Türk tarixinin parlaq səhifəsi
Çanaqqala zəfəri
Bu gün bütün türk dünyası türkün
birliyinin və məğlubedilməzliyinin simvolu olan
Çanaqqala zəfərinin 100-cü ildönümünü
təntənə ilə qeyd edir. Çanaqqala
savaşı qardaş türk xalğının qələbə,
hünər və rəşadətlər tarixinin ən parlaq
səhifəsidir. Bu zəfər türk
şəhidlərinin və qazilərinin dünya tarixinə
qanları ilə yazdıqları ən qiymətli qəhrəmanlıq
salnaməsidir.
“Üçlər
İttifaqı”nda birləşən Almaniya,
Avstrya-Macarıstan və İtaliya, “Antanta” ittifaqında cəmləşmiş
İngiltərə, Fransa və Rusiya kimi imperialist güclər
Osmanlı dövlətinin süqutundan öz məqsədləri
üçün istifadə edib, türk torpaqlarını
öz aralarında bölmək və beləliklə də
onun varlığına birdəfəlik son qoymaq amacı ilə
hərəkətə keçdilər. Onlar bu
yolla vaxtilə dünyaya meydan oxuyan, türkləri hazırda
yaşadıqları ərazilərdən süpürüb
Orta Asiya səhralarına atmağı
düşünürdülər. Artıq
türk torpaqlarının bölüşdürülməsi
planı da hazırlanmışdı.
O vaxt
güc dövlətlərinin ələ keçirmək istədikləri
türk boğazları - xüsusilə İstanbul və
Çanaqqala yalnız Aralıq dənizini Qara dənizlə,
Avropanı Asiya ilə bağlayan adi su keçidləri və
körpülər deyildilər. Həmin boğazlar Cəbəllütariq
və Suveyş kanalı ilə də inteqrasiya olunaraq,
dünyanın Atlantik və Hind okeanı kimi nəhəng dənizlərini
və böyük materik hissələrini də bir-birlərinə
bağlayan, öz geopolitik mövqeyi ilə dünya siyasətinə
və iqtisadiyyatına güclü təsir gücünə
malik boğazlardır. Bu boğazlar,
sözün əsl mənasında dünyanın nəfəs
borularıdır. Vaxtilə Napoleon deyirdi:-
“İstanbul bir açardır. Ona sahib olan
dünyaya hökm edəcəkdir”. İngiltərənin
siyasi xadimlərindən birinin
sözüdür:-”Dünyanın əsl hakimi, dənizlərə
sahib olandır”. Rusiyanın xarici işlər naziri Sazanov o
vaxt rus çarına ünvanladığı raportda
yazırdı: “Türk boğazlarının Rusiyanın əlinə
keçməsi dünyanın bütün iqtisadi və siyasi
həyatının onun hakimiyyəti altında birləşməsi
deməkdir. Buna görə də İstanbulu ələ
keçirməkdən vaz keçməyin”. Rusiya türk
boğazlarını ələ keçirib ordan dənizlərə
çıxmaq, həmçinin Anadoludakı zəngin neft
yataqlarına sahib olmaq, İngiltərə
Suveyş kanalı və Hindistan yolunun təhlükəsizliyi
üçün Fələstini zəbt etmək, Fransa Livan,
Suriya və Kilikiya üzərində hökmranlığa nail
olmaq arzusu ilə qovrulurdu. İtalyanlar Antalyaya
sahib olmaq istəyi ilə çırpınırdılar.
Avropa dövlətlərinin Çanaqqala və
İstanbul boğazlarının idarəçiliyinə yiyələnməkdə
əsas məqsədlərindən biri də Rusiya ilə
etibarlı əməkdaşlıq və hərbi ticarət
yolu açmaq idi.
Artıq
Osmanlı hökuməti imperialist dövlətlər tərəfindən
ona doğru əsən fəlakət
qasırğasının təsirini hiss etməkdə idi.
Osmanlı dövləti
I Dünya müharibəsinin başlanğıcında
“Antanta” dövlətləri ilə bir sırada olmaq arzusunda
idi. Ancaq Rusiyanın bu məsələdə ona bəslədiyi
soyuq münasibət onu Almaniyaya doğru istiqamətləndirdi.
1914-cü il avqustun 2-də Almaniya ilə
Osmanlı dövləti arasında müttəfiqlik və hərbi
yardım haqqında müqavilə imzalandı. Ancaq
Osmanlı dövlətinin döyüş
hazırlığı zəif olduğundan bu müqavilə
gizli saxlanıldı və dərhal ölkədə hərbi
səfərbərlik elan olundu. Aralıq dənizində
yerləşən ingilis donanmasının
qarşısından tədricən geri çəkilən
alman ağır kreyzerlərinin avqustun 10-da Canaqqala
boğazını keçərək İstanbula daxil
olması “Antanta” ordusunda böyük gərginlik yaratdı.
Alman donanmasına məxsus gəmilərin
boğazdan keçməsinə icazə vermək
döyüş səbəbi sayıla bilərdi. Ancaq Osmanlı dövləti həmin gəmilərin
Almaniyadan satın alındığını
açıqlamaqla bu gərginliyə son qoydu. Alman markalı həmin zirehli gəmilər avqustun
16-da “Yavuz” və “Midilli” kimi türk adları ilə
Osmanlı donanmasına qatıldı. Gəmilərdə
yalnız almanlardan ibarət olan hərbi heyət isə dərhal
Osmanlı donanmasına aid zabit və əsgər formaları
geyərək, türk adı ilə fəaliyyətə
başladılar. Məşhur alman
admiralı Sukon isə Osmanlı donanmasına komandan təyin
edildi. O, 1914-cü il oktyabrın 27-də
tabeçiliyində olan Osmanlı donanmasına Qara dəniz
sahillərindəki rus limanlarını bombalamaq əmri verdi. Elə həmin gün Rusiya imperatorluğu və Birləşmiş
krallıq Osmanlı dövlətinə müharibə elan
etdi. Noyabrın 3-də İngiltərənin
və Fransanın dəniz qüvvələri Çanaqqala
boğazına yaxınlaşdılar. İngilislər
Seddülbahir və Ərtoğrul qalalarını,
fransızlar isə Anadolu yaxtasında Qumqala və Orhaniyyə
qalalarını top atəşinə tutdular. Bombardman nəticəsində türklərə məxsus
11 ton barıt havaya uçdu. Xeylı sayda
döyüşçü şəhid oldu. Karden adlı ingilis donanma komandanının əmri
ilə düşmənin sualtı qayıqları dekabrın
2-də Çanaqqala boğazına girdi və təxminən
750 metr irəlidə yerləşən türklərə məxsus
“Məsudiyyə” gəmisini partlayış yolu ilə
batırdı. 1915-ci il fevralın 19-da ingilislərin “Elizabet”
gəmisi başda olmaqla, Admiral Da Robeckin tabeçiliyində
olan 16 döyüş gəmisindən ibarət nəhəng
donanma osmanlı sahil qüvvələrini bombalamaqla, Egey dənizinin
qapısı adlanan Çanaqqala boğazını keçməyə
başladı. Lakin türklərin “Nüsrət”
gəmisindən atılan ağır çəkili minalar
ingilis və fransızların üç döyüş gəmisini
bir anda parçalayıb sulara qərq etdi. İngilislər
tərəfindən mina toplama işinə cəlb olunmuş
balıqçılar osmanlı gəmilərindən
atılan top atəşlərindən qorxuya düşərək
qaçmağa başladılar. Həmin mina gəmisindən
atılan ağır top atəşləri ingilislərin daha
bir neçə döyüş gəmisini parçalayıb
sıradan çıxardı. “Elizabet” və
“Aqamemnon” gəmilərinin ətrafındakı bütün gəmilər
dərhal atəşi kəsdilər və düşmən hərbçiləri
suya batmaqda olan gəmilərin şəxsi heyətini xilas etmək
yoluna qədəm qoydu. Lakin nə qədər
çalışsalar da, cəmi 20 nəfəri xilas edə
bildilər. 603 nəfər isə dənizin
coşqun dalğalarında itib-batdı. Həmin
vaxt minaya düşən “İnflexible” gəmisinin vəziyyəti
daha acınacaqlı idi. İstehkam
mövqe komandanı albay Cavad Çobanlının əmri ilə
martın 17-də gecə minbaşı Nazim bəy “Nüsrət”
gəmisi ilə Canaqqala boğazına xeyli sayda mina
düzdürdü. Qısa müddətdə
11 xətt olaraq düzülən minaların sayı 400-ü
keçdi. Giriş yolları elə
ustalıqla minalanmışdı ki, bunu adi gözlə
görmək imkan xaricində idi. Admiral Da
Robeck bunu anlayanda isə artıq gec idi. Ancaq yenə də
fəlakətdən qurtulmaq üçün 2-ci diviziyaya dərhal
geri çəkilmək əmri verdi. Donanma geri çəkilərkən “Okean” gəmisi də
minaya düşdü. Güclü top atəşinə
baxmayaraq, “Okean”ın şəxsi heyəti hərbçilər
tərəfindən xilas edilə bildi. Gelibolu
yarımadasında yerləşdirilən osmanlı
artilleriyası da düşmənə göz açmağa
imkan vermirdi. Düşmən donanmalarının Canaqqala
boğazındakı ağır məğlubiyyəti türk
əsgərlərinə inanılmaz güc və qüvvət
verdi. Döyüşlərdə
ağır məğlubiyyətə düçar olan
düşmən İstanbulu dəniz yolu ilə ələ
keçirməyin imkansız olduğunu dərk etdiyindən
öz taktikasını dəyişib, əməliyyata qurudan
başlamaq qərarına gəldi. 1915-ci il
aprelin 25-də düşmən iki cəbhədən-Seddülbahir
və Arıburnu istiqamətindən quruya qoşun
cıxarmağa başladı və həmin ərazidə
Osmanlı ordusu ilə təpədən-dırnağa
silahlanmış ingilis-fransız qüvvələri
arasında qanlı döyüşlərə start verildi. Üç dəfə hücum edilməsinə
baxmayaraq, hər dəfə ağır məğlubiyyətə
uğrayan cəbhə komandirləri bütün cəbhə
boyu hücumun heç bir nəticə verməyəcəyini
düşünüb, hücuma daha məhdud bir xətdən
başlamaq qərarına gəldilər. Cəbhənin
şərq bölgəsi olan Kerevizdərədə 3 gün
davam edən və 60 min top mərmisinin istifadə edildiyi hazırlıq
atəşi ardından 1915-ci il iyulun 14-də ingilislər bir
döyüşçünün belə sağ
qalmadığı ilk xətt çəpərlərini
alsalar da, ikinci xətt çəpərlərində
ağır itkilərə uğrayıb, geri çəkilmək
və döyüşü birdəfəlik dayandırmaq qərarına
gəldilər.
Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə
cəmi 70 min əsgər çıxarmışdılar. Sonradan
onların sayı yarım milyona çatmışdı.
Bunun 400 mini ingilislərdən, qalanları isə
fransızlardan ibarət idi. Həmin döyüşlərdə
osmanlı əsgərləri həm sayca,
həm də silah-sursat baxımından düşməndən
qat-qat zəif olsalar da, öz qeyrət və mərdanəliklərini
göstərib, qətiyyətlə vuruşurdular. Mustafa Kamal Paşa döyüşlərin
qızğın çağında güllələri tamam
tükənmiş 57-ci alayın bütün əsgərlərinə
düşmən qarşısından bir addım belə geri
çəkilməməyi, süngünü tüfəngə
taxıb düşmən üstünə atılmağı əmr
edir. O, “mən sizə hücum əmri vermirəm, vətən
uğrunda ölməyi əmr edirəm. Biz
öləndən sonra yerimizi başqaları doldurub,
döyüşə digər komandanlar rəhbərlik edə
bilərlər”- deyir. Döyüşlərdə
osmanlılar qarşısında duruş gətirə bilməyəcəyini
görən düşmən 1915-ci il
dekabrın 19-20-də Anafartalar və Arıburnundan, 1916-cı
il yanvarın 8-9-da isə Seddülbahir cəbhələrindən
qoşunlarını geri çəkmək məcburiyyətində
qaldı. Həmin döyüşlərdə Osmanlı ordusu
251 mindən çox şəhid verdi. Türk xalqının polad iradəsini sarsıda bilməyən
düşmən tərəfi isə 300 minə yaxın
canlı qüvvəsini və çoxlu sayda hərbi-texniki
qüvvəsini itirdi. Qürur doğuracaq
haldır ki, o vaxt müstəqil dövləti və milli
ordusu olmayan azərbaycanlılar da Çanaqqala
savaşında türkün düşmənlərinə
qarşı qətiyyətlə vuruşaraq, öz
qardaşlıq borclarını şərəflə yerinə
yetirmiş, şəhid olmuşlar. Çanaqqalada
Azərbaycan şəhidlərinə hörmət və
ehtiram əlaməti olaraq qoyulmuş xatirə lövhəsi də
dediklərimizin əyani sübutudur. Fərəhlidir
ki, bu gün Azərbaycan xalqı da Çanaqqala
savaşının 100-cü ildönümünü dövlət
səviyyəsində təntənə ilə qeyd etməkdədir.
Türkün mübarizliyinin, əyilməzliyinin və sarsılmazlığının rəmzinə çevrilən Çanaqqala döyüşü türk dünyasına Mustafa Kamal Atatürk kimi bir dahi bəxş etmiş və gələcək Qurtuluş Savaşında onun liderliyinə möhkəm zəmin yaratmışdı. İngilis generalı Tabchend öz xatirələrində yazırdı: “Avropada hünər və cəsarətdə, qeyrət və mərdanəlikdə türk əsgəri ilə müqayisə edilə biləcək əsgər yoxdur”.Müharibənin qızğın dövründə türk əsgərlərinin ingilis hərbçiləri qarşısında qətiyyətlə dayanıb, onları geri çəkilmək məcburiyyətində qoyması İngiltərənin ən böyük ordu komandanlarından biri, müttəfiq qüvvələrin baş komandanı general Sin Lan Hamiltonu da dəhşətə gətirmişdi. O, öz qeydlərində tərəddüd etmədən hər bir osmanlı əsgərini yüz nəfər ingilis əsgərinə bərabər tutaraq yazırdı:-”Çanaqqala döyüşlərində cəmi min nəfər osmanlı əsgərinin nəhəng bir ingilis ordusuna qarşı cəsarətlə müqavimət göstərib onları geri oturtması bizi heyrətdə qoyurdu”. İngiltərənin baş naziri Uinston Çörçill deyirdi: “Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında polad qaya kimi dayanmışdılar”. Başqa bir ingilis generalı Oqlander isə türk əsgərlərinin mənəvi gücünün, onların döyüşdə göstərdikləri ağlasığmaz igidliklərin nəzərə alınmamasının ingilislər üçün ağır fəlakət olduğunu bildirirdi. Çanaqqala zəfəri vətən yolunda tökülən qanların hədər olmadığını bir daha dünyaya nümayiş etdirdi. Məhəmməd Hadi hədər demirdi ki,
Türkün tökülən qanları bihudə
gedərmi,
Diqqətlə düşün, yoxsa bu qan hənsi
hədərmi?
Dünyanın ən böyük bəstəkarlarından biri olan Erik Bolcun yaratdığı “Döyüş əleyhdarı” mahnısı, həmçinin unudulmaz bəstəkar Vasif Adıgözəlovun bir neçə il bundan əvvəl Türkiyədə Çanaqqala şəhidlərinin məzarını ziyarət etdikdən sonra yaratdığı “Çanaqqala-1915” aratoriyası, türk dramaturqu Əbdülkadir Kampanın bu yaxınlarda İqdırda tamaşaya qoyulmuş “Çanaqqala dastanı” əsəri də türk xalqının qəhrəmanlıq tarixi haqqında ən qiymətli əsərlər kimi yaddaşlarda əbədi yaşayacaqdır.
Zeynal VƏFA,
Azərbaycan.-2015.- 24 aprel.- S.7.