Azərbaycan-Macarıstan hökumətlərarası

 birgə iqtisadi komissiyası öz işini başa çatdırıb

 

Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının 5-ci iclası öz işini başa çatdırıb. Həmsədrlər, Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Piter Siyyarto və Azərbaycan Respublikası sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevin sədrliyi ilə keçən iqtisadi forumda sonuncu, 4-cü iclasdan sonra görülən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib, irəli sürülən ideya və təşəbbüslərlə bağlı münasibət bildirilib.

Həmsədrlərin çıxışlarında iqtisadi əlaqələrin artım dinamikası vurğulanıb, mövcud çətinlik və problemlərin aradan qaldırılması üçün birgə səylərin vacibliyi bildirilib.

İclasın gündəliyində dayanan 14 məsələnin hər biri ilə bağlı Macarıstan və Azərbaycan tərəfindən komissiya üzvləri - səhiyyə, təhsil, idman, kənd təsərrüfatı, nəqliyyat, energetika, rabitə və yüksək texnologiyalar, bank, su təchizatı və s. sahələr üçün məsul olan rəsmilər çıxış ediblər. Çıxışlarda qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün siyasi iradənin və yetərincə potensialın olduğu diqqətə çatdırılıb, iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq sazişinin açdığı imkanlardan Azərbaycanı Avropa Birliyinə yaxınlaşdırmaq, eləcə də Macarıstanın “Şərqə açılım” siyasətinə dəstək vermək yolunda istifadəsinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda birgə iqtisadi komissiyanın 5-ci iclasının yekunları ilə bağlı protokol imzalanıb. Protokolu həmsədrlər - Şahin Mustafayev və Piter Siyyarto imzalayıblar. Sənəddə Macarıstan biznes adamlarının, şirkət və firmalarının işğal olunmuş Azərbaycan ərazilərindəki separatçı Dağlıq Qarabağ rejimi ilə hər hansı şəkildə əlaqə və iş birliyinin yolverilməzliyi ayrıca bənddə qeyd edilib.

İclasın nəticələri ilə bağlı Şahin Mustafayev və Piter Siyyarto mətbuat qarşısında çıxış ediblər.

Növbəti, 6-cı iclasın gələn ilə Bakıda keçirilməsi qərara alınıb.

 

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Azərbaycan.-2015.- 24 aprel.- S.5.