UNESCO-da ümumdünya mədəniyyətlərarası

 dialoq forumunun təqdimatı olub

 

Aprelin 22-də UNESCO-nun İcraiyyə Şurası çərçivəsində Bakı Prosesi və bu il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub.

Təqdimat mərasimini açan İcraiyyə Şurasının sədri səfir Məhəmməd Əmr ölkəmizin təşəbbüsünün dünyada sülh və əməkdaşlığa xidmət etdiyini qeyd edib.

UNESCO-nun baş direktoru İrina Bokova çıxışında müasir qlobal proseslər, rəhbərlik etdiyi təşkilatın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi təhfələri diqqətə çatdıraraq Azərbaycanın təşəbbüsünün belə məsələlərdə son dərəcə əhəmiyyətli olduğunu və qurumun forumla tərəfdaşlığının davam edəcəyini bildirib.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşəramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərinə toxunan baş direktor Azərbaycanın birinci xanımının fəaliyyətinin UNESCO-nun məqsəd və prinsiplərinə böyük dəstək olduğunu vurğulayıb.

Daha sonra geniş təqdimatla çıxışı edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Prosesi və Forumunun Prezident İlham Əliyev tərəfindən dünya mədəniyyətləri arasında dialoq və anlaşmanı təşviq etmək məqsədilə irəli sürülən təşəbbüs olduğunu, ölkəmizin belə məsələlərdə körpü rolu oynadığnı, xalqıımızın multikultural tərkibli zəngin mehriban birgəyaşama ənənlərinə sahib olduğunu və bu kimi ənənələri dünya ictimaiyyəti ilə bölüşmək istədiyini deyib.

Nazir dövlətimizin başçısının Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini 2010-cu ildə BMT Baş Assambleyasında çıxışı zamanı bəyan etməsinin beynəlxalq ictimaiyyətin sülh və dialoq şəraitində, irqi, dini, milli fərq qoyulmadan yaşamaq üçün bir çağırışı olduğunu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olduğu zaman bu prinsiplərə sadiqliyini öz fəaliyyəti ilə sübut etdiyini vurğulayıb. Forumun tərəfdaşları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun Forum çərçivəsində ölkəmizlə birgə maraqlı tədbirlər təşkil edəcəyini qeyd edən nazir bu təşkilatlara, xüsusilə UNESCO rəhbərliyinə təşəkkürünü bildirib.

Təqdimatda Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən, Prezident İlham Əliyevin təşəbbüsü olan Bakı ProsesiForumdan bəhs edən film nümayiş olunub. Tərəfdaş qismində Avropa Şurasının demokratik iştirak və vətəndaşlıq məsələləri üzrə direktoru Jan Kristov Ba çıxış edərək təmsil etdiyi təşkilatın mədəniyyətlərarası dialoq fəaliyyətlərinə böyük önəm verdiyini və Bakı Prosesi başlandığı vaxtdan Azərbaycanın bu xoşməramlı təşəbbüsünü dəstəklədiklərini, Forumun təşkilatlararası əməkdaşlığa da böyük töhfə verdiyini qeyd edib.

Koventri Universitetinin professoru, Sülh, EtimadSosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardy Bakı ProsesininForumun dünyada artan milli, irqi, dini və mədəni anlaşılmazlıqların qarşısını alamağa, dialoq və sülhə xidmət etdiyini bildirərək, Azərbaycanın bu təşəbbüsünün nəinki siyasi, həmçinin akademik mühitdə də alqışlandığını diqqətə çatdırıb.

Daha sonra Şuranın üzv ölkələri və iştirakçılar Foruma ev sahibliyi edəcək Azərbaycan tərəfinə suallar ünvanlayaraq tədbirin təfərrüatları barədə ətraflı məlumat əldə ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov tədbirə böyük maraq göstərdiklərinə görə üzv ölkələrə, həmçinin İcraiyyə Şurası çərçivəsində belə bir təqdimatın təşkilinə şərait yaratdığına görə sədr səfir Məhəmməd Əmrə təşəkkürünü bildirib.

Tədbir ziyafətlə davam edib.

 

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2015.- 24 aprel.- S.5.