyasət yürütməyi bacarır.
T.Oşima
ölkələrimiz arasında hərtərəfli əlaqələrin
inkişafında qanunverici orqanların rolunu xüsusi
vurğulayıb, parlamentlərarası əlaqələrin
genişlənməsi üçün böyük potensial
olduğunu qeyd edib. Bildirib ki, bizim vəzifəmiz iki ölkə
arasında əməkdaşlığın inkişafına hərtərfli
yardım etmək, sıx işgüzar əlaqələr
qurmaqdır.
Milli Məclisin sədri Oqtay Əsədov, öz növbəsində, T.Oşimanı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ilk iş günüdə vaxt tapıb Azərbaycan nümayəndə heyəti ilə görüşdüyünə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan-Yaponiya dövlətlərarası münasibətləri zəngin tarixə malikdir və yüksək səviyyədədir. Qarşılıqlı əlaqlərin ardıcıl şəkildə inkişafı bizi sevindirir.
Azərbaycanın bir çox beynəlxalq səviyyəli layihələrin reallaşdırılmasında fəal çalışdığını bildirən spiker yapon şirkətlərini yalnız energetika sahəsinə deyil, digər sahələrə də investisiya yönəltməyə çağırıb. Azərbaycan Yaponiya ilə yalnız iqtisadi sahədə deyil, eyni zamanda digər sahələrdə də əməkdaşlıq etmək niyyətindədir. O.Əsədov TAP, TANAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası barədə də məlumat verib.
Yaponiyada keçirdiyi görüşlər barədə məlumat verən O.Əsədov yapon rəsmilərini Azərbaycana səfərə dəvət etdiyini və eyni zamanda T.Oşimanı da Bakıda görməkdən məmnun olacağını bildirib.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpası yolunda ciddi maneədir. Milli Məclisin sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib.
Ətraflı məlumata görə təşəkkürünü bildirən T.Oşima vurğulayıb ki, Yaponiya tərəfi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Yaponiyanın problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.
Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmov, Azərbaycan parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, habelə Yaponiya Müşavirlər Palatasının üzvləri iştirak ediblər.
Sonra Azərbaycan nümayəndə heyəti Yaponiya parlamentinin Nümayəndələr Palatasının iclas zalı ilə tanış olub.
Azərbaycan.-2015.- 24 aprel.- S.2.