Bir əsrlik erməni
avantürası
Erməni lobbisinin
neytrallaşdırılması, yaşadıqları ölkələrdə
təsir imkanlarının azaldılması üçün
türkdilli xalqların diaspor təşkilatlarının fəaliyyətlərinin
genişləndirilməsinə ehtiyac var
Hər il aprel ayı ərəfəsində fəallaşaraq
hüquqi əsası olmayan saxta təbliğatla beynəlxalq
ictimaiyyəti aldatmağa, süni ajiotaj yaratmağa
çalışan erməni ideoloqlarının məkrli
kampaniyası bu il daha geniş vüsət almışdır.
Qondarma “erməni soyqırımının 100-cü ildönümü”
ərəfəsində çirkin təbliğatlarını
genişləndirən erməni şovinistləri ənənəvi
olaraq Türkiyə və Azərbaycanı hədəf
seçərək özləri haqqında “məzlum”,
“qırğına məruz qalmış millət” imici
yaratmağa səy göstərirlər.
Ermənistan
prezidenti Serj Sarkisyanın 2015-ci il 24 apreldə “uydurma erməni
soyqırımının 100 illiyi” tədbirlərinə
Türkiyə Prezidentini də dəvət etməsi gözlənilən
olmasa da, beynəlxalq aləmdə bu səfərin baş
tutub-tutmaması müzakirə olunmağa başladı. Uydurma “soyqırımının 100 illiyi”ndə
Türkiyənin yüksək heyətlə təmsil
olunmasına səy göstərən Ermənistan əslində
cəfəng iddialarının Türkiyə tərəfindən
tanınmasını təmin etməyə
çalışırdı. Rəcəb Tayyib
Ərdoğanın hələ Türkiyənin Baş naziri
olarkən 24 aprel ərəfəsində bəyanatla
çıxış edərək “XX əsrin əvvəllərində
həyatından məhrum olan ermənilər”in sonrakı nəslinə
başsağlığı verməsi də S.Sarkisyanı
ilhamlandırmışdı.
Rəsmi Ankara ermənilərin bu siyasi həmləsi
önündə ötən əsrin əvvəlində
Osmanlı Türkiyəsində baş verən hadisələrin
araşdırılıb obyektiv qiymət verilməsi
üçün tarixçilərdən ibarət komissiya
yaratmağı təklif edərək sadəcə uydurma
soyqırımını inkaretmə siyasəti ilə kifayətlənmədi. Bu ilin yanvar ayında Azərbaycan
Prezidenti İlham Əliyevi Ankarada yüksək səviyyədə
qarşılayan Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Ermənistanı pat vəziyyətində qoyacaq
bir açıqlama ilə çıxış etdi. Türkiyə
Prezidenti dünya ermənilərinin cidd-cəhdlə
hazırlaşdıqları “erməni
soyqırımının 100 illiyi” günündə - 24 aprel
tarixində Türkiyədə Çanaqqala zəfərinin
100 illiyinin beynəlxalq səviyyədə keçirilməsinə
qərar verdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin də bu qərarı dəstəkləməsi
və xalqımızın adından Türkiyə Prezidentinə
təşəkkür etməsi isə göstərdi ki, Ermənistana
qarşı səmərəli əks-hücumun təşkili
iki dost və qardaş ölkənin birlik və bərabərliyinin
real təcəssümüdür. Üstəlik, Ermənistan
prezidenti Serj Sarkisyanla yanaşı, digər ölkələrin
də liderlərinin İstanbulda keçiriləcək
“Sülh sammiti”nə dəvət olunması dövlət
başçılarını 24 apreldə kimin yanında olmaq
dilemması ilə üz-üzə qoydu. Artıq
dünyanın aparıcı dövlətləri Türkiyənin
atdığı bu addım qarşısında öz
seçimlərini ediblər. Ermənistanın 24 apreldə
keçirəcəyi qondarma soyqırımı tədbirlərində
cəmi 4 ölkənin prezidenti iştirak edəcəyi halda,
Türkiyəyə Çanaqqala zəfərinin 100 illiyi tədbirlərində
20-dən çox dövlət başçısının
iştirakı təsdiqlənib.
Bir
müddət əvvəl Almaniya hökumətinin 1915-ci il hadisələri ilə bağlı verdiyi bəyanat
da bu mənada diqqətçəkəndir. Bəyanatda qeyd
olunur ki, 1915-ci il hadisələrinin
araşdırılması ilk olaraq Türkiyə və Ermənistanın
məsələsidir: “Almaniya hökuməti hadisələrin
araşdırılması üçün tarixçilərdən
ibarət komissiyanın qurulmasının tərəfdarıdır”.
Almaniya hökumətinin bu mövqeyi Türkiyənin
mövqeyi ilə üst-üstə düşür. Türkiyə 1915-ci il hadisələrinin araşdırılması
üçün tarixçilərdən ibarət ortaq
komissiyanın yaradılması təklifi ilə
çıxış etsə də, Ermənistan hökuməti
Ankaranın bu təklifinə hələ də cavab verməyib.
Çünki ermənilər arxivlərin
açılacağı və araşdırılacağı
təqdirdə “soyqırımı” iddialarının cəfəngiyat
olmasının sübut ediləcəyi qorxusu ilə
yaşayırlar.
Ermənilər uzun illərdir
hazırlaşdıqları “100 illik” ərəfəsində
ABŞ, Fransa, Rusiya və dünyanın digər ölkələrindəki
lobbiləri vasitəsilə Türkiyəyə təzyiqləri
daha da artırmağa çalışırlar. Məsələyə
siyasi motivlərlə yanaşan, özlərinin merkantil
maraqları naminə ikili standartlara yol verərək ermənilərin
qondarma iddialarını dəstəkləyən həmin
dövlətlər və təşkilatlar əslində tarixi
həqiqətin nədən ibarət olduğunun qətiyyən
fərqində deyillər. Tarixən “erməni
məsələsi”ndən Türkiyəyə qarşı “təzyiq
vasitəsi” kimi yararlanmış müəyyən qüvvələr
bu gün də rəsmi Ankaranı pressinq altında saxlamaq
üçün məhz qondarma erməni soyqırımı
iddialarına istinad edirlər. Bəli, açıq demək
lazımdır ki, məsələnin mahiyyətində həmin
qüvvələrin ermənilərə simpatiyasından daha
çox türk və islam dünyasına
olan antipatiya dayanır.
Son illər
qondarma soyqırımını tanıyan dövlətlərin
üzv olduğu “xristian klubu” kimi tanınan Avropa Birliyi
parlamentinin analoji məlum qərarı da Türkiyənin təşkilata
gedən yoluna süni sipər çəkmək məqsədi
güdür. Bu da təsadüfi deyildir ki, hələ
1987-ci ildə Fransanın xüsusi səyləri ilə
qondarma erməni soyqırımını tanıyan Avropa
Parlamenti 2005-ci ildə bu ədalətsiz qərarını
yeniləmiş, Türkiyənin qarşısında Ermənistanla
sərhədləri açmaq tələbini qoymuşdur.
Həmin qərarda Türkiyənin 1915-ci ildə
baş verənləri “soyqırımı” kimi tanıması
Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən
biri olaraq göstərilmişdir. Doğrudur,
direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin
qərarları Türkiyə üçün tövsiyə
xarakteri daşıyır. Amma nəzərə
almaq lazımdır ki, sonda Türkiyənin təşkilata tam
üzvlüyünə səs verəcək qurum Avropa
Parlamenti olmalıdır. Belə bir qərarın
qəbulu aşkar şəkildə göstərir ki, regionda
Azərbaycanla birlikdə yeni güc mərkəzinə
çevrilən Türkiyənin iqtisadi inkişaf və
demokratikləşmə sahəsində əldə etdiyi
uğurlar həmin ölkələri qətiyyən razı
salmır.
Avropa Parlamentindən bir qədər əvvəl ermənilərin
bu məkrli təbliğat kampaniyasına Roma papası I
Frensiskin də qoşulması isə sadəcə təəssüf
hissi doğurur. Sivil dünyada dini liderlərin əsas
missiyası dünyada sülhü, əmin-amanlığı,
dinc yanaşı yaşamanı təbliğ etmək, xalqlar
arasında barış yaratmaq, kin-küdurəti aradan
qaldırmaq kimi xeyirxah missiya olmalıdır. Roma papası isə bu missiyasını unudaraq saxta
ittihamlarla Avropa ölkələri ilə Türkiyə
arasında münasibətləri gərginləşdirmək
kimi pozucu və dini rəhbərə xas olmayan mövqe
nümayiş etdirmişdir.
Regiondakı bütün transmilli layihələrdən kənarda
qalan, ağır böhranla üzləşən Ermənistanın
təcriddən çıxmaq üçün yeganə
ümidi uydurma soyqırımının dünyada
tanıdılmasıdır. Məqsədləri də tamamilə
aydındır: dünyanın aparıcı ölkələrinin
siyasi təzyiqlərindən istifadə edərək rəsmi
Ankaranı əvvəlcə məcburi qaydada Ermənistanla sərhədləri
açmağa və uydurma soyqırımını
tanımağa sövq etmək. Sonrakı mərhələdə
ermənilər həm də Türkiyəyə qarşı
müəyyən ərazi iddiaları ilə
çıxış etmək, “soyqırımı
qurbanları”na maddi təzminat istəmək
niyyəti güdürlər.
Erməni lobbisi və diaspor təşkilatları
Türkiyəyə qarşı hazırladıqları “4T” (təbliğat,
tanınma, təzminat, torpaq) planını uzun illərdir ki, həyata
keçirməyə çalışırlar. Ermənistanın
dövlət kimi mövcudluğu, dünyanın bəzi
dövlətlərindən dəstək alması, hətta
maliyyələşdirilməsi erməni lobbisinin və diaspor
təşkilatlarının sayəsində mümkün
olmuşdur. Onların
neytrallaşdırılması, yaşadıqları ölkələrdə
təsir imkanlarının azaldılması üçün
türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətlərinin
genişləndirilməsinə də ehtiyac vardır. Doğrudur, son illər Azərbaycan və Türkiyənin
diaspor təşkilatlarının ümummilli məsələlərdə
birlik nümayiş etdirmələri ilə bağlı
çoxlu faktlar göstərmək mümkündür. Lakin bütün bunları yetərli saymaq olmaz.
Diaspor təşkilatlarımız daha sıx əməkdaşlıq
etməli, birgə mübarizə aparmalıdırlar. Bunun üçün ilk növbədə Ermənistanın
işğalçılıq siyasətini beynəlxalq
hüquq səviyyəsində təsdiqləyən BMT-nin
dörd qətnaməsinin icrası gündəmdə
saxlanılmalıdır.
Fikrimizcə,
qondarma erməni soyqırımı iddialarına ən
tutarlı cavab ermənilərin 1992-ci ilin fevralında
Xocalıda törətdikləri soyqırımı
faktlarının dünya ictimaiyyətinə
çatdırılması ola bilər. Biz bununla ermənilərin “soyqırımına məruz
qalan” deyil, məhz soyqırımı törədən bir
xalq olduğunu dünyaya göstərməliyik.
İctimai əsasda fəaliyyət göstərən Heydər
Əliyev Fondunun son 11 ildə Azərbaycan həqiqətlərinin,
ilk növbədə Xocalı soyqırımının
dünyada tanıdılması istiqamətində həyata
keçirdiyi məqsədyönlü siyasət digər
qeyri-hökumət təşkilatları üçün də
örnək sayıla bilər. Fond Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində xalqın
üzləşdiyi faciələri əyani şəkildə
göstərən filmlərin, fotosənədlərin,
kitabların, digər kütləvi nəşrlərin
çapını və bütün dünyada
yayılmasını təmin edir. Bu məqsədlə
müxtəlif internet saytları yaradılır, müxtəlif
xarici kütləvi informasiya vasitələrinin imkanlarından
geniş istifadə olunur.
Fondun
Moskva nümayəndəliyinin rəhbəri Leyla
Əliyevanın İslam Konfransı Təşkilatının
Gənclər Təşkilatı ilə əməkdaşlıq
çərçivəsində “Xocalıya ədalət!”
kampaniyasına start verməsi də bəşər tarixində
ən dəhşətli cinayətlərdən olan Xocalı
soyqırımı ilə bağlı həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətli
olmuşdur. Bunun nəticəsidir ki, artıq Meksika, Pakistan,
Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Sudan,
habelə ABŞ-ın Texas, Nyu Cersi, Corciya, Men, Nyu Meksika,
Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya,
Konnektikut, Florida, İndiana, Arizona ştatları Xocalı
soyqırımını rəsmən tanımışlar.
“Erməni
soyqırımı”nın həqiqətən
uydurma olduğunu tarixi mənbələrdən yaxşı
bilirik. Çünki tarixi mənbələrdə
“soyqırımı” faktını təsdiqləyən hər
hansı bir dəlil yoxdur. Bu baxımdan Ermənistanı
öz arxivlərini beynəlxalq araşdırmaçılar
üçün açmasına məcbur etməliyik. Əslində Türkiyə dövləti hər
zaman tarixi mənbələrin, arxivlərin
açılmasına tərəfdar olduğunu bəyan edir.
Biz də vətəndaş cəmiyyəti
institutları, diaspor təşkilatları olaraq tarixi arxivlərin
açılması təşəbbüsünü
reallaşdırmaq üçün ermənilərin üzərinə
getməliyik. Ermənilər və Ermənistan
dövləti “soyqırımı” iddiasının uydurma
olduğunun üzə çıxacağından ehtiyatlanaraq
hər zaman bu məsələdən yayınır və
yayınmağa da davam edəcəklər. Biz türk xalqlarının diaspor təşkilatları
olaraq, beynəlxalq miqyasda fəaliyyətimizi daha da aktivləşdirməli,
tarixi arxivlərin açılmasına
çalışmalıyıq.
Nəhayət, Azərbaycan və türk diaspor təşkilatlarının
daim birgə fəaliyyət göstərməsi zərurət
olmalıdır. Məlum olduğu kimi, iki ay əvvəl
Türkiyədə yenidən Ermənistanla sərhədlərin
açılması ilə bağlı yeni təşəbbüslər
ortaya çıxdı və bununla bağlı geniş bir
konfrans da keçirildi. Türkiyə ilə
Ermənistan arasındakı sərhədin
açılmasına çalışan qüvvələr
daim hərəkətdədirlər. Bütün
diaspor təşkilatları hər zaman Türkiyəyə sərhədin
bağlanmasına səbəb olan üç əsas amili (erməni
silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərindən çıxmasını,
Türkiyəyə qarşı ərazi iddialarından və
uydurma soyqırımı yalanlarından vaz keçmələrini)
xatırlatmalıdır. Bu günə qədər
Ermənistan həmin üç əsas səbəbi nəinki
aradan qaldırmayıb, hətta o istiqamətə doğru
yaxınlaşmaq belə istəməyib. Həmin
səbəblər aradan qaldırılmayana qədər Ermənistanla
sərhədin açılması məsələsi gündəmə
gəlməməlidir. Azərbaycan və
Türkiyə diaspor təşkilatlarının birliyi
yalnız tədbirlərdə səslənən
şüarlarla olmamalıdır. Eyni
zamanda əməli işdə də birliyimizi tam
formalaşdırmalıyıq.
Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi (ATXƏM) hər il Xocalı
soyqırımı ərəfəsində Avropanın
müxtəlif şəhərlərində etiraz aksiyaları
təşkil edir. Artıq bir neçə ildir ki, ATXƏM
“Xocalıya ədalət!” layihəsi çərçivəsində
Avropanın siyasi mərkəzlərindən biri olan
Fransanın Strasburq şəhərində Azərbaycan və
Türkiyə diaspor təşkilatlarının
iştirakı ilə yürüş-mitinqlər təşkil
edir, Xocalı faciəsinin geniş Avropa cəmiyyətinə
çatdırılması üçün müxtəlif
silsilə tədbirlər keçirir. Bu il
biz Avropanın digər siyasi mərkəzlərindən birində
- Belçikanın paytaxtı Brüssel şəhərində
Avropa Parlamentinin önündə geniş mitinq təşkil
etdik.
Mitinqin sonunda qəbul olunan və Avropa Birliyinə üzv ölkələrin Brüsseldəki nümayəndəliklərinə təqdim olunan bəyanatda bildirilirdi ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşayış qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utancverici haldır: “Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqının dünya birliyindən gözlədiyi də məhz budur”. Onu da bildirim ki, biz qondarma erməni soyqırımı iddialarının əsassızlığını sübut etmək üçün bundan sonra da fəal iş aparmaq niyyətindəyik.
Son 11 ildə milli maraqlara söykənən fəal xarici siyasət yürüdərək “Biz müdafiədə deyil, hücumda olmalıyıq!” deyən Azərbaycan Prezidenti İlham Əliyev ümumtürk birliyinə yönəlmiş təxribatçı əməllərini davam etdirən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini türk dövlətlərinin diasporlarının ümdə vəzifəsi sayır. Yalnız Azərbaycan və digər türkdilli ölkələrin diasporlarının, ictimai qurumlarının fəal iştirakı ilə ermənilərin dünyada yaymaq istədikləri uydurma soyqırımı iddialarına tutarlı cavab verilə bilər.
İlham
İSMAYILOV,
Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin sədri
Azərbaycan $g
2015.- 24 aprel.- S.8.